26 Dekabr 2024

Cümə axşamı, 04:26

BƏSTƏKAR QƏLBLİ TARZƏN

Böyük sənətkar Əhsən Dadaşovun anadan olmasından 90 il keçir

Müəllif:

23.09.2014

Adını atası Mirzə Əlabbasın dayısı Mir Əbdülxaliq verdi. Mirzə Əlabbas: "Oğlum olub" - deyə şad xəbəri dayısına yetirəndə onun cavabı belə oldu: "Əhsən!" Mirzə Əlabbas soruşdu: "Gəldim məsləhətə ki, uşağın adını nə qoyum?" Mir Əbdülxaliq cavab verdi: "Dedim də, Əhsən!" 

Əhsən Dadaşov dünyaya gələndə 1924-cü il idi.   O, Mirzə Əlabbasın üçüncü övladıydı. Lakin bacısı Sara və qardaşı Mürsəldən fərqli olaraq, onun şəhadətnaməsində doğum günü qeyd edilmədi. Ən dəqiq tarix anası Xanımananın söylədiyi bu xatirə idi: "Bərk istiydi, üzüm də yetişməmişdi". Ensiklopediyada 16 avqust kimi yazıldı. Əhsən Dadaşov özü isə doğum gününü hər ilin 18 avqustunda, oğlunun dünyaya gəldiyi gün, onunla birlikdə qeyd edirdi.

Tarla tanış olanda Əhsən on yaşındaydı. İndiki "Sahil" restoranının yerində körpü var idi. "Demosfen" adlı gəmi sahilə yan alır, sərnişinləri mindirib, Abşeron bağlarına aparır, axşam isə geri dönürdü. Altı nəfər məhəllə uşağı 1 May bayramını qeyd etmək üçün Zığa yollandılar. Geri dönəndə qardaşı Mürsəl ağacın altından tar tapdı. O gündən həmin tar iki qardaşın ən sevimli məşğuliyyəti oldu. Uşaqlarının həvəsini görən Mirzə Əlabbas böyük oğlunu tarzən Əlağanın yanına apardı. Tarzən Mürsəllə bir-iki gün məşğul olandan sonra Mirzə Əlabbasa dedi: "Bu uşaqdan tarçalan olmayacaq". 

1937-ci ildə Sovet hökumətinin repressiya təhlükəsi Dadaşovlar ailəsinin də başının üstünü aldı. 1918-ci ildə ermənilərin Bakıda törətdikləri qətliamdan qurtula bilən Mirzə Əlabbasın ailəsi bolşeviklərin bəlasından xilas ola bilmədi. Əhsən Dadaşovun qızı Xanım Məhərrəmova deyir ki, babasını həbs etməyə gələnlərin ikisi erməni imiş. Mirzə Əlabbası aparanlar evini alt-üst etdilər, kitablarını maşına doldurdular, həyat yoldaşının qızıllarını da götürdülər.

Mirzə Əlabbasın həbsindən sonra ailəsi ağır günlər yaşamağa başladı. Onlara görüş vermirdilər. Apardıqları "peredaça"nı vermək üçün həbsxananın qarşısında yaranan növbələrdə dayanırdılar. Anası, qardaşı ilə o uzun növbələrdə bir-birlərini əvəz edə-edə nigaranlıq içərisində keçən günlərini sonralar övladlarına qüssə ilə danışırdı Əhsən Dadaşov: "Soyuqda, qarda da günlərlə gözləyir, yorulub əldən düşürdük", - deyirdi. Yalnız illər sonra Mürsəl öyrənə bilmişdi ki, ataları elə o zaman Sibirə sürgün edilibmiş. Mirzə Əlabbasın sonrakı taleyindən isə ailəsi xəbər tuta bilmədi... 

Ailənin güzəranı getdikcə daha da ağırlaşırdı. Xanımana evdar qadınıydı. Ailədə üç uşaqdan başqa, bir də onun qardaşı qızı Firəngiz böyüyürdü. Ailənin böyük oğlu Mürsəl işləməli oldu. Bir-iki il sonra kiçik qardaşı da evə qazanc gətirməyə başladı. Atalarının yoxluğu onları sarsıtsa da, çətinliklərə sinə gərməyi bacardılar, işlədilər, təhsillərini davam etdirdilər. Mürsəl mühəndis oldu. Sara bilirdi ki, valideynləri onun həkim olmasını istəyirdilər. O da həkimlik peşəsi seçdi. Ailənin kiçik övladı isə hələ də nə gözünü, nə də könlünü tardan ayıra bilirdi.

Atasının həbsindən bir il keçirdi. Bir gün küçədə divara vurulmuş bir elan diqqətini çəkdi. Oxudu. Musiqi Texnikumuna tələbə qəbulu elan edilirdi. Evdəkilərə heç nə demədən sənədlərini texnikuma verdi. Qəbul olundu. Məşhur tarzən Mirzə Mansurun oğlu Ənvər Mansurovun sinfində oxudu. İstedadı ilə seçilməyə başladı. Musiqi Texnikumu tələbələrinin ifasını dinləyən bəstəkar Üzeyir Hacıbəyov Əhsən Dadaşovun tarda ifa etdiyi "Şur"u dinləyəndən sonra soruşdu:

- Adın nədir?

- Əhsən.

- Əhsən, sənə, Əhsən!

Texnikumda oxuya-oxuya işləməyə başladı. Onu orkestrə qəbul edən Səid Rüstəmova dedilər: "Bu uşağı işə götürürsən, bunun ki heç pasportu yoxdur". O isə cavab verdi: "Bu uşaq ifaçı pasportunu çoxdan alıb".

Tələbəlik illəri unudulmaz xatirələriylə yaddaşında izlər saldı. Onlardan biri də Qəribə xanımla tanışlığı oldu. Əhsən Dadaşovun qızı danışır: "Axşamüstü imiş. Qış vaxtı olduğundan hava tez qaralırmış. Sinif otaqlarından birində texnikumun kamança sinfinin on dörd yaşlı tələbəsi əyləşib dərsləri ilə məşğul imiş. Birdən qapı açılıb. İki oğlan gülə-gülə içəri girib, işığı söndürüb qaçıb. Qız durub işığı yandırıb. Yerinə keçib, dərslərinə davam edib. Yenə də qapı açılıb, bayaqkı oğlanlar işığı söndürüb, qapını örtüb qaçıblar. Bu dəfə qız elə əsəbləşib ki, dəhlizə çıxıb oğlanların qarasına deyinib. Sinif otağına qayıdıb, işığı yandırıb, qapını da bağlayıb. Həmin oğlanlardan biri on yeddi yaşlı Əhsən Dadaşov imiş". Texnikumda qarşılaşırdılar. Qız onu hər görəndə hirslə üzünü çevirirdi. Gənc tarzənə hələ də qəzəbliydi. 

1941-ci ildə Böyük Vətən müharibəsi başladı. Xanım Məhərrəmova danışır: "Əmim deyirdi ki, hamını əsgərliyə aparırdılar, biz iki qardaşı "xalq düşməni"nin övladı olduğumuz üçün çağırmırdılar". Lakin 1943-cü ildə onları da apardılar. Ancaq cəbhəyə yox, Mahaçqalaya fəhlə batalyonuna göndərdilər. Ağır işlər, çətin şərait Əhsən Dadaşovun sağlamlığına pis təsir göstərdi. Xəstələndi. Vəziyyəti ciddi olduğundan batalyonun həkimi Aşurbəyov onu Bakıya yolladı. Burada müalicə olundu. Sağaldı. Yenidən Səid Rüstəmov onu orkestrə işə qəbul etdi. Bir müddət sonra qardaşı da əsgərlikdən yaralı geri döndü.

Tale elə gətirdi ki, Qəribə xanımla orkestrdə yenidən qarşılaşdı. Qızın hələ də ondan xoşu gəlmirdi. Bir yerdə işlədilər. Bir-birlərini tanıdıqca münasibətləri dəyişdi. Gənc tarzən də ona xüsusi diqqət göstərirdi. Filarmoniyadan işdən çıxanda Qəribə xanıma görə orkestrdə işləyən başqa qızları da evlərinə ötürürdü. Bir-birlərini elə sevirdilər ki, onlara Romeo-Cülyetta deyirdilər. Ancaq ailə qurmağa tələsmədilər. Xanım Məhərrəmova deyir: "Anamdan səbəbini soruşardım. Cavab verirdi ki, düşündüm, ali təhsil alaq, əlimiz çörəyə çatsın. O, Musiqi Texnikumunu bitirdikdən sonra Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti - Z.F.) alman dili fakültəsinə qəbul olunub. İnstitutu bitirdikdən sonra anamı ora işə götürüblər, həm də əvvəlki kimi orkestrdə də kamança ifaçısı kimi işləyib". Əhsən Dadaşov isə bir az gec ali təhsil aldı. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsində oxudu. O, universiteti bitirəndən sonra, 1954-cü ildə toyları oldu.

Yenə orkestrdə işlədi. Amma Şərq ölkələrinə, xüsusilə də İrana qastrol səfərlərində fars dilini bilməsi köməyinə çatırdı, tərcüməçiyə ehtiyacı olmurdu. Oranın məşhur musiqiçiləri ilə sərbəst söhbət edə bilirdi. 

Əhsən Dadaşovun qızı xatırlayır: "Üç yaşımda baba mülkümüzdən çıxmağımız yadımdadır. Atama keçmiş İnqilab küçəsində (indiki Həsən Əliyev küçəsi - Z.F.) ev verilmirdi. Ora köçdük. Bir də dörd yaşım olanda evimizdəki o matəmi unuda bilmirəm...". 

Ailənin ilki - Ənvər  səkkiz yaşında qan xərçənginə düçar oldu. O günlərini Xanım Məhərrəmova bu gün də kədərlə anır: "Anam güclü qadın idi. Görürdük gözləri qızarıb. Gizli-gizli ağlayırmış. Atamın saçları vaxtsız ağardı. "Şur", "Bayatı-Şiraz", "Humayun" və başqa muğamları ifa etdikcə gözlərindən yaş süzülürdü".

Ənvərin vəfatından bir il sonra yenidən könüllərində ümid işığı doğdu. Bir oğlan övladı dünyaya gəldi. Onun da adını Ənvər qoydular. 

Əhsən Dadaşov gözəl musiqiçi kimi tanınır, çox sevilirdi. "Hörmətini saxlayır, onu sevirdilər", tarzənin qızı deyir: "Ona sənətdə kiminsə mane olduğunu heç eşitmədim". O, Xan Şuşinski, Fatma Mehrəliyeva, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov və başqa xanəndələri tarda böyük ustalıqla müşayiət edirdi. Əhsən Dadaşovu bəstəkar qəlbli tarzən adlandırırdılar. Təsniflər, rənglər bəstələsə də, təvazökarlıq edir, özünə bəstəkar demirdi. 

Bəstəkar Hacı Xanməmmədov Şərqdə tar ilə simfonik orkestr üçün yazılan ilk konserti Əhsən Dadaşova ithaf etdi. Əsərin ilk ifaçısı da Əhsən Dadaşov özü oldu. 1964-cü ildə bəstəkar Fikrət Əmirovla Radio Komitəsinin sədri Ənvər Əlibəylinin təşəbbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Xalq Çalğı Alətləri Ansamblını yaratdı. Ora musiqiçiləri dəvət etdi. O, həm də pedaqoq idi. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyirdi.  

Əhsən Dadaşovun qızı onun yolunu davam etdirir. Musiqiçidir. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyir. Oğlu isə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası - Z.F.) bitirdi. Musiqi təhsili almasa da, gitarada, tütəkdə, fortepianoda çalmağı bacarır. Atası ona tar çalmağı öyrədəcəkdi. Deyirdi: "Uşaq gərək on-on bir yaşına çatsın ki, tar tutmağı da bacarsın. O, vəfat edəndə oğlu on iki yaşındaydı. Həmişə sağlam olmuşdu. Birdən qolu ağrımağa başladı. Özünü zəif hiss edirdi. Məşqlərin, konsertlərin, qastrolların çoxluğuna yozdu. Onu müayinə edən həkim də: "Yəqin, yorulmusunuz", - dedi. Vəziyyət isə daha ciddiydi. Əhsən Dadaşov xərçəngə mübtəla olmuşdu. Moskvada qaynına həkimlər verdilər bu xəbəri. Ondan bunu gizlətsələr də, hiss edirdi. Amma ölümü özünə yaxın buraxmırdı. Ailəsində də hamı onun sağalacağın inanırdı. 1976-cı ilin 29 mayında vəziyyəti daha da ağırlaşdı. Həmin gün axşamüstü dünyasını dəyişdi. Mayın 30-da dəfn mərasimi keçirildi. Mərasimə gələnlərin ardı-arası kəsilmirdi. İş yoldaşları, qohumları, sənət dostları, tanışları onunla məzarı başında vidalaşdılar. Əhsən Dadaşov öz vəsiyyətinə görə anasının və oğlunun dəfn olunduğu köhnə qəbiristanlıqda torpağa tapşırıldı.

Bu il Əhsən Dadaşovun yubileyidir. Görkəmli tarzənin anadan olmasının 90 illiyi münasibətilə 16-36 yaşlı gənclər arasında milli musiqi alətləri ifaçılarının II Respublika Müsabiqəsinin seçim turu keçirilir. Müsabiqə respublikanın bütün regionlarını əhatə edir. Oktyabrda müsabiqəyə yekun vurulacaq.



MƏSLƏHƏT GÖR:

854