14 Mart 2025

Cümə, 21:42

VAZ KEÇİLMƏZ TƏKLİF

Rusiya ilə ABŞ aralarındakı geosiyasi mübarizə fonunda Çinin zərərsizləşdirilməsinə çalışılır

Müəllif:

07.10.2014

Ukrayna böhranı Vaşinqtonla Moskva arasındakı geosiyasi qarşıdurmanı qlobal miqyasda tam ortaya çıxarıb. Bununla əlaqədar olaraq, bir çox analitiklər "soyuq müharibə" dövrünün başlandığını belə, söyləyirlər. Ukraynada baş verənlər nəticəsində sanksiyalar savaşı getdikcə qızışır, beynəlxalq forumlarda, beynəlxalq və regional təşkilatların toplantılarında dünyanın güc mərkəzlərinin ziddiyyətləri müzakirə etməsi imkanı məhdudlaşır. Bu reallıqlar fonunda dünyada iqtisadi münasibətlərin ciddi şəkildə pozulması təhlükəsi artır, bir-birinə qarşı olan iqtisadi və hərbi-siyasi tandemlərin, blokların yaradılması ehtimalı ortaya çıxır.

Məsələn, fərziyyə şəklində olsa belə, Rusiya-Çin və ya ABŞ-Çin tandeminin yaranması ehtimalı var. Bu, Pekinin seçəcəyi taktikadan asılıdır. Moskvanın Qərblə münasibətlərinin pisləşməsi fonunda Rusiyanın siyasi rəhbərliyi Asiyaya istiqamət götürməyə çalışdığını getdikcə daha açıq nümayiş etdirir. Üstəlik, Vaşinqtonun bütün səylərinə baxmayaraq, Pekin ən azı bu günədək Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Onun yaxın perspektivdə bu mövqeyini dəyişəcəyi də inandırıcı görünmür. Bundan başqa, bu ilin mayında Rusiya prezidenti Vladimir Putinin Şanxaya səfəri çərçivəsində iki ölkə arasında ümumi dəyəri, təxminən, 400 milyard dollar olan qaz müqaviləsi imzalanıb. Sənəd Rusiya qazının Çinə ixracını nəzərdə tutur.

Bununla yanaşı, rus və Çin şirkətləri geniş füzelyajlı uzunmagistrallı təyyarənin hazırlanması ilə bağlı razılığa gəlib və memorandum da imzalayıblar. O, "Aerobus" və "Boinq"ə rəqib olmalıdır. Tərəflər Amur çayı üzərində iki ölkəni birləşdirəcək körpünün inşası ilə bağlı da razılığa gəliblər. Son zamanlar Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsinin təxminən yarısının milli valyutaya keçirilməsi haqda fikirlər də səsləndirilməyə başlayıb. İqtisadi a sonlarında isə hər iki tərəfin Baş Qərargah rəisləri hərbi-texniki sahədə əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və dünyada sabitliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Rusiya ilə Çinin ŞƏT (Moskva onu hərbi-siyasi bloka çevirməyə çalışır), BRHÇC (liderlik mövqeyində olan Qərbin iqtisadi elitasına alternativ kimi yaradılmış iqtisadi, gələcəkdə isə siyasi ittifaq) kimi qurumlar çərçivəsində də əməkdaşlıq etdiklərini yaddan çıxarmaq olmaz. Rusiya ilə Çin arasında yaxınlaşmanı aydın şəkildə göstərən bütün bu məqamların əsasını geosiyasi məsələlər təşkil edir. Əksər ekspertlərin Şanxay qaz razılaşmasını Qərbin aktivləşməsinə cavab olaraq siyasi layihə kimi qiymətləndirməsi də bununla bağlıdır. Çünki Moskvanın ondan ciddi iqtisadi gəlir əldə etmə perspektivi böyük sual altındadır.

Rusiya siyasi isteblişmenti Asiya-Sakit okean regionu ilə əməkdaşlığın, Çinlə strateji tərəfdaşlığın Avropaya qarşı yönəlmədiyini dəfələrlə bəyan edib. Bununla yanaşı, Moskva Vaşinqtonla bağlı eyni ritorikaya ehtiyac görmür. Demək, Kreml Rusiya-Çin tandeminin Amerikanın qlobal liderliyinə qarşı olduğunu gizlətmir. Şübhəsiz ki, hadisələrin bu cür inkişafı ABŞ-ın geosiyasi maraqlarına ziddir. Ağ Ev Kremlin manevrlərinə cavab olaraq yalnız Çinlə münasibətlərdəki ziddiyyətləri aradan qaldırmağa deyil, həm də Rusiyanın dünya miqyasında mövqelərinin güclənməsinin qarşısını almaq məqsədilə Pekinlə səyləri birləşdirməyə çalışır.

SSRİ-nin dağıldığı andan son bir neçə il əvvələdək Moskvanın Qərbpərəst mövqe tutması, yaxud ən azı anti-Qərb siyasəti aparmaması nəticəsində Vaşinqton Çinin dinamik inkişaf edən iqtisadiyyatına və hərbi-siyasi qüdrətinə qarşı Rusiya-Amerika tandemi yaratmağa çalışıb. Bu alyansda Moskvaya kiçik tərəfdaş rolu verilib. Amma beynəlxalq münasibətlər sistemində geosiyasi reallıqlar kimi, "simpatiya-antipatiya" anlayışı da dəyişkən olduğundan,  bu gün ABŞ Rusiyaya qarşı tam diametral ittifaq yaratmağa - Çinlə yaxınlaşmağa çalışır.

Məsələn, sentyabrın ilk rübündə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Syuzan Rays Pekinə səfər edib və orada Çin-ABŞ münasibətlərindəki prinsipial məqamlara çox çəthi toxunub. Əksinə, Rays Çinin ünvanına təriflər yağdırıb, müasir dövrün ən ciddi qlobal çağırışlarının effektiv şəkildə aşılması üçün ABŞ-Çin birliyinin vacibliyini söyləyib.

Bu kontekstdə məşhur amerikalı geostrateq Zbiqnev Bjezinskinin bu yaxınlarda irəli sürdüyü konsepsiya kifayət qədər maraqlıdır. Onun iddiasına görə, Pekinlə Vaşinqton arasında strateji əməkdaşlıq dünyanı qeyri-müəyyənlikdən çıxara bilər və Çinin inkişafına mane olmaq siyasətinin heç bir mənası yoxdur. Bjezinskinin fikrincə, əksinə, Çinin ABŞ-ın meyarlarına cavab verən inkişafına kömək etmək lazımdır. Təbii ki, Pekin bu kursdan çıxarsa, dərhal müvafiq reaksiya görəcək. Bu mənada Bjezinski "G2+" formulunun yaradılmasını təklif edir. Söhbət iki fövqəldövlətin - ABŞ və ÇİN - birliyindən gedir. Bu tandemə regional liderlərin qoşulması da mümkündür. Maraqlıdır ki, Bjezinskinin təklif etdiyi "G2"də ("Böyük ikilik") ABŞ-ın strateji müttəfiqi olan Aİ Çinlə əvəzlənir. Bu, Brüsselin Ukrayna ilə bağlı mövqeyinin Vaşinqtonu məyus etməsilə əlaqədar ola bilər: Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar o qədər də sərt deyil; Aİ-yə üzv ölkələr arasında hətta artıq tətbiq edilmiş sanksiyalarla bağlı fikir ayrılıqları mövcuddur; Ukrayna ilə Assosiativ Sazişin qüvvəyə minəcəyi tarix gələn ilin sonlarınadək təxirə salınıb; Brüssel Moskva ilə siyasi-iqtisadi qarşıdurmanın dərinləşməsini istəmir və s. ABŞ-ın məhz bu üzdən daha qərarlı müttəfiqin dəstəyini qazanmaq istədiyi istisna deyil. Üstəlik, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində Moskva-Pekin münasibətlərinin ciddi şəkildə pisləşdiyi bir vaxtda Çin nəinki ABŞ-la diplomatik əlaqələri bərpa etmiş, hətta 1950-ci ildə bağlanmış "Dostluq, ittifaq və qarşılıqlı yardım" haqqında Sovet-Çin razılaşmasına əməl etməkdən boyun qaçırmışdı. Nəticədə, Pekin ABŞ-la sərfəli ticarət razılaşması əldə etmiş, hətta Vaşinqton Çinə "hərbi köməkçi qurğular" ixracına razılıq vermişdi. O illərdə kapitalist dövlətləri Çinə 28 milyard dollardan artıq kredit də ayırmışdılar. Lakin hazırkı geosiyasi reallıqda Pekin, çətin ki, Rusiyaya qarşı Amerika-Çin tandeminin yaradılmasına razılıq versin. O, bu tandemə xüsusilə özünə "kiçik tərəfdaş" kimi yanaşılması halında getməz. ABŞ isə təklif etdiyi bütün alyanslarda qarşı tərəfə belə yanaşıb.

İqtisadi-ticari və mədəni sahələrdə Pekin istər ABŞ, istərsə də Rusiya ilə əməkdaşlığı mümkün qədər genişləndirəcək. Bu, ilk növbədə, Çinin özünün geoiqtisadi və geosiyasi iddiaları ilə bağlıdır. O, iqtisadi qüdrətinə görə dünyanın ikinci dövlətidir. Dünyanın ən böyük qızıl valyuta ehtiyatlarına malik ölkəsi olan Çin qlobal liderliyə iddialıdır. Bundan başqa, dünya miqyasında son dərəcə mahir ticari-iqtisadi, investisiya və demoqrafik siyasəti yürüdür. Hazırda dünyada elə region yoxdur ki, orada Çinin investisiya-iqtisadi mövcudluğu hiss edilməsin. ABŞ və Rusiya ilə iqtisadi-ticari münasibətlərə gəlincə, Amerika ilə Çin arasında ticarət dövriyyəsi ötən il 500 milyard dollardan artıq, Rusiya ilə isə 89 milyard dollar olub. Çinin bu irəliləyişi böyük həcmdə valyuta ehtyatları hesabına mümkün olub və məhz bu ehtiyatlar ona Amerikanın borc öhdəliklərinin böyük hissəsini özündə saxlamağa imkan verir. Bu mənada ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun ağıllı bir fikri kifayət qədər məntiqli səslənir: "Öz bankirini tənqid etməzlər". Klinton bunu Pekinlə münasibətlərdəki problemlər haqda açıq danışmamasının səbəbi haqda sualı cavablandırarkən deyib. 

Bundan başqa, ABŞ və Rusiyanı Çindən bu ölkələrə həddindən artıq çox sayda qeyri-leqal miqrantın axını narahat edir. Pekin isə Böyük Çin İmperiyasının bərpası arzusunu tez-tez dilə gətirir, bütün qonşularına qarşı ərazi iddiası irəli sürür. Üstəlik o, bu işdə Honkonqda, Makaoda, Qazaxıstan, Tacikistan və Rusiya ilə mübahisəli adalarda olduğu kimi, hər dəfə uğur qazanır.

Bəzi analitkilərin fikrincə, Çinin Rusiyaya qarşı gizli ərazi iddiaları bütünlükdə Sibiri əhatə edir. O, bu əraziləri demoqrafik ekspansiya vasitəsilə "işğal etməyi" planlaşdırır. Ümumilikdə isə Pekinin ərazi iddiaları 10 milyon kvadratkilometri əhatə edir və bu, Çinin öz ərazisindən böyükdür (9,6 milyon kvadrat kilometr). Yuxarıda sadalanan güclü "kozır"lara malik olan, qarşısına qoyduğu məqsədlərə müntəzəm və təmkinlə çatan Pekin, çətin ki, bu və ya digər dünya miqyaslı usta oyunçuya qarşı tandemə razılıq versin. O, sadəcə öz maraqlarından çıxış edərək, digər güc mərkəzləri arasındakı ziddiyyətlərdən ustalıqla istifadə edir.



MƏSLƏHƏT GÖR:

642