24 Noyabr 2024

Bazar, 21:42

"İPƏK KÜLƏYİ"NİN YELKƏNLƏRİ ALTINDA

Yükdaşıma imkanlarına görə, "Yeni Bakı" limanı Xəzəryanı regionda birinci yerə çıxacaq

Müəllif:

30.09.2014

Azərbaycan Prezidenti İlham Əliyev "Yeni Bakı" beynəlxalq ticarət dəniz limanında bərə terminalının açılış mərasimində iştirak edib. Ələt limanı və Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu dəhlizinin potensialı TRASECA nəqliyyat dəhlizi layihələrində fəal şəkildə istifadə olunacaq. Xüsusilə də bərə terminalı "Iron Silk Way" multimodal konteyner daşımaları üzrə yeni regional layihənin əsas komponenti olacaq. 

 

 

Növbə  ardınca növbə

Bir neçə il bundan əvvəl Azərbaycan hökuməti bərə keçidi və Bakı limanının digər nəqliyyat infrastruktur obyektlərinin, nəqliyyatla xeyli yüklənən paytaxtdan kənara köçürülməsi və Ələt qəsəbəsində ölkənin yeni dəniz "darvaza"larının sıfırdan tikilməsi ilə bağlı qərar qəbul edib. 2010-cu ilin noyabr ayında dövlət başçısının iştirakı ilə limanın təməlqoyma mərasimi keçirilib və layihənin birinci növbəsi çərçivəsində işlərə start verilib. Və budur, dörd ildən sonra Azərbaycan Prezidenti İlham Əliyev yeni limanda bərə terminalının açılışı ilə əlaqədar keçirilən mərasimdə iştirak edib. "Ölkənin yeni dəniz "darvaza"ları regionda Azərbaycanın tranzit imkanlarından tam şəkildə istifadə etməyə kömək edəcək, və təbii ki, bizim nəqliyyat təhlükəsizliyimizi təmin edəcək. Xəzərdə ən iri olan ticarət limanının Xəzəryanı ölkə başçılarının sammitindən əvvəl istismara verilməsi bizim ümumi işimiz üçün böyük töhfə rolunu oynayacaq", - deyə prezident bildirib.

Bununla da yeni limanın birinci mərhələsinin əsas obyekti - bərə terminalı istismara verildi. Nisbətən qısa müddət ərzində görülən işin həcmi kifayət qədər möhtəşəmdir. Belə ki, bərə körpüsü sahəsində Xəzər dənizinin suyunun səviyyəsinin dəyişməsindən asılı olmayaraq, eyni vaxtda iki bərəni qəbul edə bilən əsas körpü tikilib.  Bərə körpüsünə xidmət üçün dəmir yolu-bərə birləşdirici 2 körpü və bir xidməti körpü inşa edilib. 

Bərə terminalı ilə birlikdə 400 hektarlıq ərazidə quru yüklər terminalı, konteyner sahəsi, habelə bir sıra digər infrastruktur obyektlərin tikintisi aparılıb. Müasir naviqasiya - rabitə sistemləri ilə təchiz olunan beş dəmiryol xəttindən ibarət çeşidləmə park, avtomobil yolu, körpü və s. istismara hazırdır. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın "Van Oord" şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yan almasına imkan verir. 

"Yeni Bakı" limanının digər sahələrində tikinti işləri tam gücü ilə davam edir və ikinci mərhələ çərçivəsində yaxın 1-2 il ərzində Ro-Ro tipli gəmilər üçün bir körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalının istismara verilməsi də nəzərdə tutulub. Quru yük terminalının ümumi uzunluğu akvatoriya hissəsində 650 metr təşkil edir. Həmçinin birinci və ikinci mərhələnin obyektləri ilə xidməti gəmilər üçün təmir bazasının, limanın inzibatı binasının, sərnişinlər üçün beynəlxalq giriş-çıxış zallarının, yük sahələri və müxtəlif anbarların - bütövlükdə müxtəlif təyinatlı 30 binanın tikintisi həyata keçiriləcək. Güclü liman kranları da quraşdırılır. Limanın ərazisində müasir avadanlıqlarla təchiz olunmuş sərhəd və gömrük xidməti məntəqələri yerləşdiriləcək. 

Yaxın gələcəkdə liman ərazisində Xəzərin limanları arasında multimodal yükdaşımaların inkişafına yönəlmiş və 100 min standart konteynerə xidmət göstərilməsini nəzərdə tutan iri regional logistika mərkəzinin tikintisinə başlanılacaq. Qeyd etmək lazımdır ki, bu kapitalyüklü layihənin bütün mərhələləri 870 mln. manat həcmində qiymətləndirilir və əsasən dövlət vəsaitləri hesabına maliyyələşdirilir.  

 

Əsas  komponent

Ələt limanının yaxın gələcəkdə yük potensialı necə görünür? Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 mln. ton yük və 50 min konteynerdən ibarət olacaq. "Biz yükdaşımaların Bakının mərkəzindən Ələtə müntəzəm köçürülməsi istiqamətini seçmişik. Buna görə də bərə əlaqəsi mərhələli şəkildə həyata keçiriləcək. Müvafiq olaraq, paytaxtda mövcud terminalın fəaliyyəti müəyyən müddət ərzində davam edəcək", - deyə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. 

Bununla belə, bu fasilə kifayət qədər haqlıdır, çünki yeni limanda yükdaşımaların artımının yüksək nöqtəsi gələn ilin payına düşəcək. Transxəzər yükdaşımalarının artması ilə terminalın gücü nəzərəçarpacaq dərəcədə genişləndiriləcək: ikinci mərhələdə limanın gücü 17 mln. ton yük və 150 minədəl konteyner, üçüncü mərhələnin tamamlaması ilə isə 25 mln. ton yük və      1 mln.-a qədər konteynerə yüksələcək. O vaxta qədər yük imkanlarına görə "Yeni Bakı" limanı Xəzəryanı regionda birinci pilləyə qalxacaq. 

Bununla yanaşı, artıq gələn il bərə terminalının yükləməsinin nəzərəçarpacaq artımı gözlənilir: 2015-ci ilin ikinci yarısında Bakı-Tiflis-Qars dəmiryol dəhlizinin işə düşməsi və multimodal konteyner yüklərin dəmir yol-bərə nəqlini nəzərdə tutan "Iron Silk Way" layihəsinin icrası gözlənilir. Düzünü desək, bu miqyaslı başlanğıc cari ilin iyul ayında Bakı-Poti marşrutu üzrə gedən və 25 vaqondan ibarət konteyner qatarın yola salınması üzrə pilot layihənin həyata keçirilməsi ilə artıq start götürüb.

Söz düşmüşkən, müvafiq istiqamətdə konteyner daşımalar hələ 1996-cı ildə həyata keçirilib, lakin sonradan dayandırılıb. Layihənin bərpa olunma operatorları qismində tarifləri və konteyner qatarının qrafikini tənzimləyən "Azərbaycan Dəmir Yolları" QSC və Gürcüstanın "Trans Caucasus Terminals LLC" şirkətləri çıxış ediblər. Bu günə kimi konteynerlərin çatdırılması əsasən avtomobillər vasitəsilə həyata keçirilirdi və üç-dörd gün tələb edirdi. İndi isə Bakıdan Potiyə konteynerlərin çatdırılması 34 saat aparacaq. 

Bundan başqa, yenidən 317 kilometrlik Bakı - Böyük Kəsik dəmir yol magistralının bərpasının tamamlaması ilə qərb istiqamətdə qatarların hərəkət sürəti saatda 80 km-dən 100-120 km-dək yüksələcək. Bu da yüklərin çatdırılması vaxtını daha dörddəbir qədər azaldacaq. "Yeni Bakı" limanında bərə terminalının işə salınması ilə Poti-Bakı konteyner blok-qatarı marşrutuna yaxın vaxtlarda Qazaxıstan və Çin də qoşulacaq. 

İlkin mərhələdə "Iron Silk Way" marşrutunun əsas yükünü, şübhəsiz, dünya okeanına çıxışı olmayan Orta Asiya ölkələri təmin edəcək. Orta Asiyadan Avropaya konteynerlərin dəmiryol - bərə daşıma imkanlarına, həmçinin Əfqanıstandan döyüş texnikası və digər əmlak vasitələrini çıxarmağı planlaşdıran ABŞ-ın hərbi qurumu da maraq göstərir. Bu marşrut Əfqanıstanın Herat şəhərindən Kuşka vasitəsilə Marıya (Türkmənistan), sonradan isə dəmir yolu ilə Xəzərin sahilində olan Türkmənbaşı limanına, oradan isə bərə daşınması ilə Bakı və sonradan da Gürcüstanın limanları və ya BTQ vasitəsilə Türkiyəyə qədər uzanacaq. Bir sıra ekspertlərin hesablamalarına əsasən, 2015-2016-cı illərdə hər ay bu marşrutla, təxminən, 2 200 konteyner daşına bilər. 

İlkin hesablamalara görə, yeni marşrut Şərqlə-Qərb arasında olan transokean daşımalar və Trans-Sibir magistralı üzrə daşınmalar kimi iki ticarət variantına kifayət qədər qısa və təhlükəsiz alternativ təqdim edəcək. O, ildə 15 mln. tondan çox yük potensialına malikdir.  

TRASECA dəhlizi çərçivəsində yüklərin daşınması həcminin artımından başqa, "Yeni Bakı" limanı üçün əlavə trafikin həcmi Həştərxan yaxınlığında yerləşən Olya limanın yanında bərə-konteyner keçidinin formalaşdırılması hesabına təmin oluna bilər. Rusiya tərəfi Azərbaycanla artıq bərə daşınmaların uzunmüddətli logistikasını işlədə biləcək yüklər üzrə səmərəli operatorun seçilməsi məsələsinə dair danışıqlara başlayıb. 

Bundan əlavə, İran qarşılıqlı əlaqələrin səviyyəsini artırmaq üçün uzun illər ərzində fəaliyyət göstərən, lakin 1998-ci ildə dayandırılan Bakı-Ənzəli gəmi əlaqəsinin təkrar bərpasına hazır olduğunu bildirib.  Ənzəli Ticarət-Sənaye Azad Zonası Təşkilatının rəhbəri Reza  Masrurun sözlərinə görə, rabitənin bərpa olunması İranla Azərbaycan arasında müxtəlif sahələrdə, xüsusilə turizm və ticarət sahələrində əlaqələrin genişlənməsinə gətirib  çıxaracaq. Bu məqsədlə İran Gilan vilayətində yerləşən Astara limanı  və  Bakı beynəlxalq dəniz limanı arasında olan marşrut üzrə sərnişinlərin daşınması üçün yeni dəniz reysini açacaq. 

İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin məlumat verdiyi kimi, Qəzvin-Rəşt-Astara dəmir yolunun istismara verilməsi və Astara (İran)-Bakı-Astara (İran) reysinin açılması iki ölkə arasında ticarət əlaqələrinin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirəcək. Gələcəkdə, həmçinin Bakıdan İranın digər limanlarına - Əmirabad və Nouşehr limanlarına daşınmaların həyata keçirilməsi planlaşdırılır.

Bir sözlə, yeni limanın xərclərinin ödənilməsi və onun genişləndirilməsi, digər  nəqliyyat vasitələri ilə xeyli yüklənmiş Azərbayacan paytaxtının mərkəzdən köçürülməsi təşəbbüsləri göz önündədir. Bundan əlavə, limanın tam gücü ilə işə salınmasından sonra, onun fəaliyyətindən gələn gəlir ölkənin dövlət büdcəsinin qeyri-neft hissəsinin gəlirlərinin əsas mənbəyi ola bilər.

 

 

İLKİN MƏNBƏDƏN 

 

"Ölkənin yeni dəniz "darvazaları" regionda Azərbaycanın tranzit imkanlarından tam şəkildə istifadə etməyə kömək edəcək və təbii ki, bizim nəqliyyat təhlükəsizliyimizi təmin edəcək". 

İlham Əliyev, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

753