Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bakı şahmat üzrə növbəti mötəbər yarışa ev sahibliyi edir. Söhbət FİDE-nin Qran-Pri silsiləsindən olan turnirindən gedir. İki həftə ərzində Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində 12 şahmatçı isveçrə sistemiylə mübarizə aparacaq. Təmsilçilərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun da iştirak etdiyi Qran-Prinin növbəti mərhələləri İran, Rusiya və Özbəkistanda keçiriləcək. Yekunda ilk iki pillənin sahibi dünya çempionluğuna iddiaçıların turnirində iştirak etmək imkanı qazanacaq.
Şahmat üzrə Qran-Pri turnirləri öz tarixini Azərbaycandan başlayır. FİDE-nin ilk analoji yarışı 2008-ci ildə Bakıda baş tutub. Həmin turnirin qalibi isə istedadlı azərbaycanlı qrossmeyster Vüqar Həşimov olub. Bundan sonra müxtəlif şəhərlərdə keçirilən Qran-Prilərdə həm Şəhriyar Məmmədyarov, həm də Teymur Rəcəbov uğur qazanıb. Azərbaycanda şahmatın hazırkı vəziyyəti və keçirilən Qran-Priylə bağlı dünya şahmatını idarə edən təşkilatın rəhbəri - FİDE prezidenti Kirsan İlyumjinovla söhbətləşmək qərarına gəldik. Ali şahmat təşkilatının köhnə-yeni prezidenti "R+"un suallarına maraqlı cavablarla yadda qaldı.
- İlk olaraq sizi yenidən FİDE prezidenti seçilməyiniz münasibətilə təbrik edirik. Artıq 19-cu ildir ki, siz dünya şahmatına rəhbərlik edirsiniz...
- Təbrikə görə təşəkkür edirəm. Azərbaycan Şahmat Federasiyasına minnətdarlıq etmək istərdim. Seçkilərdə növbəti dəfə namizədliyimi dəstəklədiklərinə görə. Mən FİDE-yə rəhbər seçiləndə əsas məqsəd şahmatı daha da populyarlaşdırmaq, dünyada şahmatla məşğul olanların sayını artırmaq idi. Biz buna nail olduq. Dünya çempionunu müəyyənləşdirmək üçün vahid sistem yaratdıq. Qran-Pri silsiləsini təşkil etdik. Bununla belə, bizim qarşıda çoxlu planlarımız var.
- Yeni mövsüm Qran-Pri turniri Bakıda start götürdü. Demək olar ki, artıq Azərbaycan şahmatın mərkəzlərindən birinə çevrilib...
- Bu, doğrudan, belədir. Gələn il Bakıda dünya kuboku, 2016-cı ildə isə şahmat olimpiadası keçiriləcək. Dövlət başçısı İlham Əliyevin idmana, xüsusilə şahmata olan həvəsi mənə məlumdur. Hətta bir neçə dəfə şahmat masası arxasında görüşmüşük. FİDE-yə 181 üzv dövlət var. İlham Əliyev ilk prezidentdir ki, şahmatın inkişafına dair Dövlət Proqramı imzalayıb. Şahmat infrastrukturu yaradılıb. Buna görə Azərbaycan prezidentinə təşəkkür edirəm. Sovet dövründə Azərbaycanın ümummilli lideri Heydər Əliyev şahmatın inkişafıyla şəxsən maraqlanırdı. Şəxsən mən Heydər Əliyevdən aldığım dəyərli məsləhətlərdən istifadə edərək FİDE rəhbəri kimi bir çox məsələlərdə düzgün qərar qəbul etmişəm. İndi İlham Əliyevin şahmata belə diqqəti davam etdirməsi bizi çox sevindirir.
- Qran-Pri turnirinin açılış mərasimində iştirak etdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı....
- Turnirin keçirildiyi tarixi və möhtəşəm mərkəz şahmatçılara yaxşı tanışdır. Məhz həmin mərkəzdə Boris Spasski SSRİ çempionu olub. Ardınca məşhur Mixail Tal sovet respublikaları arasında keçirilən şahmat çempionatının qalibi elan edilib. Hər iki məşhur şahmatçı Bakıdakı çempionluqdan sonra dünya çempionu olublar. Ona görə mənim üçün həmin zal çempionlar zalı, elə Bakı özü də çempionlar şəhəridir. Ümid edirəm yeni çempion bu turnirdən çıxacaq. Təşkilatçılıqla bağlı ancaq xoş sözlər deyə bilərəm. Mətbuat mərkəzi, zalın özü yüksək zövqlə bəzədilib. Adam özü şahmat oynamaq istəyir.
- Bu il dövlət başçısı İlham Əliyevin şahmatın inkişafına dair imzaladığı Dövlət Proqramı başa çatır. Proqramın icrası barədə nə demək olar?
- İlk olaraq qeyd edim ki, Prezident İlham Əliyevin imzaladığı proqram digər ölkələr üçün nümunədir. Fikrimcə, müddəalar yerinə yetirildi. Digər tərəfdən siz artıq bunun nəticələriylə də tanışsınız. Məktəblərdə şahmatın tədrisi var. Azərbaycan yığması iki dəfə Avropa çempionu oldu. SOCAR-Azerbaijan klubu iki dəfə Avropa Kubokunu qazandı. Yəqin yaxınlarda dövlət başçısı İlham Əliyevlə görüşümüz olacaq. Görüş zamanı biz Dövlət Proqramını müzakirə edəcəyik. Bəzi məqamlar var ki, onların həyata keçməsi üçün vaxta ehtiyac var. Ona görə Dövlət Proqramının artırılmasının tərəfdarıyam. 2014-2019-cu illəri əhatələyən ikinci 5 il şahmatı daha yüksək pilləyə qaldıra bilər.
- Dünya kuboku və şahmat olimpiadasında Ermənistan şahmatçılarının iştirakı sual altındadır. FİDE bu məsələni necə həll edəcək?
- FİDE şahmat ailəsidir. Biz hər iki yarışda Ermənistan şahmatçılarının iştirakını istəyirik. Bunun üçün lazımi işlər görüləcək. İdman siyasətdən kənardır. Buna görə erməni şahmatçılar həm Dünya kubokunda, həm də olimpiadada mübarizə aparmalıdırlar. Çünki Azərbaycan tərəfi buna etiraz etmir.
- Azərbaycan hökuməti təhlükəsizlik baxımından zəmanət verib. Biz tərəfdən problem yoxdur. Sadəcə, erməni şahmatçılar müsahibələrdə deyirlər ki, onlar Bakıya gəlmək istəmir.
- Oktyabrın 17-də Ermənistana səfərim olacaq. Orada Ermənistan Şahmat Federasiyasının prezidenti Serj Sarqsyanla görüşəcəm. Bu məsələni mütləq müzakirəyə çıxaracam. FİDE rəhbəri kimi bütün komandaların olimpiadada iştirakını istəyirəm. Ermənistan şahmatçılarının da Bakıya gəlməsində problem olmayacaq. İdmançıların işi yarışda iştirak etməkdir. Əgər komandalardan biri olimpiadada iştirak etməsə, bu yaxşı hal sayılmayacaq.
- Noyabrda növbəti çempionluq matçı olacaq. Maqnus Karlsen, yoxsa Vişvanatan Anand? Sizcə, hansı üstün durumdadır...
- FİDE rəhbəri kimi heç kimə rəğbət bəsləmirəm. Hər ikisi güclü şahmatçılardır. Karlsenin nəticələri hamıya məlumdur. Uzun müddətdir FİDE reytinqinə başçılıq edir. Anand yaşca böyük olmasına baxmayaraq, uduzandan sonra yenidən özündə güc tapdı. İddiaçıların turnirində qələbə qazanmaqla yenidən şahmat tacını özünə qaytarmaq istəyir. FİDE rəhbəri kimi hər iki şahmatçı üçün yüksək şərait yaratmağımız vacibdir. Ümid edirəm ki, çempionluq matçında yeni debütlər, maraqlı gedişlərin şahidi olacayıq.
- Siz FİDE-yə prezident seçiləndən şahmatın Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi üçün çalışırsınız. Bu istiqamətdə yeniliklər var?
- Şahmat böyük idman növüdür. Yay Olimpiya Oyunları isə idmanıın bayramıdır. Sözsüz ki, şahmat orada təmsil olunmalıdır. Bu məsələylə bağlı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe ilə söhbətlərimiz olub. Düzdür, indi şahmat olimpiadası keçirilir. Sadəcə, Yay Olimpiya Oyunları tam başqadır. FİDE bu sahədə işlərini davam etdirəcək.
- Azərbaycan şahmatsevərləri şahmat tacının Bakıya qayıtmasını arzulayırlar. Hazırda Azərbaycan şahmatçılarının nəticələrini necə qiymətləndirirsiniz?
- Ölkəniz hər zaman məşhur şahmatçılarıyla tanınıb. Mərhum Vüqar Həşimovun qazandığı uğurlar, Şəhriyarla Teymurun əldə etdiyi nailiyyətlər daim diqqət mərkəzindədir. Məni sevindirən, yeni gənc nəslin onların arxasınca gəlməsidir. Həm Şəhriyar, həm Teymur stabil oyunla FİDE reytinqində yüksək yerlərdə qərarlaşırlar. Onlar komandanın heyətində Avropa çempionu oldular. Potensial var. Sadəcə, bir qədər zaman vacibdir. Dünya çempionluğuna doğru illərlə hazırlaşmaq gərəkdir. Hər ikisi iddiaçılar turnirində iştirak edib. Məmmədyarov son turnirdə ilk üçlükdə qərarlaşmışdı. Gələcəkdə onların şansı yüksəkdir. İddiaçılar turnirini udmaqla çempionluq matçına çıxmaq olur. Unutmayın ki, dünyada güclü şahmatçıların sayı artır. Mövsüm ərzində isə yalnız biri çempionluq matçına çıxa bilər.
- Maraqlı müsahibəyə görə çox sağ olun!
MƏSLƏHƏT GÖR: