Müəllif: Cəvahir AYDINqızı Bakı
Dünyada aktuallığı gündən-günə artan nanotexnologiyalar az məsrəf və insan əməyi tələb edən ən müasir texnologiyadır. Onun tətbiqi enerjiyə qənaət etməyə və xərcləri azaltmağa imkan verir, prosesləri fantastik şəkildə sürətləndirir. Nanotexnologiyalar elminin banisi və "xaç atası" sayılan Erik Drekslerin sözlərinə görə, gələcəkdə insanlar nanotexnologiyaların köməyi ilə atomların əvvəlcədən verilmiş strukturu əsasında istədikləri əşya və əmtəəni yarada biləcəklər. Bu, unikal bir imkandır.
Azərbaycan kimi neft ölkələri üçün neft çıxarmada hasilatın yüksəlməsi, qazmada özlülüyün azaldılması, enerjiyə qənaət, qazma sürətinin artırılması kimi müsbət nəticələr neft sənayesinədə iqtisadi inkişafın və səmərənin göstəricisidir.
SOCAR-ın "Nanotexnologiyalar" Elm-İstehsalat Mərkəzində aparılmış araşdırmalar və "kiçik təsir effekti" nəzəriyyəsinə əsasən işlənmiş nanosistemlər neft sənayesinin bir neçə istiqamətində tədbiq olunub. Hazırlanmış nanosistemlərin istifadəsi neft və qazın hasilatında, eləcə də qazmada bir sıra problemləri aradan qaldırır və prosesləri tezləşdirərək unikal nəticələr yaradır.
Nanosistemlərin işlənməsi və tətbiqi
Hələ 2010-cu ildə lay sularının təmizlənməsi məqsədi ilə metaləsaslı nanosistemlər hazırlanıb ki, bu nanosistemlərdən Bibiheybət yatağı ərazisində uğurla tətbiq edilib. Lakin məlumdur ki, nanosistemlərin hazırlanması üçün müxtəlif bahalı nanoölçülü metallar sərf olunur ki, belə komponentlərin başqa ölkələrdən gətirilməsi əlavə xərclərin yaranmasına səbəb olur. Məhz bu problemlərin aradan qaldırılması məqsədi ilə "Nanotexnologiyalar" Elm-İstehsalat Mərkəzinin mütəxəssisləri tərəfindən Azərbaycanın öz təbii xammal ehtiyatları əsasında yeni nanohissəciklərin işlənməsi və tətbiqi nəzərdə tutulub. Bu məqsədlə respublikanın müxtəlif bölgələrindən Xızı, Lerik, Daşgil və Qazax rayonlarından gil nümunələri götürülərək, "Nanotexnologiyalar" Elm-İstehsalat Mərkəzinin laboratoriyasında, eləcə də Almaniyanım Aaxen və Münster universitetlərinin "Nano-Analytics" Mərkəzində analiz və tədqiq edilib.
Alpout yatağından götürülmüş nümunələrin tədqiqatları həmin nümunələr əsasında yeni nanosistemlərin hazırlanmasına əsas verir. Artıq mərkəzdə yerli təbii xammal əsasında yeni nanosistemlərin işlənməsi, lay və tullantı sularının təmizlənməsində tətbiq olunması üçün elmi-tədqiqat işləri aparılır.
Neft sənayesində neft və qaz quyularında qoruyucu kəmərlərin sementləməsində sement daşının keyfiyyətli olması və bir çox problemlərə tab gətirməsi də vacib amillərdən biridir. Qarşıya çıxacaq problemlərin aradan qaldırılması məqsədi ilə "Nanotexnologiyalar" Elm-İstehsalat Mərkəzində nanotexnologiyaların həyata keçirilməsi ilə "kiçik və superkiçik konsentrasiyalar" effekti əsasında nanosement işlənib-hazırlanıb.
Məlum olub ki, nanosement daşının möhkəmlik xüsusiyyətləri adi su-sementləngidici reagent məhlulundan alınan sement daşından keyfiyyətli alınır. Bu isə quyunun vaxtından əvvəl sulaşmasının qarşısını alır və təmirarası müddətin uzadılmasını təmin edir.
Nanosementdən dəniz şəraitində stasionar özüllərin tikintisində,mülki tikintidə körpülərin, binaların, tunellərin və su bəndlərinin inşasında, eləcə də metro tikintisi sahələrində və tikintiyə aid olan sement - beton qarışığının alınmasında istifadə oluna bilər.
Nanotexnologiyalar qazmada
Qazma sahəsində dünya praktikasında ilk dəfə olaraq akademik Xoşbəxt Yusifzadə və professor Eldar Şahbazovun rəhbərliyi altında “kiçik təsir effekti“ nəzəriyyəsinə əsaslanan "NANONEFT", "NANOBİ-TUM", "NANOQUDRON", "NA-NOYAĞ" və "NANOMAY" nanosistemlərinin tətbiqinin elmi əsasları işlənib, anomal yüksək və anomal alçaq təzyiqlər şəraitində bu sistemlər əsasında texnika elmləri doktoru Elçin Kazımovun iştirakı ilə artıq 37 quyunun qəza və mürəkkəbləşmələrə yol verilmədən qazılmasına, qazma texnologiyasında həm elmi, həm də praktiki baxımdan müsbət nəticələrin alınmasına imkan verib.
Bu nanosistemlər Bakı və Abşeron arxipelaqlarında, həmçinin, Xəzər dənizi hövzəsində yerləşən "Qum adası", "Günəşli", "Bibiheybət", "Balaxanı", "Neft Daşları", "Pirallahı" yataqlarında uğurla tətbiq edilib. Nəticədə, məhsuldar kəsilişlərin kollektorlarının məsamə və keçiriciliyinin qorunması təmin edilib, məhsuldar qatların çirklənməsinin qarşısı alınıb, qazmadan sonra quyuların mənimsəmə dövrü qısaldılıb.
İşlənmiş yeni nanosistemlərdə "nanoyaddaş", "erkən turbulentlik" və "uzunömürlülük" effektləri aşkar edilib. Qazma praktikasında ilk dəfə nanosistemin "nanoyaddaş" effektinə malikolma xassəsi müəyyən olunub. Nanosistemin qazma məhluluna əlavəsindən sonra, bir neçə gün ərzində qazma məhlulunun gil qabığının sürtünmə əmsalı ciddi nəzarətdə saxlanılmış və onun sürtunmə əmsalı öz effektivliyini uzun müddət qoruyub-saxlamışdır.
Nanosistemlərin qazma məhluluna tətbiqi erkən turubulentliyin yaranması ilə müşahidə olunub. Bununla da hidravlik müqavimət aşağı düşüb, kinetik enerjinin sərfi azalıb. Bu ixtira professor Eldar Şahbazov və Elçin Kazımov tərəfindən işlənmiş "qazmada hidravlik müqavimətin azaldılması üsulu" adı altında patentləşdirilib.
Məlumdur ki, qazma məhlulunun reoloji və tribotexnoloji parametrlərinin tənzimlənməsi kimyəvi reagentlərin əlavəsi ilə həyata keçirilir. Uzun müddət məhlul dövriyyədə olduqda məhlulun parametrləri quyuya daxili təsirlərdən öz keyfiyyətini itirir və bu da məhlulun çürüməsinə və çöküntu verməsinə səbəb olur. Nanosistemlərin tətbiqi nəticəsində qazma məhlulunda uzunömürlülük effekti alınıb. Belə ki, məhlulun parametrləri uzun müddət öz xüsusiyyətlərini qoruyub-saxlayıb.
Nanotexnologiyalar neft hasilatında
Köhnə işlənmiş və nefti çətin çıxarıla bilən yataqlarda neft hasilatının artırılması bu gün neft ölkələrinin qarşısında duran ən önəmli problemlərdən biridir. Azərbaycanda nanotexnologiyanın tətbiqi ilə belə yataqlarda neft hasilatının artırılmasına və mürəkkəbləşmələrin azalmasına nail olunub. Mütəxəssislərin fikrincə, böyük ehtiyatları olan hər hansı bir yatağın neftvermə əmsalının 1% artması minlərlə ton əlavə neft hasilatı deməkdir.
Nanotexnologiyalar tətbiq etməklə suvurucu quyular vasitəsilə laya təsir edərək suvurucu quyunun əhatə dairəsində olan bir çox istismar quyularının hasilat artımına nail olunub. Proses metaləsaslı nanosistemlər vasitəsilə həyata keçirilib.
Suda həll olan polimerəsaslı yeni nanomaye sistemi işlənib-hazırlanıb ki, onun da neftçıxarmada bir çox mürəkkəbləşmələrin qarşısını almaq üçün istifadə olunmasının mümkünlüyü müəyyən edilib. Qum təzahürlü hasilat quyularında belə nanomaye sistemlər əsasında yaradılmış nanotexnologiyanın təsiri nəticəsində təmirarası müddət kifayət qədər uzanıb. Hazırlanmış nanotexnologiyanın digər texnoloji əməliyyatlarda da istifadə edilməsi nəzərdə tutulur.
Nanotexnologiyanın tətbiqindən sonra kollektorda neftin axıcılıq qabiliyyəti 25-30% yaxşılaşıb.
Azərbaycan ixtiralarına beynəlxalq maraq
Azərbaycanda nanotexnologiyaların tətbiqi onu inkişaf etmiş ölkələrdə yeni imicdə tanıdır. Məsələn, Almaniyanın Şimali Reyn Vestfaliya federal vilayəti nanotexnologiyalar sahəsində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında çox maraqlıdır. Qısa müddət ərzində artıq ikinci dəfə ARDNŞ-nin "Nanotexnologiyalar" Elm-İstehsalat Mərkəzinin nümayəndə heyəti Şimali Reyn Vestfaliya federal vilayətində işgüzar səfərdə olub. Səfər çərçivəsində Almaniya Aaxen Texniki Universitetinin mütəxəssisləri ilə "Nanotexnologiyalar" Elm-İstehsalat Mərkəzinin mütəxəssisləri arasında nanotexnologiyaların işlənməsi və tədbiqi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilib, mərkəzlə universitet arasında partnyorluq imkanları yüksək qiymətləndirilib.
Aaxen Texniki Universitetində və Düsseldorfdakı "NanoCluster" Mərkəzində, həmçinin, akademik X.Yusifzadə və professor E.Şahbazovun rus dilində çıxan "Razrabotka i vnedrenie nanotexnoloqiy v nefteqazodobıçe" ("Neft və qaz hasilatında nanotexnologiyaların işlənməsi və tətbiqi") adlı kitabının təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, SOCAR və NRW INVEST şirkətləri arasında Düsseldorfdakı görüşdə Azərbaycan nanotexnologiyaları əsasında neft hasilatı və qazma sahəsində istifadə olunacaq nanoməhsulların tədqiqi və inkişaf etdirilməsi məqsədi ilə Almaniyanın Leverkuzen şəhərində yerləşən "Chempark" ərazisində inşası nəzərdə tutulan "elm-istehsalat- xidmət, logistika" mərkəzinin yaradılması istiqamətində atılacaq addımlar razılaşdırılıb.
Birgə istehsal olunacaq məhsulların müxtəlif ölkələrə realizəsi, eləcə də beynəlxalq təcrübəyə əsaslanaraq bu məhsullara alınmış yerli patentlərin Almaniyaya transferi nəzərdə tutulur. Əməkdaşlığın rəsmiləşdirilməsi və hüquqi şərtlərlə təsdiqlənməsi məqsədi ilə Almaniyanın Şimali Reyn Vestfaliya Federal Vilayətinin İqtisadi İnkişaf Agentliyi - NRW.İNWEST GmbH və Nano-Mikrotexnologiyalar yeni materiallar klasteri - Nano-Mikro+Werkstoffe.NRW ilə Azərbaycan Dövlət Neft Sirkəti (SOCAR) arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan tərəfindən sənədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev imza atıb.
Memorandumda Almaniyanın Şimali Reyn Vestfaliya Vilayəti ərazisində "Nanotexnologiyalar" Elm-İstehsalat Mərkəzinin elmi-tədqiqat bölməsinin yaradılması, SOCAR-ın iştirakı ilə birgə layihələrin maliyyə, texniki və hüquqi əsaslandırılması, nanotexnoloji sistemlərin istehsalı üçün ərazinin müəyyən edilməsi, tətqiqatı və transferi nəzərdə tutulur. Tərəflər arasında əməkdaşlıq, Avropa İttifaqı (Aİ) və digər ölkələrə nanotexnoloji sistemlərin satışının təşkili və satış bazarının öyrənilməsi şərtləri əsasında həyata keçiriləcək. O cümlədən, Memorandumda Aİ ölkələrində SOCAR-ın nanotexnologiyaları üzərində əqli mülkiyyət hüquqlarının qorunması, patentləşdirilməsi, bunun üçün zəruri olan müvafiq hüquqi və texniki sənədlərin hazırlanması və Avropa İttifaqı ölkələrinin qanunvericiliyinin tələblərinə uyğunlaşdırılaraq birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Beynəlxalq səfərlər çərçivəsində "Nanotexnologiyalar" EİM-in bir qrup mütəxəssisi Braziliya Federativ Respublikasının Rio Qrande do Sul ştatının dövlət katibi cənab Mauro Knijnikin dəvəti ilə Potro Aleqre şəhərində də işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycanın neft sənayesində tədqiq və tətbiq olunan nanoməhsullarla qarşı tərəfi tanış etmək, beynəlxalq iqtisadi əməkdaşlıq üçün zəmin yaradacaq ortaq nöqtələr haqqında müzakirələr aparmaq və ştatda nanotexnologiyaların vəziyyəti ilə tanış olmaq idi.
Müxtəlif yerlərdə, o cümlədən, Dövlət Katibliyində, Federal Universitetdə, "TecnoPuc" və "TecnoSinos" texnoloji parklarında keçirilən məhsuldar görüşlər nəticəsində nanotexnologiyalar sahəsində əməkdaşlığın zəruri olduğu qərarına gəlinib.
Qeyd edək ki, uzun illər nanotexnologiyalar sahəsində araşdırmalar aparan bir çox xarici ölkələr SOCAR-ın bu sahədə atdığı addımları maraqla izləyir və dəstəkləyirlər. Nanotexnologiyaların tətbiqi ilə Azərbaycanın neft sənayesində əldə etdiyi nailiyyətlər, yerli təbii xammal əsasında "kiçik təsir effekti" nəzəriyyəsi ilə işlənmiş nanoməhsulların istehsalı və satışı üçün böyük zəmin yaradır.
MƏSLƏHƏT GÖR: