
"EUROVİSİON-2012"
Azərbaycan dünyaya misilsiz şou və görünməmiş inkişaf nümayiş etdirdi
Müəllif: Zərifə BABAYEVA Bakı
Hər şey inanılmaz və möhtəşəm idi! Məsələ yalnız Azərbaycanın dünyanın ən nüfuzlu müsabiqələrindən birinə ev sahibliyi etməsində deyil. "Eurovision" ölkəmizin bu bayramı daha iri miqyasda və yüksək əhval-ruhiyyə ilə keçirmək iqtidarında olduğunu göstərdi. Bakıdakı "Eurovision" azərbaycanlıların özlərinin inanmaqda çətinlik çəkdiyi bəzi məsələlərlə bağlı da presedent oldu. İndi biz dəqiq bilirik ki, Azərbaycan, xüsusilə Bakı istənilən izdihamlı tədbirə ev sahibliyi etməyə qadirdir.
Məşhur "bayramı gözləmək bayramın özündən də yaxşı idi" fikrini isə Bakıdakı "Eurovision" reallıqlarına aid etmək olmazdı. Bayram baş tutdu.
Xalq gəzintiləri, gənclərin fleş-mobları, möhtəşəm salyut və atəşfəşanlıqlar, "Eurovision"a həsr olunmuş konsertlər... Doğma şəhərini tam fərqli görmək - bu effektə nail olmaq üçün çox çalışmaq lazım idi. Bakıda "Eurovision"un təşkilatçıları yerli sakinlərin öz şəhərlərinə əcnəbi qonaqların gözü ilə baxa bilməsinə də nail oldular.
Bu, sözün əsl mənasında, doğma şəhərə ikihəftəlik tur idi. İnsan onun küçələrini gəzmək, insanlara qarışmaq, paytaxta qonaq gəlmiş şəxslərin reaksiyasını, təbəssümünü müşahidə etmək, yolu keçmələri üçün yoltənzimləyicisinin hərəkəti dayandırdığı yerdən küçəni həmin kütlə ilə keçmək, fotoaparatların səslərini, xaricilərin söhbətlərini, gülüşlərini eşitmək istəyirdi. Bütün bunlar əla fonda - hər gün bulvarda təşkil olunan konsertlərdə yalnız yerli şou-biznes nümayəndələrinin deyil, həm də "Eurovision" təmsilçilərinin ifa etdiyi canlı musiqi sədaları altında baş verirdi.
Hər birimiz öz şəhərimizdə özümüz üçün yeni tərəflər kəşf etdik, onu daha da güclü sevməyə başladıq. Hər birimizdə bakılı olduğumuz üçün qürur hissi yarandı. Biz Xəzər sahilindəki bu şəhərin, çox qısa zamanda ağrılar və itkilərlə ilk baxışdan mümkün olmayanı gerçəkləşdirməyə nail olmuş ölkənin vətəndaşlarıyıq.
Qədim mədəniyyətin daşıyıcısı olduğunu sübut etmək müasirlikdən geri qalmaq demək deyil. Bu gün asanlıqla ingilis dilində danışan Azərbaycan gəncliyi, gündən-günə gözəlləşən paytaxtın müasir memarlıq üslubu bunun təsdiqidir. Gələcəyin daha da yaxşı olacağına inanmaq istərdik. Çünki intellektual gənclik bizim gələcəyimiz, qədim mədəniyyət isə keçmişimiz və indiki dövrümüzdür. O, bu gün əldə etdiyimiz nailiyyətlərin əsasıdır.
Şərqlə Qərbin, qədimiliklə müasirliyin sintezi. Bakının ən görməli yerlərindən olan Qız Qalası bu sintezin özünəməxsus rəmzinə çevrilib. Bakıda "Qız Qalası" III beynəlxalq festivalın keçirilməsi üçün zaman çox uğurlu seçilmişdi - "Eurovision" ərəfəsi. Bu il festival YUNESKO-nun dünya irs siyahısına daxil edilmiş, paytaxtımızın rəmzi sayılan Qız Qalası memarlıq abidəsinin dünyada məşhurlaşdırılması məqsədilə keçirilirdi. Onun divarlarında videomapping texnologiyasının nümayişi festivalın əla xüsusiyyətlərindən biri oldu. Abidənin üzərinə ötən festivallarda hazırlanmış Qız Qalası maketlərinin lazer proyeksiyası da salınırdı. Havanın qaralması ilə yarımsaatlıq musiqi proqramı başlayır, bu zaman lazer proyeksiyası Qız Qalasının divarlarını bəzəyirdi. Bu, hər axşam minlərlə Bakı sakini və şəhərin qonaqlarını tamaşaya toplayırdı. Abidənin 360 dərəcəlik görüntüsünün yaradılması üçün onun üzərinə 30 proyektor vasitəsilə 7 müxtəlif nöqtədən proyeksiya salınırdı. Nağıla bənzəyən bu işıq şousuna baxmaqdan doymaq olmurdu. Onun uşaqlarda hansı sevinci yaratdığını isə ifadə etmək mümkün deyil.
"Eurovision"un rəsmi fan-klubunun "Light your fire" şüarı ilə təşkil etdiyi aksiya da bundan az maraqlı deyildi. "Eurovision"un ilk yarımfinalı münasibətilə aksiya iştirakçıları Xəzər dənizi üzərində səmaya yüzlərlə yanan fənər də buraxmışdılar. Uşaqlar üçün bu, əsl sürpriz idi. Onlar sanki nağıllar aləminə düşmüşdülər. Böyüklər üçün isə bu, bayrama çox gözəl parlaq ştrix idi. Prosesin özü möcüzə və arzuların gerçəkləşməsi atmosferi yaradırdı. Şərqdə hesab edirlər ki, bu qeyri-adi suvenirlərdə fəlsəfi məna var. Səmaya qalxan alovlara baxan insanda öz həyatına əlavə inam yaranır, demək, onun sağlamlığı və immuniteti güclənir, beyni isə daxili gərginlikdən təmizlənir. Səmadakı alovlara tamaşa edən insanlar bu zaman ürəklərində arzu tutur. Yəqin ki, bu füsunkar aksiyanı izləyən hər kəs ürəyində hansısa gizli arzu tutub...
"Bakıda unikal "Eurovision""
"Eurovision" mahnı müsabiqəsinin keçirildiyi günlərdə bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyinə şübhə yoxdur. Dünyanın ən nüfuzlu mətbuat orqanları Bakıda keçirilən müsabiqə haqqında məqalələr dərc edirdi. Məsələn, France Presse agentliyi yazırdı: "Eurovision-2012" mahnı müsabiqəsi neftlə zəngin Azərbaycanın paytaxtı Bakının populyarlaşması üçün yaxşı imkan yaradıb. Yüz milyondan artıq insanın tamaşa etdiyi müsabiqə zamanı bu ölkə öz mədəni xüsusiyyətlərini ən yüksək səviyyədə nümayiş etdirdi".
Agentlik yazır ki, "Azərbaycan paytaxtı Bakı çox gözəl şəhərdir. Kiminsə Bakının dəbə olan sevgisinə şübhəsi varsa, qoy geri boylansın və səmalara yüksələn Flame Towers-ə baxsın". Məqalənin müəllifi Bakının "Eurovision-2012" mahnı müsabiqəsinə əla hazırlaşdığını yazır: "Evlərin fasadlarında "Eurovision-2012"nin rəmzləri əks olunub. Hələ neft buruğu şəklində olan, neon işıqlarla bəzədilmiş saatlı qüllədən danışmıram". "Eurovision"un loqolarına avtobus və London taksilərinin üzərində də rast gəlinirdi.
Amerikanın məşhur "The Washington Post" qəzeti isə Bakının qaranlıq sənaye şəhəri imicindən qurtulduğunu, işgüzar həyatın yaşandığı enerjili mərkəzə çevrildiyini, Köhnə Dünyanın İstanbulun füsunkarlığı ilə Dubayın memarlıq nailiyyətlərini özündə birləşdirdiyini yazır. "Eurovision"un təşkili isə dəyişikliklərin nəticəsini nümayiş etdirmək üçün ideal imkan idi.
Regionun və dünyanın digər KİV-lərində də Azərbaycan paytaxtının gözəlliyindən, Bakıda təşkil olunmuş "Eurovision"un miqyasından danışılıb. Bəziləri, hətta Azərbaycanla müəyyən qədər tanış olanlar üçün belə, Xəzər dənizi sahillərindəki ölkə əsl kəşf olub. Sən demə o, yalnız nefti ilə deyil, insanları, mədəniyyəti, tarixi və ənənələri ilə də zəngindir.
Parlaq nəticə
Dünya 57-ci "Eurovision" mahnı müsabiqəsinin qalibinin adını mayın 27-də bildi. Yarışda qələbəni 28 yaşlı mərakeş silli İsveç müğənnisi Lorin qazandı. O, müsabiqəyə "Euphoria" mahnısı ilə qatılmışdı.
İkinci yeri Rusiya təmsilçiləri olan "Buranov nənələri", üçüncülüyü isə Serbiyanı təmsil edən Jelko Yoksimoviç əldə edib. Yeri gəlmişkən, Avropanın bukmeker kontorları "Eurovision-2012"də məhz Lorinin qələbə qazanacağını hələ finaldan xeyli əvvəl bildirirdi. Xatırladaq ki, bu ilin martında Lorin İsveçdə keçirilən məşhur Melodifestivalen telemüsabiqəsinin qalibi olmuşdu və bu ona ölkəsini "Eurovision"da təmsil etmək hüququ vermişdi. İfaçının sözlərinə görə, o, tənhalığı sevir və müsir texnologiyalarla çox az maraqlanır. Lorinin evində televizor yoxdur, amma əvəzində elektron ünvanını yoxlaması üçün vacib olan kompyuteri var.
Qeyd edək ki, bu, İsveçin "Eurovision" müsabiqəsində sayca 5-ci qələbəsidir. Onlar ilk qələbələrini 1974-cü ildə ABBA qrupu ilə qazanmışdılar.
Müsabiqədə ikinci yeri tutmuş nənələrə gəlincə, onları həm Rusiyada, həm də doğma Buranovo kəndində mahnı, rəqslərlə, alqış plakatları ilə qarşılayıblar. Nənələrdən nədən vətənə azərbaycanlı babalarla qayıtmadıqlarını soruşduqda, onlar "udmurtlular yaxşıdır" cavabını veriblər. Bununla yanaşı, nənələr Bakıda bir çox kişinin rəğbətini hiss etdiklərini də söyləyiblər. İki həftə ərzində Buranovo kəndindən olan nənələr beynəlxalq səviyyədə məşhurluq qazanıb, onların "Party for everybody" mahnısı isə hazırda bütün Avropada dillər əzbəridir.
Serb Jelko Yoksimoviçə gəlincə, səsvermə zamanı o, kifayət qədər uzun müddət ikinci pillədə qərarlaşsa da, sonda bu yerini qoruya bilməyərək 214 balla üçüncü olub. Jelkonun ikinci olmasına, hətta fortepiano, zərb alətləri və gitara da daxil olmaqla, 11 alətdə ifa etmək bacarığı da kömək etməyib. Qeyd edək ki, o, indiydək dəfələrlə müsabiqədə iştirak edib, onun üçün mahnı da yazıb. Məhz bu üzdən Yoksimoviçi "Eurovision"un əfsanəsi adlandırırlar. 2008-ci ildə Belqradda keçirilmiş müsabiqədə isə Jelko aparıcı idi. "Böyük beşlik" - Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya və Fransa yarışa məşhur ifaçıların simasında "ağır artilleriya" ilə qatılmışdılar. Məsələn, İngiltərəni yarışda Britaniya estradasının əfsanələrindən olan Engelbert Xamperdink təmsil edib. O, yeni əsrdə "Eurovision"da çıxış etmiş ən yaşlı iştirakçıdır - 76 yaş! Xamperdink Bakıda "Love will set you free" adlı təsirli balladanı ifa etsə də, bu ona kömək etmədi. Britaniyalı ifaçı cəmi 12 bal toplaya bildi.
Yarışa ev sahibliyi edən Azərbaycan. Səbinə Babayeva Baku Crystal Hall-ın səhnəsinə xalq artisti Alim Qasımovla çıxdı və həmin anda tamaşaçılar zalı lərzəyə gətirdilər. Səsvermə nəticəsində 150 bal toplayan Səbinə 4-cü oldu. Ekspertlər hesab edir ki, bu gün Azərbaycan Avropanın ən nəhəng musiqi yarışı olan "Eurovision"un parlaq sonucunu, həmçinin, ölkəsinə ilk beşlikdəki fəxri yerlərdən birini qazandırmış Səbinə Babayevanın mühüm nəticəsini bayram edir.
Avropa ictimaiyyətinin simpatiyasını Səbinə Babayevaya Marcel Bezenson Award fəxri mükafatının verilməsi də göstərir. Bu il mükafat Səbinədən başqa, yalnız müsabiqənin qalibi olmuş Lorinə verilib. "Eurovision"un yaradıcısının adına adlandırılmış bu mükafat artıq 10 ildən artıqdır ki, ənənəvi olaraq bəstəkarların, televiziya şərhçiləri və müsabiqədə akkreditasiya olunmuş mətbuat nümayəndələrinin seçimi əsasında yarışın ən yaxşı artistinə təqdim olunur. Azərbaycanın mahnısı jurnalistlər arasında keçirilmiş səsvermədə də ən yüksək nəticə əldə edib.
Son 10 ildə "Eurovision"da yarışa ev sahibliyi edən ölkənin güclü azarkeş dəstəyinə rəğmən o qədər də yüksək nəticə göstərmədiyi ənənəsi yaranıb. Məsələn, 2011-ci ildə Almaniya öz meydanında yarışı 10-cu, 2010-cu ildə Norveç 20-ci, 2009-cu ildə Moskvada keçirilən yarış zamanı Rusiya 10-cu, 2008-ci ildə Serbiya 6-cı, 2007-ci ildə Finlandiya 17-ci, 2006-cı ildə Yunanıstan öz meydanında 9-cu yeri tutmuşdu. Bütünlükdə müsabiqə tarixində öz meydanında keçirilən yarışda cəmi bir neçə ölkə qələbə qazana bilib. Bu isə iştirakçıların sayının indikindən 2-3 dəfə az, "Eurovision"un qaydalarının isə xeyli sərt olduğu dövrdə baş verib.
"Eurovision-2012"nin yekununda Odlar Diyarı daha bir status qazanıb - müsabiqə tarixinin ən uğurlu və parlaq debütantı. Azərbaycan bu müsabiqədə iştiraka 2008-ci ildə başlayıb və 8-ci yeri tutub. 5 ildə o, finalda bir dəfə də olsun ilk onluqdan aşağı düşməyib (son 4 ildə isə ilk beşlikdə təmsil olunub). Düsseldorfda qazanılmış parlaq qələbə isə öz yerində. Müsabiqənin heç bir iştirakçısı 5 ildə belə nəticə göstərməyib.
Bakıda keçirilmiş müsabiqənin təşkilat komitəsinin işini əla gördüyünü də qeyd etmək lazımdır. Təşkilat komitəsi KİV və turistlərin, həmçinin, paytaxt sakinlərinin təhlükəsizliyini tam təmin edə bilib. Azərbaycana 70-dən artıq ölkədən gəlmiş 1,5 min jurnalist üçün operativ fəaliyyət üçün lazım olan bütün şərait yaradılıb: yüksəksürətli naqilsiz İnternet, skanerlər, printerlər, həmçinin, onların Crystal Hall-da keçirilən məşqləri canlı izləmələri üçün nəhəng ekran. Özəlliklərdən biri də mətbuat mərkəzində müsahibələr üçün xüsusi otaqların hazırlanmasıdır: "Qarabağ", "Quba", "Gəncə", "Şəki", "Naxçıvan", "Qəbələ", "Xəqani", "Nizami", "Sabir" və "Xətai". Əlbəttə ki, könüllülər əcnəbilərə bu adların anlamını açıqlayıb və bununla da onların Azərbaycanın şəhərlərinə və tarixinə özünəməxsus ekskursiyasını təşkil edib.
Azərbaycanın çıxışında hər şey yeni idi, indiyədək istifadə olunmuş heç bir fənd təkrarlanmırdı, dekorasiya və effektlərin çoxluğuna diqqət yönəldilməmişdi. Hərçənd Səbinənin ilk dəfə olaraq səhnədə nümayiş etdirdiyi geyim iki ədəd yüksək dəqiqlikli HD-proektor və Avropanın öndə gedən studiyalarında hazırlanmış videodizaynın köməyilə işıqlandırılaraq qeyri-adi görüntülər yaratmışdı. Bunun üçün bir neçə aylıq hazırlıq aparılmışdı. Nəticədə bu bənzərsiz effekt mahnının əhval-ruhiyyəsi ilə vəhdət təşkil edir, Səbinənin oxuduqlarını tamaşaçıya çatdırmağa kömək edir, səhnədə ayrıca ab-hava yaradırdı. Bu effektlər tamaşaçının diqqətini yayındırmağa deyil (çox vaxt xüsusi işıq effektləri məhz bunun üçün istifadə edilir), əksinə, onun fikrinin mahnının süjet xəttinə cəlb edilməsinə səbəb olur, zalda olanları ifaçının duyğularını hiss etməyə çağırırdı.
Səbinənin geyimi dəbdəbə ilə sadəliyi özündə birləşdirirdi: ağ şifon, açıqrəngli saçaqlardan əlavələr, ağlasığmaz şleyf, ağappaq lələklər və Swarovski-dən olan bir neçə min ədəd daş. Paltarı isveçli dizayner Lars Vallin yaradıb. O, İsveç kral ailəsi üçün də işləyir.
Mayın 27-si gecə bütün Avropa gözlərini ekranlardan ayırmayaraq, müsabiqənin onlayn nümayişini izləyən zaman artıq hər şey yalnız artistlərin özlərindən və onların tamaşaçının ürəyinə toxunmağı nə dərəcədə bacaracaqlarından, yüksək vokal ustalığı və peşəkarlıq göstərəcəyindən və əlbəttə ki, zaldakı on minlərlə, ekranların qarşısındakı 100 milyondan artıq tamaşaçı önündə emosional baxımdan nə qədər güclü olacaqlarından asılı idi. Və Səbinə bunu bacardı! Böyük bir komandanın gördüyü işin kulminasiyası - 3 dəqiqəlik çıxış və nəticələrin gözlənildiyi dəqiqələr. Nəhayət, layiqli qiymətin sevinci, bütün Avropanın minnətdarlığı və xoş sözləri.
Uğurlar, Azərbaycan!!!
MƏSLƏHƏT GÖR: