
"GÖRDÜYÜN İŞƏ ÜRƏYİNİ VERMƏLİSƏN, ONDA HƏR ŞEY YAXŞI OLACAQ"
"Avroviziya-2011"in Azərbaycan təmsilçisi Eldar Qasımovla müsahibə
Müəllif: Sevda TAĞIZADƏ Bakı
-Xatırlayıram, "Avroviziya"da Azərbaycan təmsilçilərindən biri kimi mənim adım çəkiləndə, başımda hər şey qarışdı, bir də ayıldım, artıq final mahnısını oxuyuram. Sonra Nigar mənə qoşuldu və artıq biz qoşa dayanmışdıq. Əlbəttə, həmin dövrdə inanılmaz dərəcədə xoşbəxt idim, ürəyim duyğularla dolmuşdu, ümumiyyətlə, onlar indi də qalır. Mən hələ də hansısa eyforiya içindəyəm! Əminəm ki, Nigar da bunları hiss edir, xoşbəxtlikdən göyün yeddinci qatındadır. Məşqlər zamanı Düsseldorfda "Esprit Arena"nın səhnəsinə çıxmışdım və düşünürdüm, final şousunda zal ağzına kimi dolacaq və biz Nigarla səhnəyə çıxıb qələbəni götürəcəyik. Belə də oldu!
Hələ Düsseldorfda olarkən internetlə bizim qələbə qazandığımız axşam Bakıda nələr olduğunu gördük - şəhər, sadəcə, sevincdən başını itirmişdi! Gənclər səhəri küçədə açdılar, insanlar sevincdən ağlayırdılar. Bu, unudulmaz xatirələrdir.
- Builki "Avroviziya"dan nə gözləyirsiniz? Sizcə, Azərbaycanın iki il dalbadal qələbə qazanma ehtimalı varmı?
- Bu, əla olardı! Niyə bizim ölkə də "Avroviziya"nı iki il dalbadal qəbul etməyi bacarmış xoşbəxtlər siyahısına düşməsin?
Mən çox istəyirəm, may ayında Avropa doğma Bakımızın gözəlliyini görsün, Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olsun. Məncə, "Avroviziya" ölkənin reklamının ən yaxşı üsuludur. Əminəm ki, biz bunun öhdəsindən gələcəyik!
- Səbinə Babayevaya nə məsləhət verərdiniz? Bizim ölkəmizin "Avroviziya"dakı keçmiş təmsilçisi kimi hansı məsləhətləri verərdiniz?
- Əminəm ki, bu il Avropa və bütün dünya bizim ölkənin milli musiqisinin təkrarsız gözəlliyi ilə tanış olacaq. İnanıram ki, "Avroviziya" tarixinin ən yaxşı müsabiqəsi məhz Bakıda keçiriləcək. Özü də bizim təmsilçimiz Səbinə Babayeva bütün lazımi keyfiyyətlərə malikdir. O, istedadlıdır, gözəldir və əməksevərdir. Səbinəyə məsləhətim budur ki, gördüyü işə ürəyini qoysun, onda hər şey yaxşı olacaq.
MƏSLƏHƏT GÖR: