15 Mart 2025

Şənbə, 02:57

ŞÜURLA HİSSLƏRİN ƏBƏDİ MÜBARİZƏSİ

Bakıda Heydər Əliyev fondunun vitse-prezidenti, rəssam Leyla Əliyevanın əsəri təqdim olunub

Müəllif:

15.05.2012

Mayın 11-də Qız Qalasının yanındakı boş sahədə "YARAT!" qeyri-kommersiya təşkilatının birinci - "012 Bakı Public Art Festivalı" çərçivəsində rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Beyin" əsəri təqdim edilib. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Leyla Əliyeva bildirib ki, onun "Mozq" əsəri formasına görə qeyri-adi dərəcədə paradoksal olduğu üçün   hipersimvolikdir.

Müəllifin qeyri-ənənəvi memarlıq nümunəsi beyin yox, üçölçülü plastik ürək şəklindədir. Leyla Əliyevanın sözlərinə görə, onun əsərinin qayəsi bir tərəfdən, hisslər və zəka arasında ziddiyyəti vurğulamaq, digər tərəfdən, emosional və rasional cəhətlərimizin vəhdətini göstərməkdir. Əsərinin mərkəzi fiquru öz beynini udan insandır ki, bu da hisslərin zəka üzərində qələbəsini göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudovaya yaradıcı insanların əsərlərinin nümayiş olunduğu belə festivalın təşkilinə görə minnətdarlığını bildirib. 

Əsərlə tanış olarkən biz “Beyin” obyektini yüksək mənəvi sintezin simvolu kimi dəyərləndiririk.

Şirvanşahlar dövlətinin hakimiyyəti dövründə ürək simvolu kimi çiçəklənən və şöhrət qazanan Bakı şəhəri, regionun ən gözəl və bənzərsiz şəhərlərindən birinə çevrilmiş, beyin simvolu kimi hesab olunan aktiv intellektual fəaliyyət mərkəzi olmuşdu.

Bakı şəhərini yüksək mənəvi sintezin simvolu kimi də təsəvvür etmək olar. Məhz bu nöqteyi-nəzərdən fiziki ürəyi vizuallaşdıran "Beyin" art-obyekti Bakı şəhərinin simvolu kimi təqdim olunur.

Qeyd edək ki, Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda "Dünya siyasəti" ixtisası üzrə təhsil alıb. O, "Baku" jurnalının təsisçisi kimi, həm də Azərbaycan mədəniyyətinin inkişafında bilavasitə iştirak edir. Onun  təsirli qrafik əsərləri  Bakının müasir İncəsənət Muzeyində saxlanılır.

Leyla Əliyevanın əsərləri 2011-ci ildə Bakıda keçirilmiş ikinci beynəlxalq "Qız Qalası" festivalında, "YARAT!" - Müasir İncəsənət Məkanı"nın təşkil etdiyi sərgidə də nümayiş etdirilib.

2012-ci ildə Londonun məşhur "Phillips de Pury & Company" sərgi-qalereyasında və Parisin tanınmış "Salomon de Rothschild" mülkündə açılmış "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisinin ideyası da Leyla Əliyevaya məxsusdur. Onun "Nar", "Nar ağacı", "Həyat davam edir" və digər rəsm əsərləri orijinallığı ilə geniş auditoriyanın ürəyinə yol tapır. 

"012 Baku Public Art" festivalında tanınmış və fəaliyyətə yeni başlamış 21 rəssam iştirak edir. Onlar əsərlərində Bakının bir sıra tarixi yerlərini yaradıblar. Layihə sentyabrın 1-dək davam edəcək.



MƏSLƏHƏT GÖR:

483