26 Dekabr 2024

Cümə axşamı, 06:41

"QIRMIZI ŞEYTANLAR"I HAZIRLAYARAQ...

"Mançester Yunayted"in tanınmış oyunçusu Mikael SİLVESTR "R+"a müsahibəsində "MY"nin Bakıdakı yeni məktəbi barədə məlumat verib

Müəllif:

30.09.2014

Bu günlərdə Azərbaycan futbolunun gələcəyi naminə çox vacib addımlardan biri atıldı. AFFA yeniyetmə futbolçuların hazırlığını peşəkar səviyyədə təşkil etmək üçün İngiltərənin "Mançester Yunayted" klubu ilə əməkdaşlığa başladı. 4 il müddətinə nəzərdə tutulan müqaviləyə əsasən, 8-10 yaşlı uşaqlar arasında seçimlərə başlanıldı. Seçimlər başa çatandan sonra, həmin uşaqlar Bakıda açılan "Mançester Yunayted" uşaq futbol məktəbində tədrisə başlayacaq. İlkin mərhələdə məktəbin istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaq. Uşaqlar hər bir kateqoriya üzrə "Mançester Yunayted" klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər. Məşqlər "Mançester Yunayted" futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq.

AFFA ilə "Mançester Yunayted" arasında əməkdaşlığın təqdimatı mərasimində klubun əfsanəvi futbolçularından sayılan Mikael Silvestr də iştirak etdi. Doqquz il "qırmızı şeytan"ların şərəfini qoruyan fransızəsilli müdafiəçi futbolçu karyerasında 5 dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasında qələbə sevinci yaşayıb. Fransa yığmasının heyətində 2006-cı ilin Dünya Çempionatında gümüş medala layiq görülüb. Təqdimat mərasimindən sonra Mikael Silvestr "R+"un suallarına cavab verib.

- Azərbaycana səfərinizdə məqsəd "Mançester Yunayted"lə əməkdaşlıq çərçivəsində baş tutdu. Ölkəmiz haqda hansı məlumatınız var?

- Azərbaycan haqda geniş informasiyaya malik deyiləm. Səfərim zamanı çox maraqlı məlumatlar aldım. Bakı 2020-ci ildə Avropa Çempionatının oyunlarını keçirəcək. Gələn il paytaxtınızda Avropa Oyunları baş tutacaq. Məni sevindirən Azərbaycanda idmana, ən əsası, futbola olan sevgidir. 

- Vaxtilə şərəfini qoruduğunuz "Mançester Yunayted"in fanatları Azərbaycanda çoxdur. Bunu hiss etdinizmi?

- Mənimlə şəkil çəkdirənlərdən hiss etdim ki, "qırmızı şeytan"ların azarkeşləri ölkənizdə çoxdur. Bu təbiidir. "Mançester Yunayted" futbolda brend sayılan klublardandır. Dünyanın bir sıra ölkələrində rəsmi fan-klubları fəaliyyət göstərir. Çoxlu sayda uğurları olub. Zəngin karyeraya malik komandanın azarkeşlərinin çox olması normaldır.

- "Mançester Yunayted" futbol məktəbinin özəlliyi nədədir?

- Bu məktəbdə yeniyetməyə təkcə futbolçu deyil, həm də gələcəyin lideri ola biləcək insan kimi münasibət bəsləyirlər. Məşqlər gün ərzində gedir. Təkcə idman deyil, həm də taktika, fiziki hazırlıq barədə çalışmalar olur. Yeniyetmənin dünyagörüşünü də dəyişirlər. O artıq futbola başqa səviyyədə yanaşır. 

Gün ərzində məşq saatları çoxdur. Amma uşaqlar bundan yorulmur, əksinə, təmrinləri mənimsəyirlər.

- 25 ildən çox komandada baş məşqçi çalışan Ser Aleks Ferqyuson artıq klubda deyil. Sizcə, onun gedişi gələcəkdə uğur qazanmağa mane olacaqmı?

- Ser Aleks özü getmək istədi. Digər tərəfdən o, klubun unudulmaz tarixinin bir hissəsidir. Məşqçilər nə vaxtsa gedir. Əsas klubun zəngin tarixi və ənənəsinin olmasıdır. Ona görə komandanın gələcəkdə uğur qazanacağına inanıram.

- Cari mövsüm İngiltərə premyer-liqasında "Mançester Yunayted" o qədər də yaxşı start götürməyib, "Suonsi" və "Lester"ə məğlub oldunuz. Bunun səbəbi nədir?

- Çempionat yenicə başlayıb. Bir qədər səbir edin. Hər şey yaxşı olacaq. Uğur qazanmaq üçün əvvəlcə uğursuzluğu görməlisən.

- Ölkəmizdə futbola kifayət qədər pul yatırılır. Amma nəticələr hələ o qədər deyil...

- İlk olaraq futbol ənənəsi yaradılmalıdır. Bu gün Bakıda "Mançester Yunayted" futbol məktəbi açıldı. İndi bunun nəticəsini gözləmək üçün zaman lazımdır. Bu məktəbdən 1-2 ilə güclü futbolçu yetişə bilməz. Bunun üçün illər lazımdır. Azərbaycanda futbolu çox sevirlər. Amma bilməlidirlər ki, futbolda tez bir zamanda uğur qazanmaq mümkün deyil. Bu gün cəmi bir neçə ölkədə "qırmızı şeytan"ların futbol məktəbləri var. Belə ölkələrdən biri də Azərbaycandır. Deməli, müvafiq qurumlar futbolun inkişafı üçün çalışır.

- "AVRO-2020"nin 4 oyunu Bakıda keçiriləcək. Sizcə, Azərbaycan  bundan nə əldə edəcək?

- İlk olaraq bütün qitənin, eləcə də dünyanın əksər ölkələrinin diqqəti Bakıda olacaq. Marketinq baxımından da qazanmaq olar. Ən böyük uğur Bakının Avropa Çempionatını keçirəcək şəhərlərin siyahısına daxil olmasıdır. Azərbaycan bununla futbol bayramında iştirak edəcək. Futbolçu kimi bu bayramın əhəmiyyətinin böyük olduğunu anlayıram. Qitə birinciliyinin oyunlarını stadiondan izləmək azarkeşlər üçün böyük uğurdur.

- Adətən, Bakının qonaqları şəhəri görmədən paytaxtı tərk etmir. Qısamüddətli səfəriniz zamanı harada ola bildiniz?

- Alov qüllələrini gördüm - çox möhtəşəmdir. Hava limanından gələrkən gözəl yerlərin şahidi oldum. Olimpiya stadionunun inşasını seyr etdim. Stadion hazır olandan sonra Avropanın ən gözəl arenalarından biri olacaq. Məni təəccübləndirən çoxlu sayda tikinti işlərinin getməsi oldu. Hər tərəfdə tikinti gedir. Sanki şəhəriniz yenidən qurulur. Şəhərdə həm müasir, həm də tarixi binalarınız var. Təəssüf ki, gəzmək üçün o qədər vaxtım olmadı. Gələcəkdə, qismət olsa, yenidən Bakıya gəlsəm, şəhərlə daha yaxından tanış olacağam.  


MƏSLƏHƏT GÖR:

423