
VƏTƏN, HƏBSXANA, YOXSA MEHMANXANA?
Bu gün erməniləri birləşdirən yeganə amil fetişləşdirilmiş qəhrəmanlar və tarixin yalan təfsiridir
Müəllif: Fuad HİLALOV Bakı
Ermənistanda V "Ermənistan - diaspor" forumu keçirilib. Elə həmin günlərdə Vatikana səfər edən Ermənistan prezidenti Serj Sarqsyan Roma Papası Birinci Fransisk ilə görüşüb. Sözügedən tədbir çərçivəsində səsləndirilən bəyanatlardan iki nəticəyə gəlmək olar: Ermənistan bir dövlət olaraq formalaşa bilməyib və o, tarixdən heç nə öyrənməyib. İndi isə təfsilatı ilə...
"Ermənistan" mehmanxanası: baha satılır
Hələ forumun açılışı ərəfəsində Ermənistan KİV onun əhəmiyyətinə kifayət qədər şübhə ilə yanaşırdı. ""Ermənistan - diaspor" forumlarının tarixi tostlar, toy mərasimləri və digər təntənəli tədbirlər üçün bəlkə də dəyərli ola bilər. Amma bu forumların mənası nədir? Turizm? Müstəqillik illərində Ermənistan - diaspor münasibətləri diqqətdən kənarda qalıb, romantizm, tost, tamada çıxışları çərçivəsindən kənara çıxmayıb", deyə "Jamanak" qəzeti yazırdı.
Həqiqətən də bu gün Ermənistan rəhbərliyi ilə diaspor arasındakı qarşılıqlı münasibətləri yumşaq desək, birmənalı qiymətləndirmək olmaz. Bu ölkənin bütün tarixi ərzində heç zaman hakimiyyətlə "spryuk" (diaspor) arasındakı münasibətlərdə indiki qədər problem olmayıb.
Hələ 90-cı illərin əvvəllərində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan erməni diasporunun ciddi dəstəyinə malik idi. Qərbpərəst siyasətçi olan Ter-Petrosyanı diaspor "öz adamı" sayırdı. Lakin aşkar bandit fəaliyyəti üzündən "Daşnaksutyun" partiyasının fəaliyyətini qadağan edən Ter-Petrosyan bununla da diasporun dəstəyini itirdi. Diaspor arasında ən güclü siyasi təşkilat olan "Daşnaksutyun" Ter-Petrosyana bu "satqınlıq"ı bağışlaya bilməzdi və onu prezidentlik kürsüsünü tərk etmək məcburiyyətində qoyan amillərdən biri də məhz bu olub.
"Saray çevrilişi"ndən sonra hakimiyyətə gələn Robert Koçaryan var qüvvəsi ilə diasporu razı salmağa çalışıb: daşnakların fəaliyyəti hüquqi müstəviyə qaytarılıb; ASALA kimi terrorçu təşkilatlar hörmət-izzətlə yad edilib, dünya terrorçuluğu ilə əlaqəli silahlı və yarımməxfi təşkilatlar yaradılıb.
İrəvanla diaspor arasında münasibətlərin birdəfəlik pisləşməsi isə 2008-ci ildə Serj Sarqsyanın hakimiyyətə gəlməsindən sonraya təsadüf edir. Ermənistanda hələ Koçaryanın dövründə başlamış proses -Rusiyanın nüfuz dairəsinə daxil olma məhz Sarqsyanın dövründə tam şəkildə reallaşıb.
Rusiyanın Ermənistanda tam "oturuşması" ənənəvi olaraq Qərb dövlətlərinin carçısı sayılan diasporu oradan uzaqlaşdırır. Hələ Rusiya şirkətləri tərəfindən alınmamış biznesin bir əldə cəmlənməsi, total korrupsiya və bürokratik əngəllər erməni diasporu təmsilçilərinin Ermənistanın iqtisadi həyatında iştirak etməsinə imkan vermir. Son illərdə Ermənistan iqtisadiyyatına erməni əsilli biznesmenlər tərəfindən ciddi investisiya yatırılması hallarına demək olar ki, rast gəlinmir. Bunun əvəzində müxtəlif səviyyəli məmurlar tərəfindən verilmiş vədlərə əməl olunmaması halları kifayət qədərdir.
Diasporun nüfuzlu nümayəndələri bu məsələni dəfələrlə qaldırıblar. Məsələn, Şarl Aznavur Ermənistanın bəlası kimi iqtisadiyyatın bir neçə insanın inhisarında olmasını göstərib. "Daşnaksutyun"un Amerika nümayəndəliyinin təmsilçiləri isə Serj Sarqsyanla birgə nahara qatılmaqdan imtina edib, bunu prezidentin oriqarxların əməllərinə göz yumması ilə əsaslandırıblar.
Bütün bunlara rəğmən, İrəvan hələ 15 il əvvəl keçirilmiş I "Ermənistan - diaspor" forumundan bu yana hər dəfə diaspor təmsilçilərini ölkə iqtisadiyyatına investisiya yatırmağa çağırır və bunun üçün onlara son dərəcə əlverişli şərait vəd edir. Amma yuxarıda sadalanan səbəblər üzündən Ermənistan iqtisadiyyatına yatırılan investisiyaların həcmi ildən-ilə azalır. Bu ənənə 2014-cü ildə də pozulmayıb. Ölkənin ən qüdrətli oliqarxlarından olan baş nazir Ovik Abramyan ölkədə investisiya mühitinin cəlbediciliyindən danışıb, biznesmenləri Ermənistan iqtisadiyyatına kapital yatırmağa çağırıb. Bu ənənəvi "dəvət"dən sonra Ermənistanın diaspor naziri Qranuş Akopyanın verdiyi bəyanat kifayət qədər maraqlıdır. Akopyanın fikrincə, diaspor nümayəndəsi olan investorun Ermənistanda işləmək arzusu varsa, o, əvvəlcə Diaspor Nazirliyilə məsləhətləşməlidir. Çünki ayrı-ayrı şəxslər ölkəyə gələrək hansısa şəxslərlə ümumi iş qurmağa çalışır və sonda Ermənistanı tərk edirlər. Akopyanın bu bəyanatını xarici biznes üzərində tam nəzarətin qurulması və gəlirin bölüşdürülməsində iştirak istəyindən başqa heç cür qiymətləndirmək mümkün deyil.
Bütün ermənilərin Katolikosu II Qaregin daha ağıllı bəyanatla yadda qalıb: "Ermənistanda ədalətsizlik halları var. Lakin bu, vətəndaşların vətənpərvərliyinə təsir göstərməməlidir!!!".
Forumun əsas "incisi" isə Ermənistan prezidenti S.Sarqsyanın yekun nitqi olub: "Əminəm ki, vətən ermənilər üçün həbsxanaya çevrilməməlidir. Amma o, mehmanxana da olmamalıdır. Mehmanxana qonaqlar üçündür. Hər bir erməni isə burada ev yiyəsi olduğu üçün ürəklənməlidir". Düşünmək olar ki, belə mühüm çıxışın şərhə ehtiyacı yoxdur. Bizim fikrimizcə, vətən həm də insanın əcdadlarının yaşadığı torpaqlardır. Bu mənada erməni xalqını Ermənistanla bağlayan heç nəyin olmadığını nəzərə alsaq, ölkə ermənilərin gözündə ya cəzaçəkmə məkanıdır, ya da asudə vaxtın keçirilməsi üçündür.
Əsrlik avantüra davam edir
Amma Ermənistanla diaspor arasında nə qədər fikir ayrılıqları, çəkişmələr olsa da, onları yaxınlaşdıran amil də mövcuddur. Bu amil Ermənistanı çoxdan düşdüyü sistem böhranından çıxaracaq yaradıcı, konstruktiv amil deyil. Bu faktor 100 il əvvəl baş vermiş hadisələrin təhrif olunmasına söykənir. Əlbəttə ki, söhbət Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasında guya baş vermiş "erməni soyqırımı"nın 100-cü ildönümündən gedir. Ermənilərin birliyindən və qarşılıqlı yardımından nə qədər danışılsa da, əminliklə söyləmək olar ki, bu gün bu xalqın nümayəndələrini birləşdirən yeganə amil fetişləşdirilmiş qəhrəmanlar və tarixin yalan təfsiridir. 100 illik ərəfəsində isə bu cür tədbirlər dünya erməniliyinin beynəlxalq aləmə "soyqırım ideyası"nı qəbul etdirmək üçün qurduqları vahid strategiyaya əsaslanır.
Sarqsyan forum iştirakçıları qarşısındakı yekun nitqində daha sonra deyib: "2015-ci il erməni xalqının tələbləri üçün son hədd yox, milli oyanışda yeni mərhələdir". Başqa sözlə, 2015-ci ildən sonra ermənilərin Türkiyəyə qarşı iddialarına son qoyulacağını düşünmək sadəlöhvlük olardı. "Soyqırımı" mövzusunun qızışdırılmasının başlanğıcını 1965-ci ildən, yəni, bu terminin aid edildiyi hadisənin 50 illiyindən sonrakı dövrdən götürür.
"Erməni soyqırımı"nın 100-cü ildönümü ilə bağlı tədbirlərin koordinasiyası üzrə Dövlət Komissiyası gələn il "Ümumerməni şurası"na çevriləcək və öz növbəsində, Ermənistanla diaspor arasında əlaqələrin koordinasiyası üçün platforma rolunu oynayacaq.
S.Sarqsyan bu istiqamətdə məqsədyönlü işlərin dini qurumlar, ənənəvi partiyalar, ümumerməni və ictimai təşkilatlar, Ermənistan KİV və diaspor nümayəndələri tərəfindən də aparıldığını söyləyib.
Dini strukturların siyahıda ilk yerdə göstərilməsi əbəs deyil. Forum erməniliyin strategiyasını üzə çıxarır və aydın olur ki, ən yuxarı pilləyə yenə də kilsə və inanc qoyulur. Bu mənada güman ki, Böyük Klikiya Evinin Katolikosu I Aramın sözlərini ən sensasion fikirlər saymaq olar: "Katolikosluq gələn il Türkiyənin Konstitusiya Məhkəməsindən Adana əyalətinin Kozan şəhərindəki iqamətgahın və mülkün geri qaytarılmasını tələb etməyə hazırlaşır. Biz bu cəsarətli addımı sentimentallıq üzündən və ya təbliğat məqsədilə atmırıq. Son 2 ildə bizim iştirakımızla beynəlxalq hüquq və məhkəmə məsələləri üzrə əcnəbi mütəxəssislərlə toplantılar keçirilib".
I Aramın bu işdə təbliğat niyyətinin olmaması haqda fikirləri aşkar biclikdir. Çünki katolikosluğun müraciətinə rədd cavabı alacağı hər kəsə bəllidir və bu halda iddianın təbliğat xarakteri daşıdığına şübhə qalmır. Bunun ardınca onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilərlər və heç kim üçün maraq doğurmayan bu absurd prosesi ermənilər, az qala, dünya əhəmiyyətli hadisə kimi təqdim edəcəklər. Bundan başqa, ortaya bir sual da çıxır: xarici mütəxəssislər katolikosa nədən məhz Türkiyə Konstitusiya Məhkəməsinə üz tutmasını məsləhət görüblər? Mütəxəssislər ona bu addımın elementar məntiqinin olmadığını, onun əsassızlığını niyə söyləməyiblər? Həqiqətənmi Türkiyə ərazisindəki məbəd ermənilər üçün yəhudi dövlətinin ərazisində yerləşən bütün dünya xristianlarının İsa Peyğəmbər Məzarı məbədindən daha əhəmiyyətlidir? Nədən məsələn, yunanlar Türkiyədən İstanbul ərazisindəki Müqəddəs Sofiya Kilsəsini və bir çox digər məbədi tələb etmirlər? Niyə erməni kilsəsi qonşu İran və ya, məsələn, Ukrayna ərazisində yerləşən məbədlərinə iddia etmir?
Bu suallar açıq qalır. Amma artıq qeyd edildiyi kimi, kilsə saxtakarların əlində əsas alət məhz kilsə olacaq. V "Ermənistan - diaspor" forumunun açılışı günündə Sarqsyanın tələsik Vatikana səfər etməsi də təsadüf deyildi. Onun Roma Papası Fransisklə görüşündə əsas müzakirə mövzusu məhz "soyqırım"ın 100-cü ildönümü olub və əlbəttə ki, Katolik Kilsəsinin rəhbəri 2015-ci il aprelin 24-də qondarma soyqırımın 100 illiyi ilə bağlı tədbirdə iştiirak etməsi üçün İrəvana dəvət olunub.
Ümumiyyətlə, rəsmi İrəvan Vatikanla qarşılıqlı münasibətlərə xüsusi əhəmiyyət verir. Serj Sarqsyanın kürəkəni, qayınatasının varisinə çevrilə bilməyən mediamaqnad Mikael Minasyanın Ermənistanın Vatikandakı səfiri postunu tutması da əbəs deyil.
Bəs forumun keçirildiyi bir vaxtda S.Sarqsyanı belə tələsik Vatikana baş çəkməyə nə vadar edib? Məsələ ondadır ki, Fransisk bu ilin payızında Türkiyəyə səfər etməyə hazırlaşır. Türkiyədə Papa ölkə rəsmilərilə görüşəcək, suriyalı qaçqınların həyat şəraitilə tanış olacaq, İstanbulda yunan patriarxiyasının açılışına qatılacaq. Papanın səfər çərçivəsində Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirələrin aparılması da nəzərdə tutulub. Əlbəttə ki, Sarqsyan müsəlman xalqları arasında "xristianların dayağı" olan iztirablı erməniləri Papaya xatırlatmaq şansını əldən qaçıra bilməzdi.
"Qədim xalqın iztirabları" haqda danışmaqla, 2015-ci ilin ərəfəsində Vatikan tərəfindən cüzi də olsa, dəstək vədinin alınması pis olmazdı. Təbii ki, Sarqsyan bu görüşdə Ermənistanda erməni katoliklərin pozulan hüquqları haqda danışmayıb. Orada müqəddəs Eçmiadzinin himayəsi ilə "bir xalq-bir dövlət", yəni qriqorianlıq siyasətinin yürüdüldüyü məlumdur. Müvafiq olaraq, Ermənistanda xristianlığın başqa təriqətləri az qala qanunsuz elan olunub. Bununla yanaşı, Sarqsyan abırsızlığın piki sayıla biləcək başqa bir bəyanat da səsləndirib: "Həqiqət ondan ibarətdir ki, keçmişdə baş vermiş cinayətlərə görə töhmət olmadan, gələcəkdə sülh və təhlükəsizlik mümkün deyil. Məhz bu üzdən dindən nifrətin təbliği üçün, yaxud başqa dinlərə qarşı istifadə etmək olmaz. Biz dinin zorakılığa, müharibəyə xidmət etməsinə imkan verə bilmərik...". Bu sözləri söyləyən Ermənistan prezidenti Serj Sarqsyandır - səhra komandiri olmuş Serj Sarqsyan. Onun rəhbərliyi altında özlərini "xaç yürüşçüləri" adlandıran, tankların, formaların üzərinə xaç şəkli çəkən ermənilər Qarabağda dinc sakinlərə qarşı yalnız müsəlman olduqları üçün görünməmiş cinayətlər törədiblər.
Beləliklə, 100 il əvvəl olduğu kimi, bu gün də erməniliyin əlində vasitələrdən biri dini strukturlardır. Bu strukturları erməni kilsəsinin 1933-cü ildə daşnaklar tərəfindən öldürülmüş baş keşiş Levon Turyan "erməni inqilabi partiyalarının ocağı, dəhşətli iblis proqramlarının işlənib hazırlandığı strukturlar" adlandırmışdı. İllər keçir, yüzillik arxada qalır, amma dəyişən bir şey yoxdur.
MƏSLƏHƏT GÖR: