15 Mart 2025

Şənbə, 02:43

QƏLBİN MELODİYASI

Azərbaycan muğamı gözəllik və sevgi rəmzidir, o, bütün dünyanı ehtizaza gətirir

Müəllif:

15.05.2012

"Muğam ruhun qidasıdır. Muğam sizin görə bilmədiyiniz, toxuna bilmədiyiniz həyatın mənasıdır. Bu, qeyri-adi sərxoşluq hissi, tamamilə başqa dünyaya keçiddir. Muğam bizim milli mənliyimizin bir hissəsidir. Biz bir millət kimi özümüzü qorumaq üçün öncə onu qorumalıyıq".

Tanınmış xanəndə Alim Qasımov fransız jurnalistinə müsahibəsində Azərbaycan musiqisinin bu maraqlı və unikal növünü bu cür təsvir etmişdir... Məhz Azərbaycanın bu  qiymətli maddi-mənəvi mədəniyyət abidələrinə xalqın dönməz sadiqliyi və sevgisi əsas verir ki, muğamlar bu gün yaşayır və hələ uzun əsrlər də yaşayacaq. 

Muğam bir qan kimi azərbaycanlıların damarında dolaşır və bu millətin hər bir təmsilçisinin qəlbində dərhal olmasa da, nə vaxtsa bu musiqi janrına sevgi və anlayış yer tapır.  Bu gün muğam bir hadisə kimi, Azərbaycan sərhədlərindən kənara çıxıb. Bütün dünya üzrə özünə pərəstişkarlar tapıb. 

Mütəllim Dəmirov qavalı qulağına qədər qaldıraraq oxumağa başlayır. Onun səsi hönkürtüyəbənzər bir zənguləyə çevrilir, müğənni isə gözlərini yumaraq, sanki qədim poeziya dünyasına qərq olur. Əsrlərboyu Azərbaycanda belə oxuyurlar. Muğam gözlərimiz önündə yaranan və ilk mənbədən qəbul etdiyimiz musiqidir. Ədalar,  musiqi, plastik metamorfoza - bütün bunlar musiqiçinin şəxsiyyətini ortaya qoyur. Muğamda bir az teatr var və həmişə dialoqla keçir. Deməli, onu dinləməyi bacarmaq lazımdır. "Muğam Tanrı vergisidir. Mən muğam oxuyanda özümü unuduram. Mən nəyəsə nəzarət etmək iqtidarında olmuram, musiqi öz-özünə axır", - deyə xanəndə M. Dəmirov bildirir.

Onu arxada iki musiqiçi kamanda və tarda müşayiət edir. Onlar Azərbaycanın qədim və unikal musiqi janrı olan muğamı ifa edirlər. "Avropa və Asiyanın qovuşuğunda yerləşən, qədim İpək Yolunun mərkəz məntəqələrindən biri olan Azərbaycan muğamın yaradılması üçün ərəb, fars və türk təsirlərini, improvizəli ifa və musiqi  üslubunu birləşdirib". Bu sitat fransız jurnalisti Maykl Menvillin "Frans-press" agentliyi tərəfindən dərc edilmiş oçerkində yer alıb. 

Muğamlar artıq çoxdan xarici musiqi dinləyicilərini heyran qoyur, onlarda Azərbaycanın mədəni-mənəvi zənginlikləri barədə xüsusi fikir formalaşdırır. Axı muğamların hərtərəfli obrazlı, emosional-intonasiyalı düzülüşü, dərin məzmunu və ruhani yönümü onu yaradan millətin həyata baxışı və dünyagörüşü ilə sıx bağlıdır.  Muğamların melodik və ritmik güllərinin dəqiqliyi zəngin Azərbaycan xalçalarının  və  məscidlərinin rəngli naxışlarını, milli zərgərlik əşyalarının ən zərif oymalarını, şərq poeziyasının metaforik incəliklərini xatırladır. 

Şəksiz, azərbaycanlılar üçün muğam incəsənət olmaqdan daha yüksəkdədir - "monumental musiqi məbədidir". İlk öncə, bu, milli ideyadır. Bunu bir fakt sübut edir ki, əsrlərboyu muğam ustalığının sirləri şifahi şəkildə nəsillərdən-nəsillərə ötürülüb. Şəksiz,  zaman keçdikcə, muğamlar xalqın mənəvi mədəniyyətinin dəyişməsindən asılı olaraq yeniləşib, püxtələşib, bununla belə, öz gerçək təyinatını qoruyub. Burada muğamın daha bir özəlliyi ortaya çıxır - o, daim inkişaf edən və yeniləşən janrdır. 

Muğam tez-tez başqa musiqi forma və janrları ilə çuğlaşır. Demək olar ki, bu istiqamətdə ilk təcrübəni Üzeyir Hacıbəyov edib - o, şərqin ilk operası "Leyli və Məcnun"da muğamı klassik musiqi ilə birləşdirib. Bütünlükdə, bildirmək olar ki, muğam Azərbaycan musiqi incəsənətinin bütün janrlarına təsir göstərib. O, Fikrət Əmirovun və Niyazinin simfonik muğamlarına, Qara Qarayevin  simfonizminə yol açıb və XX yüzillikdə biz bu uğurları müşahidə etmişik. Əgər bu gün tarixə diqqət yetirsək görərik ki, Azərbaycanın musiqi incəsənətində elə bir janr yoxdur ki, orada muğamın ətri hiss edilməsin. Balet, opera, estrada, mahnı janrları, caz - onların hamısında muğamla sintezi, onun təsirlərini hiss etmək mümkündür. 

1960-70-ci illərdə tanınmış azərbaycanlı cazmen Vaqif Mustafazadə muğamın cazla qovuşmasının improvizə variantını təqdim etdi ki, hazırda bütün dünyada bu qəbul olunmaqdadır. Belə nümunələr çox saydadır - muğamı Afrika melodiyaları ilə, Norveç xalq mahnıları ilə, ispan motivləri ilə sintez edirlər. Bu cür eksperimentlərin düşmənləri də var, onlar düşünürlər ki, muğamın ilkin gözəlliyini qorumaq lazımdır və bəlkə də müəyyən mənada onlar düz fikirləşirlər. Ancaq bu cür sintezlər doğrudan da incəsənət əsərinə çevrilirsə, əgər onlar muğam pərəstişkarları ordusuna yeni fanatların  qoşulmasına səbəb olursa, belə olan halda eksperimentləri yolverilən saymaq mümkündür və hətta onlar vacibdir. 

İstənilən halda əsas odur ki, ana muğam yaşayacaq, nəsildən-nəslə, ustaddan-şagirdə  ötürüləcək, yüz illər belə davam edib. Bu gün sevindiricidir ki, muğam YUNESKO-nun himayəsi altındadır. Qurum 2003-cü ildə muğamı dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edib. Bundan başqa, muğamın dünyada populyarlaşması üçün Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və o cümlədən, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva böyük zəhmət çəkir. Məhz bu yardım hesabına Bakıda Beynəlxalq Muğam Mərkəzi açılıb, iki beynəlxalq muğam festivalı, gənc ifaçılar arasında müsabiqə təşkil edilib, "Qarabağ xanəndəsi" musiqili albomu buraxılıb, "Muğam" jurnalı nəşr edilir, elmi simpozium keçirilir və s. Bu sırada xüsusi yer "Muğam ensiklopediyası" nəşrinə düşür. 

Hazırda Azərbaycan muğamı bütün dünyanı ehtizaza gətirir. Muğam milyonları yaxınlaşdırır və birləşdirir. Mehriban Əliyevanın dediyi kimi, muğam gözəllik və sevgi rəmzidir və o heç zaman öz aktuallığını itirməyəcək. 



MƏSLƏHƏT GÖR:

486