Müəllif: Sənan NADİROĞLU Bakı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin İtaliyada keçirilən Dünya Çempionatında çıxışını birmənalı dəyərləndirmək mümkün deyil. Güclü rəqiblərlə əzmkar, bərabər səviyyəli komandalarla zəif oynayan voleybolçularımız yekun nəticədə 3-cü dəfə iştirak etdiyi həlledici mərhələdə Qazaxıstanla 15-ci yerə şərik olub. Bu, komandamızın indiyədək qatıldığı mundialda ən pis göstəricisidir.
Belə ki, 1994-cü ildə 10-cu yeri tutan Azərbaycan 12 il sonra 13-cü olmağı bacarmışdı. Ardınca 2010-cu il dünya çempionatına qatıla bilməyən millimiz İtaliyaya böyük ümidlərlə yollansa da, lazımi nəticəni əldə edə bilmədi. Buna əsas səbəb kimi isə komandamızın qeyri-stabil oyununu göstərmək olar.
İlk oyun günündə 3 qat dünya çempionu Yaponiya yığmasını məğlub edən (3:2) komandamız II turda digər Asiya təmsilçisi - Çin millisi ilə üz-üzə gəldi. Görüş qarşılıqlı hücumlarla başlansa da, sonda millimiz 0:3 hesabı ilə məğlub oldu. Ardınca Puerto-Rikoya 3:2 hesabı ilə qalib gələn Aleksandr Çervyakovun komandası bununla ikinci mərhələyə yüksəlmək üçün əla şans əldə etdi. Növbəti turda Belçika qarşısında "ağ bayraq" qaldıran voleybolçularımız quru hesablı uduzmaqla (0:3) işini çətinə saldı. Son turda xala həsrət olan Kuba voleybolçuları ilə qarşılaşan komandamız 3:1 hesablı qələbə qazanmaqla mundialın ikinci mərhələsinə adladı.
Gözlənildiyi kimi, Azərbaycan yığması qeyri-stabil oyunla 3-cü mərhələyə adlaya bilmədi. Dünya Çempionatının ikinci mərhələsində Azərbaycan yığmasının Xorvatiyaya 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, Dominikan Respublikası (1:3) və Almaniyaya (0:3) məğlubiyyətlər arzumuzun reallaşmasına mane oldu.
Azərbaycan millisinin çıxışını təhlil edərkən ikili məqamlar özünü göstərir. İlk olaraq qeyd edək ki, səfərə liderlərsiz yollanan komandanın ilk mərhələdə mübarizəni dayandıracağı proqnozlaşdırılırdı. Milli ikinci mərhələyə vəsiqə qazanmaqla çoxlarını təəccübləndirdi. Faiq Qarayev səhhətində yaranan problemlə əlaqədar uzun müddət ayaq üstündə dayana bilmədiyini əsas gətirərək, yerini Aleksandr Çervyakova etibar edib. Bununla belə, bütün göstərişlərin Qarayev tərəfindən verildiyi hamıya məlumdur.
Azərbaycan qadın voleybolunun inkişafında Qarayevin böyük rolu olmasını heç kim inkar etmir. Amma bəlkə yığmaya yeni məşqçi dəvət etməyin vaxtı çatıb. Axı həddən çox işləyən Faiq Qarayev üçün həm klub, həm milli, həm də federasiyada bütün işləri yüksək səviyyədə yerinə yetirmək çətindir.
İtaliyadakı Dünya Çempionatı Azərbaycan millisinin Natalya Məmmədovasız da keçinə biləcəyini sübut etdi. Ukraynaəsilli Məmmədova ilə mundiala vəsiqə qazanan yığmamız Dünya Çempionatında onun xidmətindən istifadə edə bilmədi. Zədə probleminə görə həkimlər bir müddət Məmmədovanın voleyboldan kənarda qalmasını vacib saydı. Sonuncu Avropa Çempionatında Məmmədova ilə birlikdə fiaskoya uğramışdıqsa, mundialda onsuz daha yaxşı oynadıq. Məmmədovanın mövqeyində çıxış edən Polina Rəhimova özünü ən yaxşı tərəfdən göstərdi və heç kimdən geri qalmadığını sübut etdi.
Belə ki, 24 yaşlı milliləşdirilmiş voleybolçumuz 8 matçın yekununa əsasən bombardirlər siyahısında yer alıb. Onun aktivinə 229 xal yazılıb. Rəhimova bombardirlər siyahısı ilə yanaşı, topun qəbul edilməsinə görə də fərqlənənlər sırasında olub.
Hücumçumuzun 18 servisi komandamıza birbaşa xal qazandırıb. Blokçuların yarışında ən yaxşı mövqedə Kseniya Kovalenko qərarlaşıb.
Digər sevindirici məqam Dünya Çempionatına yollanan heyətdə daha çox yerli voleybol məktəbinin yetirmələrinin yer alması oldu. Azərbaycan voleybolunun yetirməsi sayılan Oksana Kiselyova, Ayşan Əbdüləzimova, Ceyran Əliyevanın mötəbər turnirdə meydanda olması onların gələcək karyeralarına təsirsiz ötüşməyəcək. Faiq Qarayevin yerli voleybol məktəbinin yetirmələrinə şans verməsi ölkə klubları üçün böyük siqnal olmalıdı. Yerlilər inamlı oyunla ölkə çempionatında onlara şans verilməsinə layiq olduqlarını göstərdi. Azərbaycan voleybol klublarından yalnız "Azərreyl" və "Azəryol" yerli voleybolçuları heyətə daxil edir. Digərləri bütövlüklə legionerlərə inanmaqla millinin gələcəyi olacaq yerli voleybolçuları ehtiyatda saxlayır.
Millimiz Dünya Çempionatında 15-ci yeri tutmaqla Qazaxıstan, Argentina, Kanada, Puerto-Riko, Tailand, Kamerun, Kuba, Meksika və Tunisi qabaqladı. Sözsüz ki, Azərbaycanda komanda idman növlərində yalnız voleybolda Dünya Çempionatında iştirak etdiyimizi unutmamalıyıq. Bununla belə, azarkeşlər güclü rəqiblərə başağrısı olan Azərbaycan millisini görmək arzusundadır. Bunun üçün yığmaya yeni nəsil voleybolçuları dəvət etmək lazımdır. Veteranlar artıq yerini nisbətən gənclərə verməlidir. İlk nümunəni artıq Parxomenko bacıları verib. Dünya Çempionatından sonra Oksana ve Yelena Parxomenko yığma karyeralarını başa vurub. Parxomenko bacıları bu qərarı İtaliyadakı Dünya Çempionatında millimizin mübarizəni dayandırmasından sonra verib. Onlar, bütün diqqətlərini öz klublarındakı çıxışlarına yönəldəcəklərini bildirib. Qeyd edək ki, Oksana Parxomenko hazırda "Azəryol"da, Yelena Parxomenko isə "İqtisadçı"da çıxış edir.
Digər tərəfdən, yerli voleybolçuların ölkə çempionatında ehtiyatda qalması milli üçün ciddi problem yaradır. Ona görə Azərbaycan Voleybol Federasiyası klublardan gənc voleybolçulara şans verməyi tələb etməlidir.
Faiq Qarayev hər zaman müsahibələrində Azərbaycan millisinin mundialda iştirak etməsini önə çəkir. Ölkədə komanda idman növlərində yalnız voleybolçularımızın Dünya Çempionatında iştirakı fəxr edilməlidir. Amma unutmayaq ki, yalnız iştirakla kifayətləndiyimiz dövr arxada qalıb. İndi həm də nəticə tələb olunur. Dünya Çempionatında iştirakla Azərbaycan voleybol bayramının iştirakçısına çevrildi. Gələcəkdə həmin bayramda sevinməyə də çalışmaq gərəkdir.
MƏSLƏHƏT GÖR: