
İKİQAT MƏSULİYYƏT
Səbinə Babayeva "R+"a müsahibəsində "Eurovision" müsabiqəsindən gözləntiləri haqqinda danışıb
Müəllif: Nərminə VƏLİYEVA Bakı
O, son 4 il ərzində bütün milli seçim turlarında iştirak edirdi. Nəhayət, ötən il uğur onun üzünə güldü. Səbinə Babayeva Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil etməyi çoxdan arzulayırdı. 2012-ci ildə bu onun üçün xüsusilə vacib idi. Çünki Avropanın əsas musiqi müsabiqəsi ifaçının doğma şəhərində - Bakıda keçiriləcəkdi.
Səbinə 1979-cu il dekabrın 2-də Bakıda, hərbçi və pianoçu ailəsində doğulub. 10-12 yaşlarında "Şən notlar" uşaq xorunun solisti olub. Orta məktəbi bitirdikdən sonra, Dağıstan Universitetinin hüquq fakültəsinə qəbul olunub. Amma musiqi sevgisi Səbinənin, eyni zamanda, A. Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal sinfini bitirməsinə də yol açıb.
1999-cu ildə S.Babayeva musiqi institutları arasında keçirilən "Dalğa" yarışında xarici mahnıların ən yaxşı ifaçısı nominasiyası üzrə birinci mükafatı qazanıb. Səbinə "Qızıl şlyager-99" beynəlxalq ifaçılar müsabiqəsinin laureatıdır. O, faşizm üzərində qələbənin 55 illiyi münasibətilə keçirilmiş beynəlxalq festivalın, həmçinin, "Qızıl açar - 2001" ifaçıların müsabiqəsinin laureatı, "Brest-2000" vətənpərvərlik mahnısının ən yaxşı ifasına görə ilk yerin sahibi olub. O, "Amberstar 2009" gənc ifaçıların beynəlxalq müsa-biqəsinin Qran-prisini də qazanıb. Hazırda S.Babayeva teatrda da çalışır. O, dünyaca məşhur "Notr-Dam de Pari" müziklinin Azərbaycan versiyasında Fler-le Lis rolunu canlandırır.
"Eurovision-2012" müsabiqəsində S.Babayeva İsveçdən olan müəlliflər - Anders Baqqe, Sandra Byurman, Stefan Orn və Yohan Kronlundun "When The Music Dies" mahnısını ifa edəcək. Qeyd edək ki, Anders Baqqenin bəstələrini Madonna, Canet Cekson, Santana, Cennifer Lopez, Selin Dion və Enrike İqlesias kimi məşhurlar da ifa edir. Sandra Byurman və Stefan Orn isə ötən il "Eurovision"da Azərbaycana qələbə gətirmiş "Running Scared" mahnısının müəllifləridirlər.
Səbinə Babayevanın ifa etdiyi lirik kompozisiyada milli və Qərb musiqisinin sintezi var. "When The Music Dies" - Avropa musiqisindəki son tendensiyalarla milli musiqi ənənələrinin unikal qarışığıdır. Mahnı yazılan zaman Azərbaycanın milli musiqi alətləri olan kamança, balaban, qavaldan, həmçinin, muğam elementlərindən istifadə olunub. Milli musiqi partiyasının yazılışına yüksək peşəkarlığa malik çalğıçılar cəlb olunub, muğam partiyasını isə dünyaca məşhur Alim Qasımov ifa edib.
Səbinə Babayeva müsabiqə ərəfəsində "R+"a verdiyi müsahibəsində həyatında yaşanacaq, bəlkə də, ən vacib hadisə ilə bağlı keçirdiyi hisslərdən danışıb.
- Səbinə, bu il müsabiqənin ev sahibi olaraq hansı hissləri keçirirsiniz?
- Etiraf edim ki, Azərbaycanı "Eurovision-2012"də təmsil etmək mənim üçün şərəfdir. Əlbəttə, doğma səhnədə çıxış etmək həm asan, həm də çətindir. Necə deyərlər, doğma divarlar kömək edir. Yerlilərimin, doğmalarımın, yaxınlarımın və dostlarımın böyük dəstəyini hiss edəcəyəm. Amma bu, həm də ikiqat məsuliyyət deməkdir. Odur ki, hazırda ölkəmi müsabiqədə layiqincə təmsil etmək üçün fəal şəkildə hazırlıqla məşğulam.
- Ukraynadakı hazırlıq dövründə hansı işlər görülüb?
- Ukraynada olduğum dövrdə klip, fotosessiyaya çəkilməyə macal tapdıq. Əlbəttə ki, bütün vaxtım bilavasitə hazırlığa - vokal, xoreoqrafiya, nömrənin nümayişi üzərində çalışmalara gedirdi. Studiyada çox işləyirik. Çünki "When the Music Dies" müsabiqə formatı ilə yanaşı, caz, akustik və əlbəttə ki, milli, Azərbaycan versiyasında da buraxılacaq. Mahnının zövqlü, tam müxtəlif musiqi üslublarına üstünlük verən insanlar tərəfindən qəbuledilən olması mənim üçün çox vacibdir.
- İştirakçılardan hansına azarkeşlik edəcəksiniz?
- Xoşbəxtlikdən, "Eurovision-2012"də mənim yaxın dostum, Gürcüstan təmsilçisi Anri Coxadze də iştirak edəcək. Biz onunla çoxdan dostuq və vaxtilə duet də oxumuşuq. Odur ki, ona azarkeşlik edəcəyəm.
Udmurtiyadan olan "Buranov nənələri"nin ifasını da eşitmişəm. Çox maraqlıdırlar! Onlara Bakıda səmimi-qəlbdən uğurlar diləyirəm və ümid edirəm, nənələr buraları bəyənəcəklər!
MƏSLƏHƏT GÖR: