15 Mart 2025

Şənbə, 20:00

BAKI KRİSTALI

Qısa müddətə gerçəkləşdirilən möhtəşəm layihə

Müəllif:

15.05.2012

"Avroviziya 2012" müsabiqəsinin gerçəkləşdiriləcəyi "Bakı Kristal Zalı"nın tikintisi qısa müddətdə həyata keçirilən möhtəşəm bir layihə kimi tarixə düşdü. Bu barədə "Trend"ə müsahibəsində "Alpine Bau Deutschland AG" və "NÜSSLI" layihə-konstruktor müştərək müəssisəsinin rəhbəri Rayner Gentser bildirib. 

""NÜSSLI" şirkəti Azərbaycandan sifarişi 2011-ci ilin may ayının son günlərində alıb. Bizdən səkkiz ay ərzində 25 min tamaşaçı tutumlu tamamilə yeni bir yer tikməyi xahiş etdilər. Bizim həmin məqamda layihə haqqında heç bir məlumatımız yox idi", - o deyib.

Gentserin sözlərinə görə, podratçılar 2011-ci il iyunun 1-də Bakıda modul obyektin ilkin konsepsiyasını təqdim ediblər. Onların fikrincə, konsepsiya 2012-ci ilin mayında "Eurovision" müsabiqəsinin keçiriləcəyi məkanın belə tez inşası üçün yeganə mümkün variant idi.

"Bizim ilkin təklifimiz mahnı müsabiqəsinin keçirilməsi üçün müvəqqəti qərara əsaslanmışdı. Bundan sonra konsert zalı digər yerə köçürülə bilərdi. Biz elə arena təklif etməyi planlaşdırırdıq ki, o həm də futbol stadionu kimi istifadə edilə bilsin, daxili və dam örtüyü konstruksiyası isə sonradan gimnastika və güləş yarışları üçün məkan kimi yararlı olsun", - o bildirib.

Bu baş plan böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycanda müəyyən  idman qurğuları çatışmazlığı mövcuddur. Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə imzalanan yekun müqaviləyədək qərar qəbul edildi ki, zal paytaxtda musiqi və idman tədbirlərinin keçirilməsi üçün daimi meydança kimi öz yerində qalacaq.

Onun sözlərinə görə, qısa müddət, potensial risklər və xaricdə belə ölçüdə obyekt tikmək kimi asan olmayan vəzifəni nəzərə alan "NÜSSLI" komandaya etibarlı tərəfdaşları cəlb etmək qərarına gəldi.

"2011-ci il iyulun 2-də Dövlət Komitəsi ilə keçirilən ikinci görüşdə baş podratçı qismində "Alpine Bau Deutschland AG", ümumi layihələndirmə və planlama, layihənin idarə edilməsinin koordinasiyası və dəstək üçün tərəfdaş qismində "NÜSSLI", həmçinin, layihələndirmə və memarlıq dəstəyini öz üzərinə götürən "GMP International" şirkətindən ibarət layihənin komandasını təqdim etdik", - deyə Gentser bildirib.

Dövlət Komitəsinə bütün iştirakçı tərəflər təqdim edilib və belə layihələrdə əvvəlki iş təcrübəsinin üstünlüyü qeyd olunub.

"Biz Bakıya bir müddət sonra gəldik, bu dəfə əlimizdə iki dizayn-konsepsiya var idi. Bunlar "Golden Curtain" və "Bakı Kristal Zalı" layihələri idi. Bizim Dövlət Komitəsi ilə axırıncı görüşümüz iyulun sonunda baş tutdu, yekun müqavilə isə birincidən iki ay sonra, 2011-ci il avqustun 2-də imzalandı", - deyə Gentser vurğulayıb.

Komanda üç əsas elementdən ibarət kompleks hazırlayıb: oturacaqlar, futbol meydançası ölçüsündə damın daxili hissələri və GMP-nin təqdim etdiyi şou üçün vizual elementlərdən ibarət mürəkkəb xarici örtüyün daxil olduğu fincanlar adlı "NÜSSLI Modular Stadium".

Bu əsas elementlər eyni vaxtda müxtəlif subpodratçıların köməyi ilə hazırlanıb, yığılıb və quraşdırılıb. Futbol arenası ölçüsündə olan bütün kompleks modul struktur qismində hazırlanıb.

Gentserin sözlərinə görə, Azərbaycan əvvəllər "NÜSSLI" və onun tərəfdaşlarına müraciət etməyib və şirkətlər böyük risqə getməyə məcbur olublar - ən böyük narahatlığı isə tikintinin çox qısa müddətdə inşa edilməli olduğu yaratdı. Gentserin sözlərinə görə, "NÜSSLI" komandası tikintinin bütün mərhələləri ərzində hər həftə işin gedişatı barədə Dövlət Komitəsinə və Avropa Yayım  Birliyinə - "The European Broadcasting Union"a (EBU) məlumat verirdi.

"Biz bütün maraqlı tərəflərlə əlaqə saxlayırdıq və məlumat üçün açıq idik. Tikinti qrafikimizdən çıxış edərək, ayrı-ayrı sahələrdə çatışmazlıq və gecikmələrimiz var idi. Lakin biz bunu kompensasiya etmək üçün tədbirlər gördük. Bu açıq ünsiyyət EBU-nun referans-qrupunun etibarını möhkəmləndirdi", - o deyib.

2012-ci il yanvarın 25-də EBU tərəfindən yekun yoxlama aparılıb. Yoxlama zamanı müştərək müəssisə üzrə bütün tərəfdaşlara işin gedişatı haqqında məruzə edilib. Həmin vaxt bəzi əsas elementlərin, o cümlədən, damın daxili karkası, qonaqlar üçün VIP zona, işıq-diod işıqlandırma sisteminin xarici fasadının və bir çox şeylərin hələ tikinti mərhələsində olmasına baxmayaraq, EBU bu yekun iclasda təqdim edilən tikintinin qrafikindən və tikintinin sürətləndirilməsi üzrə layihədən heyrətlənmişdi.

EBU-nun referans-qrupu həmin gün əldə edilən məlumat əsasında 57-ci "Eurovision" mahnı müsabiqəsinin Bakıda yeni "Kristal Zalı" obyektində keçiriləcəyi barədə yekun qərar qəbul etdi.

Gentser bildirib ki, "Eurovision" kimi əhəmiyyətli hadisələr təkcə yerli təşkilatçılar üçün deyil, eləcə də bir çox tərəfdaşlar üçün də əla bonusdur.

Onun sözlərinə görə, modul konstruksiyaların səmərəliliyi və dəyəri daha yaxşı təqdim edilə bilməz: o, böyük sürəti və səmərəliliyi nümayiş etdirir. Onunla istənilən ölçüdə modul konstruksiyalar planlaşdırıla və reallaşdırıla bilər.

"Əslində, "Kristal Zal" kimi mürəkkəb layihələr biznesimizin möhkəmləndirilməsinə yardım edir və layihənin reallaşdırılmasına ayrılan vaxtdan asılı olmayaraq, gələcəkdə səmərəli və düzgün qərar qəbul etmək bacarığımızın inkişafına kömək edir. Biz xeyli yeni təcrübə əldə etdik və tərəfdaşlarımız, subpodratçılarımızla tanış olduq ki, bu da bizə mövcud rəqabətli bazarda daha böyük üstünlüklər verir", - deyə o bildirib.

Layihədə yığılan modul stansiyaların reallaşdırılmasında yeni təcrübə əlavə təkmilləşmələr verir ki, bunu da komanda növbəti layihədə həyata keçirə bilər.

""NÜSSLI" və bizim bütün tərəfdaşlarımız fürsətdən istifadə edərək, 2012-ci il mayın 26-da Bakıda keçiriləcək bu möhtəşəm şouda Azərbaycan və müsabiqənin bütün iştirakçı ölkələrinə uğurlar arzulayır". 



MƏSLƏHƏT GÖR:

591