Müəllif: Nurlanə BÖYÜKAĞAqızı Bakı
Abşeron yarımadasının təpəli sahillərindən uzaqda, açıq dənizdə süyün üzərində daş evlərin cərgəsi uzanır. Burada sakit havada suda yağ ləkələri görmək olar, həmçinin, dənizin dərinliklərindən qaz köpükləri qalxır...
7 noyabr 1949-cu il tarixdə Bakıdan 100 km cənubda dünyada ilk dəfə olaraq, dənizdə neft buruğu fontan verib. Heç kim düşünməyib ki, bu hadisə dünya neft hasilatı tarixində inanılmaz, ancaq gerçək əfsanənin - dənizdə Neft Daşları salınmasının əsasını qoyur.
Neft Daşları heç də açıq dənizdə neft hasilatının səviyyəsinin kəskin artması deyildi. Həmin illərin sənədli kadrlarını, heç olmasa, bir dəfə görmüş insan yaxşı bilir ki, həmişəlik olaraq neft hasilatının sirlərinə vaqif olacaq - hasilatçılar əldə etdikləri ilk nefti öz üzlərinə sürtərək, seçilmişlər sırasına qoşulurlar və eyni zamanda, tarixin yaddaşına həkk olunurlar.
Bu kadr özlərini əvəzsiz olaraq bu dəniz möcüzəsinin ram edilməsi kimi qlobal məqsədə həsr etmiş yüzlərlə dəniz neftçisinə canlı abidədir. Onların bəziləri üçün "Qara qayalar" son məskən olub - onlar dənizin şahə qalxan dalğlarını ram etmək istərkən həlak olublar. Nə qədər pafoslu səslənsə də, onların işi indiyə kimi yaşayır. Bu gün Neft Daşları Bakının, Azərbaycanın neftli keçmişinin, indisinin və gələcəyinin rəmzidir, onun xalqının yüksək intellektinin, mənəvi iradəsinin və fədakarlığının simvoludur.
Neft Daşlarının insan amili yalnız sənədli kinoda öz əksini tapmayıb. Bu həm də Qara Qarayevin "Mərdlik mahnısı"da öz əksini tapıb - musiqi dəniz neftçilərinin himnidir. Həmçinin, Rəşid Behbudov gözəl neftçi obrazı yaradıb. Rəşidin məşhur kadrını xatırlayın - bütün ekranı tutan gülüşü və məxməri səsi ilə fontan vuran nefti şokoladla müqayisə edir. Tahir Salahovun monumental əsəri də bu sıradandır, yəni olan hər şeyi sadalayıb qurtarmaq olmur... Və bizi daşlara cəlb edən neft yox, Xəzərlə dostluq edən insanlar olub. Tufan və qasırğa da xüsusi dəniz qardaşlığı atmosferi yaradıb ki, insan imkanlarının sərhədində bu qardaşlıqsız keçinmək mümkün deyil.
Neft Daşları dənizin ortasında platforma üzərində tikilmiş bütöv şəhərdir. O, Xəzər dənizində sahildən 45-50 kilometr aralıda yerləşir. Küçələrinin uzunluğu 200 kilometrdən çoxdur. Küçələr sanki dəniz dalğaları üzərində dirəklərdən asılıb.
Şəhərə Bakıdan katerlə gəlmək olar, helikopterlə də uçmaq mümkündür. Helikopterin pəncərəsindən yalnız mavi suları görmək olur, sonra neft buruqları, daha sonra şəhərin özü başlayır. Yüksəklikdən şəhər böyük hörümçək toruna bənzəyir. Bunların körpü olduğunu dərhal anlamaq olmur. Onlar əyilir, kəsişir, genişlənir və haradasa meydançaya çevrilirlər. Körpülərin uzunluğu 250 kilometrdən çoxdur. Bu, qeyri-adi yollarla yük və minik avtomobilləri hərəkət edir. Yolayırıclarında işıqforlar quraşdırılıb. Şəhərdə mağazalar, məktəb, kitabxana var. Artıq 60 ildən çoxdur ki, o mövcuddur və insanlığı heyran qoymaqda davam edir. Bu dünyada ən qeyri-adi və böyük neft platformasıdır.
Neft Daşlarını şəhər adlandırsalar da, burada meqapolislərə xas olan şəhər səs-küyü yoxdur. Bəlkə də daim müxtəlif səslərin əhatəsində olmasına baxmayaraq, sakit görünməsi bununla bağlıdır - dənizdən uğultu gəlir, müxtəlif aqreqatlar, kompressor və dizel stansiyası, çörək zavodu, camaşırxana, sutəmizləmə stansiyası və s. işləyir. Əgər nə zamansa Neft Daşları turistlərin ziyarət yeri olacaqsa, turist marşrutlarını axşamlar təşkil etmək yaxşı olardı - sutkanın bu çağlarında Neft Daşları dəyişir. Şəhər fənərlərin işığına bürünür, fontanlar işə düşür. Çətin ki, dünyanın başqa bir yerində dirəklər üzərində qurulmuş və axşamlar fəvvarələri işləyən ikinci belə böyük qurğuya rast gəlmək mümkün olsun. Özü də fontanlar yalnız su fontanları deyil.
Neft Daşları, demək olar ki, 5 min sakini olan şəhərdir. Neftçilərlə yanaşı, burada inşaatçılar, energetiklər, geofiziklər, iaşə işçiləri, həkimlər, aviatorlar, camaşırxana işçiləri, dərzilər, qaynaqçılar, boyaçılar işləyir. Onları dənizə gerçək sevgi birləşdirir. Onların, demək olar, hamısı deyir ki, quruda da işləyə bilərdilər, amma vətən adlandırdıqları Neft Daşlarında onları xüsusi aura əhatələyir. Onlar, demək olar ki, əllə düzəldilmiş bu dəmir-beton torpağı doğma sayırlar.
Hazırda dünya üzrə aparılan axtarış-kəşfiyyat işlərinin, həmçinin, karbohidrogen hasilatının böyük bölümü dəniz hövzələrinin payına düşür. Hazırda bütün dəniz və okeanların şelfində işlər aparılır. 1 000 metrdən aşağı dəniz dərinlikləri fəth edilir. Bunların əsası məhz burada - Neft Daşlarında Azərbaycan neftçiləri tərəfindən qoyulub.
Bundan başqa, bu gün əminliklə bildirmək olar ki, Neft Daşlarında toplanmış təcrübə Xəzərin başqa sahələrində kəşfiyyat-axtarış işlərinin sürətlənməsinə impuls verib, qısa müddətdə yeni neft-qaz yataqlarının kəşfiyyatına və istismara açılmasına təkan olub.
Məşhur "Qara qayalar" canlı neft muzeyi, insan intellektinə və igidliyinə əfsanəvi "möcüzələr adası"nda qoyulmuş abidə kimi, Azərbaycana şöhrət gətirməkdə davam edir.
BU MARAQLIDIR
"Neft Daşları" yatağının geoloji ehtiyatları 365 milyon ton həcmində qiymətləndirilir ki, bundan 182 milyon tondan çoxu çıxarıla bilər. Bu günə kimi yataqdan 167 milyon tondan çox neft çıxarılıb. "Neft Daşları" yatağının işlənməsi üzrə mövcud layihəyə uyğun olaraq, yatağın mənimsənilməsi 2035-ci ildə başa çatmalıdır.
Amma bu da son hədd deyil. Mütəxəssislərin fikrincə, "Neft Daşları" yatağından çıxarıla biləcək qalıq neft ehtiyatları gələcəkdə daha da artırıla bilər. Hazırda bu istiqamətdə perspektiv proqramlar işlənilir və gerçəkləşdirilir. Bu proqramların əsasında əlavə hidrotexniki qurğular tikilir, texnoloji qurğular təmir və bərpa edilir, quyular qazılır, hasilatın artırılması üçün elmi-tədqiqat və təcrübə-sınaq işləri aparılır.
MƏSLƏHƏT GÖR: