15 Mart 2025

Şənbə, 01:16

QƏLƏBƏYƏ APARAN YOL

Azərbaycan "eurovision"da qələbəni cəmi 4-cü iştirakda qazandı

Müəllif:

15.05.2012

2008-ci il

Azərbaycan "Eurovision" mahnı müsabiqəsində öz tarixini 2008-ci ildə Belqradda (Serbiya) yazmağa başladı. O zaman "Eurovision"da debütümüzün qələbə qazanmamasından, Elnur və Samirdən ibarət mükəmməl duetimizin kifayət qədər güclü "Day After Day" kompozisiyasının yalnız 8-ci yerlə kifayətlənməsindən çox məyus olmuşduq. Amma indi tarixə ekskurs edərkən və müsabiqə ilə bağlı yaşananlara bugünün "yüksəklik"indən baxarkən anlayırsan ki, ilk dəfə üçün 8-ci pillə heç də pis nəticə olmayıb. İlk dəfə və 8-ci yer. Tam əminliklə demək olar ki, "Day After Day" mahnısı və onun ifası "Eurovision" tamaşaçısı üçün yaxşı, hətta çox yaxşı idi.

Elnurla Samir mükəmməl çıxış etdilər. Onların çıxışı şounun ən parlaq və effektli nömrələrindən idi və bu, "Eurovision"un debütantları üçün tamamilə tərifəlayiqdir. Amma qələbəyə köklənmiş ifaçılarımız bir məqamı nəzərə almamışdılar. "Eurovision"un "qoca"larından duetimizə adekvat qiymət gözləməyə dəyməzdi - qonşular qonşularına, əbədi "vassallar" isə həmişəki kimi, "böyük qardaş"larına səs verdilər.

2008-ci ildə qalib Rusiya oldu. Rusiyalı ifaçı Dima Bilanın Avropanı fəth etmək arzusu, nəhayət, gerçəkləşdi. 2006-cı ildə eyni müsabiqədə 2-ci yeri tutmuş Bilan bu dəfə 272 balla qalib oldu. 

Üçüncü pilləni isə gənc yunan xanım Kolomira tutdu.

 

2009-cu il

"Azərbaycanlı ifaçıların ölkəni "Eurovision" mahnı müsabiqəsində layiqincə təmsil etmək üçün ikinci cəhdin uğurla nəticələnəcəyinə və qalib üçlüyə düşə biləcəyimizə çox ümid edirik". "R+" "Eurovision-2008" müsabiqəsinin yekunları ilə bağlı məqaləsini məhz bu cümlə ilə bitirmişdi.

Proqnozumuz doğruldu. Rusiyanın "Olimpiysk" İdman Kompleksində çıxış edən, Rusiya və Avropa KİV tərəfindən hərarətli Azərbaycan dueti adlandırılan Aysel-Araş  üçüncü oldu. 

Ümidlər doğruldu, səylər uğurla nəticələndi.

41 iştirakçı ölkənin (Azərbaycan da daxil olmaqla) 31-i Azərbaycana səs verdi. 2008-ci ildə isə Azərbaycana 40 iştirakçıdan 21-i səs vermişdi. Türkiyə ilə Azərbaycan arasındakı mehriban qonşuluq qarşılıqlı 12 xalla özünü göstərdi ki, bu da təəccüblü deyil.

O zaman "xeyirxah"lar iddia edirdilər ki, Azərbaycan üçüncü yeri güclü İran lobbisi və məşhur müğənni Araşa səs vermiş İsveç əhalisinin hesabına qazanıb. Xatırladaq ki, əslən iranlı olan Araş hazırda İsveçdə yaşayır.

Bu iddiada olanlar unudurdular ki, Araşın kökü azərbaycanlıdır. İsveçə gəlincə, bu ölkəyə bizə verdiyi 8 bala görə təşəkkür. Axı belaruslar da Rıbaka eyni prinsiplə səs vermişdilər. "Üçüncü yer daha bir sensasiya və Azərbaycanın böyük uğurudur. Ölkə müsabiqədə yalnız ötən il Elnurla Samirin dueti ilə uğurlu sayılacaq 8-ci yerlə debüt etməsinə rəğmən, daha bir təsirli sıçrayışa imza atdı. Aysel-Araş dueti İslandiyadan azacıq az səs toplayaraq, "bürünc"ə sahib çıxdı. Bu cütlük hitə çevrilmiş "Always" mahnılarından maksimum nəticə əldə etdi", -  2009-cu ildə, demək olar ki, bütün KİV Azərbaycan haqqında  belə yazırdı.

 

2010-cu il

Norveçdə ilk yeri 19 yaşlı alman Lena Mayer-Landrut tutdu. Azərbaycanın bir qədər bəxti gətirmədi. Bukmekerlərin favorit saydığı Azərbaycan təmsilçisi Səfurə Əlizadə beşinci yerlə kifayətlənməli oldu.

Hələ finaldan xeyli əvvəl tanınmış bukmeker təşkilatları Səfurənin ilk yeri tutacağını proqnozlaşdırırdı. İfaçımız hansı parametrlərinə görə lider sayılırdı? Görünür, Azərbaycanın Səfurəyə  avroməkanda necə böyük təkan verməsi bukmekerlərin də nəzərindən yayınmamışdı. Əlbəttə, Aysel və Araşın Moskvadakı uğurlu çıxışından sonra, biz qalib gəlməyi çox istərdik. Bunun üçün  məşhur və peşəkar komanda da toplanmışdı. İştirakçımız üçün klipi amerikalı rejissor, "Grammy", "MTV Video Music Awards" mükafatlarının laureatı, "Stiqmatı" filmindən sonra məşhurlaşmış və Maykl Cekson üçün "History" çarxını çəkmiş Rupert Ueynrayt lentə almışdı. Səfurənin nömrəsinin quruluşçu-xoreoqrafı isə Beyonsun rəqs "müəllimi", "American Idol" şousunun tərtibatçısı Cakuel Nayt idi. Onlardan heç də az tanınmayan stilist Tanya Cil müğənnimizin yeni obrazını yaratmışdı. Səfurə üçün "Drip drop" mahnısını isə isveçli müəlliflər Stefan Orn və Sandra Bjurman yazmışdılar. Mahnı Anders Baqqenin Stokholmdakı studiyasında lentə alınmışdı. Qeyd edək ki, bu, Selin Dion, Enrike İqlesias və digər məşhurların albomlarının yazıldığı studiyadır.

İlkin olaraq qərara alınmışdı ki, Səfurənin çıxışı zamanı mahnıdakı dramatizm "dalğa" motivləri ilə vurğulansın. Bunun üçün səhnədə su və okean görüntüləri də olmalı idi.

Hər şey qələbə üçün hazırlanmışdı. Amma... Səfurə çox həyəcanlandı. Elə də pis olmayan  5-ci pilləyə tam layiq olsa da, o, daha yüksək nəticə əldə edə bilərdi. Görünür, mahnıdakı emosiyaları auditoriyaya tam yaxşı ötürə bilmədi. Bəzi ekspertlərin fikrincə, nəqarət zamanı mahnıdakı iztirablarla kəskin rəqs hərəkətləri tam uyğun gəlmirdi. Ola bilsin, gənc ifaçıda "sıralamada birinci olmaq" sindromu da öz sözünü dedi: onun səsi də bir qədər titrəyirdi. 

Beləliklə, Avropa Səfurəyə inanmadı və 145 bal verdi. Ən yüksək balı o, Malta, Bolqarıstan, Ukrayna və Türkiyədən aldı.

Nəticəyə, səsvermə zamanı Azərbaycan müğənnisinin çıxışının heç də ən yaxşı anlarının nümayiş etdirilməməsi də təsir göstərə bilərdi. Amma hər halda, bir il əvvəl Azərbaycan maksimal 12 balı yalnız qardaş Türkiyədən almışdısa, bu dəfə ona Ukrayna, Bolqarıstan və hətta Malta da qoşulmuşdu.

 

2011-ci il

Qələbə! Biz qalibik! 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsini Bakıda qəbul edirik! Sms səsvermənin nəticəsi və münsiflərin qərarı ilə Eldar Qasımov və Nigar Camal 221 bal yığdılar! Ən yüksək balı (12 bal) Rusiya, Türkiyə və Maltadan aldıq.

Birincilik uğrunda mübarizə Azərbaycan, İtaliya və İsveç arasında gedirdi. Yarımfinalda digər ölkələrlə yanaşı, Türkiyə və Ermənistan da yarı yolda qaldı. Yarışın yarımfinalını nəinki Avropanın 43 ölkəsindən olan tamaşaçılar, həm də internet istifadəçiləri izləyirdi - konsert "Eurovision"un rəsmi saytı olan www.eurovision.tv vasitəsilə canlı nü-mayiş olunurdu. "Ürəyinin döyüntüsünü hiss et!" (Feel Your Heart Beat!) şüarı altında keçirilən müsabiqədə Azərbaycan təmsilçiləri Eldar Qasımovla Nigar Camal (Ell və Nikki) "Running Scared" balladasını ifa etdilər. Onu isveçli müəlliflər Stefan Orn, Sandra Bürman və Yan Farquhansson yazmışdılar. "Esprit Arena" stadionunun nəhəng səhnəsinə ağ geyimdə çıxan cütlüyümüzün kostyumlarındakı rənglər və dizaynı da isveçli modelyerlər seçmişdilər.

Nigarın geyimi Aysel Teymurzadənin yaddaşlarda qalmış ağappaq libasını çox xatırladırdı. Ağ rəng isə bizə uğur gətirir. 

Azərbaycanlı cütlüyün sevgi tarixçəsinə bütün Avropa inandı.



MƏSLƏHƏT GÖR:

604