13 Mart 2025

Cümə axşamı, 12:54

GEOPOLİTİKANIN MARAQLARI NAMİNƏ

Köhnəlmiş güc oyunları yenidən beynəlxalq münasibətlər sahəsinə dönür

Müəllif:

23.09.2014

Geopolitika müxtəlif ölkələrin və ya regionların coğrafi faktorlarını nəzərə alaraq, planetar miqyasda onların qarşılıqlı əlaqəsini öyrənir. Başqa sözlə, geosiyasət geoməkan üzərində nəzarət mexanizmlərini və formalarını, dünya hökmranlığının təbiətini, qlobal liderlik qanunlarını, siyasi güc mərkəzləri arasında münasibətlərin coğrafiyasını araşdırır. Tanınmış alman alimi K. Xausxofer geosiyasəti dövlətin "coğrafi idrakı" kimi qiymətləndirib. Hələ geosiyasət elminin yaradıcıları və klassik geosiyasət məktəbinin nümayəndələri iddia edirdilər ki, dövlətlərin və ya dövlətlərarası ittifaqların beynəlxalq və hərbi-siyasi qüdrəti coğrafi amillə sıx bağlıdır. Bu üzdən də dövlətlərin xarici siyasəti, ilk növbədə, öz "oykumenini" (həyat məkanı) genişləndirilməsinə, resurslar uğrunda mübarizəyə, ərazilərə nəzarətin ələ alınmasına, nüfuz dairələrinin bölüşdürülməsinə və yenidən bölüşdürülməsinə yönəlib. Bu mənada aparıcı rol hər zaman böyük dövlətlərə məxsus olub və bu, tamamilə izaholunandır. Əksər alimlərin fikrincə, geosiyasi konsepsiyalar prinsipcə onların geosiyasi iddialarının əsaslandırılması üçün çox vacib elmi alətdir. Bəşəriyyət tarixində ərazilərə nəzarətin ələ keçirilməsi, həyat məkanının genişləndirilməsi uğrunda mübarizə müxtəlif vasitələrlə həyata keçirilib. Bu, beynəlxalq siyasi konyunkturdan asılı olub. İlkin mərhələdə və böyük coğrafi kəşflər dövründə o, birbaşa hərbi müdaxilə və işğal, kiçik ölkələrin nəhəng dövlətlər tərəfindən "udulması" yolu ilə həyata keçirilib. Buna bariz nümunə kimi, çoxsaylı müharibələri, xüsusilə bəşəriyyətin yaşadığı iki dünya müharibəsini göstərmək olar. Qloballaşma dövrünün gəlməsilə güc mərkəzləri geosiyasi nüfuzlarının genişləndirilməsi uğrunda mübarizəni daha mahir üsullarla aparmağa başlayıblar. Bununla yanaşı, birbaşa hərbi müdaxilə variantı heç də aktuallığını tam itirməyib. Ərazilərə nəzarətin ələ keçirilməsi uğrunda mübarizə üsullarından asılı olaraq, alimlər 4 geosiyasi paradiqma müəyyənləşdiriblər: hüquqi və ya milli-dövlətçilik, ideoloji, sivil və geoiqtisadi-informasiya. Dünyanın geosiyasi xəritəsində onların hər birinin özünəməxsus yeri var. Maraqlıdır ki, ideoloji qarşıdurmanın və ikiqütblü dünyanın yox olmasına, ABŞ-ın dünya liderinə çevrilməsinə yol açmış hadisədən - "soyuq müharibə"nin başa çatmasından sonra əksər Qərb alimləri geosiyasətin də başa çatdığını bildirirdilər. Onların fikrincə, bundan sonra millətlərin və dövlətlərin, o cümlədən milli təşkilatların siyasətində prioritet bütünlükdə bəşəriyyət üçün təhlükə yaradan qlobal problemlərin (beynəlxalq terrorçuluq, nüvə silahının yayılması, ərzaq və ekoloji təhlükəsizlik və s.) qarşısının alınması, həlli olacaq. Yəni ayrı-ayrı dövlətlərin geosiyasi iddiaları artıq dünyada yaşanan proseslərdə əsas rolda olmayacaq. Bu fikirlə razı olmayan digər alimlər isə belə bir versiya irəli sürüblər ki, milli dövlətlərin əhəmiyyətinin azalması fonunda bundan sonra geosiyasi qarşıdurmalar və mümkün müharibələr mövcud sivilizasiyalar arasında baş verəcək (S.Hantinqonun "sivilizasiyaların toqquşması" nəzəriyyəsi). Bu, geosiyasi mübarizənin daha geniş miqyası və sərt xarakteri deməkdir. Çünki dini və etnik ziddiyyətlərdə kompromisə gəlmək son dərəcə çətin olur. Ən başlıcası, müasir dövrdə virtual informasiya məkanı müstəsna rola malik olacaq. Burada informasiya texnologiyaları vasitəsilə geosiyasi mübarizənin yeni formaları üzə çıxır.

Amma artıq bir müddətdir ki, xüsusilə Yaxın Şərqdə və Ukraynada baş verənlər fonunda Qərb alimlərinin bir hissəsi geosiyasətin geri döndüyü haqda danışmağa başlayıblar. Onların iddiasına görə, revzionist fövqəldövlətlərin - Rusiya, Çin və İran - hesabına dünyada yenidən geosiyasi rəqabət ön plana çıxıb və beynəlxalq münasibətlər sahəsində köhnəlmiş güc oyunları qayıdıb. Düşünmək olar ki, bu mübahisədə ən yaxşı hakim yalnız son hadisələrin deyil, həm də "soyuq müharibə"nin bitimindən sonra yaşanan beynəlxalq proseslərin qiymətləndirilməsi ola bilər. 

Şübhəsiz, ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən, Qərb, xüsusilə də ABŞ dünyanı beynəlxalq terrorçuluqla mübarizədə bir araya gətirə bilib. Bununla yanaşı, Qərb Moskvanın ənənəvi olaraq, yalnız öz geosiyasi maraq dairəsi saydığı postsovet məkanında mövqelərini gücləndirmək üçün Avropa İttifaqının və NATO-nun genişləndirilməsi siyasətini həyata keçirib. Prinsipcə, Qərbin təşəbbüsü ilə bir sıra postsovet ölkəsində həyata keçirilmiş "narıncı inqilab"lar da eyni məqsədə qulluq edirdi - həmin ölkələrdə hakimiyyətə məhz qərbpərəst qüvvələr gətirilirdi. Eyni zamanda Vaşinqton bütün bu illər ərzində Çinin dünya arenasında artan geosiyasi nüfuzunun qarşısının alınması sahəsində səylərin birləşdirilməsi məqsədilə Moskvaya nəvaziş göstərirdi. Maraqlıdır ki, Rusiya ilə ABŞ arasında geosiyasi qarşıdurmanın kəskin şəkildə gərginləşməsi fonunda Vaşinqton artıq belə alyans təklifilə Pekinə üz tutur. Məqsəd Moskvanın artan geosiyasi iddialarının qarşısının alınmasıdır. ABŞ-ın Yaxın Şərq və Əfqanıstan siyasəti də yalnız beynəlxalq terrorçuluqla mübarizə məqsədi daşımırdı. Reallıq ondan ibarətdir ki, ABŞ bir sıra Yaxın Şərq ölkələrində "ərəb baharı" təşkil etməklə, həm də Moskva ilə İranın bu regiona təsir imkanlarını minimuma endirməyə və ya tamamilə yox etməyə çalışıb. Məsələn, Qərbin Suriyada uğur qazanacağı təqdirdə, Rusiya Tartusdakı hərbi-dəniz bazasını itirəcək və bununla da, Aralıq dənizində mövcudluğunun yeganə komponentini əldən verəcək. Üstəlik, Vaşinqton Yaxın Şərqdə sərhədlərin qismən yenidən formalaşmasına çalışır. Qərblə Rusiya arasında geosiyasi mübarizənin qızışması fonunda Ukraynadakı hadisələr xüsusi önəm daşıyır. Vaşinqton, Brüssel və Moskva Ukraynadakı əməllərini necə izah edirlər etsinlər, bu hadisələrin geosiyasi tərəfi sağlam düşüncəli insanlar üçün bəllidir. Hələ ötən əsrin əvvəllərində ingilis alimi H. Makkinder dünya üzərində hökmranlığın ələ alınması üçün "Hartlend"in (oxu: Avrasiya məkanı) müstəsna əhəmiyyətini ifadə etmişdi. Amerikalı geostrateq Z. Bjezinski isə Rusiyanın neoimperiya iddialarında Ukraynanın vacibliyini dəfələrlə dilə gətirib. Rusiya ilə Qərbin Ukraynadakı maraqlar qarşıdurmasında əsas element məhz bu məqamlardır. Üstəlik, Moskva postsovet məkanında mövqelərinin gücləndirilməsi, daha dəqiqi onların üzərində tam geosiyasi nəzarətin yaradılması məqsədilə son illər bir neçə iddialı layihə ortaya qoyur. Yeri gəlmişkən, Moskvanın uzun müddət postsovet məkanındakı ərazi münaqişələrinin həllində obyektiv moderator rolunu oynamaq istəməməsi, ilk növbədə, onun məhz geosiyasi maraqları ilə izah olunur. Üstəlik, bu prosesin digər moderatorları da bu yaramaz nümunəyə əsaslanaraq, əsasən, məsələyə seleksiyalı yanaşma ortaya qoyurlar. Diqqətçəkən məqam Qərblə Rusiyanın siyasətində (xüsusilə Ukrayna hadisələri ilə bağlı) bütün geosiyasi paradiqmaların öz əksini tapmasıdır.

Birincisi, hər iki tərəf öz milli-dövlətlərinin maraqlarını səylə müdafiə edir. Artıq heç bir qlobal və ümumbəşəri maraqlar nəzərə alınmır. Ukrayna dövlətçiliyinin və Ukrayna xalqının maraqları və təhlükəsizliyi haqda isə ümumiyyətlə, düşünən yoxdur.

İkincisi, bu qarşıdurmada konkret olaraq mədəni-ideoloji və sivilizasiyalı fikir ayrılıqları var. Bu mənada, Ukraynanı nəinki ən yaxın ölkələrdən biri, hətta praktiki olaraq, özünün bir hissəsi sayan Rusiya orada Qərbin neoliberal dəyərlərinin yayılmasına qarşı çıxır. O, bu dəyərlərin təqlidi üçün heç də hər zaman yaxşı nümunə olmadığını bildirir.

Üçüncüsü, bu qarşıdurmada hər iki tərəfin informasiya texnologiyalarından necə istifadə etdiklərinin şahidiyik. Hətta bəzən elə hallar baş verir ki, insan nəyin doğru, nəyin yalan olduğunu müəyyənləşdirə bilmir.

Dördüncüsü, qarşı-qarşıya duran tərəflər idarəolunan xaos nəzəriyyəsindən gen-bol istifadə edirlər.

Təəssüf ki, bu reallıqlar Böyük Britaniyanın 35-ci baş naziri olmuş lord Q. Palmerstonun hələ XIX əsrin ortalarında irəli sürdüyü iddianın əsaslı olduğunu təsdiqləyir: daimi müttəfiqlər və daimi düşmənlər yoxdur, daimi və əbədi olan bizim maraqlarımızdır. Bu fikir nəinki bu gün də aktualdır, o, bəşəriyyət durduqca aktuallığını qoruyub-saxlayacaq. Çünki geosiyasi proseslər dəyişkən xarakterli, geosiyasi maraqlar isə əbədidir. 

Dünyadakı proseslərin hərəkətverici qüvvəsi isə məhz onlardır.



MƏSLƏHƏT GÖR:

633