14 Mart 2025

Cümə, 11:15

UĞURLU YEDDİLİK

Güləş üzrə Dünya Çempionatında Azərbaycan millisi bir qızıl, üç gümüş və üç bürünc medal qazanıb

Müəllif:

23.09.2014

Özbəkistanda təşkil edilən güləş üzrə Dünya Çempionatı idmanın bu növü üçün bir sıra vacib qərarlarla əlamətdar oldu. Güləşin gələcəyi ilə bağlı mühüm qərarlar yarışdan əvvəl Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) Büro iclasında qəbul edildi. Büro üzvləri FİLA-nın bundan sonra Dünya Güləş Birliyi (UWW) adı altında fəaliyyət göstərəcəyini təsdiqlədi. Gözlənildiyi kimi, Nenad Laloviç növbəti müddətə yeni yaradılan quruma prezident seçildi. İclasda eyni zamanda gələn il Bakıda keçiriləcək Avropa Oyunlarının təqdimatı oldu. İştirakçılar Bakının mötəbər yarışa hazırlığı barədə məlumatlandırıldı.

Dünya Çempionatına gəlincə, Azərbaycan idmançıları ötənilki mundialla müqayisədə nəticələrini yaxşılaşdırdı. 1 il əvvəl 2 gümüş, 2 bürünc medal qazanan pəhləvanlarımız Özbəkistanda 1 qızıl, 3 gümüş və 3 bürünc medala layiq görüldü. Qazanılan mükafatlar arasında qızıl əyarlı medalın olması xüsusilə sevindiricidir. Komanda hesabında ümumi nəticəni yaxşılaşdıran sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığmamız yekun hesablamalara əsasən Dünya Kubokuna vəsiqə qazandı.

Azərbaycan güləşçilərindən ən yaxşı nəticə Hacı Əliyevlə bağlı oldu. 61 kq-da çıxış edən pəhləvan ilin əvvəlində Avropa Çempionatında qızıl medal qazanıb. Həmin turnirdə onun istedadını yüksək qiymətləndirən məşqçilər Hacının gələcəkdə böyük qələbələr qazanacağını proqnozlaşdırmışdı. Qısa zaman ərzində mütəxəssislərin dedikləri özünü doğrultdu. Hacı Əliyev Özbəkistanda keçirilən Dünya Çempionatında bütün rəqiblərini məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Finalda İran pəhləvanı Məsud İsmayelpurcuybariylə qarşılaşan Hacı Əliyev 12-7 hesablı qələbəylə rəqibdən güclü olduğunu sübut etdi. 

97 kq-da çıxış edən 3 qat Avropa, 2010-cu ilin dünya çempionu Xetaq Qazyumov ardıcıl 5 qələbədən sonra finalda mübarizə aparmaq imkanı qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi Abdulsalam Qadisov oldu. Güləş həvəskarları bu çəkidə Qazyumovun əsas rəqibinin Qadisov olduğunu yaxşı anlayır. Ona görə finalın güzəştsiz mübarizəylə keçməsi təbii qarşılandı. Avro-2014-ün finalında olduğu kimi yenə Qadisov sevindi. Rusiya pəhləvanı 2-1 hesablı qələbəylə Qazyumovu gümüş medalla kifayətlənməyə məcbur etdi. 

Sərbəst güləşçilər kimi xanım güləşçilərimizin də qazancı 2 medal oldu. 69 kq-da Yuliya Radkeviç yalnız finalda uduzmaqla çempionluq şansından yararlanmadı. Ardıcıl 3 qələbədən sonra finala adlayan dünya və Avropa çempionu qızıl medal uğrunda görüşdə Monqolustan güləşçisinə 3-12 hesabıyla uduzdu. Görüşə yaxşı başlayan Radkeviç sonradan səhvə yol verməklə üstünlüyü itirdi. Belə də rəqib bu fürsəti layiqincə dəyərləndirdi. 

Dünya və 4 qat Avropa çempionu Mariya Stadnik Dünya Çempionatının yarımfinal mərhələsində məğlub oldu. Məşqçilər Stadnikin asanlıqla qızıl medal qazanacağını gözlədiyi halda xanım idmançı finaldan kənarda qaldı.Yarımfinalda Polşa güləşçisinə uduzan Stadnik sonradan təsəlliverici görüşdə rumıniyalı həmkarına şans vermədi 11-0. Sözsüz ki, qazanılan bürünc medal Mariya Stadnik kimi təcrübəli və titullu idmançı üçün yüksək nəticə sayıla bilməz. Buna görə də Mariya yol verdiyi səhvləri təhlil etməlidir. 

Yunan-Roma güləşçiləri 3 medala sevindi. Saman Təhmasibi (85 kq) gümüş,  Rəsul Çunayevlə (71 kq) Elvin Mürsəliyev isə (75 kq) bürünc medal əldə etdi. Təhmasibinin gümüş medal qazanması müsbət haldı. Stabil çıxışıyla yadda qalan milliləşdirilmiş legionerin Dünya Çempionatında göstərdiyi fədakarlığı yüksək qiymətləndirmək düzgün olardı. Elvin Mürsəliyevin karyerasında ilk Dünya Çempionatında medal qazanması onun inkişafda olduğunu göstərir. Cari il Avropa Çempionatında da bürünc medal qazanan Mürsəliyev üçün qarşıdakı 2 il çox əhəmiyyətlidir. Güləşçi Avropa Oyunlarında özünü təsdiqləməklə 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına yollanmaq imkanı qazana bilər. 71 kq-da mübarizə aparan Rəsul Çunayevə gəlincə, onun bürünc medalı güləş həvəskarları üçün sadəcə bürünc deyil. Finala gedən yolda məğlub olan Çunayev təsəlliverici görüşdə prinsipial rəqibi Boranyana qalib gəldi. Özü də cəmi 23 saniyəyə! Mundial ərəfəsində həqiqi hərbi xidmətə çağırılan Rəsul Çunayev qələbəni əsgər salamıyla qeyd etməklə zaldakı tamaşaçıların alqışına səbəb oldu. Bununla, o, həm də idmançılarımızın Ermənistan təmsilçilərinə qarşı hər zaman ikiqat əzmlə mübarizə apardığını nümayiş etdirdi. 

Qələbələrlə yanaşı, məğlubiyyətlər də oldu. Avropa çempionu Ruslan Dibirhacıyev (70 kq) özünə bənzəmədi. Sabiq dünya və Avropa çempionu Həsən Əliyev ümidləri doğrultmadı. Artıq veteran idmançı deyə biləcəyimiz Şalva Qadabadzenin medalsız qalması məşqçiləri əsəbiləşdirdi. Çünki ötən il mundialda bürünc qazanan Qadabadzenin bu dəfə mükafatsız qalmasına səbəb kifayət qədər hazırlıqlı olmamasındadır. Xanım güləşçilərin yığmasında rəqabətin olmaması ciddi problemdir. Zərif cinsin nümayəndələri arasında yalnız Mariya Stadnik və Yuliya Radkeviç fərqlənir. Hamıya məlumdur ki, digər çəkilərdə medal ümidimiz yoxdur. Yunan-Roma güləşində kifayət qədər seçim imkanı var. Ona görə mundialda qızıl medal olmamağının səbəbi araşdırılmalıdı. 

Azərbaycan güləşçilərini 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları və Las-Veqasda təşkil ediləcək Dünya Çempionatı gözləyir. Hər iki yarış həm nəticə, həm də olimpiadaya lisenziya baxımından çox vacibdir. Buna görə də islahatlara, səhvləri düzəltməyə kifayət qədər zaman var.

 

 

SİTAT

 

"Qızıl medal qazandığım üçün xoşbəxtəm. Avropa və dünya çempionu olmuşam. İndi məqsəd olimpiadada sözümü deməkdir. Əsas məqsəd Braziliyada keçiriləcək olimpiadada qızıl medal qazanmaqdır".

Hacı ƏLİYEV, dünya çempionu

 

"Bu bizim (Boranyanla) ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən Dünya Kuboku yarışlarında qarşılaşmışdıq və mən 9:0 qalib gəlmişdim. Onda əsgər deyildim. İndi bir əsgər kimi, erməni rəqibimi məğlub etməliydim. Dünya Çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türk idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Avropa Çempionatında finalda, burda isə, yarımfinalda uduzdum. Daha çox çalışmalıyam ki, gələn il dünya çempionu olum".

Rəsul ÇUNAYEV, bürünc medalçı

 

"Yarımfinala qədər uğurla irəlilədim. Bir neçə qələbə qazandım. Yarımfinal görüşündə bir az yorğunluq, bir az arxayınlıq vardı. Onu özümə rəqib hesab etmirəm. Bu yaxınlarda turnirdə qarşılaşmışdıq, ona tam üstünlüklə qalib gəlmişdim. Fikir vermişəm ki, ildə bir dəfə uduzuram. Çalışacam ki, bundan sonra arxayınlaşmayım". 

Mariya STADNİK, bürünc medalçı



MƏSLƏHƏT GÖR:

659