15 Mart 2025

Şənbə, 11:35

ABRAMOVİÇİN XƏYALLARI GERÇƏKLƏŞDİ

“Zadəganlar” ilk dəfə Avropanın ən güclü klubu oldular

Müəllif:

01.06.2012

"Çelsi" futbol klubu tarixinin ən böyük uğuruna imza atdı. "Zadəganlar"  9 il ərzində uğrunda mübarizə apardıqları Çempionlar Liqasını qazanmaqla ilk dəfə Avropanın ən güclüsü oldular. Ötən müddətdə komanda böyük transferlər etdi, güclü məşqçilərlə müqavilə imzaladı. Amma qələbə məhz indi reallaşdı. 

"Çelsi"ni böyük kluba çevirmək arzusu 2003-cü ildə yarandı. Həmin mövsüm Liqada "Mançester Yunayted"lə "Real Madrid" duelini izləyən rusiyalı milyarder Roman Abramoviç komandasının bu mükafatı onun üçün qazanmasını istədi. Yayda transferlərə böyük pullar xərcləyən Abramoviç ortabab ingilis klubunu premyer-liqa nəhənginə çevirdi. "Çelsi" yeni mövsüm Çempionlar Liqasında yarımfinala qədər irəlilədi. Qısa zamanda "zadəganlar" ən böyük turnirin favoritlərindən birinə çevrildi. "Çelsi"yə məşhur və titullu məşqçilər gətirildi. Ulduz heyət yaradılandan sonra komandanın azarkeşlərinin sayı da çoxaldı. Artıq "Çelsi"yə azarkeşlik etmək dəb deyil, istək idi. Roman Abramoviçin komandası Moskvada liqanın finalında "Mançester Yunayted"ə uduzanda çoxları klub sahibinin uğursuzluqdan bezəcəyini gözləyirdi. Abramoviç pul xərclə-yirdi, amma onun klubu Çempionlar Liqasının gah yarımfinal, gahda finalında mübarizəni dayandırırdı. 

Maraqlıdır ki, "Çelsi" kuboka sahib çıxmayınca, Abramoviç daha çox pul xərcləyirdi. Uğursuzluğa baxmayaraq, rusiyalı milyarder bahalı oyunçuları Londona gətirməkdə davam edirdi. Təsəvvür edin, Roman Abramoviç məşqçi Karlo Ançellotini 15 milyon funt-sterlinq təzminat ödəməklə istefaya göndərdi. "Portu"ya 13 milyon verməklə məşqçisi Andre Villaş-Boaşı komandasına gətirdi. Onun işləri yaxşı getməyəndə isə Villaş-Boaşı yola saldı. Ona da 20 milyon təzminat verildi. 

Komanda cari mövsüm İngiltərə çempionatını 6-cı pillədə bitirdi. Hamı mövsümü titulsuz başa vuracağını anlayırdı. Villaş-Boaş təcrübəliləri ehtiyatda saxlamaqla öz ideyasını reallaşdırmaq istəyirdi. Portuqal istefaya göndəriləndən sonra isə "zadəganlar"ın təcrübəli futbolçuları tam başqa futbol oynamağa başladılar. 

Fanatlar "Çelsi"nin yarımfinalda məğlub olacağını düşünürdü. Çünki rəqib dünyanın ən güclü klubu sayılan "Barselona" idi. Messinin komandasını məğlub etmək zarafat deyildi, amma "Çelsi" bunu bacardı. Kataloniyalıları üstələyəndən sonra, "Çelsi" finalda meydan sahibi "Bavariya"nı məğlub etməliydi. Final Almaniyanın Alyans Arena stadionunda keçirildiyindən, Münhen təmsilçisinə qarşı mübarizə aparmaq daha çətin idi. "Çelsi" finalda müdafiə futbolu oynadı. Amma başqa yol yox idi. Çünki komandanın problemi həddən artıq çox idi. Bəzi oyunçular zədəli olduğundan, finalı buraxmalı oldular. Frenk Lempard və Didye Droqba kimi 34 yaşlı futbolçular başa düşürdülər ki, karyeralarında növbəti final olmayacaq. Üstəlik, komandaya çoxlarına tanış olmayan Roberto Di Matteonun rəhbərlik etməsi onları daha da stimullaşdırırdı. Veteran futbolçular məşqçilərindən bir qədər cavan idi. Böyük təcrübəsi və titulu olmayan Matteonun qələbəsində əsas rolu futbolçular oynadılar. 90 dəqiqə müdafiə futbolu, Didye Droqbanın xilaskar qolu və penalti zərbələri. Uğura aparan yol belə oldu. Sanki futbol tanrısı da "Bavariya"nın tərəfində deyildi. Aryen Robbenin penaltini vura bilməməsi, matçdan sonrakı 11 metrlik zərbələrdə qapıçı Çexin ustalığı həlledici oldu. Çoxları penaltini lotereya adlandırır. "Bavariya" fanatları rəqibin bəxt sayəsində qələbə qazandığını deyir. Amma qalibi mühakimə etmirlər. Tarixdə "Çelsi"nin müdafiə futbolu deyil, məhz kubok qazanması qalacaq. "Bavariya" üçün bu final ikiqat məğlubiyyətlə bitdi. Doğma azarkeşlər qarşısında uduzmaq onlar üçün ölümə bərabər oldu. Lakin bu, futboldur, 90 dəqiqənin neçə başa çatacağı məlum deyil.

Bir qədər də Roberto Di Matteo barədə danışaq. Futbolçu kimi o qədərə məşhur olmayıb. 31 yaşında ayağı sındığına görə karyerasını başa vuran veteran futbolçunun həyatı çox maraqlı olub. 90-cı illərdə "Çelsi" futbolçu Matteonu "Latsio"dan 4,9 milyon funt-sterlinqə transfer edir. 5 mövsüm klubun uğurları üçün çalışan Matteo nə vaxtsa Londona məşqçi kimi qayıtmaq arzusunu bildirir. Tale elə gətirir ki, Andre Villaş-Boaş "Çelsi”yə baş məşqçi gələndə, Matteonu ona köməkçi təyin edirlər. Adətən, köməkçi məşqçi vəzifələrindən imtina edən Roberto di Matteo bu dəfə razılaşır. Amma o bilməzdi ki, qısa müddətdən sonra Villaş-Boaş istefaya göndəriləcək və o, "Çelsi"nin baş məşqçisi olacaq. Sözsüz ki, heç kim ona inanmırdı. Liqada "Napoli"yə 1:3 hesablı məğlubiyyətdən sonra, "Çelsi"nin uğuruna inanan yox idi. "Barselona" ilə cavab matçında hesab 2:0 olanda "zadəganlar"ın finala çıxması batan gəmiyə bənzəyirdi. Lakin futbolçular tarix yazdılar və indi bu qələbəyə görə tənqid olunmaları düzgün deyil. 

Futbol doğrudan da böyük oyundur. Bu, sadəcə oyun deyil, futbol idmandan böyük anlayışdır. Hələ bir ay əvvəl Roman Abramoviç "Çelsi" üçün yeni məşqçi axtarışına başlamışdı. Joze Maurinyo, Xosep Qvardiola... kimilərinin adı yox idi bu siyahıda. Amma Çempionlar Liqasındakı qələbə onu Roberto di Matteonu postunda saxlamağa məcbur etdi. Qalib məşqçini çıxarmazlar. Abramoviç də başa düşür ki, bu, məşqçidən çox futbolçuların qələbəsidir. Ona görə də Matteonun Londonda çox qalmayacağı dəqiqdir. Son məlumatlara əsasən, "Çelsi" məşqçiyə yeni müqavilə təklif edib. Amma Matteo uzun-müddətli anlaşma tərəfdarı olduğundan, düşünmək qərarına gəlib. İstənilən halda Roberto di Matteo artıq adını tarixə yazıb. Hər məşqçi Çempionlar Liqasını qazanmır, amma o bunu bacardı. 



MƏSLƏHƏT GÖR:

422