13 Mart 2025

Cümə axşamı, 13:10

YUBİLEY HƏDİYYƏSİ

"Əsrin müqaviləsi"nin 20 illiyində Bakıda Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu

Müəllif:

23.09.2014

20 sentyabr 1994-cü il. Bakı, "Gülüstan" sarayı. Prezident Heydər Əliyev dünyanın 8 ölkəsini təmsil edən 12 nəhəng neft şirkətinin rəhbərlərilə 3 neft yatağının birgə işlənməsinə dair müqavilə imzalayır. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından gedir. Yenicə atəşkəs razılaşması əldə etmiş, daxili siyasi çəkişmələrə meydan olan, az qala tam iqtisadi kollaps şəraitində yaşayan Azərbaycan üçün fantastik olan bu razılaşmaya dərhal "Əsrin müqaviləsi" adı verilir. Layihənin real perspektivləri və ölkəyə hansı faydaları gətirəcəyi çox uzaqda və dumanlı görünür. Bununla da, Azərbaycanın neft tarixində yeni mərhələ başlayır...

20 sentyabr 2014-cü il. Bakı, Heydər Əliyev Mərkəzi. "Əsrin müqaviləsi"nin 20 illiyinə və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim. Prezident İlham Əliyev çıxış edir: "Əsrin müqaviləsi"nin imzalanması ilə Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlayıb. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz "Əsrin müqaviləsi"ndən başlayıb".

Mərasimdən sonra İ.Əliyev və bir sıra dövlət və hökumət başçıları Səngəçal terminalına yollanaraq, orada rəmzi olaraq xüsusi qəliblərin üzərində əl izlərini qoydular. Onlar Cənub Qaz Dəhlizinin təməlinə qoyulacaq ilk borunun üzərinə imzalarını da atdılar. Beləliklə, bu dəfə Azərbaycanın qaz tarixində yeni mərhələ başlayır...

 

Tarixin yazıldığı gün...

"Əsrin müqaviləsi"nin Azərbaycan üçün nə qədər əhəmiyyətli, uğurlu olması haqda kifayət qədər danışılıb, yazılıb. Burada söz artıqdır - bu qədər qısa dövr ərzində ölkənin əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlər göz qarşısındadır. "Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Son 10 il ərzində bizim ümumi daxili məhsulumuz 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artıb. Xarici dövlət borcu ümumi daxili məhsulumuzun cəmi səkkiz faizini təşkil edir. İşsizlik 5 faizə düşüb, yoxsulluq 5 faizdən bir qədər çoxdur", - deyə Prezident İlham Əliyev mərasimdəki çıxışında bildirib. Bununla yanaşı, neft-qaz resurslarının reallaşdırılmasından nəhəng maliyyə gəlirləri əldə edən Azərbaycan "holland sindromu"ndan qaçmağa, eyni zamanda iqtisadiyyatın qeyri-neft sektorunda inkişafa nail olub.

Əldə olunan gəlirlər ölkənin öz neft biznesinin inkişafına da yönəldilib və bu gün Azərbaycan Dövlət Neft Şirkəti bir çox ölkələrdə uğurla təmsil olunur, öz gücü, maliyyəsi ilə bir sıra yataqların işlənməsini həyata keçirir, nəhəng layihələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış edir.

Beləliklə, Azərbaycanın neft strategiyasının reallaşdırılmasında başlanğıc rolunu oynayan "Əsrin müqaviləsi" ölkənin bütün istiqamətlərində tam inkişafı üçün yollar açıb. "Bu tarixi hadisə keçmiş Sovet İttifaqı ərazisində Qərbin ilk nəhəng investisiyası idi", - deyə ABŞ-ın dövlət katibi Con Kerrinin mərasimə ünvanladığı məktubda bildirilir. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Xokstayn isə xatırladıb ki, 20 il əvvəl Bakı-Tiflis-Ceyhan layihəsinin reallaşdırıla biləcəyinə heç kəs inanmırdı. Son 10 ildə isə Cənub Qaz Dəhlizilə bağlı müəyyən şübhələr var idi. "Lakin bu gün skeptiklərin heç zaman heç nəyə nail olmadıqları bir daha təsdiqlənir. Azərbaycan xalqının iradəsi, ABŞ, Türkiyə və Avropadakı tərəfdaşların səyləri nəticəsində biz skeptiklər üzərində qələbə qazandıq və artıq Avropanın enerji təhlükəsizliyi baxımından vacib olan layihənin reallaşdırılmasına başlayırıq. Bizim Azərbaycanla əməkdaşlığımız çox sıxdır və yeni layihələrin ortaya çıxması ilə o, daha da möhkəmlənəcək", - deyə o, qeyd edib.

Azərbaycanın etibarlı tərəfdaş imici qısa zaman kəsiyində ona yeni nəhəng regional layihələrin reallaşdırılması təşəbbüsü ilə çıxış etmək imkanı verib. Belə layihələr arasında ən vacibləri kimi "Şahdəniz" qaz yatağının işlənməsini, Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru xətlərinin, həmçinin Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini göstərmək olar. 

Beləliklə, Azərbaycan ardıcıl surətdə neft və qaz hasil edən ölkədən Avropanın əsas alternativ qaz tədarükçülərindən birinə, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAR) boru xətlərinin inşasını özündə birləşdirən Cənub Qaz Dəhlizinin əsas müəllifinə çevrilib.

Bu layihələrin reallaşdırılmasına 45 milyard dollar investisiya xərclənəcək. "Bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə Cənub Qaz Dəhlizinin "tamamlanmasını təmin etməliyik və bunu edəcəyik. Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək", - deyə İlham Əliyev bildirib. 

 

Avropaya pəncərə

Bu gün Azərbaycan Avropanın enerji xəritəsində əsas oyunçulardan biridir. "Azərbaycan Avropa İttifaqına heç vaxt bu qədər yaxın olmayıb. Onun iqtisadiyyatı Avropa bazarları ilə sıx inteqrasiya olunub və bizim əlaqələrimiz daha geniş, təmaslarımız isə daha fəaldır. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir", - deyə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mərasimdə nümayiş etdirilən videomüraciətində qeyd edib: "Üç il bundan əvvəl - 2011-ci ilin yanvarında mən və Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzaladıq. Lakin bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq".

Bu fikri tədbirə qatılmış Avropa ölkələrinin başçıları da tam dəstəkləyiblər. Məsələn, Bolqarıstan prezidenti Rosen Plevneliyev tamamilə haqlı olaraq bildirib ki, Ukraynada yaşanan böhran Avropanın qazdan nə qədər asılı olduğunu bir daha nümayiş etdirib. Cənub Qaz Dəhlizi bu illər ərzində yaşanmış asılılığın sonu olacaq. Bizim regionu və daha geniş məkanı - Avropanı asılılıqdan azad edəcək", - deyə o, qeyd edib. 

Bolqarıstan prezidentinin sözlərinə görə, Türkiyə-Bolqarıstan, Yunanıstan-Bolqarıstan əlaqələndirici kəmərlər də Cənub Qaz Dəhlizinin əhəmiyyətli tərkib hissəsi olacaq. Bu, Bolqarıstanı da, Rumıniya, Serbiya və digər ölkələri də qazla təmin edəcək. Bu birləşdirici kəmərlər gələcəkdə Bolqarıstanın qaz anbarlarının genişləndirilməsinə xidmət edəcək, bizi regionumuzda bir növ qaz qovşağına çevirəcək.

Yunanıstanın baş naziri Antonis Samaras isə ölkəsinin ağır dönəmdən keçməsinə baxmayaraq, layihənin vaxtında və yüksək keyfiyyətlə reallaşdırılması üçün əlindən gələni edəcəyini bildirib. "Biz ətraf mühitə dəyə biləcək zərərlə bağlı dəyərləndirmə sənədini imzaladıq. Bununla da, artıq tikinti prosesinə başlayacağıq. Bu, mənim hökumətimin prioritet mövzusudur", - deyə o, qeyd edib: "Bundan böyük rəmzi əhəmiyyət daşıyan layihə ola bilməz. Burada həm sahibkarlar, həm digər iştirakçılar da bəhrə görəcək. Bu əməkdaşlıq sərhədlər tanımır və əminəm ki, bu layihə belə bir əməkdaşlığın gözəl nümunəsi olacaq. Biz yalnız kəmər inşa etmirik. Biz körpülər inşa edirik. Bu körpülər xalqları və ölkələri bir araya gətirir. Bu, həqiqətən də, qlobal bir baxışdır və bu, artıq bir reallığa çevrilir".

Cənub Qaz Dəhlizi Albaniya üçün də eyni dərəcədə əhəmiyyətlidir. Bu ölkənin energetika naziri Daiman Giknuri əvvəllər ölkəsinə qaz idxalı imkanlarının son dərəcə məhdud olduğunu xatırladıb: "Zənnimcə, bu, istər iqtisadi inkişaf, istərsə də təhlükəsizlik baxımından çox böyük töhfə olacaq. Dost Azərbaycana və ARDNŞ-ə təşəkkürümüzü bildiririk ki, bu imkanları Albaniya üçün yaratmaqdadır".

"Biz yalnız "Azəri-Çıraq-Günəşli"nin 20 ilini deyil, 20 illik möhkəm Britaniya-Azərbaycan münasibətlərini qeyd edirik və bu layihə əməkdaşlığımızın təməlində durub". Bu sözləri isə Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston söyləyib. O, bildirib ki, "Azəri-Çıraq-Günəşli" yataqlarının operatoru olan BP ARDNŞ ilə birlikdə dünyanın dənizdəki ən nəhəng neft komplekslərindən birini və Azərbaycanın iqtisadiyyatına töhfə verən ən iri müəssisəni yaradıb: "Con Pol Getti dediyi kimi, uğuru şərtləndirən üç amil bunlardır: erkən oyanmaq, gecəyə qədər çalışmaq və neft tapmaq. Bunu Azərbaycanın uğuru haqqında da demək olar. Lakin buraya müdrik rəhbərlik amilini əlavə etmək çox vacibdir. Böyük Britaniya bu uğurun tərkib hissəsi olmaqdan qürur duyur".

Norveç Krallığının baş naziri Erna Solberqin məktubunda isə Azərbaycanın "Statoil" şirkətilə tərəfdaşlığının nə dərəcədə etibarlı olmasından danışılır: "20 ildən sonra Norveç ilə Azərbaycan enerji sahəsində daha yaxın tərəfdaş olublar. Bu, istər Norveç, istərsə də Azərbaycan üçün böyük mənfəətlər verib və bizim müvafiq şirkətlər də bundan bəhrələniblər. Ümid edirəm ki, əlaqələrimiz gələcəkdə də davam edəcək".

 

Uğurlu olsun!

Bütün bunlarla yanaşı, sözügedən layihələrdə Azərbaycanın ən birinci və güman ki, ən möhkəm tərəfdaşları Gürcüstan və Türkiyədir. Azərbaycan karbohidrogenlərinin dünya bazarlarına çıxışını təmin edən nəhəng tranzit layihələrini məhz bu ölkələrlə mehriban qonşuluq siyasəti nəticəsində reallaşdırmaq mümkün olub. Doğrudur, bu layihələrdən həmin dövlətlər də aşkar maliyyə və iqtisadi dividendlər əldə ediblər və onların nümayəndələrinin mərasimdəki çıxışlarında da bu, qeyd olunub. Məsələn, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycanı ölkəsinin ən yaxın dost və tərəfdaşlarından biri adlandırıb: "Bunlar bizim üçün çox mühüm layihələrdir. Ancaq onlar enerji sahəsində Avrasiya regionunun nəhəng potensialının yalnız kiçik bir hissəsidir. Bu səbəbdən də, biz Trans-Xəzər kəmər layihəsini dəstəkləyirik ki, Qazaxıstan və Türkmənistandan olan təbii qaz ehtiyatları Avropaya nəql edilə bilsin".

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız isə çıxışında Bakı-Tiflis-Ərzurum kəməri vasitəsilə Qafqazın Anadolu ilə birləşdiyinə diqqət çəkib: Cənub Qaz Dəhlizi layihəsi və onun onurğa sütunu olan TANAP ilə Avropanı və Qafqazı bir-birinə bağlayır və sanki bir sülh dəhlizi açırıq. Bu layihələr, bir az əvvəl dediyim kimi, yalnız bölgəyə deyil, eyni zamanda geniş bir coğrafiyaya sülh və sabitlik gətirəcək layihələrdir. Kaş ki, hər ölkə bu gün burada olanlar kimi, bu layihələrin dəyərini anlaya və bu xoşniyyətli səylərimizə ortaq ola biləydi. Daha sonrakı mərhələlərdə müxtəlif əlavə qaynaqların da bu boru xəttinə daxil olacağına ümid edirik. Yalnız ticarət investisiyası kimi dəyərləndirmədiyimiz TANAP layihəsinin Türkiyə ilə Azərbaycan arasında olduğu qədər Avropa ölkələri ilə də uzun illər davam edəcək güclü, sağlam və təbii əlaqələr yaradacaq bir vasitə olduğuna inanırıq".

Həqiqətən də, qeyd olunduğu kimi, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəhəng regional layihələrin yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyəti göz qarşısındadır. Onlar ölkənin beynəlxalq arenadakı mövqelərini gücləndirir, iqtisadi artım və inkişaf kursunun davamlılığına zəmin yaradır, gələcək nailiyyətlər üçün möhkəm təmələ çevrilir. "Biz "Şahdəniz" yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddətini 2048-ci ilə qədər uzatmışıq. Bu, həqiqətən də, uzun müddətdir. Lakin 2048-ci ildə dünyada ilk neft quyusunun Azərbaycanda qazılmasının 200 ili tamam olacaq. Tədbirlər günbəgün, ilbəil bir-birini əvəz edir. Lakin iri layihələr, möhtəşəm texnologiyalar və yüksəkixtisaslı və əzmkar insanların əməyi daim qalır", - deyə BP şirkətinin baş icraçı direktoru Robert Dadli mərasimdəki çıxışında bildirib.

Beləliklə, Azərbaycanın neft-qaz tarixində yeni mərhələ başlayır. Köhnə və yeni tərəfdaşlarımız yanımızdadırlar. Prezident İlham Əliyevin fikrincə, onlar bu gün neft-qaz sahəsində yeni beynəlxalq komandanı formalaşdırırlar: "Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır. Qoy, yolumuz açıq olsun!"

 

 

İLK MƏNBƏDƏN

 

"Bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə Cənub Qaz Dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik. Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti

 

"Bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq".

Joze Manuel BARROZU, Avropa Komissiyasının sədri

 

" Cənub Qaz Dəhlizi bu illər ərzində yaşanmış asılılığın sonu olacaq. Bizim regionu və daha geniş məkanı - Avropanı asılılıqdan azad edəcək".

Rosen PLEVNELİYEV, Bolqarıstan prezidenti

 

"Biz yalnız kəmər inşa etmirik. Biz körpülər də inşa edirik. Bu körpülər xalqları və ölkələri bir araya gətirir. Bu, həqiqətən də, qlobal bir baxışdır və bu, artıq bir reallığa çevrilir".

Antonis SAMARAS, Yunanıstanın baş naziri

 

"Con Pol Gettin dediyi kimi, uğuru şərtləndirən üç amil bunlardır: erkən oyanmaq, gecəyə qədər çalışmaq və neft tapmaq. Bunu Azərbaycanın uğuru haqqında da demək olar. Lakin buraya müdrik rəhbərlik amilini əlavə etmək çox vacibdir. Böyük Britaniya bu uğurun tərkib hissəsi olmaqdan qürur duyur".

Lord LİVİNQSTON, Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri

 

"Biz "Şahdəniz" yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddətini 2048-ci ilə qədər uzatmışıq. Bu, həqiqətən də, uzun müddətdir. Lakin 2048-ci ildə dünyada ilk neft quyusunun Azərbaycanda qazılmasının 200 ili tamam olacaq. Tədbirlər günbəgün, ilbəil bir-birini əvəz edir. Lakin iri layihələr, möhtəşəm texnologiyalar və yüksəkixtisaslı, əzmkar insanların əməyi isə daim qalır".

Robert DADLİ, BP şirkətinin baş icraçı direktoru 



MƏSLƏHƏT GÖR:

601