Müəllif: Nurlanə QULİYEVA Bakı
Sirr deyil ki, son illərdə ölkənin qaz yataqlarının böyük potensialına, istehlakçı ölkələr tərəfindən də bu yanacaq növünə artan maraq nəzərə alınaraq, Azərbaycanın qazlı gələcəyinə daha çox ümid bağlanır. Ancaq bu heç də neft sahəsinin arxa plana keçməsi demək deyil. Əksinə, ölkədə yeni neft yataqlarının açılması üzrə kəşfiyyat işləri davam etdirilir, həmçinin, artıq mövcud olan yataqların tam istismarı üçün yeni texnologiyaların tətbiqi də genişlənir. Bütün bunlar Azərbaycanın neft şöhrətinin hələ uzun illər qalacağına imkan yaradır. Bu sahədə xüsusi rol milli "SOCAR" şirkəti ilə yanaşı, "bp-Azerbaijan" şirkətinə və onun operatorluq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə də (ABƏŞ) məxsusdur. ABƏŞ müstəqillik illərində Azərbaycanın neft-qaz sahəsinə yatırım qoymuş ən iri xarici sərmayəçidir.
Neft hasilatının yeni imkanları
Bu baxımdan, ən iri layihə gələcəkdə neft potensialının artmasına yönələn və ABƏŞ tərəfindən hazırda gerçəkləşdirilən "Shirag Oil Project"dir. O, "Azəri-Çıraq -Günəşli" (AÇG) yataqlarının işlənməsinin növbəti fazasıdır və "Çıraq" yatağının qərb hissəsində neft hasilatını, yeni "Qərbi Çıraq" qazma və yaşayış platformasının quraşdırılmasını nəzərdə tutur. Bu platforma "Çıraq 1" platforması ilə "Dərinsulu Günəşli" platformalarının aralığında, dənizin 170 metr dərinliyində tikiləcək. "Chirag Oil Project" çərçivəsində neft hasilatının sutkalıq həcmi 160-185 min barel səviyyəsində planlaşdırılır, ümumiyyətlə isə 360 mln barel neftin çıxarılacağı düşünülür.
Bu günə kimi ABƏŞ "Chirag Oil Project" layihəsinin gerçəkləşdirilməsi çərçivəsində planlaşdırılan tikinti işlərinin 62%-ni yerinə yetirib. 2012-ci ildə isə platformanın üst tikililərinin inşasını başa çatdırmaq, platformanın dayaq blokunu dənizə yola salmaq və s. planlaşdırılır. Bundan başqa, "Chirag Oil Project" çərçivəsində öncə qazma quyuların qazılması da davam edir. Artıq 14 quyu qazılıb və gələcəkdə istifadə etmək üçün konservasiya edilib.
Qeyd edək ki, layihə yetərincə bahalıdır - onun gerçəkləşdirilməsi üçün $6 mlrd sərmayə tələb edilir ki, bunun $4 mlrd.-ı obyektlərin, qurğuların tikintisinə, öncəqazma quyularının qazılması proqramına gedəcək. Daha $2 mlrd isə neftin hasilatı dövründə platformadan quyuların qazılmasına sərf olunacaq. Son illərdə neftin sabit olaraq yüksək qiymətlərlə satılması və bu yanacağa dünyada tələbatın artması nəzərə alınarsa, demək, bu işdə fayda var.
Bu kontekstdə həm də qeyd etmək olar ki, "bp-Azerbaijan" başqa bir perspektiv layihə - "Şəfəq-Asiman" üzərində də işləri davam etdirir. Orada bu ilin əvvəlində "Gilavar" gəmisindən 3D seysmik kəşfiyyatının aparılması başa çatdırılıb. Plana görə, 2012-ci ildə burada əldə edilmiş göstəricilərin işlənməsi gerçəkləşdiriləcək, 2013-cü ildə interpretasiya və qazma nöqtələrinin müəyyən edilməsi də reallaşdırılacaq. 2014-cü ildən 2016-cı ilə kimi isə kəşfiyyat quyularının planlaşdırılması üzrə işlər yerinə yetiriləcək, onların qazılmasına isə 2016-cı ilin IV rübündə başlanacaq. Qeyd edək ki, layihə üzrə bərabərhüquqlu və həmoperator tərəfdaş kimi, "SOCAR" çıxış edir.
Göründüyü kimi, "bp-Azerbaijan"ın iştirakı ilə iki layihə üzrə neft hasilatı artıq yaxınlaşmaqdadır. Bu zaman şirkət, təbii ki, iri "Azəri" - "Çıraq" - "Günəşli" yataqlar blokunun istismarına operatorluq etməkdə davam edir.
2012-ci ilin I rübündə ona çəkilən xərclər keçən ilin uyğun dövrü ilə müqayisədə 32,3%, yəni $740,5 mln artıb. Bu məbləğin yalnız $169,1 mln.-u istismar xərcləridir, qalanı isə kapital qoyuluşlarına xərclənib. Bununla yanaşı, sözügedən dövrdə "AÇG"dən neft hasilatı 8,4%-ə düşüb və sutkalıq hasilat həcmi 711,8 min barel olmaqla, cəmi 64,8 mln barel (8,8 mln ton) neft çıxarılıb. "AÇG"dən hasil edilən neft dünya bazarlarına Bakı - Tbilisi - Ceyhan boru kəmərləri ilə ötür?lür, indiyə kimi kəmərə 1870 tanker (193 mln ton) Azərbaycan nefti vurulub.
Qaz perspektivləri
Qaz hasilatına gəldikdə isə, onun Azərbaycandakı perspektivli gələcəyinə, yuxarıda deyildiyi kimi, heç bir şübhə yoxdur. Yalnız 2012-ci ilin yanvar-mart aylarında "Şahdəniz" dəniz qaz-kondensat yatağından 2 mlrd kubmetr qaz çıxarılıb. Beləliklə, yataqdan orta sutkalıq qaz hasilatı 22 mln kubmetr olub ki, bu da 2011-ci ilin göstəricisinə baxanda 20,2 faizlik artım deməkdir. "Mərhələ 1" çərçivəsində çıxarılan bütün qaz Azərbaycan, Gürcüstan və Türkiyə arasında paylanır.
"Mərhələ 2"dən çıxarılacaq qaz uğrunda isə hələ ki qaz kəməri layihələri arasında gərgin mübarizə gedir. Belə ki, "Nabucco" qaz kəməri layihəsi konsorsiumu "Şahdəniz" qaz- kondensat yatağının işlənməsi üçün qısaldılmış qaz kəməri variantı - "Nabucco-West"i təqdim edib. Bu variantda qaz kəmərinin Türkiyə -Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinə qədər çəkilməsi nəzərdə tutulur. "Biz əminik ki, "Şahdəniz" layihəsi üçün rəqabətqabiliyyətli və hərtərəfli təklif vermişik", - deyə "Nabucco Gas Pipeline International GmbH"nin başçısı Reynhard Mitçek bildirir.
İkinci marşrut variantı Azərbaycanın "Şahdəniz" yatağının işlənməsində operator olan VR-nin təklif etdiyi SEEP layihəsidir. O, artıq mövcud olan boru xətti vasitəsilə Bolqarıstan, Rumıniya və Macarıstana 10 milyard kubmetr həcmində qazın nəqlini nəzərdə tutur. Üçüncü marşrut da var. Bu, Transadriatik boru xəttidir (TAR). "bp-Azerbaijan"dan bildiriblər ki, bu marşrutlar arasında yekun seçim 2013-cü ildə ediləcək.
Həmin vaxta kimi daha bir çox vacib "qaz" qərarı qəbul ediləcək - bu, "AÇG"nin dərində yerləşən laylarından qaz hasilatı ilə bağlı olacaq. SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, müvafiq sənəd 2012-ci ilin sonuna kimi imzalanacaq, orada "AÇG" layihəsinin bütün iştirakçıları təqdim ediləcək.
Yada salaq ki, "Əsrin müqaviləsi"nə görə, "bp" "AÇG" layihəsi üzrə tərəfdaşları ilə birlikdə qalınlığı 100 metrdən çox olan "Fasilə lay dəstələri"nə qədər olan neft horizontlarının işlənməsinə hüquq əldə edib. Daha dərində "Kirmanüstü" və "Kirmanaltı" layları yerləşir, onlar öz gücünə görə, "Fasilə layı"nı geridə qoyur (hər biri 140-160 metr).
"SOCAR" "Fasilə layı"ndan sonrakı horizontlardakı ehtiyatları 200 mlrd kubmetr qaz və kondensat səviyyəsində qiymətləndirir. "bp" rəhbərliyi Azərbaycan hökumətinə hələ 2007-ci ildə müraciət edərək, "AÇG"nin aşağı horizontlarının işlənməsi üzrə danışıqlara başlamağı təklif etmişdi. Yeni sazişin bağlanması məsələsi ilə "SOCAR" məşğul olur. Daha öncə "SOCAR" bildirmişdi ki, "AÇG"nin dərində yerləşən laylarından qaz hasilatına 2017-ci ildə başlanacaq. "SOCAR" vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, ilkin mərhələdə "Çıraq" və "Günəşli" bloklarının altındakı laylar, ikinci mərhələdə isə "Azəri" yatağının altındakı laylar işləniləcək.
Göründüyü kimi, sadalanan nəhəng işlərdə əsas şəxslərdən biri kimi, yenə də "bp-Azerbaijan" çıxış edir. Deməli, o, hələ uzun müddət Azərbaycanın neft-qaz sektorunun inkişafında önəmli rol oynayacaq.
BİZİM MƏLUMAT
l "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinsulu hissəsinin işlənməsi üzrə saziş 20 sentyabr 1994-cü ildə imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. "Azəri" - "Çıraq - "Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: Britaniyanın "bp" (35,78%), Amerikanın "Chevron" - 11,27%, "ExxonMobil" (8,0006%), "Hess" (2,72%), Yaponiyanın "Inpex" - 10,96%, "Itochu" - 4,3%, Azərbaycanın "SOCAR" (11,6461%), Norveçin "Statoil" (8,5633%), Türkiyənin TPAO (6,75%) şirkətləri.
l "Şahdəniz" yatağının işlənməsi üzrə saziş 4 iyun 1996-cı il tarixdə Bakıda imzalanıb və həmin ilin 17 oktyabr tarixində Milli Məclis tərəfindən təsdiq edilib. "Şahdəniz" layihəsinin iştirakçıları aşağıdakılardır: "bp" (operator - 25,5%), "Statoil" (25,5%), "SOCAR" (10%), "LUKoyl" (10%), NICO (10%), "Total" (10%) və TPAO (9%).
l BTC layihəsinin iştirakçıları bunlardır: "bp" (30,1%); "SOCAR" (25,00%); "Chevron" (8,90%); "Statoil" (8,71%); TPAO (6,53%); "Eni" (5,00%); "Itochu" (3,40%); "ConocoPhillips" (2,50%); "Inpex" (2,50%), "Total" (5,00%) və "Hess" (2,36%).
MƏSLƏHƏT GÖR: