14 Mart 2025

Cümə, 20:51

MİLLƏTİN SƏRVƏTİ

Bakılılar üçün müasir yapon rəssamlarının təsviri sənətinin dərinliklərinə baş vurmaq imkanı yaranıb

Müəllif:

07.10.2014

Bakı Bu günlərdə Azərbaycan Milli İncəsənət Muzeyində yapon rəssamlarının işlərindən ibarət "Şaraku Yaponiyanın müasir rəssamlarının interpretasiyasında" adlı sərgi keçirilir. Sərgi Yaponiyanın Azərbaycandakı səfirliyinin və Yaponiya Fondunun təşəbbüsü ilə təşkil olunub. Sərgidə diqqət mərkəzində olan keçmişə və müasir dövrə aid rəssamlar arasında qopmaz bağların mövcudluğudur. Bu üzdən də, ekspozisiya 3 şərti yerə bölünüb: "Şarakunun reproduksiyaları", "Şaraku qrafik incəsənətdə" və "Şarakuya ehtiram". Yaponiyada ehtiram formal şərtilik yox,  XXI əsrdə yaponların həyatının tərkib hissəsi olan xatirəyə hörmət deməkdir.

 

Bir qədər tarix barədə

Toşusai Şarakunun yaradıcılığı XVIII əsrin sonları, XIX əsrin əvvəllərində inkişaf edib və Edo dövrü ilə üst-üstə düşüb. Həmin dövrdə yapon ruhu təşəkkül tapıb, yapon milli ideyaları əmələ gəlib, iqtisadiyyat və məmur aparatı inkişaf edib. Bu, yapon ədəbiyyatı və poeziyasının qızıl dövrü, kabuki teatrının, kukla teatrının, yumoristik hekayələrin çiçəklənməsi, həmçinin ukiyo-e rəngli qravürlərin qızıl dövrü ilə eyni vaxta təsadüf edir. Yaponiyada təsviri incəsənətin köhnə monoxromatiya tərəfdarı olan samuraylar kimi ciddi əleyhdarları var idi. Şaraku yapon təsviri incəsənətinə ukiyo-e ("üzən dünya", daha populyar şəkildə dəyişkən dünyanın obrazları kimi tərcümə olunur) janrında rəngli qravürlərin ustası kimi düşüb. Ukiyo-e üçün gündəlik həyat mənzərələri xarakterikdir. Qravürlərdə sumo döyüşçüləri, geyşalar, kabuki teatrının aktyorları təsvir olunurdular. Zaman keçdikcə qravürlərdə müstəqil əsərlər, kabuki teatrı üçün afişalar da peyda olmağa başladı. Amma heç nə əbədi deyil və ukiyo-e də tədricən dəbdən düşdü. Bu janrı fotoqrafiya əvəzlədi. Lakin Yaponiyada aktuallığını itirən bu janr Qərbi Avropada və Amerikada son dərəcə böyük populyarlıq qazandı. Bu qravürlər kubizm (Xuan Qris, Pikasso), imprressionizm (Mone, Deqa, Sisley) və postimpressionizm (Van Qoq, Qoqen, Sezann) üslubunda işləyən avropalı rəssamlara ruh verdi. Dünya tətbiqi sənəti tarixinə bu təsir yaponizm kimi düşdü.

 

Şarakunun reproduksiyaları. Kabukinin himni

Şarakunun teatral qravürü yalnız artıq çoxdan yer üzünü tərk etmiş insanların simalarında əks olunan hansısa dövrün tarixi sübutu deyil. Bu - dünyaya yaponların qeyri-adi ixtirasını - kabuki teatrını bəxş etmiş donmuş zamanın özüdür. Kabuki nədir? Müasir yapon dilində o,  dramın bir növü kimi təqdim olunur. Bu, Yaponiyanın ifa, musiqi, rəqs və dramı özündə birləşdirən ənənəvi teatrıdır. Kabuki sənəti kasta incəsənətidir. Onu uşaqlara lap erkən yaşlarından öyrədirlər. Bu, uşaqdan tam fədakarlıq tələb edən ağır və gərgin zəhmətdir. Pozalar, jestlər, hərəkətlər, səs, ifa, deklamasiya - bütün bunlara olduqca çox vaxt sərf olunur. Kabuki böyük ustalıq tələb edir. Bədii ustalıq atadan oğula ötürülür. Hər bir ailə müəyyən rolların, demək, həm də ampluanın qoruyucusuna çevrilir. Bu sənət hər zaman klanlara aid olub.

Yalnız 1969-cü ildə xüsusi mərkəz yaradılıb və orada aktyor sülaləsindən olmayan şəxslər dərs almaq imkanı qazanıblar. Kabuki sənətinin öyrənilməsinin daha bir üsulu var - kabuki aktyorlarından birinin yanına dərsə getmək. Mərkəzdə oxuyanlara kabuki üslubunda deklamasiya, səsin qoyuluşu, qrim çəkilməsi, rəqs, bədən hərəkəti, musiqi alətində ifa, qadın kostyumu geyinmə öyrədilir. Çünki bu teatrda artıq 400 ildir ki, bütün rolları kişilər oynayır. Kabuki aktyorlarının uğurları və peşəkar nailiyyətləri Xalq ehtiramı mükafatı və Yaponiyanın canlı milli sərvəti adı ilə təltif edilirlər. 

Kişi və qadın kostyumlarında kişi aktyorlar. Qrim, kostyum, pozalar. Onlar rəssam tərəfindən emosional vəziyyətdə tutulurlar. Həyatın bir anı. Tarixin bir anı. Kabuki teatrının peşəkar həyatından, çiçəklənməsindən bir fakt. Burada həm də triptix var: sumo döyüşçüləri. Onlar XXI əsrin sumoçularından, demək olar ki, heç nə ilə fərqlənmirlər. Bu, böyük çəkiyə malik böyük insanlardır. Onların da yan sarğıları var. Amma, bəlkə də, bu, sadəcə, bizə elə gəlir.

 

Qrafik  sənət

Yaponiyanın ukiyo-e janrının mədəni irsinə və ənənələrinə töhfələrini verən 11 müasir rəssamı vaxtilə Şarakunun yaratdığı mövzularda öz versiyalarını ortaya qoyurlar. Şarakunun qrafik  xətləri və rəng ritmləri müasir rəssamların və dizaynerlərin fantaziyasını yerindən oynadır, onlar ukiyo-e janrında parafraz kimi öz əsərlərini yaradır, bunu müasir formatda ortaya qoyurlar. Öz fərdiliyini nümayiş etdirmək, öz baxışını ortaya qoymaq üçün əcdadının sənətinə söykənmək - ukiyo-e budur. Rəssamlar sanki əsrlər əvvəl yaşamış ustad ilə dialoq qururlar. Bakılılara təqdim olunmuş işlərin də, demək olar ki, hamısı bu sərgi üçün hazırlanıb. Beləliklə, Şaraku bu sərginin əsas personajıdır. Sərgi dünya ölkələrini gəzir, təsviri incəsənətdə ölkənin keçmişini və gələcəyə söykənən bu gününü nümayiş  etdirir. Nə vaxtsa Şarakunun sənəti  Avropa rəssamlarını "oyadıb". Daha sonra o, yaponların vaxtilə kifayət qədər yaxın məsafədən tamaşa etməyə macal tapmadıqlarına yenidən baxa bilmələri üçün Avropadan Yaponiyaya qayıdıb. Bu zaman Şarakunun sirli şəxsiyyətinə maraq yenidən və daha güclü şəkildə meydana çıxıb.

 

Şarakuya  ehtiram

Sirr, yarımçıqlıq, nəyəsə üstüörtülü işarə qədər maraq oyadan heç nə yoxdur. Bu gün keçmişlə müasirlik arasında "vasitəçilik" rolunu oynayan Şaraku yaşadığı dövrdə olduğu kimi, sirli şəxsiyyət olaraq qalır. Bəlkə də, indi o, yaşadığı dövrdəkindən daha sirlidir. Versiyalardan birinə görə, Toşusai Şaraku adı altında gizlənən şəxs, əslində, Edo (Tokio) şəhərində yaşayan, kabuki teatrının aktyorları üçün portretlər yaradan No teatrının aktyoru olub. Amma bu, sadəcə, versiyadır. Qərbdə əsl Syaraku bumu alman tədqiqatçı Yulius Kurtun "Şaraku" adlı işi olub. Bu, 1910-cu ildə baş verib və Yaponiyada rəssamın fəaliyyətinin yenidən qiymətləndirilməsinə təkan rolu oynayıb. O, istər Yaponiyada, istərsə də dünyada görkəmli ukiyo-e rəssamı  sayılırdı. 

Amma Yaponiyada "başqa" Şaraku haqqında nəzəriyyə də populyardır. Ehtimallara görə, Şaraku, sadəcə, XVIII əsrin sonları, XIX əsrin əvvəllərində iki rəssam tərəfindən götürülmüş təxəllüsdür. Guya, məqsəd samurayların qəbul etmədikləri, əvəzində Edo sakinləri arasında böyük populyarlıq qazanmış bu janrda müəyyən müddət diqqət çəkmədən fəaliyyət göstərmək olub. Onlar şəkil almaq iqtidarında olmasalar da, qravür, yaxud qravürlərin yer aldığı kitablar ala bilirdilər. Amma bu versiya da  əfsanədən başqa bir şey deyil. Bu, vaxtilə bizim Şoloxovun əsərlərinə və ya ingilislərin Şekspirin müəllifliyinə yanaşmasını xatırladır. Bütün bu miflər əsərlərinin Avropa və Amerika muzeylərini bəzəyən yapon rəssam Şarakuya marağı daha da artırır. Hazırda Tokio Dövlət Muzeyində onun aktyorların portretlərindən ibarət çox az əsəri qalır və onlar "vacib mədəni sərvət" statusuna malikdir. Xalqın sərvəti!



MƏSLƏHƏT GÖR:

540