Müəllif: Ənvər MƏMMƏDOV Bakı
O qədər də böyük olmayan zaman kəsiyində, təxminən, 10 ildə Azərbaycanın reakrasiya sektoru ciddi inkişaf yolu keçərək, regionda bu sahədə ən ciddi nəticələr əldə edib. O, rəqabətin son dərəcə yüksək olduğu dünya bazarındakı yerini tədricən təsdiq edir. Son illərdə formalaşmış ənənəyə əsasən, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi sentyabrın sonunda yay istirahət mövsümünün nəticələrinə nəzər yetirir, bu hadisəni dünyanın bütün ölkələrinin qeyd etdiyi və BMT tərəfindən dəstəklənən Ümumdünya Turizm Gününə həsr edir.
Ümumilikdə ötən 10 ildə Azərbaycan turizm sənayesinin əsas elementlərini yaratmağa nail olub. Ölkədə müasir otellər, istirahət məkanları yaradılıb, reakriasiya xidməti mövcuddur. Son məlumatlara görə, Azərbaycanda 500-dən artıq mehmanxana və otel fəaliyyət göstərir. Onlar ümumilikdə 35 mindən artıq insanı qəbul etmək iqtidarındadır. Bununla yanaşı, hazırda, təxminən, 50 müxtəlif səviyyəli otelin tikintisi həyata keçirilir. Onların da istismara verilməsindən sonra ümumi qonaq tutumu 10-15 min və ya 40% artacaq.
"Ölkəmizin turizm sektoru sürətlə inkişaf edir. Son 2-3 il ərzində şəhərimizdə beşulduzlu altı otel tikilib. İndi bölgələrdə də bu proses gedir. Bölgələrdə müasir dağ xizəyi kurortları yaradılır. Bu il yalnız Şamaxıda, Qubada, Qəbələdə 5 ulduzlu otellər, qolf meydançaları istifadəyə verilib. İlin sonunadək isə Naftalanda sayca üçüncü yüksək səviyyəli balneoloji kurort açılacaq, - deyə bu yaxınlarda İsmayıllı və Qəbələ rayonlarına səfər etmiş Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Ümumdünya Turizm Təşkilatı (ÜTT) bəyan edib ki, Beynəlxalq Turizm Gününün qeyd olunmasında məqsəd onun təbliği, bu sahənin dünya iqtisadiyyatına töhfəsinin işıqlandırılması, müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır. Bu haqda qərar 1979-cu ildə ÜTT-nin İspaniyanın Torremolino şəhərində keçirilən konfransında qəbul olunub və hər il sentyabrın 27-də dünyanın əksər ölkələrində müvafiq tədbirlər keçirilir.
2001-ci ildən başlayaraq, hər il Azərbaycan da bu beynəlxalq bayramı qeyd edir, həmin gün dekorativ-tətbiqi sənət nümunələrinin sərgisi, fotobiennale, bayram konserti təşkil olunur. Eyni gündə paytaxtın bütün muzeyləri və "İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi "Açıq qapı" günü elan edir. Bu il də istisna olmayıb və bayram günü ölkədə çox sayda kütləvi mədəni və əyləncəli tədbirlər təşkil olunub. Daxili turizmdə ilin yekunlarına həsr olunmuş ümumrespublika konfransında Mədəniyyət və Turizm Nazirliyinin layihələri təqdim edilib, ilk Avropa Oyunlarına hazırlıq məqsədilə görülən işlər açıqlanıb, "Baku Guide" kataloqu təqdim olunub və s.
"Bu il bizim üçün kifayət qədər məhsuldar keçib: Azərbaycan ilk dəfə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin üzvü kimi, bu qurumun iclasının ölkəmizdə keçirilməsinə nail olub. ÜTT-nin tövsiyələrinə uyğun olaraq, Azərbaycanda xüsusi proqramlar reallaşdırılıb, seminarlar, texniki iclaslar keçirilib", - deyə konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, ilin ən uğurlu nəticələrindən biri Aİ-nin ictimai turizm təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş tvinninq layihəsinin reallaşdırılmasıdır. "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə səyyar turizmin inkişafı istiqamətində görülmüş birgə işləri də uğurlar sırasına aid etmək olar. Bu, 2014-cü ilədək ölkədə bir neçə yeni turizm istiqamətinin açılmasını nəzərdə tutur.
"Ölkənin regionlarda hər il aparılan monitorinqlər göstərilən xidmətlərin səviyyəsinin və keyfiyyətinin optimallaşdırılmasına imkan verir. Yayda həyata keçirilmiş monitorinqlər zamanı regionlarda insanların daha çox üz tutduqları 2 və 3 ulduzlu otellərdə turizm xidmətlərinə görə qiymət artımının olmadığı üzə çıxıb və bu da sevindirici haldır", - deyə Ə. Qarayev qeyd edib.
Xaricdən turist axınının artırılması məqsədilə, o cümlədən 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunları ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi turizm obyektləri və şirkətlərinin lisenziyalaşdırılması prosesinin sürətləndirilmsi üçün tədbirlər görmək niyyətindədir.
Azərbaycanın turizm sektorunda qeydə alınan bu uğurlar beynəlxalq ekspertlərin diqqətindən kənarda qalmır. Məsələn, Azərbaycan mehmanxana infrastrukturunun genişləndirilməsi və ümumilikdə turizmin inkişafı templərinə görə postsovet məkanında ilk 4-lüyə düşüb və Ümumdünya İqtisadi Forumunun bu yaxınlarda apardığı araşdırmalar bunu bir daha təsdiqləyib. Turizm və səyahətlər sahəsində dünyanın ən nüfuzlu dərgilərindən olan "National Geographic Traveler" jurnalı regional turizm bazarları seqmenti ilə bağlı 2014-cü ildə aparılmış araşdırmanın nəticələrini açıqlayıb. "İlin kəşfi" nominasiyasında Azərbaycan Cənubi Koreyanı, Rusiyanın cənub kurortlarını və İslandiyanı inamla qabaqlayaraq, ilk üçlüyə düşüb.
Bununla yanaşı, son bir neçə ildə ölkənin turizm infrastrukturunun inkişafı prosesinə ciddi düzəlişlər edilib. Məqsəd potensialdan daha effettiv istifadə olunmasıdır. "Bu gün ölkədə turizm klasterlərinin formalaşdırılmasına xüsusi diqqət ayrılır: Şahdağ, Qəbələ, Quba, Qusarda artıq belə rekreasiya zonaları yaradılıb. Hazırda Şəmkirdə və Göygöldə də klasterlər formalaşdırırıq. Onların ölkənin cənub regionlarında yaradılması nəzərdə tutulur. Təcrübə göstərir ki, bu, turizmin inkişafı baxımından ən effektiv təcrübədir", - deyə Ə.Qarayev qeyd edib.
Nəhəng regional rekreasiya zonalarının yaradılması "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın prioritetləri arasında çoxdan yer alıb. Turizm klasterləri - məhdud ərazidə qurulmuş və bir-biri ilə əlaqəli olan turizm məhsullarının hazırlanması, istehsalı və satışı, həmçinin turizm və rekreasiya xidmətləri ilə bağlı fəaliyyətlə əlaqəli müəssisələrin yaradılması deməkdir.
Bu cür turizm xabları dünyanın bir çox regionlarında yaradılır və onlar ümumi infrastrukturun saxlanılması xərclərinin azalması, yaşam, qidalanma, əyləncə, idman, sağlamlıq və digər turizm xidmətlərinin göstərilməsi baxımından daha rentabelli və effektivdir. O, daha çox turistin qəbuluna və onlara ən yüksək səviyyədə xidmət göstərilməsinə imkan verir. Bundan başqa, rəqabətin yüksək olması lokal turizm xablarında qiymətlərin ucuzlaşmasına imkan verir. Bütün sadalananlar Azərbaycana xarici turist axınının artırılması baxımından ideal şəraitin göstəriciləridir.
İLK MƏNBƏDƏN
«Turizmin inkişafı baxımından Bakı - paytaxtımız birinci yerdədir. Bakıda indi dünyanın bütün əsas otel şəbəkələri fəaliyyət göstərir. Son 2-3 il ərzində şəhərimizdə beşulduzlu altı otel tikilib. Bütün bu otellər ən yüksək səviyyədə xidmət göstərir. Bu, ölkəmizin inkişafını göstərir və investorların Azərbaycanın gələcəyinə inamını əks etdirir».
İlham ƏLİYEV, Azərbaycan Prezidenti
MƏSLƏHƏT GÖR: