26 Dekabr 2024

Cümə axşamı, 05:01

AH, MARSEL, MARSEL!

Bu füsunkar fransız şəhərində olanlarla nə baş verir?

Müəllif:

30.09.2014

Bilmirəm kimdə necə, lakin fransız şəhəri Marselin adı, adətən, İf qəsri və qraf Monte-Kristo ilə assosiasiya yaradır. Lakin bu, orada olub, həmin şəhəri görməyənə qədər belədir... 

 

Marsel haqqında əfsanə 

O, köhnə buxtanı əhatəyə alan hündür təpələrin üzərində yerləşir və lap hündürdən baxanda çəpxətli dəftərin vərəqinə bənzəyir: yaşayış mənzillərinin böyük əksəriyyəti Köhnə limanın ərazisinə tərəf səmt alan küçə və prospektlərin kəskin düz xəttinə bölünür. Fransızca "küçə" sözü çox gözəl səslənir: yumşaq, melodik, incə. Lakin bu sözü tələffüz etmək olduqca çətindir. Marsellilər iddia edirlər ki, onların şəhərinin kökləri lap qədim keçmişə gedir. O qədər qədimdir ki, ilk yaşayış məskənlərini Tunc dövrü ilə əlaqələndirirlər. Bu isə bizim eradan - 2000-ci il hesab olunur! Bu təpələri bürüyən meşələr maral və qabanla zəngin olub, çoxsaylı mənbələr öz başlanğıcını oradan götürüb. Və əlbəttə ki, insanlar böyük məmnuniyyətlə bu yerlərdə məskunlaşıblar. Lakin Marselin təməlini b.e.ə. 600-cü ilə aid edir və sevgi haqqında gözəl əfsanə ilə əlaqələndirirlər. Rəvayətə görə, sərkərdə Protisin başçılıq etdiyi yunan ekspedisiyası bir gün yeni torpaqların axtarışına çıxır. Cənub-Şərqdə onlar səfalı yer tapır və təpələrlə əhatə olunmuş buxtaya yan alaraq gəmilərini bağlayırlar. Bu, liqurlara məxsus Massaliya olur. Tayfanın kralı ilə dost olmaq üçün yunanlı sərkərdə dəvəti qəbul edir və nəzakət xatirinə onu ziyarət edir. Lakin yadelli həmin an onun ulduzlarının lazımlı yerdə vaxtında olmaq fürsəti üçün nə dərəcə uğurlu düzüldüyünü bilmirdi! Sən demə, bu ziyafət zamanı kralın qızı özünə ər seçəsi imiş. Seçim Protisin üzərində dayanır. Çar qızı sudolu piyaləni məhz ona təqdim edir. Diqqət yetirin! Şərab deyil, su. Kürəkən olan qonaq isə qayınatasından şəhərin əsasının qoyulması üçün torpağa sahib olur. Yunanlı tənbəl birisi olmur və tezliklə çalışqanlığı və uğurlu coğrafi yerləşməsi sayəsində (su və quru ticarət yolları) Marsel iri və zəngin şəhər olur. Zənginliyinin əsas mənbəyi ticarət və balıq ovu olub. Amma yunan liqurları zeytun ağaclarına qulluq etmək və ondan yaxşı keyfiyyətli şərab hazırlamağı öyrətməsəydi, yunanlı olmazdı. Hərçənd, bu romantik yaranış anından başlayaraq və bizim günümüzə qədər Marsel çox şey yaşamalı olub: çoxsaylı müharibələr də, Roma ilə dostluq da, öz pullarının kəsildiyi respublika idarəetmə üsulu olan dövrü də, Anjuy, daha sonra isə fransız krallıqlarına birləşməni də, taun epidemiyası da; XVIII əsrin sonunda inqilabı da; İkinci Dünya müharibəsini də. 

...Yeri gəlmişkən, bütün dünyada məşhur olan "Marselyoza" da məhz burada yaranıb. Marseldən Parisə Reyn ordusu üçün yollanan vətənpərvər-könüllü batalyonu Roje de Lilin bəstələdiyi mahnını ifa edib. Mahnı, daha sonra isə himn "Marselyoza" adlandırılır. 

 

Sirli Marsel 

Bugünkü Marsel - uzun əsrlərin memarlıq eklektikasıdır. Bu özünün sosial cəhətdən ifadəsini bədii tərəfindən daha çox ehtiva edir. Liman-şəhərdə, əsasən, ticarətçilər üstünlük təşkil edirdilər. Zəngin burjua fərdi evlər və şəhər binalarının inşasının, ilk növbədə, keyfiyyətli olmasına çalışırdı. Ona görə də bu tikililərdə Parisə xas təmtəraqlılıq və iddialılıq yoxdur. Lakin onlarda nə isə tutarlılıq və mötəbərlilik hiss olunur. Ticarət burjuaziyası, təbii ki, ticarətin inkişafı və çiçəklənməsi ilə məşğul olurdu. Bu şəhər hazırda turistləri nə ilə cəlb edir? Bunu dərhal anlamırsan. Əvvəlcə o, ümumiyyətlə, heç bir təəssürat oyatmadı.  Boz, tutqun və bir növ səliqəsizlik. Qapıaltından, əsasən, külək sellofan paketləri və təmiz yuyulmuş Avropa haqqında xəyalları alt-üst edən qəzet qırıntılarını üfürür. Bu, ərəblər, qaradərililər, çinlilər və digər mühacirlərin məskunlaşdıqları məhəllələrdə olarkən baş verir. Bir qədər kədər və xiffət hissi vardı. Və Marseldə olub, onun haqqında şövqlə danışanları qıcıqlanaraq xatırlayırsan. Hələ ölümsüz əsərlərində bu şəhəri yüz dəfə əbədiləşdirən yazıçıları demirəm.  Həmin Aleksandr Düma... 

Bu bekara solğunluqdan geriyə - Parisə getmək istəyirsən: Yelisey çöllərinə, Monmartra, Tülri bağçasına... Yaşayış məhəllələrinin memarlıq dəbdəbəsinə. Amma bir bazar səhəri qəfildən qışqırığa bənzər qəribə səslərdən oyanırsan... 

Sən demə, bunlar qağayılar imiş: lap yaxınlıqda dəniz vardı. Bax, o isə Köhnə limanın körpüsüdür. Təzə tutulan balığın qoxusu isə heç də Şanelin ətrinə bənzəmir. Sanki indi günün qalan bütün hissəsini burada keçirmək mümkün olmayacaqdı: bazarda ticarət dükanlarının adət edilmiş mənzərəsi təsəvvür edilirdi. Lakin artıq iki saatdan sonra özləri tutduqları balıqlarla ticarət edən balıqçılardan əsər-əlamət də qalmadı! Kənarları büzməli kiçik masacıqlar yoğun, bərk sellofanlarla döşənir, sonra isə oraya xüsusi qablardan balıq yerləşdirilir.  Bu, əlbəttə ki, əsəbləri zəif olanlar üçün mənzərə deyil. Çünki balıq hələ də həyəcanla hava udmağa və titrəməyə davam edir. Burada iri krevetlər də, siyənək, xan balığına oxşar iri balıqlar da var. Tanış növlərindən başqa, vəhşi olanları da vardı. Və fransızların balıq çeşidlərindən ibarət bulyabes adlı şorbaya meyillərini bilərək, nədənsə hər zaman düşünürdüm:  məşhur şorbaya bu zahirən qorxunc balığı əlavə edirlərmi? Amma dadına baxanda (qiyməti 16,5 avro təşkil edir!) bu haqda düşünmürsən. O, həqiqətən qeyri-adi dərəcədə dadlıdır. Həm də fransız yeməyi mədədə ağırlıq hissi yaratmır. Maraqlıdır, bu dad necə yaranır? Bəlkə, ədviyyatdandır... Yaşlı qadına diqqət yetirirsən. Əllərinə sellofan əlcəklər taxıb, astadan satıcıya sual verərək öcəşkən şəkildə balıqları nəzərdən keçirir. Sanki bu dözəlməz dərəcədə uzun çəkdi və gözləyirsən ki, balıqsatan hövsələsini itirərək, özündən çıxacaq, lakin tam əskinə. Burada nə qələbəlik var, nə də mübahisə. Hər şey bir növ tez, sahmanlı, işgüzarcasına vərdiş olunmuş tərzdədir. Evdar xanımlar və yaxınlıqda sayı həddindən artıq çox olan restoranların aşpazları nahara balıq alırlar.  

Sayı az təşkil edən turistlər maraqla bütün bunları nəzərdən keçirirlər. Və ancaq qağayılar, lap başımızın üstündə ara vermədən bir-biri ilə söyüşür və asan ov imkanlarını müzakirə edirlər. Başını qaldırırsan və sanki uzadılmış əl məsafəsindədir. Onların bərk ağ sinələri, qüvvətli və qanadlarının tez-tez çırpılması, hətta qara balaca gözləri o qədər aydın görünür ki, əlini uzadıb onlara toxunmaq istəyirsən. Heç beləsini görmək müyəssər olmamışdı. Elə bil, göyün üzü səbəbi bilinmədən başımızın üzərində bu cür intensiv dövrə vuraraq, bir-biriləri ilə toqquşmamağı bacaran gursəsli quşlardan ibarətdir...  

Mənzərə o qədər valehedicidir ki, gözlərini ondan çəkə bilmirsən. Onların uçub-getmələrini istəmirsən. Və tam gözlənilmədən olduqca doğma və tanış hisslər keçirirsən. Sanki evdəsən - Bakıda.  Sonra bu hiss dəfələrlə yaranacaq. Amma məhz həmin an anlayırsan ki, bu şəhərdə olan hər bir kəs nə üçün qışqırır: "Ah, Marsel!" və eyni zamanda sirli şəkildə gülümsəyirlər - baxışları ancaq onlara məxsus olan xatirələrin dərinliyinə gedərək dəyişir.

 

Marselin möcüzələri 

"Ey Marsel!" - və bu qağayılar, dar Marsel küçələri ilə Notr-Dam de la Qarda çıxmaq istəyən turistlər üçün kiçik qoşqulu qatar, qəhvəxana və sahil kənarında sırf qrafik üzrə işləyən və tələsən restoranları xatırlayırsan: saat 9-dan 15-dək, sonradan saat 19-dan 22-dək. Orada restoranlar bizdəki kimi ünsiyyət üçün deyil. Orada onlar yemək üçündür. Praqmatik Avropa vaxtın dəyərini bilir. Necə ki, başqa şeylərin də. Axı biz xoş olanı daha da xoş olanla birləşdirməyi xoşlayırıq. Və biz özümüzü məmnuniyyətlə qurman zövqümüzü heç bir məna daşımayan söhbətlərə qovuşdururuq. Köhnə limanın buxtası şəhər ərazisinə hər tərəfdən cəlbedici evlər və çoxsaylı yaxtaların dirəkləri ilə əhatələnmiş, bir növ, kare ilə girir. Bu limana artıq iritonnajlı ticarət gəmiləri daxil olmur. İqtidar qərar verib ki, bu, şəhərin mirvarisi (Köhnə limanı məhz belə adlandırırlar!) pozur, baxmayaraq ki, dəniz buxtasının dibi hər il təmizlənir və limanın akvatoriyası ekoloji cəhətdən ideal vəziyyətdə saxlanılır. Ona görə turistləri yalnız Müqəddəs İohan və Müqəddəs Nikolay, İf qəsrinə aparan katerlərə və yüngül dirəkli yaxtalara onun ərazisində "dayanmağa" icazə verilir. Bu, həqiqətən də gözəldir: rəngarəng evlərin fonunda göyə üz tutan çoxsaylı dirəklər, Köhnə şəhərin bu hissəsi mənzərəyə gözəl şəkildə uyğundur və gəminin yan hissələri sərfəli şəkildə ətraf mənzərənin ümumi rəng qammasına öz mavi və ağ rəngi də qatırlar. 

Limandan çıxdığı zaman Marsel reydini üç kiçik ada qoruyur. Onlardan ən kiçiyi İf qəsridir (1926-cı ildən tarixi abidə). XV əsrdə qoruyucu tikili kimi inşa olunan qəsr, XVI əsrdə dövlət həbsxanasına çevrilib. İlk dustaq monarxiyaya qarşı qəsddə ittiham olunan şevalye Anselm olub; sonradan isə Polşa kralının qardaşı. Hətta "möhürlü məktub" (məhkəmə və araşdırma olmadan həbs olunma və ya qovulma barədə əmri olan kral möhürlü məktub) "yaxşı ailələrdən olan gənclər" də tez-tez burada vaxt keçirirdilər. Lakin qəsrə dünya şöhrətini qraf Monte-Kristo gətirib. Qalanın gözətçiləri deyirlər ki, bu heç də uydurma deyil, reallıqdır və məşhur dustağın saxlanıldığı kameranı göstərirlər. Hətta kameralar arasında qazılan həmin yolu da göstərirlər! Dənizə atılan cəsədlərin yerini biz özümüz müəyyən etməyə çalışmışdıq. Deyəsən, alındı. Amma şübhələnirsən ki, canlı insan bu trayektoriya üzrə uçuşdan necə sağ qalsın? Lakin möcuzələr baş verir? Onlara inanmaq istəyirsən. Eyni zamanda, Edmon Dantesin real siması və onun sağ qalmağı bacaran yeganə qaçaq olduğuna da. Müdafiə tikili kimi inşa olunan qəsrin arxitekturası cəlbediciliyə malik deyil. Deyirlər ki, əvvəllər qəsrə heç kim hücum etmirdi, çünki o, cazibəsiz və qorxulu zahiri görünüşə malik idi. Ən hündür - 22 metrlik olan Müqəddəs Xristoforun qülləsi Şimal-Qərbdə yerləşir. Bu, turistlər üçün baxış meydançasıdır. Onun yuxarı nöqtəsindən dənizə, Müqəddəs İohan və Müqəddəs Nikolay qalaçalarına, Marselə açılan möhtəşəm mənzərələr... 

Günəşli gündə, havanın zəif dumanlı olmadığı halda, Marselə və memarlıq incəliyinin möcüzəsinə - Notr-Dam de la Qard bazilikasına panoram açılır. Məkanı üç otağa bölən və içəridə uzununa gedən ikicərgəli kolonnalara malik uzunsov düzbucaq formasında (memarlıq cəhətdən düz, XIX əsrin ikinci yarısına qədər təkmilləşdirilirdi) məbəd zahid Pyotr tərəfindən gözətçi tikili kimi düşünülüb. Ona görə də o, Marseldə ucalan təpənin ən hündür nöqtəsində yerləşir. Oradan Köhnə liman, Marsel redi və şəhərin özü də sanki əlin içində olduğu kimi görünür. Daha doğrusu, onun damları...

 

Qohumluq hissləri 

Yeri gəlmişkən, bu, tamamilə ayrı memarlıq əhvalatıdır. Yaxud da kinematoqrafik, kifayət qədər maraqlı olan. Halbuki, buna əmin olmaq üçün bircə nəzər kifayətdir. Bazilikanın üzərində 10 metr hündürlüyündə və 4500 kq çəkiyə malik Madonnanın abidəsi dayanır. Deyilənə görə, onun yenidən qurulması zamanı örtülməsinə qızılın 29 400 təbəqəsi sərf olunub. Ona görə də o, həmişə işıq saçır: günəşin doğmasının və batmasının şüalarında. Onun nəzərində şəhər damları altında özünə ikinci vətən tapan minlərlə mühacir talelərini birləşdirməklə dinc yatır və hər bir gününü keçirir. Bununla da Marsel uzaq olmayan keçmişindəki Bakıya oxşayır. Və bu cür hiss olunmayan oxşarlığın və bir növ, qohumluğun ruhunu da limanda başı üzərində uçan qağayıların qarınlarına baxdığı zaman hiss edirsən. Qəribədir? Bəli. Bizim istəyimizdən savayı və izaha malik olmayan bəzi fantastik şeylər mövcuddur. Halbuki, San Vensan de Pol kilsəsinə baxan zaman yaranan, hətta ən sadə suala da cavab tapmırsan. Bu cür burjuaziya-ciddi arxitektura arasında onun üzərində olan iki şpillərin bu cür qotik təmtərağı haradandır?  Məhz evlərin damlarının üstündə yüksələn bu şpillər Köhnə liman buxtasının sahillərindən görünür. Əgər onlara arxanla dayansan, nəzərinə La Kanebyer küçəsinin mənzərəsi açılar. Halbuki, Bakıda onu prospekt adlandırardılar. Onun uzunluğu, təxminən, bir kilometrdir. Məbədin ayaqaltısından başlayaraq o, ibadətxananı Köhnə limanın buxtası ilə birləşdirir. Bu küçə boyunca gəzmək xüsusi zövq verir və bu hissləri, həmçinin gül bazarı və santonların (milad fiqurları) yarmarkası keçirilən miladöncəsi dövrdə də yaşayırsan. 

Bütün bunlar çox gözəldir və nə isə yaxşı bir şeyin sevincli gözləntisi ovqatını oyadır. Yarmarka evcikləri ilə miladöncəsi xırda-xuruşlar arasında dolanırsan  və düşünürsən... birinci dalğanın mühacirləri, Liza Tuqanova - izləri Marseldə haradasa itən, Bakıdan olan osetiyalı qadın, Murtuza Muxtarovun həyat yoldaşı haqqında. Bu izləri necəsə axtarmaq istəyirsən. Amma necə? Həm də nə üçün? Lakin bilmək olmaz. Bəlkə bu, oraya, Marselə qayıtmaq üçün bəhanə olacaq. 

Bu şəhərə uzada-uzada və dalğıncasına ah çəkirsən: "Ah, Marsel!". Və müəmmalı gülümsəyirsən. Axı o, kişi adı kimi səslənir. 

Yeri gəlmişkən, vurğunu ilk hecaya düşürsək, aşağı əsas yelkən üzərində yerləşən, gəmidə düz dördkünc yelkən mənasını verən söz əmələ gətirəcəyik. Həqiqətən, bunda nə isə var. Eləcə də indi küləyin köpdürdüyü yelkənlərlə yelkən gəmisinə bənzəyən şəhərdə... 



MƏSLƏHƏT GÖR:

510