15 Mart 2025

Şənbə, 11:28

TƏHLÜKƏLİ "GƏRGİNLƏŞDİRMƏ OYUNU"

Molla rejimi İranla Azərbaycan arasına soyuqluq toxumu səpir

Müəllif:

01.06.2012

Mayın ikinci yarısında yaşananlar göstərdi ki, rəsmi Bakının İran-Azərbaycan münasibətlərinin daha da pisləşməsini önləmək məqsədilə etdiyi bütün cəhdlərə rəğmən, Tehranın molla rejimi təhlükəli "gərginləşdirmə oyunu"nu davam etdirir. Azərbaycanın ABŞ-la, İsraillə əlaqələrinə bitib-tükənməyən narazılıq, bu dövlətlərin xüsusi xidmət orqanlarının İrana qarşı birgə fəaliyyətinə dair əsassız ittihamlar azmış kimi, mollakratiya təxribatçılığa və Azərbaycana birbaşa təzyiqlərə də başlayıb. Buna süni səbəb kimi isə Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi götürülüb. İran mollaları bu müsabiqəni islamazidd tədbir elan edib, öz mühafizəkar əhalisində ona mənfi münasibət yaratmaq üçün isə müsabiqə zamanı Bakıda "gey-parad"ın keçiriləcəyinə dair yalançı bəyanatlar səsləndirməyə başlayıb.

"Eurovision"un sadəcə bəhanə olduğunu ən azı ondan görmək olar ki, Azərbaycan "Eurovision"a ev sahibliyi etmiş ilk müsəlman ölkəsi deyil. Bir neçə il əvvəl yarış Türkiyədə də keçirilib. Amma həmin vaxt İran buna diqqət göstərməməyə üstünlük verərək susdu. Azərbaycana gəlincə, İranın bütün siyasi-təbliğat maşını işə salınıb. Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında bir neçə etiraz aksiyası keçirilib, aksiyalarda Azərbaycan Respublikası və onun Prezidenti İlham Əliyevin ünvanına təhqirlər səsləndirilib. Buna cavab olaraq, Bakıda İran səfirliyi önündə də etiraz aksiyası olub. Aksiya iştirakçıları oraya əllərində molla rejiminə, onun Əhmədinejad və Əli Xamnei də daxil olmaqla, liderlərinə qarşı tənqidi şüarların yer aldığı plakatlarla gəliblər.

Amma iş bununla da bitməyib. Baş verənlərdən son dərəcə narazı olduğunu nümayiş etdirən Tehran məsləhətləşmə üçün Azərbaycandakı səfirini geri çağırıb, guya "Bakıda keçirilmiş aksiya zamanı islam müqəddəslərinin təhqir olunması" ilə bağlı Azərbaycana etiraz notası verib. İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi vəziyyəti və ölkəsinin mövqeyini özünəməxsus şəkildə interpretasiya edərək bildirib ki, Azərbaycan İran üçün yalnız qonşu deyil, həm də dünyanın ikinci şiə dövlətidir. O, dünya şiələri üçün sərhədlərin önəmli olmadığını, bu üzdən problem yaranacağı təqdirdə, nüfuzlu din xadimlərinin öz hökmlərini dilə gətirə biləcəklərini söyləyib, Azərbaycan hökumətini məsələyə diqqətlə yanaşmağa çağırıb. Nazir Azərbaycan tərəfini Bakıda keçirilmiş mitinqlərə, İranın dini liderinin ünvanına səsləndirilmiş fikirlərə qiymət verməyə, gələcəkdə belə halların təkrarlanmasına yol verməməyə səsləyib.

Əslində bu, İranın dini pərdə altında Azərbaycanın daxili işlərinə qarışmasıdır. Bu isə yolverilməzdir. XİN başçısı üçün dini dövlətə qatmaq bağışlanmaz addımdır. Əgər rəsmən İslam dövləti olan İran üçün bu normaldırsa, əhalisinin böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan Konstitusiyaya əsasən dünyəvi dövlətdir. Bundan başqa, Əli Əkbər Salehinin Azərbaycanda şiəliyin üstünlük təşkil etdiyinə dair fikirləri ciddi şəkildə şişirtmədir. Çoxsaylı sosial tədqiqatlar göstərir ki, Azərbaycan əhalisinin, təxminən, yarısı özünü nə sünni, nə şiə sayır, sadəcə, müsəlman olduqlarını bildirir. Respublikada İslam dininə sitayiş edənlərin yalnız üçdəbiri özünü şiə hesab edir. Onların da heç də hamısı İran şiələrinin dini liderini danılmaz dini avtoritet nüfuz sahibi saymır.

İranlı mollaların Azərbaycan dövlətinin rəhbərləri və siyasətçilərini "sionizmdə və Amerika imperializminə dəstəkdə" günahlandırması isə qəti şəkildə yolverilməzdir. Ümumiyyətlə, İran mollakratiyasının funksionerləri özlərinin dünyada gedən proseslər haqda primitiv düşüncə tərzlərinə uyğun  hər şeyə bu cür damğa vurmağa aludə olublar. İran vətəndaşları üçün "sionizm"lə bağlı ittiham yaxşı halda siyasi polis tərəfindən həbs, pis halda isə ölümlə nəticələnəcək qorxulu damğadır. Bütün bunlara necə reaksiya göstərmək İran vətəndaşlarının işidir. Qonşu ölkələrin nümayəndələrinin, xüsusilə də rəhbərlərinin açıq şəkildə təhqir olunması və aşağılanması isə sivil dövlətlərarası münasibət normalarına uyğun deyil. Bu, gec və ya tez adekvat reaksiya yaradacaq. "İslam həmrəyliyi və islam dəyərlərinə qiymət" haqda öyüd-nəsihət keçməyə çalışanlar anlamalıdır ki, əlləri minlərlə Qarabağ müsəlmanının qanına batmış, onlarca məscidin dağıdılmasına, müsəlman qəbiristanlıqlarının təhqir edilməsinə əmr vermiş Serj Sarqsyanı, Seyran Ohanyanı dostcasına qarşılayanların, onlara qucaq açanların sözlərinə Azərbaycanda böyük şübhə və inamsızlıqla yanaşırlar.

Bu üzdən Tehran Azərbaycan XİN-in İranın notasını rədd etməsinə, üstəlik, adı, çəkilən qurumun sözçüsü Elman Abdullayev vasitəsilə tələb irəli sürməsinə təəccüblənməməlidir: Tehran İran rəsmilərinin Azərbaycanla bağlı kəskin fikirlərinə görə üzr istəməlidir.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə mövzunu belə davam etdirib: "Biz İran ruhanilərinə də hörmətlə yanaşırıq. Amma təəssüf ki, son zamanlar onun bəzi nümayəndələri çağırışlar edir, Azərbaycana, Azərbaycan dövlətçiliyinə, onun konstitusion quruluşuna, xalqına və prezidentinə hörmətsizlik sayılacaq şüarlar səsləndirirlər. Biz İran tərəfindən bu cür çağırışlara reaksiya gözləyirik. İran rəsmi dairələrinin antiazərbaycan çağırışlarını pisləyən bəyanatlarla çıxış edəcəklərini, iki ölkə arasında münasibətlərə mənfi təsir göstərən belə hallarla mübarizə aparacaqlarını gözləyirik. Əlbəttə ki, biz də İran səfirliyi qarşısında keçirilmiş piketlərdə səsləndirilmiş çağırışların əksəriyyətini dəstəkləmirik. Biz onlara müvafiq münasibət bildirəcəyik".

İran hökuməti isə diplomatik notalarla, söz savaşı ilə kifayətlənməyərək iqtisadi, hətta hərbi təzyiqlərə də əl atmaq qərarına gəlib. Mayın 22-də Naxçıvandakı Culfa nəzarət-buraxılış məntəqəsindən İran ərazisinə keçən yük və minik avtomobillərinin yolu, həmçinin, Biləsuvar Gömrük Məntəqəsi bağlanıb. Bu, heç bir xəbərdarlıq edilmədən həyata keçirilib və nəticədə sərhəddə çoxlu sayda avtomobil yığılıb-qalıb. Amma Bakının da Azərbaycan vasitəsilə İran tranzitinə qarşı eyni addımı ata biləcəyini başa düşən Tehran bununla kifayətlənməyə və ərazisindən Azərbaycana məxsus nəqliyyat vasitələrinin tranzitini bərpa etməyə məcbur oldu.

Şəxsi işləri ilə bağlı İrana getmiş gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin orada həbs olunmaları və hələ də talelərinin qeyri-müəyyən qalması Azərbaycan ictimaiyyəti və hökumətini narahat edən daha bir faktdır. İran hökuməti konsulluq xidmətimizin sorğularına rəsmi cavab vermir, Azərbaycan vətəndaşlarının həbsi faktı nə təsdiq, nə də təkzib olunur. Əli Həsənov mayın 21-də XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ilə keçirdiyi birgə mətbuat konfransında İran tərəfinin bu əməlini biabırçılıq adlandırıb: "Hər gün hər iki tərəfdən sərhədi yüzlərlə insan keçir. Onların hamısını casus kimi qəbul etmək düzgün deyil. Tehranın Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı heç bir açıqlama verməməsi daha çox narahatlıq yaradır".

Elə həmin mətbuat konfransında Əli Həsənov Azərbaycanın mövqeyi haqda danışaraq bildirib ki, Bakı İsrail, Gürcüstan və ABŞ-la olduğu kimi, Rusiya və İranla da tərəfdaş münasibətləri qurub. "İran Azərbaycanın yalnız onun dostları ilə dostluq etməsini, düşmənləri ilə düşmən kimi davranmasını istəyir. Onlar bizdən açıq şəkildə məhz bunu, həmçinin, İsrail və ABŞ-la əlaqələrdən imtina etməyimizi, antiqərb kampaniyası aparmağımızı tələb edir. Biz isə lap əvvəldən xarici siyasətimizi elə qurmuşuq ki, İranın düşməni avtomatik olaraq bizim düşmənimiz, dostu isə dostumuz ola bilməz. Biz həm İranla, həm də digər dövlətlərlə münasibətlərimizi öz milli maraqlarımızdan çıxış etməklə qururuq", - deyə Ə.Həsənov qeyd edib. O, Azərbaycan ərazisi, sərhədləri və siyasətinin İrana, İsrailə, ABŞ və bütünlükdə Qərbə qarşı istifadə edilməsinin yolverilməzliyinə dair mövqeyini bir daha təsdiqləyib.

Rəsmi Bakının bu sahədəki vədləri İran rejiminə inandırıcı gəlmir. O, guya Azərbaycan ərazisindən həyata keçirilən təxribatçı fəaliyyətlə bağlı fobiyaya tutulub. Görünür, orada münasibətlərə tam son qoyulmasa da, sərhədin hər iki tərəfindən iranlılarla azərbaycanlılar arasında əlaqələrin minimuma endirilməsi qərarına gəliblər. İranın bilərəkdən ikitərəfli münasibətlərdə gərginlik yaratmaqla Azərbaycanın özünə təhlükə hiss etməsinə, nəticədə, Rusiyanın "təhlükəsizlik çətiri" altına sığınmasına nail olmağa çalışdığı da istisna deyil. Onlar düşünür ki, bu, "çıxış yolu"dur - təki regionda ABŞ, NATO və İsrailin nüfuzunun artmasına yol verilməsin. Tehran bunun, hətta Tacikistanda olduğu kimi, Rusiyanın hərbi mövcudluğunun bərpası hesabına belə, həyata keçirilməsinə razıdır.

Amma istənilən halda Tehranın hesablamaları yanlışdır. Onun hərbi gəmilərinin Azərbaycanla sərhəddə manevrlər etməsi də qorxu yaratmayacaq. Birincisi, Azərbaycan istənilən tərəfdən gələ biləcək hərbi təxribata cavab vermək üçün kifayət qədər hazırlıqlı silahlı qüvvələrə malikdir.

İkincisi, Azərbaycanın qardaş Türkiyə ilə Stratreji tərəfdaşlıq və qarşılıqlı yardım haqda Müqaviləsi var. Sənədin ikinci maddəsində bildirilir ki, "tərəflərdən biri üçüncü dövlət, yaxud dövlətlər qrupu tərəfindən silahlı hücum və ya təcavüzə məruz qalarsa, digəri bütün imkanlardan istifadə etməklə ona köməklik göstərəcək". Türki-yənin bütün növ silahlı qüvvələrinin 4 komandanının Azərbaycana səfəri zamanı bəyan edilib ki, ehtiyac yaranacağı təqdirdə, bu müqavilənin işləyəcəyinə heç kimin şübhəsi olmamalıdır. 

Yeri gəlmişkən, ABŞ-ın dövlət katibi Hillari Klintonun iyunun əvvəlində regiona edəcəyi səfər zamanı da yəqin ki, İran məsələsi gündəmdəki əsas məsələlərdən biri olacaq.

İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə formal bəhanə və qıcıqlandırıcı olan "Eurovision" müsabiqəsi də artıq arxada qaldı. Ümid etmək istərdik ki, İran hökuməti Tehran-Bakı münasibətlərində soyuqluğu daha da dərinləşdirməkdən ehtiyatlanacaq. Hər halda, Azərbaycanın Milli Bayramı - Respublika Günü münasibətilə İranın dövlət başçısı Mahmud Əhmədinejadın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlaması İran isteblişmentində hələ də məsələlərə rasional yanaşmanın qaldığını göstərir.

Məktubda deyilir: "İki xalq arasındakı qardaşlıq münasibətləri, həmçinin, Zati-alinizlə səmimi əlaqələrimi vurğulayaraq belə düşünürəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlərin hər iki xalqın mənafeyi naminə genişlənərək günbəgün inkişaf etməsi, eləcə də iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və ikitərəfli öhdəliklərin rəhbər tutulması düşmənlərin sui-istifadəsinin qarşısını alacaq. Ümid edirəm, İran İslam Respublikası və Azərbaycan Respublikasının məsul şəxslərinin ikiqat səyləri sayəsində ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin, eləcə də dünyada dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasının, zülm və ayrı-seçkiliyin aradan qaldırılmasının şahidi olacağıq. Uca və Qadir olan Allahın dərgahından Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının dost və qardaş xalqına xoşbəxtlik və ucalıq diləyirəm".

Ümid edək ki, həm ikitərəfli münasibətlərimizdə, həm də İranın nüvə proqramı ilə bağlı böhran ətrafında müsbət irəliləyişlər olacaq. Bundan həm İran, həm də bütünlükdə region qazanacaq".



MƏSLƏHƏT GÖR:

416