15 Mart 2025

Şənbə, 02:41

AZƏRBAYCAN TARİXİNİN VƏ MƏDƏNİYYƏTİNİN BRENDİ

Azərbaycan xalçası çoxəsrlik tarixə malik xalqın mənəvi dünyasını, estetik duyğusunu, təbii istedadını və fəlsəfi dünyagörüşünü əks etdirir

Müəllif:

15.05.2012

Xalçaçılıq Azərbaycanın dekorativ-tətbiqi incəsənətinin qədim növlərindən biridir. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatların məlumatları, ədəbiyyat abidələri göstərir ki, Azərbaycanda xalçaçılıq incəsənəti hələ qədim zamanlardan mövcuddur. Azərbaycanda istehsal edilmiş xalçalar və xalçaçılıq əsərləri dəfələrlə çox sayda tarixi kitablarda, klassik ədəbiyyatda və folklorda öz əksini tapıb. 

Azərbaycan xalçasını təsvir etmək qeyri-mümkündür. Onu görmək lazımdır: o öz üzərində rəngarəng Azərbaycanı cəmləşdirib - səmanın maviliyini və meşələrin yaşıllığını, dağ yamaclarının sıx kölgəsini və qarlı zirvələrin bəyazlığını  əks etdirib. Xalçanın sehrlə çuğlaşan rəngləri nar dənələrinin yaqut parlaqlığını və heyvanın qızılı parıltısını, zəfəran balını və üzümün  bənövşəyi çalarlarını özünə hopdurub. Naxışların tükənməz qaynaşması, yaradıcılıq fantaziyasının qanadlanması və yüksək ustalıq - bax, Azərbaycan xalçası bu deməkdir. 

 

Xalçaların tarixi 

Elmi qaynaqlar Azərbaycanda xalçaçılığın başlanğıcını eradan əvvəl II minilliyə aid edir və buna əlverişli coğrafi-iqlim şəraiti, həmçinin, əhalinin təsərrüfat fəaliyyətində heyvandarlığın aparıcı olması imkanını verib. Bu barədə hələ Herodot, Klavdi Elian, Ksenofont və başqa antik tarixçilər yazıblar. İlkin vaxtlar çadırlarda örtük, süfrə, pərdə kimi işlədilən xalçalar getdikcə bədii önəm qazanmağa və insanların estetik tələblərini ödəməyə başlayıb, onların məişətinin və yaşamının bir hissəsinə, istehsal fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanın xalça incəsənəti daha da inkişaf etdi, ipəkdən, qızıl və gümüş saplardan xalçalar toxundu. Qızıl və gümüş saplardan toxunan, üstü bahalı daş-qaşlarla bəzədilən xalçaların istehsalı XVI-XVII əsrlərdə ənənə halını alıb. "Kitabi-Dədə Qorqud" dastanında Azərbaycanın ipək xalçaları vəsf edilib. XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə böyük sayda xalçalar və xalçaçılıq məmulatları ixrac edilirdi. Azərbaycan xalçası bütün dövrlərdə ixrac predmeti olub. XIV əsrdən başlayaraq bu məhsullar Avropaya yol açıb. 

Xalçaçılıq tarixi xovsuz xalçaların istehsalından başlayır. Toxunma üslubuna, kompozisiya quruluşuna, naxış zənginliyinə və rəng çalarna görə onlar 8 növə bölünür: palaz, cecim, ladı, kilim, şəddə, vərni, zili, sumax. Ancaq inkişaf etmiş motivli və xüsusi bədii təsirli obrazların təsvir imkanları yalnız xovlu xalçaların yaranması ilə mümkün oldu. 

Bütün tarixi mərhələlərboyu inkişaf etmiş və milli mədəniyyətin ayrılmaz hissəsinə çevrilmiş Azərbaycan xalçaçılığı şərti olaraq Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinə bölünür. Bu məktəblər kompozisiya quruluşunun özünəməxsusluğu, zəngin motivlərin orijinallığı, rənglərin harmoniyası və texnoloji xüsusiyyətlərinə görə bir-birindən seçilir. 

 

Bölgələrin üslubu 

Quba xalçalarının bəzəyi  həndəsi naxışlara əsaslanan üslublu nəbati, bəzən də heyvani motivlərdən ibarətdir. Bakı xalçaları yumşaqlığı, rənglərinin intensivliyi, bədii elementlərin orijinallığı və naxışların zərifliyi ilə seçilir. Bəzəklər arasında ovallar, yəni  həndəsi formalı "göl" adlanan fiqurlar, əyrixətli bitki elementləri üstünlük təşkil edir. Bakı qrupundan olan xalçaların rəng koloritində aralıq yerlər üçün tünd-göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. 

Şirvan xalçalarının zəngin, mürəkkəb naxışlı kompozisiyası hələ orta yüzilliklərdən məşhurdur. Hələ XIV-XV əsrlərdə bu xalçalar Avropa rəssamları tərəfindən vəsf edilib. Gəncə isə ipək və yun parçaların, ipək xalçaların istehsal mərkəzi kimi məşhurlaşıb. Üzun əsrlər boyu yüksək keyfiyyətli xalçaların istehsalının mərkəzi kimi tanınan Gəncədə xüsusi xalçaçılıq emalatxanaları fəaliyyət göstərib. 

Boya sayı az olan bu məktəblərin xalçalarında harmonik kolorit yaradılır. Gəncə və Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının da diqqətini cəlb edib. Qarabağda evin interyerinə uyğunlaşdırılmış xalça dəstləri - 5 xalçadan ibarət gəvələr geniş yayılıb. Qarabağ xalçaları zəngin boya-rəng palitrasına malikdir və bu, Qarabağ təbiətinin boyalarının ən zərif çalarlarını özündə əks etdirir. Qədim zamanlardan formalaşmış ənənələrə görə, Azərbaycan xalçalarının aralıq sahələrindəki fon qırmızı boya ilə icra edilir. Qırmızı boya bitkilərlə yanaşı, həşəratlardan da alınır və onların arasında ən geniş yayılmış boya mənbəyi kimi böcəyi, yəni koşenili göstərmək olar. 

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və tanınmış məktəbidir. Artıq XI-XII əsrlərdə o, çiçəklənmə dövrünü yaşayıb, XIII-XIV əsrlərdə Təbriz miniatür məktəbinin bədii xüsusiyyətlərini mənimsəyib, XVI-XVII əsrlərdə inkişafının yüksək səviyyəsinə çatıb. Bu məktəbə aid xovlu və xovsuz xalçalar bədii tərtibatı, boyaların harmoniyası, ornamental bəzəklərinin müxtəlifliyi ilə seçilir. 

 

Xalçaçılıq məktəbinin bərpası

Bu gün "Azərilmə" ASC-nin müəssisəsində əfsanəvi Azərbaycan xalçalarını bir neçə yüz il öncə olduğu kimi, əllə toxuyurlar. Bu o deməkdir ki, rəng qammasına və naxışına görə eyni olan iki xalça tapmaq, demək olar ki, mümkün deyil. Mühəndislər, rəssamlar, xalçaçılar - bütün bu insanlar heyrətamiz xalça inciləri hazırlayırlar və onların istehsalı prosesində cəmi üç alətdən istifadə edirlər - xüsusi bıçaq, şax-şax və qayçıdan.  Maraqlıdır ki, buna baxmayaraq, müəssisədə xalçalar Azərbaycan xalçaçılığının ənənələri qorunmaqla çağdaş üsluba və çağdaş standartların tələb etdiyi texnoloji parametrlərə uyğun şəkildə hazırlanır. Xalça toxuyanların halal və zərif əllərinin sevgisi ilə yaradılmış xalçaya toxunan kimi insanın bədəninə istilik yayılır. Təsviredilməz ətrə bürünürsən və rahatlıq tapırsan, xalçaların zamanın hökmünə tabe olmadığını bir daha hiss edirsən. Artıq uçmağı bacaran, məkan və zaman boyunca hərəkət edən əfsanəvi xalçanı sınamaq istəyirsən. Xalçalar tarixi, məişəti, ənənələri yaşadır, onların naxışlarında əbədiləşdirilmiş xüsusi məna, ritmlər, Azərbaycan mədəniyyətinin zənginliyi, dəbdəbə və milli ritorika yaşayır. 

Xalçaların toxunduğu təbii yun və ipək yalnız bitkimənşəli rənglərlə boyanır. Bunun üçün qoz qabığı, tut ağacının yarpaqları və dəniz duzu lazımdır. Boyaların üzvi olması xalçaların emosional ifadəsini, parlaqlığını və rəng həllinin tamlığını vurğulayır, onlara, demək olar ki, sonsuz və mistik gözəllik verir. Məhz "Azərilmə" ASC-nin ustaları Səfəvi mədəniyyətinin incisi və öz zamanının ən zərif xalçası olan "Şeyx Səfi" Azərbaycan xalçasının daha bir surətini toxuyublar. Onun orijinalı Londondakı Viktoriya və Albert muzeyində saxlanılır.

 

Ənənələrin qorunması 

"Azərilmə" müəssisəsinin özü fəaliyyətə 1996-cı ildə başlayıb. Burada unikal və yaddan çıxmış xalça kompozisiyalarının bərpası ilə yanaşı, dünyanın bir çox muzeylərini və fərdi kolleksiyalarını bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrinin inkişafı və istehsalı üzrə böyük işlər görülür, onların xarici bazarlarda satışına və yetərincə təbliğ edilməsinə səylər göstərilir. 

Məqsəd Azərbaycan xalça incəsənətinin ənənələrini əbədiləşdirmək və inkişaf etdirməkdir. Bu məqsədlə, artıq yaddan çıxmış xalça kompozisiyalarından istifadə etməklə, yüksək keyfiyyətli xalçalar istehsal edilir, xalçatoxuyanlar bu irsi gələcək nəsillərə ötürməyə çalışırlar. Axı bir xalçanın hazırlanması rəssamların, incəsənətşünasların, boyaçıların, xalçatoxuyanların və başqa mütəxəssislərin böyük zəhmətini tələb edir. Əlbəttə ki, bütün bu işlər beynəlxalq standartlara uyğun şəkildə toxunmuş ipək və yun xalçalara həkk edilmiş bədii təxəyyüldür və bu, xalçaçıdan xüsusi biliklər, zövq, bacarıq və ustalıq tələb edir. 

Əminliklə demək olar ki, Azərbaycanın xalçaçılıq sahəsinin mütəxəssisləri bütün bu peşəkar xüsusiyyətlərə malikdirlər. Azərbaycana gələn hörmətli qonaqlar məhz "Azərilmə" müəssisəsində xalça toxunması prosesi ilə tanış olurlar - iplərin təbii boyalarla rənglənməsini, Şəki ipəyini və hər bir ilməyə nə qədər diqqət və məsuliyyət sərf edilməsini öz gözləri ilə görürlər. Azərbaycan xalçalarına sevgi, hörmət bundan qaynaqlanır. 

Toxucular qədim milli ənənələr əsasında gerçək incilər hazırlayırlar. Bu, sadəcə istehsal deyil, yaradıcılıq studiyasıdır. Bu gün Azərbaycanda Şirvan və Abşeron xalça məktəbinin ənənələrini bərpa edirlər. Qədimdən xalçaçılıq mərkəzi olmuş zonalarda - Bakının Nardaran, Binə, Hökməli, Lökbatan qəsəbələrində, aran Şirvanının Kürdəmir şəhərində, dağlıq Lerikdəki toxuculuq emalatxanaları xalçaçılığın çox əsrlərboyu formalaşmış milli ənənələrinin davamı üzrə işlər yüksək səviyyədə aparılır. Və bu,  yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də şöhrət qazanıb. 

Qazax, Borçalı, Göyçə, Zəngəzur, Ağbaba, Dərəçiçək, Paşalı, Calaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və Azərbaycanın başqa tarixi yerlərində xalq ustaları tərəfindən toxunmuş xalçaların bədii və texniki ənənələri inkişaf etdirilir. Azərbaycan xalçaları zərif işlənməsi, ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı, major və  harmonik koloriti ilə seçilir. Bakı, Quba, Şəki regionlarında xalq sənətkarlığı ənənələri ilə hazırlanmış yun ipliklər və Şəkidə istehsal edilmiş ipək saplar boyama sexlərinə daşınmaq üçün yumaqlara vurulur. Burada iplər boyanır. İncinin yaradılması peşəkar rəssamların işi ilə davam etdirilir, onlar  hər bir xalça üçün müfəssəl eskizlər, texniki parametrləri müəyyən edən ornamental kanva, peyzaj motivlər, koloristik həll, çalar diapazonu işləyirlər.  "Azərilmə"də artıq 900-dən artıq müxtəlif xalça eskizi işlənilib. Burada keyfiyyətlə və möhkəm materialladan hazırlanmış, çağdaş texniki imkanlara malik hanalarda ən qısa müddətdə ölçüsü 1 kvadratmetrdən 40 kvadratmetrə qədər dəyişən müxtəlif ölçülü və sıxlıqlı ipək və yun xalçalar hazırlanır. 

 

Milli kolorit 

Azərbaycan xalçaları mürəkkəb həndəsi və nəbati naxış quruluşuna görə təkrarsızdır, mükəmməəl spiralvari və başqa naxış sisteminə görə seçilir. Bu xalçalara diqqətlə baxdıqda görmək olar ki, onların hər birinə özünəməxsus fərdilik, rəng və parça, naxış,  rəsm üslubu və keyfiyyət xasdır. Bu, Azərbaycan xalçaçılığına çoxcəhətlilik və zənginlik verir. Başqa ölkələrdə xalçaların naxışları tez-tez təkrar edilir, Azərbaycan ustalarında isə bu, müşahidə olunmur. Ümumbəşəri bədii incilərə malik Azərbaycan xalçası bizim günlərdə də bütün dünyada tanınır və şöhrətlənir. Azərbaycan xalça incəsənəti çoxəsrlik tarixə malik Azərbaycan xalqının mənəvi aləmini, estetik duyğusunu, təbii istedadını və fəlsəfi dünyagörüşünü əks etdirir. Bu incilərdən sonsuzluğa qədər danışmaq olar. 

 

"Avroviziya" və Azərbaycan xalçaları 

Bu il "Avroviziya-2012" ərəfəsində Azərbaycanda rekord sayda xalça toxunub. Xalçatoxuyanlar əmindirlər ki, müsabiqənin qonaqlarından heç biri bu möhtəşəm suvenirlərdən əldə etmədən buranı tərk etmək istəməyəcək. Axı Azərbaycan milli xalçalarının gözəlliyi qarşısında heyran qalmamaq  sadəcə mümkün deyil. 

Bu xalçaların əsas xüsusiyyəti parlaq boyalar və şirəli, ilk baxışdan uyuşmaz sayılan rənglərin harmonik çuğlaşmasıdır. Rəngləri seçmək və uyğunlaşdırmaq sənətini Azərbaycanda uşaqlıqdan öyrədirlər. Xalça muzeyində uşaqlar üçün də xüsusi proqram - "Xalçanı özün yığ" fəaliyyət göstərir. Master-klass iştirakçılarına xalça boyanmasının bir neçə variantını təklif edirlər - ənənəvi naxışları da götürmək olar, öz virtual xalçanı da tərtib etmək mümkündür. Ən cürətlilər isə hananın arxasına keçərək, toxucu qadının başladığı xalçanı davam etdirməyə cəhd göstərirlər. Məşğələ min illər öncə başlamış bu sənətin tarixi barədə hekayə ilə müşayiət edilir. 

Sexlərdə xalçaları böyük dəzgahlarda toxuyurlar. Ölçüsündən asılı olaraq, bir xalça üzərində iş bir aya yaxın vaxt aparır. Bir hanada üç toxuyucu işləyir. Bu cür incilərin qiyməti $200-dən 500 min manata qədər dəyişir. Çağdaş toxuyucular xalçaları qədim eskizlər əsasında ulu nənələrinin istifadə etdiyi boyaları işlətməklə toxuyurlar. Palitra genişdir. Qara rəngi isə yalnız haşiyə üçün istifadə edirlər. Qırmızı, ağ və göy isə əsas rəsmin yaradılması üçün işlədilir. Bununla çiçək, at, dəvə və ya quş çəkmək olar. Bölgəsindən asılı olaraq rəsm xalçanın mərkəzində, qırağında və bütün sahəsində ola bilər.

Ustalar deyir ki, məhz köhnə ənənələrə sadiqlik Azərbaycan xalçalarını bu cür məşhurlaşdırır. Onların hər biri gerçək incəsənət əsəri sayılır. Və istənilən incəsənət əsəri kimi onlar qiymətsizdir. 



MƏSLƏHƏT GÖR:

404