Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
İspaniyanın Bilbao şəhərində keçirilən şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda turnir Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatdı. Yarandığı gündən turnirin əsas favoriti hesab edilən "SOCAR-Azərbaycan" fantastik nəticə ilə bütün rəqiblərini arxada qoydu. Vladimir Tukmakovun kapitanı olduğu klub keçirdiyi 7 görüşün hamısında qələbə qazanmaqla rekord nəticəyə nail oldu.
Avropa Kuboku ərəfəsində bəziləri "SOCAR-Azərbaycan"ın cari mövsüm əsas mükafatı qazanacağına şübhə ilə yanaşırdı. Buna əsas səbəb hazırda ən güclü şahmatçılardan sayılan Fabiano Karuananın klubu tərk etməsi idi. Buna baxmayaraq, ötən illə müqayisədə heyəti zəifləyən "SOCAR-Azərbaycan" əsl komanda əzmkarlığı nümayiş etdirərək, 7 turdan ibarət mübarizədə qələbə qazandı.
İki il əvvəl ilk dəfə Avropa Kubokunu qazananda komandamız Sankt-Peterburq Şahmat Federasiyasının təmsilçisi ilə eyni xal toplamışdı. Həmin turnirdə əlavə göstəricilərə görə çempion olan şahmatçılarımız bu dəfə rəqiblərə özünə yaxınlaşmaq imkanı vermədi. Turnir ərzində Rusiyanın güclü "Malaxit" klubunu üstələyən "SOCAR-Azərbaycan" liderliyə layiq olduğunu sübut etdi. Heyətdə Sergey Karyakin və Aleksandr Qrişuk kimi şahmatçıları olan "Malaxit" 1:5 hesablı məğlubiyyətlə çempionluqdan kənarda qaldı.
Daha bir maraqlı görüş İtaliyanın "Obiettivo Risacrimento" klubuna qarşı oldu. Vladimir Tukmakovun rəhbərlik etdiyi "SOCAR-Azərbaycan" komanda oyunu sayəsində əsas rəqibini 3.5-2.5 hesabı ilə məğlub etdi. Məhz bu qələbədən sonra komandamız qızıl medallara bir qədər də yaxınlaşdı. Son turda şahmatçılarımız Sankt-Peterburq Şahmat Federasiyasının kollektivini üstələdi. Beş partiya heç-heçə başa çatdığı halda diqqət Veselin Topalovun oyununa yönəldi. Komandamızın bolqar qrossmeysteri Pyotr Svidler üzərində parlaq qələbə ilə "SOCAR-Azərbaycan"ın uğurunu rəsmiləşdirdi - 3.5-2.5.
Azərbaycan təmsilçisinin uğurunun bir neçə sirri var. Güclü heyətlə yanaşı təcrübəli ukraynalı kapitan Vladimir Tukmakov lövhələri düzgün bölüşdürməklə qələbədə pay sahibi oldu. Şəhriyar Məmmədyarovu birinci, reytinqə görə ən güclü sayılan Veselin Topalovu ikinci lövhəyə yerləşdirməklə yaxşı taktika hazırlandı. Sirr deyil ki, Məmmədyarov istənilən rəqibə qarşı açıq mübarizədən yayınmır. Lazım olan halda heç-heçəyə oynamağı bacaran Şəhriyar ümumi uğura kömək edir. Topalov ikinci lövhədə rəqiblərə başağrısı oldu. Maykl Adams və Aniş Girinin müvafiq olaraq 3-4-cü lövhələrdə qərarlaşması düzgün qərar kimi özünü doğrultdu. Teymur Rəcəbov 5-ci lövhədə komandamız üçün vacib xallar qazandı. Van Xao, Anton Korobov, Eltac Səfərli də lazım olanda kapitanın tapşırıqlarına əməl etdi.
Sözsüz ki, komandanın lideri Şəhriyar Məmmədyarov oldu. Şəmkirdə uğursuz turnirdən sonra özünü toparlayan Sumqayıt şahmat məktəbinin yetirməsi güclü rəqiblərə qarşı layiqli mübarizə apardı və turniri 2 qələbə və 2 heç-heçə ilə başa vurdu. Bu nəticə ilə şəxsi əmsallara əsasən Şəhriyar, ilk lövhədə, bürünc medala layiq görüldü. Bolqar şahmatının ən tanınan simalarından olan Veselin Topalov ikinci lövhədə keçilməz oldu. 4.5 xal toplayan Topalovun aktivində 4 qələbə və 1 heç-heçə var. Maykl Adams 3.5, Aniş Giri isə 5.5 xalla "SOCAR-Azərbaycan"ın çempionluğuna töhfə verdi. Adams turnirdə iki, Giri isə 4 qələbə ilə yadda qaldı. Teymur Rəcəbov 5-ci lövhədə 4.5 xalla digər komandalardakı həmkarlarını geridə qoydu. Əsl komanda oyunu sərgiləyən Rəcəbov 5-ci lövhədə topladığı xallara əsasən qızıl medala sahib çıxdı. Bundan başqa, Van Xao 4, Anton Korobov 3.5, Eltac Səfərli isə 2.5 xal topladı.
"SOCAR-Azərbaycan"ın kapitanı Vladimir Tukmakov "R+"a açıqlamasında şahmatçılardan razı qaldığını bildirib: "Heyətdə olan bütün şahmatçılardan razıyam. Ulduz heyət adına layiq oyun sərgilədi. Hər bir şahmatçı ümumi nəticə üçün çıxış etdi. İki il əvvəl şərikli liderliyə yüksəlmişdik. İndi 7 qələbə qazanmaqla ən güclü olduğumuzu sübut etdik. Komandada kifayət qədər təcrübəli şahmatçılar toplaşıb. Onlarla çalışmaq çətin olmadı. Lövhələrə görə düzgüz seçim edəndən sonra yalnız mübarizə aparmaq qalırdı. Sevinirəm ki, layiq olduğumuz çempionluğa qovuşduq".
Komandamızın uğur qazanmasında pay sahibi olan Şəhriyar Məmmədyarov da qələbə sevincini "R+"la bölüşüb: "İkinci dəfə Avropa Kubokunu Bakıya gətirdik. İnsan zəhmətinin bəhrəsini görərkən çox sevinir. Əsl komanda kimi mübarizə apardıq və yekunda qızıl medal qazandıq. Güclü rəqiblərə inamla qalib gəldik. Püşk ikinci turdan etibarən bizi güclü rəqiblərlə üz-üzə qoydu. Buna baxmayaraq, sona qədər yarışdıq və şahmat lövhəsi arxasında güclü olduğumuzu sübut etdik. Bu qələbə Azərbaycan şahmatının uğurudur. Yeniyetmə şahmatçılar belə uğurlardan sonra şahmatla daha həvəslə məşğul olacaq".
Avropa Kubokunda Azərbaycanı təmsil edən digər klub "Odlar Yurdu"na uğur qazanmaqda təcrübəsizlik çatmadı. Tarixində ikinci dəfə mötəbər yarışda iştirak edən komandamız uğurlu start götürsə də, sona yaxın çoxlu sayda xal itirdi. Komandanın heyətində Vasif Durarbəylinin gözəl oyununu qeyd etməmək mümkün deyil. Çexiyanın "Novi Bora" klubundan David Navaranı məğlub edən həmyerlimiz Rusiyanı təmsil edən Qata Kamskiyə də qalib gəldi. Göstərdiyi nəticələrə əsasən söyləmək olar ki, Durarbəyli hazırda oyun baxımından irəliləməkdədir. Hazırlığı belə davam etdirəcəyi təqdirdə, onun gələcəkdə Azərbaycan yığmasının əsas üzvlərindən birinə çevriləcəyini proqnozlaşdırmaq olar.
Qeyd edək ki, "Odlar Yurdu" komandasının yaranmasında əsas məqsəd gənc azərbaycanlı şahmatçılara təcrübə toplamağa imkan verməkdir. 2016-cı ildə Bakıda Şahmat Olimpiadası keçiriləcək. Bu turnirdə 3 komanda ilə təmsil olunmaq istəyiriksə, deməli, gənclərə daha yaxşı oynamağa şərait yaradılmalıdır. Bununla belə, "Odlar Yurdu"nun gələcəkdə Avropa Kubokunda mükafatçılar sırasında yer alacağı şübhə yaratmır.
MƏSLƏHƏT GÖR: