
20 AVROLUQ SƏS
İndi Ermənistan vətəndaşları hansı ölkədə yaşadıqlarını anlamağa çalışır
Müəllif: NURANİ Bakı
Ermənistanda parlament seçkisinin nəticələrinin təhlili davam edir. Doğrudur, orada səslərin hesablanması çoxdan başa çatıb. İndi Ermənistan vətəndaşları hansı ölkədə yaşadıqlarını anlamağa çalışır. Bu mənada onları düşündürən kifayət qədər məqam var. Ermənistanın müxalifət partiyalarından olan "demokratik vətən"in bəyan etdiyi kimi, "seçki terror və qorxu atmosferində keçib", "rejim seçkinin saxtalaşdırılması üçün bütün texnologiyalardan, xüsusilə, "pasporta vurulan və sonradan buxarlanan möhürlərdən" istifadə edib. Ermənistan olmayan seçicilərdən saxtakarlıq üçün yararlanıb. Miqrasiyanın hazırkı tempisə hakim koalisiyadakı partiyalara virtual seçicilərə məxsus, təxminən, yarım milyon səsi aktivinə yazmaq imkanı verib.
"Demokratik vətən"in qiymətləndirməsinə görə, "daim rejimin arsenalında olan rüşvət heç zaman bu miqyasda paylanmamışdı. Seçkinin 1 milyonadək real iştirakçısı, yəni təxminən, 80%-i seçki məntəqələrinə artıq satın alınmış formada gətirilib. Bir ay ərzində seçicilərin pasport məlumatları və pasportlarının toplanması məhz buna xidmət edirdi. Bu prosesin təşəbbüskarı koalisiyada birləşmiş respublika partiyası (ERP), onun əlavəsi olan "orinats yerkir" və "çiçəklənən Ermənistan" partiyası idi. Onlar bu niyyətlərini kriminal elementlərin fəal iştirakı ilə gerçəkləşdiriblər. Polis və prokurorluğun rüşvətxorluqla "mübarizəsi" isə beynəlxalq ictimaiyyət və müşahidəçilər üçün səhnələşdirilmiş epizodlardan biridir", - deyə "demokratik vətən" partiyasında əmindirlər.
Öz tərəfimizdən onu da əlavə edək ki, Ermənistanın hakim koalisiyasında yer almış partiyalar seçkiqabağı dövrdə külli miqdarda rüşvət paylamaqdan, çətin ki, kasıblasınlar. Erməni müxalifəti hesab edir ki, bir səs onlara, təxminən, 20 avroya başa gəlib. Elektrik enerjisinin haqqının toyuq yumurtası ilə ödənildiyi ölkə üçün bu, yəqin ki, ciddi məbləğdir. Üstəlik, "mənbələr" bildirir ki, Ermənistanda seçkiqabağı bəxşiş qismində istifadə müddəti bitmiş ərzaq və ucuz ləçəklər də paylanırmış.
Qeyd edək ki, erməni analitik və politoloqları daha çox hiddətləndirən seçkiqabağı rüşvətin paylanması yox, onun çox cüzi məbləğdə olmasıdır.
"Mayın 6-da Ermənistanda seçki yox, maliyyə tədbiri keçirilib", - deyə News.am saytına açıqlamasında siyasi texnoloq Armen Badalyan bildirib: "Seçki nədir? Bu, xalqın ona qanunla verilmiş imkanlardan istifadə etməklə iradəsini ortaya qoyması, bununla hakimiyyəti dəyişməsidir. Bu yaxınlarda Fransada da olduğu kimi, seçkidə cəmiyyətin siyasi əhval-ruhiyyəsi ortaya qoyulur. Ermənistanda isə hər şey əksinə oldu: arzulanan sxem yaradıldı və pulun köməyi ilə o, real şəklə salındı". A. Badalyan bildirib ki, mayın 6-sı erməni cəmiyyətinin nə qədər deqradasiyaya uğradığını nümayiş etdirib: "İnsanlar ideya, ideologiya arxasınca getmir, kimin nə qədər pul verəcəyinə baxır. Bunu televiziyaların nümunəsində açıq şəkildə görmək də mümkündür: efirə çıxmasına çoxdan qadağa qoyulmuş EMK efir əldə etdi, ödənişli və ya ödənişsiz müsahibələrə çağırıldı... Amma bu, vəziyyətə heç bir təsir göstərmədi".
Gənclərin "susmayacağıq!" təşəbbüs qrupu bununla bağlı öz bəyanatını yayıb. Bəyanatda bildirilir ki, "Hələ bir neçə gün əvvəl Ermənistan seçim qarşısında idi: demokratik dəyərlərin təmin olunması istiqamətində inkişaf etmək, yaxud hakimiyyətdə avtoritar tendensiyaların gücləndirilməsi yolunu seçmək? Təəssüf ki, ikinci variant qalib gəldi": "Növbəti biabırçı seçki keçirildi və bu, bir daha Ermənistan rəhbərliyinin öz xalqına qul psixologiyası aşıladığını göstərdi. Yəni, 10-20 min dram rüşvət müqabilində səsini satan valideynlər bununla öz övladlarının gələcəyini oğurladıqlarının fərqində deyillər. Bu "satın alınmış seçkilər"dən sonra yeni mühacirət dal-ğasının baş qaldıracağına şübhə yoxdur".
Davidaşen (İrəvan) sakinlərindən biri seçkiöncəsi aldığı rüşvəti geri qaytarıb. 05/04 saylı məntəqə seçki komissiyasında səslərin hesablanması zamanı zərflərin birindən 10 000 dram çıxıb. Həmin zərfdəki bülletenin üzərində isə yazılıb: "Boğazınızda qalsın!". Bunu "Ermənistanda insan haqları" portalına məntəqə seçki komissiyasının üzvü Karine Kazaryan danışıb. Onun sözlərinə görə, 05/04 saylı ərazi seçki məntəqəsi uşaq bağçaçının binasında yerləşdiyindən, onlar bu məbləğə uşaqlar üçün nəsə alacaqlar.
"Orinats yerkir" isə seçkiqabağı rüşvət kimi mobil telefonlar paylayıb. Amma onların əksəriyyəti yararsız çıxıb. "VivaSell" əməkdaşlarından birinin sözlərinə görə, onlara hər gün "orinats yerkir"dən alınmış və işləməyən 10-15 telefon gətirirlər. Amma bu, həmin telefonların sahiblərini heç də məyus etmir. Seçicilərdən biri deyir ki, "Əvəz-əvəzik. Onlar mənə yararsız telefon verib, mən isə onlara səs verməmişəm"", - deyə "Novoe vremya" qəzetinin bildirdiyinə görə, daşnaklara məxsus "yerkir" yazır. O, daha sonra ironik olaraq belə davam edir: "İndi kimin-kimə daha çox "atdığını" müəyyənləşdirmək qalır".
Ermənistanda əvvəlcədən əldə edilmiş "centlmen" razılaşmalarına əməl edilmədiyi haqda daha yüksək səviyyələrdə də söhbət gedir. "Armtoday" xəbər verir ki, Ermənistanın fövqəladə hallar naziri Armen Yeritsyan mobil telefonunu "orinats yerkir" partiyasının lideri Artur Baqdasaryanın sifətinə çırpıb. "Çorrord inknişhanutyun" qəzetinin məlumatına görə, insident Baqdasaryanın kabinetində baş verib. Hər şey Təhlükəsizlik Şurası katibinin partiyasının yığdığı səsdən narazı olaraq bunda Ermənistan prezidenti Serj Sarqsyanı günahlandırması ilə başlayıb. Baqdasaryan bildirib ki, S.Sarqsyan "orinats yerkir" partiyasına "atıb" və partiyanın parlamentdə ciddi sayda mandat qazanması üçün heç nə etməyib. Bu fikirlərini bir neçə nəfərin iştirakı ilə səsləndirən Baqdasaryan bildirib ki, onun partiyası bu 5% səsi yalnız onun öz çıxışları hesabına qazana bilərdi. Baqdasaryan o qədər cuşa gəlib ki, hətta Serj Sarqsyanı yalançı da adlandırıb. "Çorrord inknişhanutyun"un şahidlərə istinadən verdiyi məlumata görə, bu zaman fövqəladə hallar naziri Armen Yeritsyan mobil telefonunu Baqdasaryana tərəf atıb və telefon onun başına dəyib.
Yeritsyan isə əlbəttə ki, deyilənləri təkzib edib: o, Baqdasaryanla dost, o isə prezidentin qatı tərəfdarıdır. Necə belə şey düşünmək olar?! Amma İrəvanda kimin dediklərinə inanırlar? Məsələ açıq qalır. Bu arada Ermənistanda əsl daxili siyasi sensasiya baş verib. "Regnum"un məlumatına görə, "çiçəklənən Ermənistan"ın lideri Qagik Sarukyan respublika partiyası ilə koalisiyaya girməyəcəklərini, bunu məqsədəuyğun saymadıqlarını bəyan edib. "Çiçəklənən Ermənistan" partiyasının 6-cı qurultayında həm mənim, həm də partiyanın digər üzvlərinin çıxışlarında erməni xalqının ciddi dəyişikliklərə ehtiyacının olduğu vurğulanıb. Seçki kampaniyamız zamanı da bu mövqedən çıxış etmişik. "Çiçəklənən Ermənistan" seçkiqabağı kampaniya zamanı öz proqramını təqdim edib, mən isə seçicilərlə bütün görüşlərimdə siyasətlə məşğul olarkən şəxsi maraqlar güdmədiyimi bildirmişəm. Bundan başqa, qurbanlar verməyə hazır olduğumu, amma heç zaman xalqın inamını qırmayacağımı bəyan etmişəm. Parlament seçkisində "çiçəklənən Ermənistan" partiyası, təxminən, 500 min səs qazanıb. Bu insanlar bizə inanıb və onlar ölkənin sosial-iqtisadi həyatında dəyişikliklər tələb edir. Amma seçkinin nəticələri "çiçəklənən Ermənistan"a hökuməti formalaşdırmaq və öz proqramını reallaşdırmaq imkanı vermir. Odur ki, mən rəsmən bəyan edirəm ki, "çiçəklənən Ermənistan" hakim koalisiyaya qoşulmağı məqsədəuyğun saymır", - deyə Sarukyan bildirib.
Nəzərə alsaq ki, son seçkiyədək "çiçəklənən Ermənistan" hakim respublika partiyası ilə bir koalisiyada idi, bir partiyanın müxalifətə keçdiyini göstərən daha açıq bəyanat təsəvvür etmək çətindir. Görünür, həyətində zooparkı olan "su oliqarxı" Sarukyan dəyişikliyə qərar verib. Amma qəribə təsadüfdür ki, o, bu qərara eks-prezident Robert Köçəryanın "çiçəklənən Ermənistan"la əlaqə qurmağa çalışmasından dərhal sonra gəlib. Bu, ekspertləri yenidən "güc variantı"nı xatırlamaq məcburiyyətində qoyur. Hər halda, Ermənistanda indiyədək təhlükəli insidentlər nadir hadisə deyil. "Burada ERP ilə "çiçəklənən Ermənistan" tərəfdarları arasında çox gərgin mübarizə gedir. Xatırladaq ki, ERP-nin namizədi sabiq ekologiya naziri Murad Muradyan, "çiçəklənən Ermənistan"ın nümayəndəsi isə hazırkı deputat Tiqran Stepanyandır. Gərginlik o qədər artıb ki, iki partiya tərəfdarları arasında Masis meydanında atışma da baş verib. Axşam saatlarında hadisə yeri polis tərəfindən mühasirəyə gö-türülüb. Lakin hadisənin təfərrüatlarını dəqiqləşdirmək mümkün olmayıb", - deyə "Qraparak" yazır. Analitiklər düşünür ki, ERP ilə "çiçəklənən Ermənistan"ın açıq mübarizəyə keçdiyi bir şəraitdə belə insidentlərin sayı sürətlə arta bilər. Bunun fonunda hakim partiyanın İrəvandakı son seçkiqabağı mitinqində baş vermiş insidentlə bağlı araşdırmalar sanki arxa plana keçib. Bu mərasim seçki kampaniyasına effektli sonluq kimi nəzərdə tutulmuşdu - konsert, prezidentin çıxışı və ağ hava şarları.
Deyəsən, Ermənistanın hazırkı prezidenti hava şarlarını o qədər də sevmir. Hər halda, onun 2008-ci il aprelin 9-da keçirdiyi inauqurasiya günü İrəvanda "rəngli səma" adlı hava şarları festivalı təşkil olunmuşdu. Onun təşkilatçıları bunun mart faciəsinin 40-cı günü olduğuna diqqət etməmişdilər.
Tale belə gətirdi ki, 2012-ci il mayın 4-də keçirilmiş seçkiqabağı mitinqdə də hava şarları yalnız bədlik gətirdi. Sarqsyanın tribunaya çıxmasına 1 dəqiqə qalmış hava şarları partladı. Partlayış və meydana yayılan alov 150-dən artıq insanın yaralanmasına səbəb oldu. Onların arasında əllərində başıbəlalı şarlar tutmuş onlarca yeniyetmə də var idi. Yanıq yarası alanların əksəriyyəti hakim partiyanın gənclər qanadının üzvləri idi.
Buna baxmayaraq, konsert və mitinq planlaşdırıldığı kimi davam etdirildi və hətta "təcili yardım" maşınlarının yaralıları meydandan daşıdığı vaxtda da tədbirin gedişində heç bir dəyişiklik baş vermədi. Yarım saat sonra prezident də peyda oldu. "Mən vədimə əməl etdim, cəmiyyətimizi parçalayan sədləri dağıtdım, aşılmaz görünən maneələri keçdim və bu gün fəxrlə deyirəm ki, biz özümüz-özümüzə qalib gəldik, erməni xalqı qarşısında vicdanımız təmizdir", - deyən S. Sarqsyan bir qədər əvvəl meydanda baş vermiş partlayışı heç yada da salmadı. Çoxlarının ironiya ilə dediyi kimi, spiçrayterləri onun çıxışına əlavələr və düzəlişlər etməyə vaxt tapmamışdılar. Doğrudur, səhəri gün Serj Azatoviç yaralıların yatdığı xəstəxanalara baş çəkdi, şarların partlamasını "hamımıza dəymiş zərbə" adlandırdı, günahkarların tapılacağını və sərt şəkildə cəzalandırılacaqlarını vəd etdi. Amma erməni müxalifətçiləri əmindir ki, o, xəstələrə yaxın da durmayıb və bundan sadəcə piar üçün istifadə edib.
İrəvanda meydanda baş vermiş insidentin terror olmadığına, demək olar ki, hər kəs əmindir. Sadəcə, şarların içərisinə helium əvəzinə daha ucuz və eyni zamanda partlamaq təhlükəsi olan hidrogen doldurulmuşdu.
Ermənistanın sabiq XİN başçısı, "çiçəklənən Ermənistan" partiyasının liderlərindən olan Vardan Oskanyan isə hələ gecə saatlarında Facebook sosial şəbəkəsindəki səhifəsində yazırdı: "Mən baş vermiş hadisədən sonra ölkə rəhbərinin partiyasının seçkiqabağı proqramını açıqlamasından sarsıldım. Bunun ardınca konsert verilməsindən şoka düşdüm. Ölkə rəhbərliyinin belə kritik məqamlarda bu dərəcədə qeyri-adekvat ola bilməsi məni şoka saldı".
Ona cavab isə respublika partiyasının seçki siyahısının liderlərindən olan təhsil və elm naziri Armen Aşotyandan gəlib: "Vardan Oskanyandan çox əxlaqsızlıqlar gözləyirdim. Amma bu bədbəxt hadisədən xal qazanmaq cəhdi namərdlikdir". Bununla yanaşı, hər iki tərəf diqqəti məsələnin digər tərəfindən yayındırır: əgər prezidentin iştirakı ilə keçirilən mitinqdə pula qənaət etmək üçün hava şarlarına helium yox, hidrogen doldururlarsa, bu həm Ermənistanın iqtisadi vəziyyəti, həm də prezidentin ətrafında nə qədər "keyfiyyətli heyət"in toplandığı haqda düşünməyə ciddi əsas verir.
MƏSLƏHƏT GÖR: