24 Noyabr 2024

Bazar, 21:01

SƏNAYE MƏHƏLLƏLƏRİNİN NÜMUNƏSİ

Qeyri-neft sektorunun inkişafı üçün istehsalat sahələrinin yeni formaları yaradılacaq

Müəllif:

14.10.2014

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının maksimal dərəcədə aşağı salınması vacibliyini bir daha təsdiqlədi. Yalnız son üç ay ərzində neft, təxminən, 10-15% ucuzlaşıb, bunu  OPEC-in məlumatları da təsdiqləyir. 

Bu hadisələrlə bağlı əminliklə demək olar ki,  Azərbaycanda 2014-cü ilin "Sənaye ili" kimi elan olunması lap vaxtında edilib. Bunun əsas nəticəsi təkcə ölkənin ÜDM-də nisbətin qeyri-neft sektoru lehinə artması deyil, həmçinin qeyri-neft sektorunun inkişaf etməsidir. Çünki bu gün hələ də Azərbaycan ixracın, təqribən, 90 faizini karbohidrogen  xammalın satışı hesabına təmin olunur. 

 

Parklardan-məhəllələrə

Qeyri-neft ixracına qeyri-neft sektorunun sürətli inkişafı dəstək verməlidir. Onun orta inkişafı 2020-ci ilə qədər 7,7% səviyyəsində gözlənilir. Hökumətin proqnozlarına əsasən, 2014-cü ildə ÜDM-də qeyri-neft sektorunun payı 61,5%-ə, 2017-ci ildə isə 72,4%-ə qədər çatacaq.

Bu inkişafı hökumət regionlar sayəsində təmin etmək niyyətindədir. Orada sənaye məhəllələri yaradılacaq. Son zamanlar Azərbaycanda fəal şəkildə sənaye parkları yaradılır və artıq Sumqayıt, Balaxanı sənaye parkları, Yüksək Texnologiyalar Parkı yaradılıb. Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin fikrincə, ölkənin dinamik inkişafının davam etməsi mövcud olan təbii-iqtisadi resurslara əsaslanan və böyük ümumi əlavə dəyər həcmi yaradan sənaye sahələrinin formalaşmasının sürətləndirilməsini vacib edir. Buna görə də Gəncə, Mingəçevir və Bakının Qaradağ rayonunda müasir sənaye şəhərciklərinin yaradılması planlaşdırılır.

İlk dəfə sənaye məhəllələrinin yaradılması ideyası "Sənaye ili"nin elan olunması ilə bağlı 2014-cü il martın 12-də təsdiqlənən tədbirlər planında əks olunub. Oktyabrın 8-də Prezident İlham Əliyev "Sənaye məhəllələrinin yaradılması və onların fəaliyyətinin təşkili barədə" sərəncam imzalayıb. Sənəddə qeyd olunduğu kimi, sənaye məhəllələri istehsalat prosesinin təşkili zamanı infrastruktur xərclərinin azaldılması, kooperativ əlaqələrin möhkəmləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı və digər məsələlərin həll olunması nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdirlər. 

Sərəncama əsasən, sənaye məhəllələrinin yaradılması qərarını ölkə başçısı İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında qəbul edir. Həmin nazirlik müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, daxili və xarici infrastrukturun yaradılması və s. tədbirlərin görülməsini yerinə yetirməlidir. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan sərmayə şirkəti"nin üzərinə qoyulub. 

 

Yeni başlayan biznesmenin  arzusu 

Məlum olduğu kimi, İqtisadiyyat və Sənaye Nazirliyi məhz Neftçalada ilk sənaye məhəlləsinin yaradılması mümkünlüyünü artıq nəzərdən keçirir və onun layihələndirilməsi istiqamətində işlərə başlanılıb. Nazirliyin sənaye şöbəsinin rəhbəri Səməd Bəşirlinin sözlərinə görə, gələcəkdə sənaye məhəllələrinin ölkənin digər rayonlarında da yaradılması planlaşdırılır.  

"Sənaye məhəllələrinin formatı elə olacaq ki, onların ölkənin kiçik rayonlarında da yaradılması mümkün olsun. Əvvəlcə onların Azərbaycanın hər bir iqtisadi zonasında yaradılması planlaşdırılır, sonradan isə ölkənin digər rayonlarında", - deyə S.Bəşirli qeyd edib.

Sənaye məhəllələrinin üstünlüyü nədən ibarətdir? İlk növbədə, sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastrukturun (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılması nəzərdə tutulur. Sahibkarlara xüsusi yerlər ayrılacaq ki, onlar istehsalat xəttini yarada və məhsul istehsal edə bilsinlər. "Bu o deməkdir ki, biznesmenlər tikintiyə xərc çəkməyəcəklər, yalnız kiçik icarə haqqı ödəyəcəklər", - deyə nazirlik təmsilçisi dəqiqləşdirib.

Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlara müəyyən məsləhət xarakterli yardım da nəzərdə tutulub, çünki bunların hamısı ölkədə özəl sektorun dəstəkləməsi istiqamətində tədbirlərin davamıdır.  Əsas məqsəd ondan ibarətdir ki, sahibkarlar öz fəaliyyətini başlaya bilsin və buna az xərc çəksinlər. 

Nəzərə alsaq ki, sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan sərmayə şirkəti" ASC-yə tapşırılıb, sərmayə şirkətinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq gözlənilir ki, o, yaradılan sənaye məhəllələrinə sərmayəçiləri cəlb edəcək.

Sənaye məhəllələrinin yaradılması prosesinin effektivliyinin təmin edilməsi üçün nazirlik bu sahədə bir sıra ölkələrin təcrübəsini öyrənib. Xüsusilə Çin, Türkiyə, Rusiya və MDB məkanında olan digər ölkələrin və s. təcrübələri nəzərdən keçirilib.  Mayda Azərbaycan nümayəndə heyəti Türkiyəni ziyarət edib, Ankaranın və ölkənin digər şəhərlərinin sənaye məhəllələrinin fəaliyyəti ilə tanış olub. Sonradan İqtisadiyyat və Sənaye Nazirliyinin dəvəti ilə türkiyəli ekspertlər Azərbaycanı ziyarət etdilər və sənaye məhəllələrinin yaradılması üçün nəzərdə tutulan yerlərlə tanış oldular. Bundan sonra iqtisadi səmərəlilik nöqteyi-nəzərindən  üstünlük sonda Türkiyə modelinə verilib. Lakin bu, qismən icra olunub, çünki Azərbaycan hökuməti dövlət dəstəyini genişləndirmək niyyətindədir, Türkiyədə isə sənaye məhəllələri, həmçinin özəl  sektor tərəfindən  yaradılır. 

Azərbaycan zəngin təbii resurslara sahibdir, bu da ona sənaye potensialından maksimal dərəcədə yararlanmağa imkan verir. Təkcə Gəncə-Daşkəsən zonasında olan xammal bazası yeni sənaye müəssisələrinin, texnoparkların yaradılması üçün kifayətdir. 

 

Potensial var

İqtisadiyyat və Sənaye Nazirliyinin proqnozlarına əsasən, yaxın 10 il ərzində Azərbaycanda 500-dən çox sənaye müəssisəsi yaradılacaq. 

Bu gün qeyri-neft sektorunda sənaye tərəfindən nə istehsal edilir? Bu gün sement məhsulları bazarındakı yer uğrunda istehsalatın güclü artımına köklənən üç iri şirkət var. Bu müəssisələrin ümumi istehsalat həcmi ölkənin sementə olan tələbatını dəfələrlə ödəməlidir. Bununla da hər üç şirkət nəinki ölkə daxilində, həmçinin xarici bazarlarda rəqabətə məhkumdur. İlk dəfə olaraq biz Azərbaycan şirkətlərinin keyfiyyətin qiymətlə uyğun olması və məhsulun yeniliyinin əsas olduğu xarici bazarlarda sərt rəqabətə qoşulduğunu görəcəyik. Lakin gözlənilən bu cür miqyaslı idxal əvəzlənməsini iqtisadiyyat çoxdandır  görməyib. 

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayın sosial-iqtisadi nəticələrinə həsr olunan iclasında etdiyi çıxışı zamanı bildirdiyi  kimi, eyni yanaşma digər tikinti materiallarının istehsalına qarşı da göstərilməlidir. "Biz maksimal dərəcədə özümüzü təmin etməli və ixrac etməliyik. Burada alüminium, poladəritmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur. Burada da böyük potensial mövcuddur", - deyə İ. Əliyev bildirib.

Qeyd etmək lazımdır ki, 2014-cü ildə də metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılıb. Məhz yerli xammalın və metallurgiya sənayesinin inkişafı üçün təbii ehtiyatların kifayət edən həcmlərinə görə hazırda bu sahədə dörd zavod tikilir.

Ölkədə prioritet olaraq həmçinin gübrələrin istehsalı üzrə yeni zavodların yaradılması qeyd olunub. Gələcəkdə ən yüksək dünya standartlarına cavab verəcək yeni neft-kimya kompleksinin yaradılması, alternativ və bərpaolunan enerji mənbələri sahəsində bir sıra dövlət proqramlarının həyata keçirilməsi və həmçinin sərmayeçiləri cəlb etməklə, sənaye sektorunda kiçik və orta biznesin aktivliyinin artırılması planlaşdırılır. 

"Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etməlidir. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan dövləti kifayət qədər vəsaitlərə sahibdir və biz strateji əhəmiyyət kəsb edən sənaye sahələrinə dövlət yatırımlarını cəlb etməliyik", - deyə dövlət başçısı bildirib. 

Bununla da sənaye məhəllələri Azərbaycanın sənaye potensialının inkişafı zəncirində növbəti və möhkəm halqaya çevriləcək və ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edəcək. 



MƏSLƏHƏT GÖR:

654