11 Mart 2025

Çərşənbə axşamı, 10:24

RADİKALLIQ YAYILMADAN

Rusiya XİN-in MDBMİ(U)-nin Beynəlxalq Araşdırmalar İnstitutunun Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin böyük elmi işçisi Əhməd Yarlıkapovun "R+" jurnalına müsahibəsi

Müəllif:

07.10.2014

İraq və Suriyanın ardınca "İslam Dövləti" (İD) terror təşkilatının yaraqlıları yeni-yeni əraziləri ələ keçirməyə, iri şəhərlərə hücumlar etməyə başlayıblar. Onlar girovların başına olmazın oyunlar açır, qadınları və uşaqları qətlə yetirirlər. Bu arada onlara qarşı ABŞ-ın rəhbərliyi ilə koalisiya yaradılıb. Artıq koalisiya yaraqlıların İraq və Suriyadakı mövqelərinə aivazərbələr, raket zərbələri endirməyə başlayıb.

İD-nin Qafqaz regionuna yayılması imkanları, terrorçuluq və ekstremizm ideyası ilə mübarizə yolları haqqında suallarımızı tarix elmləri namizədi, Rusiya XİN-in MDBMİ(U)-nin Beynəlxalq Araşdırmalar İnstitutunun Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin böyük elmi işçisi Əhməd Yarlıkapov cavablandırıb.

- Yaxın Şərqdə müşahidə etdiyimiz vəziyyəti - islam radikalizminin bu dərəcədə fəallaşmasını nə ilə əlaqələndirərdiniz?

- Təəssüf ki, Yaxın Şərqdə islam radikalizmin artması çətin prosesdir və onun səbəbi bir deyil. Bu üzdən, problemin həlli də çətindir. Şübhəsiz ki, bu vəziyyətin yaranmasının bir çox səbəbləri var: müstəmləkəçiliyin davam etməsi, əsasən solçu ideyalar üzərində qurulmuş dünyəvi millətçilik layihələrinin iflası və s. Müsəlman dünyasının əksər ölkələrini bürümüş dərin böhran islamın fərqli qavranılmasına yol açıb, "islam qloballaşması" anlayışını meydana çıxarıb. Ona Qərbdəki qloballaşma, ideya mübadiləsinin asanlaşması, bir məscid və ya yerli imamın ətrafında cəmləşmiş ənənəvi islam icmalarında böhran prosesinin sürətlənməsi öz təsirini göstərib. Bu gün bir müsəlmanın özünü bir camaatın üzvü hiss etməsi üçün həmişə eyni məscidə getməsi vacib deyil. İcma-camaatlar indi tez-tez eksterritorial olur. İndi imamın məsləkdaşlarından yüzlərlə və hətta minlərlə kilometr uzaqda olması qəbulediləndir. Həm də təbii ki, Qərb dövlətlərinin intervensiyaları da cinin butulkadan çıxmasına təkan verib. Bu gün sərt dünyavi quruluşun hökm sürdüyü İraq, Liviya, Suriya kimi dövlətlərdə ziddiyyətlərin hökm sürdüyü parçalanmış ərazilər yer alır və orada praktiki olaraq, heç bir dövlətdən söhbət getmir. Bu ərazilər radikal qrupların yetişməsi üçün ideal məkandır.

 - Yaxın Şərqdəki əməlləri ilə məşhurlaşmış "İslam dövləti"ndən olan ekstremistlər Şimali Qafqazın və Azərbaycanın ünvanına da hədələr səsləndirirlər. Təhlükə nə dərəcədə realdır?

 - Mən bu hədələri ciddi qəbul edərdim. İraqda və Suriyada "İslam dövləti" uğrunda döyüşən beynəlmiləl qruplaşmaların tərkibində qafqazlıların da yer aldığı sirr deyil. Onlar orada ciddi hərbi hazırlıq keçir, diversiya-terror sahəsində təcrübə yığırlar. Bu şəxslər həm də "İslam dövləti"nin rəhbərliyi üçün regionda baş verənlərlə bağlı yaxşı informasiya mənbəyidirlər. Əlbəttə ki, onlar günü bu gün öz istəklərini həyata keçirə bilməzlər. Yaxın Şərqdə xüsusilə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın müdaxiləsindən sonra kifayət qədər ciddi problemlər yaranıb. Lakin mənə elə gəlir ki, problem artıq yalnız hərbi yolla çözülməsi mümkün olmayan mərhələyə çatıb, istərdim ki, yanılım. Odur ki, Qafqaz ölkələri və regionları bu problemi ən azı diqqətə almalıdırlar.

- "İD" ekstremistlərinin ölkələrimizə buraxılmaması üçün hansı addımlar atılmalıdır?

- İlk növbədə, onların ideyalarının populyarlaşmasını əngəlləmək lazımdır. "Qafqaz əmirliyi"nin təcrübəsi göstərdi ki, onların sosial bazası kifayət qədər məhduddur. Məsələn, "Qafqaz əmirliyi" yurisdiksiyasının yerləşəcəyi hər hansı ərazi yarada bilmədi ("İD" isə ümumilikdə Böyük Britaniya boyda əraziyə nəzarət edir). İndi bu mühüm üstünlüyü əldə saxlamaq lazımdır. Əlbəttə ki, bizim ölkələrimizdən "İD" sıralarına kimlərin qoşulduğunu müəyyənləşdirmək üçün də ciddi işlər görülməlidir. Şübhəsiz ki, təşkilat terror əməllərinin Qafqaza da yayılması haqda qərar qəbul edərsə, ilk növbədə, regionu təmsil edən şəxslərdən istifadə olunacaq.

Azərbaycanlı oxucuların diqqətini çəkmək istədiyim daha bir məqam var. Söhbət "İD" kimi təşkilatlardan getdikdə onların qatı antişiə mövqeləri diqqətdən qaçırılmamalıdır. Sünnilərlə şiələrin qarışıq yaşadığı Azərbaycan kimi cəmiyyətlərdə onlar parçalanma yaratmağa çalışa bilərlər.

- Qafqazda ekstremist hərəkatının inkişafı üçün sosial baza nə qədər güclüdür? Dini ekstremistlərin təbliğat işində əsas hədəf kimlərdir?

- Bəxtimiz onda gətirib ki, Qafqazda artıq 20 ildən artıqdır davam edən problemlərə rəğmən, ekstremistlərin buradakı bazası hələ də çox məhduddur. Qafqazda əhalinin böyük əksəriyyəti ekstremistləri və onların şüarlarını dəstəkləmir. Dini ekstremistlər isə imkanlarının məhdud olduğunu dərk edərək, ilk növbədə, gənclərlə işləməyə üstünlük verirlər. 1990-cı illərdə ekstremistlər, ilk növbədə, yoxsullar, işsizlik, savadsız təbəqə ilə işləyirdilərsə, bu gün belə qruplar artıq azdır. Düzdür, bu gün də onların əhatəsi genişdir, lakin üstünlük yenə də gənclərə verilir.

- Şimali Qafqaz respublikalarının təmsilçiləri deyirlər ki, qonşu Azərbaycan birgə iqtisadi və digər layihələr sayəsində Qafqazda sabitliyin bərqərar olunmasına yardım edə bilər. Sizin bu fikrə münasibətinizi bilmək istərdik.

- Hesab edirəm ki, Böyük Qafqaz regionunda sabitlik, həqiqətən də, yalnız birgə səylər nəticəsində əldə oluna bilər. Burada, əlbəttə ki, məsələyə geniş aspektdən yanaşılmalıdır: məsələ yalnız güc orqanları və xüsusi xidmət orqanları arasında əməkdaşlıqla məhdudlaşmamalıdır. Fikrimcə, Azərbaycan regionda əməkdaşlığın genişləndirilməsi və sabitliyə nail olunması baxımından böyük potensiala malikdir. 


MƏSLƏHƏT GÖR:

699