Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Ümummilli lider Heydər Əliyevin elan etdiyi Azərbaycanın neft strategiyasının əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanmasından keçən 20 il ərzində, təkcə neft və qazın hasil edilməsi və nəqli mexanizmlərinin təkmilləşdirilməsi sahəsində deyil, eləcə də bu sferada elmi tədqiqat işlərinin inkişafı və dərinləşməsində əhəmiyyətli irəliləyiş əldə olunub.
Buna parlaq nümunə regionda ən iri tədqiqat mərkəzlərindən birinə çevrilən "Azlab" Kəşfiyyat və Tədqiqat Mərkəzinin fəaliyyətini göstərmək olar. "Azlab"ın fəaliyyəti yerli və əcnəbi şirkətlərin sifarişi ilə axtarış-kəşfiyyat və istismar quyularından götürülən kern, neft, kondensat və qaz nümunələrinin geniş tədqiqatını həyata keçirməkdən ibarətdir. Bu yaxınlarda "Azlab"ın yeni inzibati binasının açılış mərasimində SOCAR şirkətinin rəhbəri Rövnəq Abdullayevin qeyd etdiyi kimi, Azərbaycan geologiya və geofizika sahələrinə böyük diqqət ayırır. "Azlab"da keçmişdə Azərbaycanda yerləşən yataqlarda həyata keçirilən geoloji kəşfiyyat işləri barədə məlumatlar toplanıb. İndi bu müəssisə ən müasir avadanlıqlarla təchiz edilib və bizə daha böyük uğurlara nail olmağa yardım edəcək", - deyə o, vurğulayıb. Belə ki, "Azlab"ın BP şirkəti ilə əməkdaşlığına dair müqavilə 1996-cı il tarixlidir, həmin vaxt 2024-cü ilə qədər hesablanmış "Çıraq" platformasında GCA-1 quyusu qazılmışdı. Müqavilə çərçivəsində mərkəz "Azəri", "Çıraq", "Günəşli" və "Şahdəniz" yataqlarındakı axtarış-kəşfiyyat quyularından götürülmüş kern, neft və qaz nümunələrinin geniş tədqiqatını həyata keçirir. SOCAR-ın vitse-prezidenti, "Azlab"ın direktorlar şurasının sədri Rəfiqə Hüseynzadənin sözlərinə görə, mərkəzdə geokimyəvi, analitik laboratoriya fəaliyyət göstərir, habelə ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmuş PVT və kern analizi laboratoriyaları sayəsində quyulardan götürülən nümunələri ətraflı tədqiq etmək, geokimyəvi analiz və PVT eksperimentlər aparmaq mümkün olur. R. Hüseynzadənin qeyd etdiyi kimi, lay karbohidrogen sistemlərinin tədqiqatları ilə məşğul olan və regionda yeganə olan PVT laboratoriyası quyu dibi, quyuağzı, separator və boru xətti nümunələrinin tədqiqatlarını həyata keçirir.
Bununla bərabər, bütün bu işlər - quyulardan nümunələrin götürülməsi, tədqiqat işlərinin aparılması və quyularda stasionar avadanlıqlarda ekspress-analizlər - yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. "Azlab" MMC fəaliyyəti dövründə əməkdaşlarının təhlükəsizliyi və sağlamlığı, heyətin keyfiyyətli idarə olunması, ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət ayırır. Və bu sahələr üzrə zəruri sertifikatları (ISO 9001:2008, ISO 14001-2004 i OHSAS 18001: 2007, ISO/IEC17025) əldə ediblər", - deyə R. Hüseynzadə vurğulayıb.
Qeyd etmək lazımdır ki, tədqiq edilən nümunələr müasir beynəlxalq tələblərə cavab verən Kern Saxlama Kompleksinin mühafizəsinə verilir. SOCAR-ın vitse-prezidentinin vurğuladığı kimi, Xəzər regionunda "Azlab"ın kern saxlama mərkəzi 2004-cü ildə açılıb. Kompleks şirkətin vəsaitləri hesabına Kanadanın dünyaca məşhur şirkəti "Datacon" Core Repository Consulting Group Inc-nin layihəsi əsasında tikilib. "Burada 15 min kern saxlamaq olar", - deyə R. Hüseynzadə əlavə edib.
"Azlab"ın əməkdaşlıq etdiyi şirkətlər arasında BP, "Statoil", "Total", "Lukoil", EXXON Conoco Phillips kimi iri neft-qaz nəhəngləri, habelə "Karasu", "Shirvan Oil", "Binaqadi Oil" kimi şirkətlər yer alır. Bundan başqa, müəssisənin fəaliyyəti Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistandan olan şirkətlər tərəfindən tanınır və hazırda onlar tədqiqat mərkəzinin imkanlarından fəal şəkildə yararlanırlar.
2005-ci ildən "Azlab" Dübəndi terminalında "Günəşli" və "Neft Daşları" yataqlarından hasil edilən neftin keyfiyyətinə, 2013-cü ildən isə ölkə ərazisində SOCAR-ın bütün terminallarında benzin və dizel yanacağının beynəlxalq standartlara uyğunluğuna nəzarəti həyata keçirir.
"Azlab"ın tədqiqatlarının nə qədər zəruri və misilsiz olması göz qarşısındadır: onların işlərinin nəticəsi olaraq əldə olunan bilgilər sayəsində, sahəsinin geoloji quruluşu haqda tam məlumat toplamaq, quyuların litostratiqrafik və biostratiqrafik kəsilişini tərtib etmək mümkündür. Quyunun kollektorunun xüsusiyyətlərinin müəyyən edilməsi karbohidrogen ehtiyatlarının həcminin hesablanmasını, qonşu quyularda korrelyasiyanın həyata keçirilməsi isə gələcək axtarış-kəşfiyyat işlərinin planlaşdırılmasını mümkün edir.
Təxminən, eyni tapşırıqları PVT tədqiqatları də, o cümlədən nəticələri karbohidrogen ehtiyatların hesablanmasında, layların modelləşdirilməsində, işlənmə üzrə layihələrin hazırlanmasında, quyuların tamamlanmasının layihələndirilməsində geniş tətbiq olunan geokimyəvi tədqiqatlar həll edir.
Bununla da, olduqca qısa zaman kəsiyində "Azlab" mərkəzi Azərbaycanda neft-qaz sahəsində zəruri tədqiqat xidmətlərinin təqdim olunmasını təşkil edə bilib. Bununla yanaşı, müəssisə aparıcı dünya şirkətlərinin etimadını qazanaraq, bu işdə beynəlxalq standartların səviyyəsinə nail olmağı bacarıb.
MƏSLƏHƏT GÖR: