15 Mart 2025

Şənbə, 02:43

ANMARİ BAKIDA QALMAQ İSTƏYİR

Latviyanın "Eurovision-2012" təmsilçisi ilə eksklüziv müsahibə

Müəllif:

15.05.2012

Bakıya düşən kimi, aeroportda onu qarşılamağa gələnlərə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa etdi. Oraya toplaşanları Azərbaycan dilində salamlayan Latviyanın "Eurovision-2012" təmsilçisi Anmari təyyarədən müşahidə etdiyi Bakı gecələri haqqında ilk təəssüratlarını da bölüşdü. Təəssüratları və qatılacağı müsabiqədən gözləntiləri barədə daha ətraflı isə o, bir qədər sonra jurnalımıza müsahibəsində danışdı.

- Artıq bir müddətdir ki, Bakıdasınız. Şəhər haqda təəssüratlarınız və müsabiqədən gözləntiləriniz nədən ibarətdir?

- Bakıda olduğum üçün çox şadam. Burada bizi çox isti qarşıladılar. Hamı o qədər səmimidir ki... Azərbaycanın paytaxtı sadəcə supergözəl şəhərdir. Buranı o qədər bəyənirəm ki, məmnuniyyətlə müsabiqədən sonra da Bakıda qalardım. Şəhəri görmək, onun sakinləri ilə söhbətləşmək istəyirəm. Azərbaycan mədəniyyəti ilə mümkün qədər yaxından tanış olmağa çalışacağam. İlk andan Bakı məndə nağıllar şəhəri təəssüratı yaratdı. Bura çox maraqlıdır. Hətta bazara da getmişik.

Azərbaycanı "Eurovision"da təmsil etmiş ifaçılardan olan Səfurə Əlizadə ilə tanış oldum və biz Azərbaycanın "Sarı gəlin" mahnısını birgə ifa etmək haqda razılığa gəldik. Yaxın günlərdə mahnının studiya yazılışına başlayacağıq.

- Sizin "Beautiful Song" kompozisiyanız lirik, eyni zamanda, nikbin kompozisiyadır. O, necə yarandı?

- Bu mahnı gənc bir qızın öz müqəddəs arzusuna doğru necə getməsi haqdadır. Sonda onun arzusu reallaşır - müğənni olur. Vaxtımız az idi. Bu üzdən yalnız Amsterdamda promouşn keçirə bildik.

- Müsabiqənin keçiriləcəyi "Cristal Hall" necədir? Yəqin ki, artıq orada olmusunuz...

- Bəli, olmuşam. Konsert zalı məndə əla təəssürat yaratdı. Azərbaycan şouya əla hazırlaşıb: möhtəşəm zaldan tutmuş, konfras-zal və digər otaqlaradək. Hər şey ən yüksək səviyyədədir.

- Necə düşünürsünüz, müsabiqədə güclü rəqabət var, yoxsa vaxtilə Aleksandr Rıbakın olduğu kimi, aşkar lider görünür?

- Bakıda çoxlu sayda gözəl mahnılar, gözəl səsə malik ifaçılar çıxış edəcək. Görünən odur ki, iştirakçılar çıxışları üzərində çox çalışıblar. Mən eşitdiklərimin hamısının əla səsi var. Hər şey ifaçıların öz emosiyalarını, duyğularını, hisslərini tamaşaçılara necə çatdıra biləcəklərindən asılıdır. Hansısa konkret iştirakçını fərqləndirmək çətindir.

- İştirakçı ölkələrin səsverməsinin ədalətliliyi haqda nə düşünürsünüz? Çoxları əksər hallarda Baltikyanı ölkələrin öz regionuna, Balkanların Balkanlara, skandinaviyalıların Skandinav ölkələrinə və s. səs verdiyi hazırkı sistemi tənqid edir...

- İştirakçıları mənsub olduqları regionlara görə bölməzdim. Ümumiyyətlə, insanları sevirəm və onları milliyyətinə, yaxud başqa prinsipə əsasən ayıra bilmərəm. Bakıda çoxlarının rus dilini bilməsi çox müsbət haldır. Bu, adi insanlarla söhbətləşməyə kömək edir. Yeri gəlmişkən, Bakıda hər şey o qədər avropasayağıdır ki... Amma eyni zamanda, mədəniyyətin qədimliyi də hiss olunur. Burada olmaq çox xoşuma gəlir.



MƏSLƏHƏT GÖR:

481