24 Noyabr 2024

Bazar, 04:30

TƏQAÜDÇÜLƏR HARADA DİNCƏLİRLƏR?

Ölkənin ahıl insanlarının layiq olduqları şəkildə istirahət edə bilməsi üçün hansı işlər görülməlidir?

Müəllif:

14.10.2014

Yay arxada qalsa da, hava hələ istidir və bu, yayda dincəlməyə macal tapmamış insanların işinə yarayır. Bu arada, ən zəruri tələbatları belə haqsız yerə kənara atılan qocalarımız haqda da danışaq...  Bu mövzuya indi - kurort ehtiraslarının söndüyü, səyahətlərin səngidiyi, xaricdən istirahətdən qayıtmış valideynlərin uşaqlarını nənələrin, babaların yanından götürdükləri, qızıl payız sakitliyinin yarandığı vaxtda müraciət etməyimiz heç də təsadüf deyil. Sanki pensiyaçılar, nəhayət, özləri haqda düşünmək imkanı qazanıblar. Amma bu yerdə də payız yağışı kimi amansız maneə var - heç də hər pensiyaçının "ucuz və keyfiyyətli"" dincəlmək imkanı yoxdur.

 

Qocasayağı istirahət 

Pensiyaya çıxmaqla həyatın bitmədiyinə ən bariz nümunə inkişaf etmiş ölkələrdir. Orada pensiyaya çıxan insanlar haqlı olaraq hesab edirlər ki, həyat hələ indi başlayır və nəhayət, özləri üçün yaşaya bilərlər. Onların işlədikləri dövrdə toplanmış pensiyaları dünyanı gəzməyinə imkan verir; xüsusilə də nəzərə alsaq ki, loukosterlər (qənaətcil aviaxətlər) bütün dünyada geniş yayılıb. Azərbaycanda isə hazırda həyat spesifikliyi elədir ki, çox az sayda pensiyaçı nəinki xaricdə, hətta yerli istirahət zonalarında dincələ bilir. Təəssüf ki, bu gün bütün yaş qrupları üçün ən əlçatan və cibəuyğun istirahət axşamlar yaxınlıqdakı parklarda gəzməkdir - orada insanlarla son xəbərləri və ya serialları müzakirə etmək, yaxud şahmat, domino oynamaq imkanı əldə edirlər.

Bundan başqa, çoxdan ənənə halını almış bağ evində istirahət hələ də geniş yayılıb və populyarlığını qoruyur; necə deyərlər, insana öz evində divarlar da kömək edir. Odur ki, təmiz dəniz havası, dirrikdə işləmək, öz yetişdirdiyin meyvə və tərəvəzi dadmaq yalnız bədəni deyil, həm də ruhu dincəldir. Bu məsələdə əsas problem, təəssüf ki, əhalinin kiçik bir hissəsinin bağ evinə sahib olmasıdır.

 

Fəal  istirahət

Xoşbəxtlikdən, bizdə az sayda olsa da, fəal, idmanla məşğul olan, sağlam həyat tərzi yaşayan qocalar var. Onlar üçün fəal istirahət və idman həyat normasına çevrilib. Belə ahılların bəziləri yürüşdə, dağaqalxmada gənclərdən geri qalmazlar. Məsələn, 68 yaşlı Nadejda Vasilyevna deyir: "Yaşıma görə çoxdan cavan deyiləm. Amma qoca qarıya çevrilmək fikrim də yoxdur. Bir vaxtlar mən də qocasayağı sıxıntılar çəkirdim. Gah təzyiqim olurdu, gah kürəyim ağrıyırdı... Günlərin birində rəfiqəm məni onların "Pensiyaçılar klubu"na baş çəkməyə çağırdı. İndi biz fəal həyat tərzi keçirir, ilin isti dövrlərində avtobus icarəyə götürür və təbiəti gəzintiyə çıxır, pikniklər təşkil edirik. Aramızda çoxları aerobikaya və ya bal rəqslərinə gedir. Hesab edirik ki, bu cür həyat tərzi gərginlik, çətinlik (ən azı, divandan qalxmaq kimi) yaratsa da, insana özünü güclü, lazımlı saymağa kömək edir".

Bununla yanaşı, "ənənəvi" səyahət istirahətlərinin təşkili işində bir çox turizm şirkətləri pensiyaçıları  yaddan çıxarmır. Məsələn, iri turizm agentlikləri yaşlı insanlar üçün xüsusi səfərlər təşkil edir. Təbii ki, adi turlardan fərqli olaraq, burada yaşlı insanların özlərini bütün səyahəti boyunca rahat hiss etmələri üçün lazımi meyarlar nəzərə alınır. Belə turlarda kurortlarda optimal hava şəraitinin olduğu günlər müəyyənləşdirilir, yerdəyişmənin minimum olmasına diqqət yetirilir, müştərilərin sakit otellərdə yerləşmələrinin qayğısına qalınır. Bundan başqa, bu tipli səyahətləri təşkil edən şirkətlər ekskursiya proqramında yüngülləşdirmə aparır, əyləncəli tədbirlərdə səs-küyün olmamasına diqqət yetirir. Onlar səyahətləri xüsusilə turistlərin böyük axınının yaşanmadığı mövsümlərdə təşkil edirlər. Bununla yanaşı, münasib qiymətlərlə, tibbi sığorta ilə və kompleks sağlamlıq prosedurları ilə dünyanın tanınmış kurortlarına səyahətlər də təşkil olunur. Bəzi turizm agentlikləri pensiyaçılar üçün əlverişli kredit şəklində ödəmə imkanı yaradır.

Ölkə daxilində istirahətə gəlincə, ölkənin əla təbiətə malik bir sıra regionlarında xüsusi ailəvi pansionatlar var. Ahıl yaşda olan insanlar orada səliqəli şəraitdə, tam qidalanma rasionu və ətraf landşaftın gözəlliyindən zövq alaraq dincələ bilərlər. Bu onlara, ən azı, bir müddət həyatın ağırlıqlarından uzaqlaşaraq istirahət etməyə imkan verir.

 

Hansı addımlar atılmalıdır? 

Dövlət idarələrində işləməyə davam edən pensiyaçıların bəxti bu işdə daha çox gətirir. Çünki onlar həmkarlar ittifaqı təşkilatından putyovka ala bilirlər. İşçilərin təşviqi məqsədilə hələ sovet illərində geniş yayılmış bu vasitə bu gün də qalmaqdadır və bir çox müəssisələrdə kifayət qədər ucuz qiymətlərlə putyovka əldə etmək mümkündür. Məsələn, Abşeron ərazisindəki sağlamlıq pansionatlarının birində müştərilər təmiz hava, optimal məişət şəraiti, xüsusi rasionla yanaşı, mükəmməl sağlamlıq prosedurlarından da keçə bilir, həkim müayinəsi və məsləhətləri ilə təmin olunurlar. Bəzi dövlət qurumları, həmçinin ali məktəblər həmkarlar ittifaqı təşkilatı tərəfindən fərqli putyovkalar verir. Söhbət məşhur istirahət zonalarında yerləşən düşərgələrdən gedir. Putyovkanın verildiyi dövlət qurumundan asılı olaraq, bu, xüsusi rahatlığı olmayan spartan şəraitli daxma da, ucuz qiymətə gündəlik rasionun verildiyi yeməkxanası olan yaxşı bir ev də ola bilər. Düzdür, belə bir fikir var ki, sanatoriyalara putyovka almaq çətindir və bunun üçün bir sıra bürokratik prosedurlardan keçmək lazım gəlir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından isə bunun həqiqət olmadığını, işçilərin hər birinin asanlıqla putyovka ala bildiklərini deyirlər. "İşçilər üçün istirahət onlar arasında sanatoriyalara putyovkaların bölüşdürülməsi yolu ilə təşkil olunur. Bununla yanaşı, ehtiyacı olanlara yardımların göstərilməsi, mədəni-kütləvi tədbirlərin təşkili və s. nəzərdə tutulur. 

Bu məsələlərlə bağlı qərarlar həmkarlar ittifaqı təşkilatında qəbul olunur", - deyə qurumdan bildiriblər.

Yeri gəlmişkən, qeyd edək ki, həmkarlar ittifaqı təşkilatları valideynlərə, onların övladlarına və əksinə, istirahət təşkil etmək hüququna da malikdir. Onların dincəlmələri üçün məkanlar  az deyil. Onlar sovet dövrü nəslinin nümayəndələrinə daha yaxşı tanışdır - "Abşeron", "Bilgəh", "Naftalan", "Qaranquş" və s. sanatoriyalar. Keçmişdə onlar müəllimləri, mühəndisləri, inşaatçıları və digər peşə sahiblərini böyük qonaqpərvərliklə qəbul edirdilər.

Ötən il Azərbaycanda 2014-cü ilin yay mövsümünə hazırlıq məqsədilə Həmkarlar İttifaqları Konfederasiyasının balansında olan sanatoriyaların 99%-də təmir və abadlıq işləri aparılıb. Bununla yanaşı, yeni istirahət mərkəzləri də tikilib. Misal kimi Nabranda inşa olunmuş istirahət mərkəzini göstərmək olar. 2013-cü ildə təhsil sahəsində çalışan əməkdaşlar üçün tikilmiş bu mərkəz 288 yerlikdir. Bundan başqa, ölkədə dəmiryolçular, rabitə işçiləri, dövlət qulluqçuları üçün də müasir pansionatlar inşa olunub. Səhiyyə işçilərinin həmkarlar ittifaqı təşkilatı isə Qusarın keçmiş mərkəzi xəstəxanasını özəlləşdirib və hazırda orada yenidənqurma işləri aparılır. Məqsəd oranın istirahət mərkəzinə çevrilməsidir.

Bundan başqa, həmkarlar ittifaqı təşkilatları hesabına ölkədə 5 yeni pansionat tikilib və proses davam edir. 2013-cü ildə Azərbaycanın 50 mindən artıq vətəndaşı istirahətlərini həmkarlar ittifaqı təşkilatları vasitəsilə təşkil edib, 18 min uşaq bu yolla istirahətə yollanıb, onlardan 3200-ü yay uşaq düşərgələrində, qalanları isə ailəvi sanatoriyalarda dincəlib.

Bu, əlbəttə ki, sevindirici haldır. Amma hazırkı qanunvericilik pensiyaçıların həmkarlar ittifaqı təşkilatlarının xətti ilə dincəlməsinə icazə vermir. Bu imkandan yalnız övladları bu və ya digər həmkarlar ittifaqı təşkilatında çalışan yaşlılar yararlana bilər.

Bütün bunlar göstərir ki, bizdə ahıl insanların fəal istirahət, həmçinin güzəştlər və xüsusi imkanlar konsepsiyası inkişaf etməyib, qeyri-populyardır və bu məsələdə dövlətin təşəbbüsləri çox yerinə düşər, ümumi sosial inkişaf proqramının bir hissəsinə çevrilərdi. 



MƏSLƏHƏT GÖR:

726