7 Yanvar 2025

Çərşənbə axşamı, 01:30

GÜRCÜSTAN YENİDƏN YOL AYRICINDADIR

Mixail Saakaşvilinin demokratiya ümidləri haradək gedib çıxır?

Müəllif:

07.10.2014

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili haqqında ölkə daxilində axtarış elan olunub. Gürcüstan Baş Prokurorluğu artıq onun barəsində beynəlxalq axtarışın elan olunması proseduruna da başlanıldığını bəyan edib. Sabiq prezidentin bank hesablarına, əmlakına, həmçinin Saakaşvilinin xanımı Sandra Rulovsun, anasının və nənəsinin mülklərinə həbs qoyulub. Mixail Saakaşvili dövlət vəsaitinin israf edilməsində, 2007-ci il noyabrın 7-də keçirilən mitinqin dağıdılması zamanı vəzifə səlahiyyətlərini aşmaqda, parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsinin təşkilində, "İmedi" telekanalının dağıdılmasında ittiham olunur. Yeri gəlmişkən, "İmedi" telekanalı dağıldıqdan sonra o zamankı sahibi - müxalifətçi oliqarx Arkadi (Badri) Patarkasiaşvilinin əlindən alınmışdı. İttiham tərəfinin iddiasına görə, təxminən, 5 milyon dollar həcmində dövlət vəsaiti Saakaşvili tərəfindən onun fərdi stilistinə, masajçısına  əməkhaqqı kimi  verilməsinə, yaxta rentasına, kosmetik prosedurlara, sənət və dəbdəbə əşyalarının alınmasına, tanış qadınlara hədiyyələrin verilməsinə xərclənib.

KİV-in ələ keçirdiyi məxfi sənədlər, guya, Saakaşvilinin prezident olduğu dövrdə onun komandasının "Kreab" piar agentliyilə əməkdaşlıq etdiyini sübuta yetirir. Məlumata görə, agentliyin idarə heyətinin rəhbəri Karl Bildt bir müddət sonra İsveçin xarici işlər naziri postunu tutduqda əməkdaşlarından bəzilərini də nazirlikdə işə götürüb. "Aftonbladet"in yazdığına görə, "Kreab"ın xidməti son dərəcə baha olub - təxminən, 18 milyon İsveçrə kronu. İsveçrənin Gürcüstandakı səfiri Hans Qunnar Aden onda Gürcüstanda 2008-ci ildə keçirilmiş seçkidə saxtakarlıq hallarına yol verildiyinə dair şübhələrin yarandığını dedikdə, ona Bildtin bundan son dərəcə narazı olduğunu çatdırıblar. Səfir Adenin sözlərinə görə, Bildt Saakaşvili ilə son dərəcə yaxın müttəfiq olduğundan, İsverə hökumətinə Tiflisdə baş verənlərlə bağlı məruzə etmək çox çətin imiş.

Eks-prezidentə qarşı ittihamlar hələ iyulda irəli sürülüb və onların sübuta yetiriləcəyi təqdirdə, Saakaşvilini 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası  gözləyir. 

Lakin Gürcüstan Femidasının əli, hələ ki, Saakaşviliyə çatmır.

Avqustun sonlarında Saakaşvili Türkiyədə olub, orada "Vahid milli hərəkat"dan olan partiyadaşları ilə məsləhətləşmələr aparıb. Bundan əvvəl isə o, Kiyevə baş çəkib. Bu yaxınlarda Yunanıstanın Samos adasının polisləri Britaniya bayrağı altında üzən dəbdəbəli yaxtanı bir neçə saatlığa saxlayıblar və eks-prezidentin həmin yaxtada Aralıq dənizinə səyahət etdiyi məlum olub. Sentyabrın ortalarında isə Amerikadan işçi vizası almaq məqsədilə sənədlərini müvafiq orqana təqdim etdiyi üzə çıxıb. O, ABŞ-da nüfuzlu Tafta Universitetində mühazirələr oxumaq  niyyətindədir.

Artıq eks-prezident "yaxşı məbləğ" qarşılığında çıxışlar edir, memuar yazır, Vaşinqtonda think tank (ingilis mərkəzi) yaradılmasına kömək edir, senator Con Makkeyn, dövlət katibinin köməkçisi Viktoriya Nuland kimi köhnə himayədarlarına baş çəkir, Manhettenə baxan evinin damında MKİ-nin sabiq rəhbəri Devid Petreusla görüşür, Nikola Sarkozinin səfərini gözləyir. Yeri gəlmişkən, bir müddət əvvəl KİV-də Saakaşvilinin hazırkı Ukrayna hökumətində yüksək post tutmaq təklifi aldığına dair xəbərlər də yayılıb. Məlumata görə, Saakaşvili təklifi qəbul etməyərək ABŞ-da adi vətəndaş kimi yaşamağa üstünlük verib. Ən azı hələlik onun planı belədir.

"New York Times" qəzeti Saakaşvilinin qara eynək, qırmızı şort və gözqamaşdırıcı yaşıl krossovkada boş vaxtını Bruklinin Uillyamsburq rayonunda keçirdiyini yazır. Qəzetin yazdığına görə, eks-prezident bütün günü burada velosiped sürür, kokos südü içir, kitab alır, avtoqraf paylayır və gürcü tələbələrlə şəkil çəkdirir. Görünür, onlar Saakaşviliyə 1990-cı illərdəki tələbəlik dövrünü xatırladır: "Mən Manhettendən buraya baxmağa öyrəşmişəm. O, pis vəziyyətdə idi, mafiya üçün sığınacaq idi. İndi burada "caz atmosferi" hökm sürür. Uillyamsburq demokratik transformasiyanın bir hissəsidir". Məqalə müəllifinin bildirdiyinə görə, Saakaşvili çox şeyə demokratiyanın qurulması kontekstindən baxır. O, hətta dəbdəbəli "Cafe Mogador"u "çox demokratik" olduğu üçün özünün sevimli məkanı adlandırır.

"New York Times" qəzetinin Saakaşvilinin həyatı haqda yazdıqları digər KİV-in qızğın reaksiyasına səbəb olub. Məsələn, Mark Adomanis "Forbes" səhifələrində təəssüflə bildirir ki, Saakaşvili çoxdandır ki, "demokratiya" sözünü konkret siyasi sistemi ifadə etmək niyyətilə deyil, "mənim sevdiyim" mənasında işlədir. "Forbes"in müəllifini təəccübləndirən odur ki, "demokratiyanın yayılması sənayesinin rok-ulduzlarından biri olan", demokratiyanın vacibliyi haqda saysız-hesabsız məqalələr yazan və onları ən nüfuzlu KİV-də nəşr etdirən bu adam, əslində, "sadiq olduğu konsepsiya haqda çox səthi biliklərə malik imiş".

VOX saytı isə eyni zamanda həm "New York Times"dakı məqaləyə, həm də "Forbes"də yazılanlara cavab verib. Yazıda bildirilir ki, Saakaşvili haqqında yazılanlar  məsələnin mahiyyətini açmır. Müəllif yazır ki, "qızılgül inqilabı" nəticəsində hakimiyyətə gələn Saakaşvili ölkəsində "siyasi rəqiblərini həbsə atıb, müstəqil KİV-i təqib edib, ikinci prezidentlik kampaniyası zamanı inzibati resurslardan gen-bol yararlanıb, müxalifətçiləri qorxudub və təqib edib". Resursun yazıda keçid verdiyi "Human Rights Watch" təşkilatının hesabatında Gürcüstan hökumətinin etirazların yatırılması üçün güc tətbiq etməsindən danışılır.

Eks-prezidentin özü isə əmindir ki, ona qarşı irəli sürülən bütün ittihamlar siyasi motivlərlə bağlıdır və bu, "Rusiyanın sifarişi"dir. "Avqust müharibəsinin ildönümü ərəfəsində Putin özü üçün Gürcüstanın dövlət orqanlarına mənim həbsimi tapşırmaqdan yaxşı hədiyyə düşünə bilməzdi", - deyə Saakaşvili  bildirib. 

KİV-də yer alan daha bir məlumatda bildirilir ki, ABŞ-da bəziləri Saakaşviliyə ittihamların irəli sürülməsinin onun Ukrayna hadisələrində fəal iştirak etməsilə üst-üstə düşməsindən şübhələnirlər.

Yeri gəlmişkən, son zamanlar müxtəlif mətbuat orqanlarında eks-prezidentlə bağlı yer alan bir-birindən fərqli məqalələrin hamısını birləşdirən məqam Saakaşvilinin vətənə qayıtmaq arzusunda olmasına edilən işarədir. Müəlliflər onun Gürcüstana məhbus kimi deyil, əksinə, qalib kimi qayıtmaq istədiyini yazırlar. Amma "New York Times" və "Forbes" icmalçıları Gürcüstanın siyasi gələcəyi haqda proqnozlar verməyə tələsmirlər. Ümumiyyətlə,  vəziyyətin təhlilinə sabiq prezidentin qatılmasına ehtiyacın olub-olmadığı da aydın deyil.

Hazırda Gürcüstanda daxili siyasi vəziyyət o qədər zərifdir ki, ölkənin hazırkı prezidenti ilə baş naziri arasında BMT-nin iqlim dəyişikliklərinə həsr olunmuş sammitinə kimin yollanacağı ilə bağlı mübahisə belə, yaşanır. Mübahisənin sonunda sammitə baş nazir İrakli Qaribaşvili yollanır, prezident Georgi Marqvelaşvili isə onun BMT-yə səfərinin məqsədyönlü şəkildə pozulduğunu, bunun üçün ciddi işlərin aparıldığını bəyan  edir.

"Bu insident Gürcüstanda bu gün hansı siyasi quruluşun mövcudluğunu, ölkənin birinci şəxsinin kim olduğunu gündəmə gətirən yeganə hadisə deyil. Gürcüstan parlament yox, yarımparlament respublikasıdır. Gürcüstanın xalq tərəfindən seçilmiş prezidenti var. Parlament respublikalarında isə prezident, adətən, təyin olunur", - "Rezonansi" qəzetinin yazdığına görə ölkə başçısı Marqvelaşvili belə bildirib. Yazıda daha sonra qeyd olunur ki, ölkənin siyasi quruluşunda tam hormoniya gözləyənlər demokratiyanın nə olduğunu anlamayanlardır. Bəzi ekspertlər hesab edirlər ki, səlahiyyət bölgüsündəki qarışıqlıq hökumətlə prezidentin bəzi hallarda bir-birindən tam müstəqil şəkildə hərəkət etmələrinə aparıb çıxarır. Belə çıxır ki, Gürcüstanın indiki rəhbərliyinin  problemi də Saakaşvilinin problemi kimi demokratiyanın sistemli funksiyalarını müəyyənləşdirə bilməməsidir? Yeri gəlmişkən, Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili hazırkı hökumət başçısına dəstək verərək Marqvelaşvilini tənqid edib. O, prezidentin hökumətdə özünə rəqiblər gördüyünü deyib, hətta prezidentin Saakaşvili komandası ilə əlaqələrinin ola biləcəyinə eyham da  vurub.

Bütün bunların fonunda Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Mixail Saakaşvilini ölkədə sui-qəsd hazırlamaqda günahlandırıb. Nazir bunu "Alia" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, eks-prezident ölkədə sabitliyi pozmağı, daha sonra dövlət çevrilişi təşkil etməyi planlaşdırır. A. Çikaidze bildirib ki, bunun üçün artıq "Milli hərəkat" və bir sıra QHT üzvlərinə konkret tapşırıqlar verilib. Guya, ölkədə sabitlik kütləvi iğtişaşlar, etiraz aksiyaları və təxribatlar yolu ilə pozulmalıdır. Bunun üçün "bəhanə" kimi isə kriminogen durum, sosial (məsələn, "Təcili yardım"ın işi) və iqtisadi problemlər, Rusiya ilə münasibətlər və s. istifadə olunacaq.

Bundan bir müddət əvvəl "Solçu alyans"ın lideri Soso Şatberaşvili Saakaşvilinin sözügedən məqsədə çatmaq üçün milyonlarla dollar ayırdığını iddia etmişdi. Şatberaşvilinin sözlərinə görə, bu işdə "Milli hərəkat"a Saakaşvilinin tərəfinə keçmiş prezident Marqvelaşvili də kömək edir.

Bütün bunlarla yanaşı, Gürcüstanda nəzarətə hələ də "Gürcü arzu"sunun yaradıcısı olan Bidzina İvanişvilinin nəzarət etdiyinə dair fikirləri nəzərə alsaq, demək, burada söhbət, ilk növbədə, siyasi oliqarxın arxasında dayanan qüvvələrlə Saakaşviliyə işləməkdə davam edən komanda arasındakı mübarizədən  gedir.

Gürcüstanda demokratiyaya aparan yolun çala-çuxurlu olmasından, özünəməxsusluğundan saysız-hesabsız jurnalist araşdırmaları və elmi təhqiqatlar yazılıb. Bu, artıq tarix, yaxud belə demək mümkünsə, özünəməxsus siyasi markadır. Amma parlaq, qızılgül qoxusu verən görüntüyə baxmayaraq, ölkədə əvvəlkitək, yenə də heç nə məlum deyil. Hərbi münaqişələrlə, iqtisadi problemlərlə çabalayan bu kiçik ölkə dəfələrlə eniş-yoxuşa düşüb, bəzən isə siyasi eksperimentlər üçün meydançanı  xatırladıb. Bu, xüsusilə xalq inqilabının sonradan elə bu inqilaba qarşı etiraz aksiyaları ilə əvəzləndiyi dövrlərdə daha çılpaqlığı ilə üzə çıxıb. 

"Demokratiya" termininə kimin necə yanaşmasından asılı olmayaraq, Gürcüstanın həyatında bu zolağın geridə qalmasını  istərdik.



MƏSLƏHƏT GÖR:

752