Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Avqustun son günlərində 2, sentyabrın ilk rübündə isə 6 intihar. DİN-in bu statistikası qarşısında nə deyəsən ki - faktlar öz-özlüyündə hər şeyi deyir. Ya bu haqda daha çox yazmağa başlayıblar, ya da Azərbaycanı intihar epidemiyası bürüyüb. Ötən həftə KİV-də daha bir gəncin özünü öldürdüyü haqda məlumat yayılıb. Hadisə Qubada baş verib. 29 yaşlı oğlan özünü asaraq intihar edib. Ölümündən əvvəl yazdığı məktubda isə "həyatdan bezdiyini" bildirib. Bir müddət əvvəl isə gənc müğənni Sura Əsgərlinin intiharı hamını şoka salmışdı. Gənc, istedadlı, ağıllı insanları bu yola əl atmağa nə vadar edir? Sanki bütün dünyada intihar edənlərin ölüm istəyi bir səbəbdən baş verir - real və ya zahiri əlacsızlıq. Robin Uilyams kimi dünya şöhrətli şəxslərin intiharı isə sanki bu addımı atmaq istəyən, lakin tərəddüd içərisində olan insanlar üçün özünəməxsus təkandır... Belə insanların özlərilə bağlı olmasa da, digərlərilə əlaqədar öz addımlarına daha məsuliyyətli yanaşmaları daha yaxşı olmazdımı?..
Nə baş verir?
Statistika çox amansızdır: Azərbaycanda özünə qəsd edənlərin sayı 2008-ci ildən başlayaraq durmadan artır. Əgər 2008-ci ildə 138 intihar hadisəsi qeydə alınmışdısa, ötən il bu addımı atanların sayı 251 nəfər olub. İntihar sayına görə pik isə 2011 və 2012-ci illərdə yaşanıb - müvafiq olaraq, 414 və 482 nəfər. 2013-cü ildə kişilər daha çox intihara əl atıblar - 137 nəfər. Belə cəhdlər zamanı istəyinə nail ola bilməyənlər də var: 34 qadın və 22 kişi. Aydındır ki, insanlar intihara artıq başqa yolun qalmadığına əmin olduqda əl atırlar.
Bu gün dünya alimləri intiharın əsl səbəblərini üzə çıxarmaq üçün çalışırlar: həyatına son qoymaq qərarına gəlmiş insanın mahiyyəti nədən ibarətdir, belə halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, hər il dünyada intihar nəticəsində 800 000-dən artıq insan həlak olur. Bu, hər 40 saniyəyə 1 intihar deməkdir. ÜST-nin Ümumdünya intiharlara qarşı mübarizə günü ilə bağlı məruzəsində bildirilir ki, intihar ictimai səhiyyənin problemidir və o, yerli cəmiyyətlərə, regionlara və ölkələrə toxunur. Bu gün ÜST bütün dünyada intiharların sayının azaldılması üçün hamını səylərin səfərbər edilməsinə çağırır.
İntihara ən çox meyil edənlər isə gənclərdir. Hazırda qlobal miqyasda yaşı 15-29 arasında olan insanların ölüm səbəbləri arasında intihar ikinci yerdədir. Müxtəlif ölkələrdə intihar sayları da müxtəlifdir. Belə hallara ən çox əhalinin gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə rast gəlinir. Bütün intiharların, təxminən, 75%-i bu cür ölkələrin payına düşür. İnkişaf etmiş ölkələrdə isə intihar saylarına görə "liderlik" Şərqi Avropanın payına düşür. Yaponiyada hər il, təxminən, 30 000 insan intihar edir. Ən aşağı göstəricilər isə Latın Amerikası və islam dövlətlərindədir. Afrika ölkələrilə bağlı statistika mövcud deyil. ÜST-dən bildirirlər ki, intihar insan həyatına vaxtsız son qoyan şəxsi faciədir. Daha sonra o, əhatəsini genişləndirir və ailə üzvlərinin, dostların faciəsinə çevrilir, onlara bütün ömür boyu yeri sağalmayacaq ciddi zərbə vurur.
İntihara nələr səbəb olur?
ÜST-də iddia edirlər ki, insanların öz həyatlarına son qoymalarına yoxsulluq, işsizlik, şəxsi münasibətlərin pozulması, depressiya və ya digər ciddi psixi pozuntu səbəb olur. Əksər hallarda intihar qeyri-iradi addımın və ya alkoqolun, narkotikin yaratdığı şüursuzluğun nəticəsində baş verir. Əgər intihar bir çox amillərlə - şəxsi, sosial, psixoloji, mədəni, bioloji və s. - bağlı çətin fenomendirsə və intiharla psixoloji vəziyyət arasındakı əlaqə birmənalı şəkildə sübuta yetirilibsə, bu faktların ümumiləşdirilməsi qeyri-effektiv olacaq.
Əksər intihar halları böhran anında, qeyri-iradi baş verir və bu şəraitdə intihar üçün vasitənin əlçatan (məsələn, zəhər və ya odlu silah) olub-olmaması insanın sağ qalıb-qalmayacağı baxımından həlledici faktordur. Demək, onun yaxınları ailə üzvünün ağır emosional durumda olduğunu hiss edirlərsə, ona son dərəcə diqqətlə yanaşmalı, mümkün dairəsində onun üçün intihar vasitələrinin əlçatan olmasına imkan verməməlidirlər.
ÜST intiharla gender zorakılığı, uşaqlarla sərt davranma arasında da möhkəm əlaqənin olduğunu bildirir. Məsələn, Azərbaycanda uşaqlar arasında intihar hallarına az rast gəlinmir və onların əksəriyyəti məişət zorakılıqları üzündən baş verir. Hər halda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən belə deyirlər. Komitənin sədr müavini Aynur Sofiyevanın sözlərinə görə, qadınlara və uşaqlara qarşı zorakılıq uşaqların intihara əl atmalarının əsas səbəbləridir.
İntihar hallarına daha çox bu və ya digər azlıqların nümayəndələri, ayrı-seçkiliyə məruz qalan şəxslər arasında rast gəlinir. Bundan başqa, cəmiyyətin psixi pozuntulara, intiharlara birmənalı münasibətdə olmaması əksər insanların yardım üçün lazımi dairələrə üz tutmamasına səbəb olur. Əhalinin məlumatlılığının artırılması, mövcud tabuların aradan qaldırılması intiharların qarşısının alınmasına çalışan ölkələr üçün vacibdir. ÜST mütəxəssisləri hesab edirlər ki, intiharların önlənməsi istiqamətində işlər koordinasiya olunmalı, cəmiyyətin bir çox sektorları bu işdə əməkdaşlıq etməlidir. Söhbət həm dövlət, həm özəl sektorlardan, o cümlədən səhiyyədən, səhiyyəyə aidiyyəti olmayan təhsil, işə düzəltmə, kənd təsərrüfatı, biznes, məhkəmə, qanunvericilik, müdafiə, siyasət və KİV kimi sahələrdən gedir. Bu işlər hərtərəfli aparılmalıdır. Çünki hər hansı ayrı, təkbaşına yanaşma bu cür ağır problemi həll etmək iqtidarında deyil.
İntiharla mübarizədə qəbul edilmiş strategiyalardan biri psixi pozuntuların diaqnozunun təyin edilməsi, müalicəsidir. O, intihar vasitələrinin əlçatan olmasının məhdudlaşdırılmasına, bir sıra vasitələrlə alkoqol qəbulu kimi pis vərdişlərin azaldılması strategiyasının hazırlanmasına əsaslanır və KİV-i intihar mövzularının işıqlandırılmasına məsuliyyətlə yanaşmağa çağırır.
Yeri gəlmişkən, son məqam çox vacibdir. Çünki KİV-in yalnız intiharla bağlı deyil, ümumiyyətlə, bu və ya digər faciəyə hazırkı yanaşması insan acısına etik yanaşmadan çox uzaqdır. Bir ailədə dəhşətli hadisə baş verir, elektron və digər KİV-in nümayəndələrisə reytinq və "klik" yarışına girərək fotoaparatlarla, mikrofonlarla həmin mənzilə sanki hücum çəkir, acı yaşayan insanlardan baş vermiş hadisəyə münasibət öyrənməyə, onların kədərdən dəyişmiş simalarını çəkməyə çalışırlar. İnsan intihara cəhd göstərib, amma sağ qalıbsa, KİV onun xəstəxanadakı palatasına girməyə çalışır. Halbuki belə halda həmin şəxsin adı, soyadı qətiyyən açıqlanmamalıdır. Çünki o, həyata davam etməli və cəmiyyət içərisinə sağlam çıxmalıdır. O, insanların arasında çıxdıqda hamının onu tanıyacağını, barmaqla göstərəcəyini düşünərək utanmamalıdır. Bundan başqa, KİV-in intihar faktlarını məsuliyyətsizcəsinə yayımlayaraq ondan sensasiya düzəltməsi belə hallara marağı artırır, "təqlid" aktlarının artmasına səbəb olur.
İntiharlara qarşı profilaktikanın vacib komponentlərindən biri də postvensiya sayılır. Çünki yaxınını, dostunu itirmiş insanların da qayğıya, dəstəyə ehtiyacları olur.
Milli strategiyaya ehtiyac var
Psixoloq Ənvər Məmmədovun sözlərinə görə, Azərbaycanda bu problemin nə qədər ağır olduğu artıq yetərincə dərk edilməkdədir. Belə ki, onun qarşısının alınması məqsədilə ayrı-ayrı ölkələrdə qəbul olunmuş, tətbiq edilmiş mexanizmlər artıq Azərbaycanda da tətbiq edilməyə başlayıb. Məsələn, Gənclər və İdman Nazirliyi yeniyetmələrə, böhranlı vəziyyətdə olan gənc insanlara psixoloji yardımın göstərilməsi məqsədilə "qaynar xətt" yaradıb. Yeri gəlmişkən, psixoloqun sözlərinə görə, oraya yalnız gənclər deyil, böyük, yaşlı adamlar da zəng vururlar. Fövqəladə Hallar Nazirliyində isə psixoloqlar çalışır. Onlar hər hansı yerdə intihara cəhd haqda xəbər alan kimi, həyatına son qoymağa hazırlaşan şəxslə söhbət üçün dərhal oraya yollanırlar. Bununla yanaşı, ekspert bu qlobal problemlə mübarizə üçün bir "telefon dəstəyi"nin kifayət etmədiyini düşünür. "Bu gün bir çox ölkələrdə intiharların qarşısının alınması məqsədilə milli strategiya hazırlanıb. Bu, hökumətin intihar probleminin həllinə nail olmaqda israrlı olduğunun göstəricisidir. Həmin strategiyalar əsasında çox sayda elmi tədqiqat bölmələri yaranıb və onlar intihar probleminin öyrənilməsilə məşğul olur, intihar və onun profilaktikası ilə bağlı akademik elmi kurslar keçirlər. Praktiki yardımların göstərilməsi, diaqnostikanın yaxşılaşdırılması və intihara cəhd zamanı insana dəstəyin göstərilməsi üçün ümumi profilli tibb işçiləri işə cəlb olunurlar. Bir çox yerlərdə itkiyə məruz qalmış şəxslərə dəstək qrupları yaradılıb, könüllülər isə onlayn şəkildə və telefon vasitəsilə onlara məsləhətlər verirlər", - deyə psixoloq "R+"a açıqlamasında bildirib. Onun fikrincə, milli strategiya Azərbaycanda da hazırlanmalıdır.
İntiharların dekriminalizasiya mexanizminə xüsusi diqqət ayrılmalıdır. Bu, bir çox ölkələrdə belə hallarla üzləşən şəxslərin yardım üçün müraciət etmələrini asanlaşdırıb. KİV-ə bu problemin işıqlandırılması ilə bağlı lazımi məsləhətlərin verilməsi, intihara cəhd etmiş insanların cəmiyyət tərəfindən pislənilməsinin qarşısının alınması məqsədilə təbliğatın aparılması, insanların məlumatlılığının artırılması da vacibdir. "Şübhəsiz ki, strategiyada ölkənin mədəni və sosial kontekstləri nəzərə alınmalıdır", - deyə Ənvər Məmmədov bildirir.
Mütəxəssislər çox sayda intihar faktının araşdırılması nəticəsində onların hamısında bir oxşarlığı üzə çıxarıblar: bu insanlarda ailə içində və ailədən kənarda, onların fikrincə, həlli mümkün olmayan problemlərin vəhdəti haqda emosional təsəvvür formalaşır. İnsan ailəsində anlayış, dəstək görmürsə, rədd edildiyini düşünürsə, bu halda onun keçirdiyi hisslər yaşamağa imkan vermir. Bu üzdən də, insanın yaxınları onun intihar edə biləcəyilə bağlı istənilən işarəsinə, xüsusilə bu haqda söhbətlərə son dərəcə ciddi yanaşmalıdırlar. Ən başlıcası insana onun lazımlı olduğunu, sevildiyini göstərmək lazımdır. Onu ürəkdəki bütün yaraların zamanla sağaldığına inandırın. Onu çıxılmaz vəziyyətin olmadığına əmin edin! Ona bu yolu tapmaqda kömək edin.
İNTİHARA HAZIRLAŞMA ƏLAMƏTLƏRİ
İşləri sahmana salmaq - qiymətli əşyaları paylama, qablaşdırma. Pinti insan qəflətən hər şeyi səliqəyə salmağa başlaya bilər. Demək, o, son hazırlıq işlərini görür.
Vidalaşma. Müxtəlif insanlara ayrı-ayrı vaxtlarda ona göstərdikləri köməkliyə görə minnətdarlığını ifadə etməyə başlamaq. Və ya zahirən məmnunluq və enerji artımı. İntihar qərarı verilib və plan qurulubsa, bu haqda düşüncə insana əziyyət verir, onda artıq enerji hiss olunur.
Taqətsizlik - elə təsir bağışlaya bilər ki, insan artıq intihar qərarından vaz keçib. Güc artımı dərin depressiyadan daha təhlükəli ola bilər.
Yazılı qeydlər (məktubda, kağız parçasında, gündəlikdə).
Şifahi məsləhətlər və ya hədələr.
Yeniyetmələrdə qeyri-ixtiyari nifrət alovu.
Yaxın adamını itirən şəxsdə yuxarıda sadalananlar müşahidə olunduqda. Evini itirməsi.
Yuxusuzluq.
MƏSLƏHƏT GÖR: