13 Mart 2025

Cümə axşamı, 13:01

"LONDON, MƏN QALIRAM!"

Şotlandiyada keçirilmiş referendumun sonuclarından hansı nəticələr çıxarılmalıdır?

Müəllif:

23.09.2014

Şotlandiya sentyabrın 18-də baş tutan referendumda Birləşmiş Krallığın tərkibində qalmağa səs verdi - seçicilərin 55,3%-i (2 mil-yon 1,926 min nəfər) müstəqilliyin əleyhinə çıxdı. Referendumda seçici fəallığı 84,59% təşkil edib və bu, dünya tarixində keçirilmiş referendumlarda qeydə alınan ən yüksək göstəricilərdən biridir. Səsvermədə müstəqillik tərəfdarları yalnız 32 dairənin 4-də qalib gəliblər - Dandi və Qlazqo şəhərlərində, Şimali Lanarkşirdə və Qərbi Danbartonşirdə. Ölkənin ən böyük şəhəri olan Qlazqo müstəqilliyə, paytaxt Edinburq isə əksinə səs  verib.

Şotlandiyanın birinci naziri Aleks Salmond "Şotlandiya xalqının demokratik qərarını" qəbul etdiyini söyləyib, Şotlandiyanı ondan nümunə götürməyə çağırıb. Nazir müstəqilliyə səs vermiş seçicilərə təşəkkürünü bildirib və vəzifəsindən istefa verdiyini bəyan edib. Amma Salmondun təşəkkür etdiyi insanlar da az deyil - referendumda müstəqilliyə 1 milyon 617,989 min nəfər (45%) səs verib.

Bəli, Londonla ittifaqın qurulmasından 307 il sonra şotlandlar qansız, münaqişəsiz öz müstəqil dövlətlərini yaratmaq şansı əldə etmişdilər. Lakin onlar "dörd millətdən ibarət dövləti", etnik birliyə yox, ilk növbədə, vətəndaş dəyərlərinə əsaslanan britaniyalı eyniliyini qoruyub saxlamağa qərar verdilər. Böyük Britaniyanın baş naziri Devid Kemeron və digər britaniyalı siyasətçilərin açıqlamaları da məhz bu ruhdadır. İndi onların hamısı qələbəni bayram edir. Onları sevindirən həm də xalqın səsinin eşidilməsi, demək, "Britaniya demokratiyasının sağlam olması, yaşamasıdır".

Təhlükə ciddi idi. Böyük Britaniya nəinki ərazisinin böyük bir hissəsini və 5 milyon vətəndaşını, həm də ÜDM-in ciddi hissəsini, əhəmiyyətli miqdarda neft ehtiyatlarına, bərpa olunan enerjiyə və içməli suya, balıqçılığa nəzarəti, hərbi-dəniz bazalarını, o cümlədən sualtı donanmaya məxsus bütün bazaları, turistləri cəlb edən bir çox mədəni və tarixi sərvətləri itirərək, sadəcə, Britaniyaya çevrilə bilərdi. Ən başlıcası isə bu, o qədər də uzaq olmayan keçmişdə dünyanın yarısını idarə etmiş krallığın mənliyinə ciddi zərbə olardı. Bu üzdən də, hətta II Yelizavetanın belə, gərginliyə tab gətirə bilməyərək susqunluğunu pozması heç də təəccüblü olmamalıdır. Şotlandiyadakı Balmoral iqamətgahında olarkən yerli kilsəyə baş çəkən kraliça orada xalqın nümayəndələrilə söhbətləşib, onları "yaxşı-yaxşı düşünməyə" çağırmışdı. Kraliçaya bir çox məşhurlardan dəstək də gəlmişdi - musiqiçilər Mik Caqqerdən, Pol Makkartnidən, Devid Boui, Rod Stüart, aktrisalar Xelena Bonem-Karter və Cudi Denç, yazıçı Coan Roulinq, supermodel Keyt Moss, futbolçu Devid Bekhemdən. Kemeron isə Şotlandiyaya şəxsən səfər etmiş, onları sonradan düzəldilməsi mümkün olmayan yanlışlığa yol verməməyə çağırmışdı.

Şotlandların iradələrini ortaya qoymaları Brüsselə də çətinliklər vəd edirdi. Çünki Şotlandiya müstəqilliyə qərar versəydi, bu, Aİ  üzvlərindən birinin parçalanması demək olacaqdı. Nəticədə, Aİ seçim qarşısında qalacaqdı - müstəqil Şotlandiyanı birliyə qəbul etməli, yoxsa balıqdan, neftdən, dəniz bazalarından imtina olunmalı?... Odur ki, referendumun nəticəsini avropalı məmurların da sevinclə qarşılamaları tamamilə başadüşüləndir. "Bu, vahid, açıq və daha güclü Avropa üçün doğru nəticədir", - deyə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu referendumun nəticəsini şərh edərkən bildirib. Avropa Parlamentinin sədri Martin Şuls da referendumun nəticələrini bildikdən sonra "dərindən nəfəs aldığını" etiraf edib. Bütün bunların fonunda Brüsselin Böyük Britaniyanın Avropa İttifaqından çıxmaqla bağlı keçirəcəyi referenduma necə reaksiya verəcəyi maraqlıdır. Xatırladaq ki, London referendumu 2017-ci ilə təyin edib. Ekspertlərin fikrincə, Şotlandiya o vaxtadək müstəqillik əldə etsəydi, avroskeptiklərin şansları, bəlkə də, daha çox olacaqdı. Amma bu, artıq başqa söhbətin mövzusudur.

Böyük Britaniya bütöv qaldı. Amma yenə də, o, həmişəlik dəyişdi. Aleks Salmond istefaya getmək ərəfəsində Şotlandiyaya geniş səlahiyyətlərin verilməli olduğunu, onun statusunun artırılmasının vacibliyini bəyan edib. Kemeron bu tələblərlə dərhal razılaşıb və özünüidarənin dərinləşdirilməsilə bağlı layihənin gələn ilin əvvəllərində açıqlanacağını bildirib. İndi Şotlandiya vergi ödəmələri, büdcə xərcləri, sosial təminat məsələlərində daha müstəqil olacaq. Bu, faktiki olaraq müstəqil dövlətə məxsus funksiyalardır. Fərq, sadəcə, onun müstəqil xarici siyasətinin, ordusunun və valyutasının olmamasıdır. Yeri gəlmişkən, səlahiyyətlərin genişdəndirilməsi prosesi Uels, İngiltərə və Şimali İrlandiyadan da yan keçməyəcək.

Axı, müstəqilliyə səs verənlərin sayı o qədər də az deyil - 1,5 milyondan artıq insanın fikrini qulaqardına vurmaq olmaz. Üstəlik, Şotlandiyada müstəqillik tərəfdarları ilə əleyhdarlarının sayı arasında fərq elə də böyük deyil. Şotland millətçiliyinin tuluq zurnasının səsindən məhrum olacağını düşünmək sadəlövhlük olardı. Ser Uollesin varislərinə gələcəkdə referendum məsələsini yenidən gündəmə gətirməyə də heç nə mane olmayacaq. Maraqlı faktlardan biri də aparılmış sosioloji sorğular zamanı üzə çıxıb: Şotlandiyada müstəqilliyin əleyhdarları varlı və çox varlı şəxslərdir. Şotlandiyanı müstəqil dövlət kimi görmək istəyənlər isə əsasən fəhlə sinfinin nümayəndələridir. "Boşanma"nı gənclər, xüsusilə kişi cinsindən olan gənc vətəndaşlar  dəstəkləyirlər.

London təhlükəni müvəqqəti olsa belə, özündən uzaqlaşdıra bilibsə, digər Avropa paytaxtlarının, xüsusilə Madridin bu mənada vəziyyəti heç də yaxşı deyil. Qərb KİV-də Aİ-nin separatçılığın alovlandığı ərazilərini bir-birinin ardınca düzür - bu ərazilərdən bəzilərində separatizm real təhlükədir, digərlərində isə o daha çox jurnalist və blogerlərin fantaziyasına söykənir. İspaniyada Kataloniya, Basklar ölkəsi, Kanar adaları və Qalisiya, İtaliyada Veneto, Sardiniya və Cənubi Tirol, Fransada Korsika (Korsika milli azadlıq cəbhəsi terrorçu təşkilatdır), Belçikada Flandriya və Danimarkada Qrenlandiya - bunlar siyahının yalnız bir hissəsidir.

Hazırda xüsusi həyəcan siqnalları öz dilləri, mədəni eyniliyi olan kataloniyalılarla basklardan gəlir. 11 sentyabr - Kataloniyanın Milli Günündə Barselonada müstəqilliyə dəstək nümayişi keçirilib. Həmin gün kataloniyalılar Barselonanın muxtariyyətinin itirilməsilə nəticələnmiş mühasirəsini yad edirlər.

İyunda isə minlərlə bask, təxminən, 123 kilometr uzunluğunda "zəncir" yaradaraq, "Seçim hüququ" adlı aksiya keçirmişdilər.

Kataloniyalılar noyabrın 9-da şotlandların referendumuna bənzər səsvermə keçirmək istəyirlər. Amma İspaniya hökuməti buna icazə vermir. Madridi anlamaq olar - Kataloniya ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş bölgəsidir. İspaniyanın baş naziri Mariano Raho şotlandların referendumunun nəticəsinə münasibət bildirərkən "onların inteqrasiyaya, sabitliyə, təhlükəsizliyə, təcridin, sabaha inamsızlığın əleyhinə səs verdiklərini" söyləyib. Kataloniyalılarla basklar isə fərqli fikirdədirlər. Basklar ölkəsinin hakim Bask Millətçi Partiyasının baş katibi Andoni Ortusar Edinburqdan qayıdarkən verdiyi açıqlamada Şotlandiyada keçirilmiş referendumun nəticəsinin bask xalqının azadlıq istəyinə təsir göstərməyəcəyini söyləyib.

Şotlandiyada keçirilmiş referendum yeganə belə hadisə deyil. Kanadanın Kvebek bölgəsində də müstəqillik məsələsi səsverməyə çıxarılmışdı. Amma Böyük Britaniyada baş verənlər istənilən halda ciddi narahatlıq yaradır. Avropada artıq millətçiliyin geri döndüyünü deyir, bunun səbəblərini müəyyənləşdirməyə çalışırlar. O, güman ki, qloballaşma, beynəlxalq institutların və korporasiyaların təzyiqi kimi xarici amillərlə bağlıdır. Elə Avropa İttifaqının özü bir yandan dövlətləri birləşdiribsə, digər tərəfdən onların suverenliyinin bir hissəsini əllərindən alıb. Buraya iqtisadi problemləri, miqrasiya problemlərini də əlavə etmək lazımdır. Beləliklə, insanlar sanki qaçmaq istəyir, amma hara qaçdıqlarını özləri də bilmirlər.

Amma onların "kimdən qaçmağa çalışdıqları" ilə bağlı suala cavab tapmağa çalışmaq olar. Bu, çətin ki, mərkəzi hökumətdən, ümumi dövlətdən və tarixdən qaçış olsun. Çox güman ki, insanları mərkəzdən qaçmağa məcbur edən faktorlar odur ki, sənin şotlandiyalı, ingilis, kataloniyalı və ya bask olmağını nəzərə almadan sadəcə, vətəndaş kimi qəbul edirlər, üstəlik, yaşadığın dövlətə tamamilə yad olan mühacirlərlə sənin hüquqların da eynidir. Bu baxımdan, Böyük Britaniyanın "etnik eyniliyə yox, vətəndaş dəyərlərinə" əsaslanan eyniliyinin qorunub saxlanmasına bu qədər sevinməsilə birləşmiş Avropanı tərk etmək istəyi arasındakı ziddiyyət o qədər də təəccüblü görünmür.

Ən maraqlısı Qərb KİV-də az qala milli dövlətlərin mövcudluğu üçün təhlükənin yaranmasından, Şotlandiyada keçirilmiş referendumun faktiki olaraq millətlərin öz müqəddəratlarını referendum yolu ilə həll etməsinin əsas prinsip  olmasından danışmağa başlayıblar. Birincisi, söhbətin hansı təhlükədən getdiyi məlum deyil - hər halda, müstəqillik arzusunda olan xalqlar da tayfa qayda-qanunları ilə yox, milli dövlət kimi yaşamamaq niyyətindədirlər. İkincisi,  müqəddəratın təyin edilməsi hüququna gəlincə, bu hüququ, əlbəttə ki, heç kəs ləğv etməyib. Amma o da məlumdur ki, müqəddəratın təyin edilməsi təcavüzə, soyqırımına, etnik təmizləmələrə, hərbi cinayətlərə əsaslana, həmçinin mərkəzi hökumətlərin razılığı olmadan həyata keçirilə bilməz. Yeri gəlmişkən, Şotlandiyada təşkil olunmuş referendum bunu bir daha sübut edib.



MƏSLƏHƏT GÖR:

597