26 Dekabr 2024

Cümə axşamı, 04:32

"MƏNİ İFŞA ETDİLƏR"

Azərbaycanın əməkdar artisti Ayan Mirqasımova uğurlarının sirlərini bölüşür

Müəllif:

30.09.2014

Azərbaycanın əməkdar artisti Ayan Mirqasımova yalnız ekranda, teatr səhnəsində yox, həm də real həyatda emosional və səmimidir. O, böyük məsuliyyət və fədakarlıq tələb edən peşəsini sevir, uğurun yalnız özünü yaradıcılıq işinə tam həsr etdikdə gəldiyini düşünür. Onun fikrincə, bu işi təmənnasız, sevgi ilə görməlisən. Ayan Mirqasımova "R+" jurnalına müsahibəsində sevimli rolları, atası, rejissor Oqtay Mirqasımovla münasibətləri, qızı Ceyran və bir çox digər məsələlər haqqında danışıb.

- Teatr səhnəsi ilə ilk təkbətək görüşünüz nə vaxt olub?

- İlk dəfə səhnəyə Gənc Tamaşaçılar Teatrında çıxmışam və onda 8 yaşım var idi. Bu, Azərpaşa Nemətovun "Ötən ilin son gecəsi" pyesi idi. Baş rolu Firəngiz xanım Şərifova oynayırdı, mənə isə onun nəvəsinin rolu həvalə olunmuşdu. Uşaqlıqda aktyorluq mənim üçün əyləncəli oyun idi. Səhnəyə asanlıqla və sevinclə çıxırdım. Nə həyəcan, nə qorxu var idi. Yəqin ki, bu, gözəl, qayğısız dövr olan uşaqlıqla bağlı idi. Səhnəyə çıxmazdan əvvəl məsuliyyət hissi mənə çox sonralar gəldi.

- Sizə hansı daha yaxındır - kino, yoxsa teatr? Teatr səhnəsində çalışmaq asan və məmnunedicidir, yoxsa çəkiliş meydançasında?

- Kinoda, çəkiliş meydançalarında xoşbəxt, son dərəcə gözəl anlarım çox olub. Axı kino istər ötən, istərsə də indiki əsrin əsl möcüzəsidir. Aktyorluq peşəsinin son dərəcə çətin olmasına baxmayaraq, aktyor olduğum üçün həyatımdan çox razıyam. Teatrda isə sevimli vaxtım adi iş günləri, məşqlərdir. Mən rolun üzərində çalışmaqdan zövq alıram.

- Daim oynamağa hazır olduğunuz ən sevimli rol hansıdır?

- Artıq 23 ildir Səməd Vurğun adına Rus Dram Teatrında çalışıram. Fəaliyyətimin ilk illərində səhnəyə əsasən "massovka"da çıxır, var qüvvəmlə çalışır, kordebaletdə oynayır, nağıllarda heyvanları canlandırırdım, ikinci dərəcəli rollar və epizodlar düşəndə isə uşaq kimi sevinirdim. Sonradan mənə əsas rollar da həvalə olunmağa başladı. Onların arasında klassik repertuardan olan rolları sevdim: Zoya Okayemova (Ostrovskinin "Gözəl kişi"sində), Oliviya (Şekspirin "Hər nə istəsəniz"ində), Anjelika (Molyerin "Zorən xəstə"si"), Katerina Verxovse ("Karamazov qardaşları") və əlbəttə ki, Lope de Veqanın "Hiyləgər aşiq"ində Fenisa rolu.  Bu tamaşanı biz 1995-2005-ci illər arasında 10 teatr mövsümündə oynamışıq. Mənim 40 səhifəlik şerlərim, nəhəng monoloqlarım var idi. İntriqalar, ehtiras, sevgi, qısqanclıq, ispan mahnıları və rəqslər. Məhz bu obrazın sayəsində bizim peşədə məşqin nə qədər vacib rol oynadığını anladım. Onu sonsuzluğadək davam etdirmək olar. Teatrda işləməklə yanaşı, kinoya da çəkilirdim. Həyat məktəbi keçdim, rollarım mənimlə birlikdə böyüdü, hər növbəti tamaşada yeni rənglər peyda oldu, hissiyyatım daha da sərtləşdi, yeni gizli məqamlar üzə çıxdı. Belə rolu əbədi olaraq oynamaq istəyirsən. Təəssüf ki, cavanlıq cövhərini hələ tapa bilməyiblər.

- Bu ilin martında Bakıda Oqtay Mirqasımovun "Qisas almadan ölmə" filminin premyerası oldu. Filmdə siz də çəkilmisiniz. Atanın rəhbərliyi altında işləmək necədir?

- Yeri gəlmişkən, atam bu yaxınlarda keçirilən X Kazan Beynəlxalq Müsəlman Kino Festivalında "Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi" nominasiyasında qalib olub. Əlbəttə ki, "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmində çəkilmək məndə iz qoydu. Peşəkar təcrübəmdə bu, çox maraqlı iş olmaqla yanaşı, filmin əsasını təşkil edən ideyalar dərin fəlsəfəsi baxımından mənim üçün son dərəcə qiymətli və maraqlıdır. Düşünürəm ki, bu filmin çəkilişlərində iştirak etmiş şəxslərin əksəriyyətinin həyat təcrübəsi artıb, şüuru genişlənib. Bəlkə də film bəzilərinin dünya görünüşündə köklü dəyişikliklərə səbəb olub. Qəhrəmanlarımızla birlikdə istər ərazi baxımından (film Azərbaycanda, Gürcüstanda və Almaniyada çəkilib), istərsə də mənəvi nöqteyi-nəzərdən çətin yol keçdik. Rejissor, atam Oqtay Mirqasımovla münasibətlərə gəlincə, səmimi cavab verəcəyəm: o, savadlı və istedadlı insandır və onunla işləmək çox maraqlıdır.

- Ayan, atanızın tanınmış rejissor olduğunu neçə yaşınızda dərk etdiniz?

 - Mən özümü uzun müddət uşaq saymışam. Əlbəttə ki, lap erkən yaşlarımdan atam mənim üçün maraqlı idi. Amma uşaqlıqda o, mənim üçün ilk növbədə qayğıkeş, məni sevən ata idi. O, anamla çiyin-çiyinə məni, bacımı böyüdüb, vaxtilə valideynlərindən aldığı ən qiymətli şeyləri bizə ötürməyə çalışıb. Onun məşhur şəxsiyyət olduğunu sonralar anlamışam. Bu gün tez-tez düşünürəm ki, Mirqasımovlar ailəsində doğulmağım mənim üçün yalnız böyük şərəf və taleyin hədiyyəsi yox, həm də böyük məsuliyyət və fəxrdir. Atamın atası Mir Əsədulla Mirqasımov Azərbaycanın ilk cərrah alimi, tibb elmləri doktoru, professor olub. O, ölkəmizdə müasir tibb təhsili və elminin banisidir. Atamın anası Ceyran xanım məşhur Axundovlar və Bayraməlibəyovlar ailəsinin kiçik qızı olub. O, adlı-sanlı ailələrdən olan əksər həmyaşıdları kimi, gözəl təhsil alıb.

- Siz, sizdən əvvəl isə atanız Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirmisiniz. Məşhur rejissorun qızı kimi, kinematoqrafiya sahəsindəki əsas ali məktəbdə oxumaq asan idimi?

- ÜDKİ-də mənimlə birlikdə bir çox məşhur kinematoqrafçıların övladları təhsil alıblar - Fyodr Bondarçukun, Anna Tixonovanın, Olqa Şuşkinanın və s. O dövrdə məşhur nəsildən olman haqda danışmaq dəbdə deyildi. Biz hamımız bir-birimizə və müəllimlərə bu ali məktəbə təsadüfən gəlib çıxmadığımızı nümayiş etdirməyə çalışırdıq. Sübut etmək istəyirdik ki, biz həyatda hər şeyə özümüz nail oluruq. Üstəlik vaxtilə atam da bu ali məktəbi bitirmişdi və professorlar, müəllimlər onu xatırlayırdılar. Yadımdadır, günlərin birində müasir kino tarixindən seminarda müzakirəyə atamın "Şeytan göz qabağında" filmi çıxarılmışdı. O dövrdə bu, ən populyar filmlərdən idi. Film Ümumittifaq kinofestivalında birinci yeri tutmuşdu. Ağzınacan dolu akt zalında əyləşib, nəfəsimi içimə çəkib filmi izləyirdim. Titrdə Mirqasımov soyadının uşaqların diqqətini çəkəcəyindən çox narahat idim. İstəmirdim ki, Oqtay Mirqasımovun qızının ÜDKİ-də guya "varisliklə" oxuduğu haqda söhbətlər getsin. Tələbələr filmi böyük coşqu ilə qarşıladılar, oradakı parlaq epizodlar, aktyor işləri uzun müddət müzakirə olundu. Düşündüm ki, onlar sadəcə Oqtay Mirqasımovla eyni soyadın daşıyıcısı olduğumu fikirləşiblər. Elə bu an moldovalıların qrupundan bir qız mənə yaxınlaşaraq soruşdu: "Ayan, rejissor qızı olmaq necədir?". "İfşa olunduğum" üçün yer ayrılsa yerə girərdim. Necə də axmaq olmuşam! İndi anlayıram ki, bu həyatda ən vacibi şəxsi iddialar, nəyisə sübut etmək arzusu, karyerada inkişaf deyil. Ən vacibi ail? və bağlı olduğun köklərdir. İndiki və gələcək nəsillər üçün möhkəm dayaq məhz onlardır. 

- Qızınız haqda danışın. Nələri sevir, nə ilə əylənir? Artıq hansı peşəyə yiyələnəcəyini müəyyənləşdiribmi?

- Əksər aktyorlar uşaqlarının onların yolu ilə getmələrini istəmirlər. Qızım Ceyran diqqətli və ağıllı qızdır. Hələlik o, peşə seçimi etməyib. Amma onun humanitar sahəyə gedəcəyi aydındır.

- Leyla Əliyevanın bir neçə şeirini səsləndirmisiniz. Onlar sizə nə qədər yaxındır və sizdə hansı hisslər yaradır?

- Leyla Əliyevanın yaradıcılığı məni ilk şeirinin ilk misrasını oxuduqda maraqlandırıb: "Mən səni atmaq istəmirəm, mən səni atmaya bilmirəm...".

Teatrda və kinoda mənim peşəkar təcrübəm ilk növbədə dramaturgiya ilə, ziddiyyətlərin toqquşması ilə bağlıdır. Leyla Əliyevanın şeirlərində isə şübhələrə, daxili mübarizəyə əsaslanan, insan ruhunun ən həssas hisslərinə toxunan nəsə var. Və ən əsası, Leyla Əliyevanın poeziyasındakı kədər çox aydın və işıqlıdır, ondakı dramatizm isə insanı sıxmır, əksinə, düşündürür. Onun yazdıqları çox pozitiv, insanpərvər, zərif və çox səmimi şeirlərdir.

- Sizi Azərbaycanın müasir aktrisaları arasında ən yaxşılardan biri sayırlar. Uğurlarınızın formulu nədən ibarətdir?

- Təşəkkür edirəm. Uğur yalnız qarşına nəyin bahasına olursa-olsun, əldə edəcəyin hədəflər qoyduqda gəlir. Bu zaman nəticəni düşünməməli, yaradıcılıqla təmənnasız, sevgi ilə məşğul olmalısan.



MƏSLƏHƏT GÖR:

633