
AVROPANIN ƏN YAXŞI MAHNISI HAQQINDA
Tarix göstərir ki, "Avroviziya" bu gün Avropanın musiqi həyatında ən gözlənilən və populyar hadisələrdən biridir
Müəllif: Zərifə BABAYEVA Bakı
Əgər XX əsrin 50-ci illərində Avropa Yayım Birliyində (EBU) qitənin mədəniyyət inteqrasiyası üçün əyləncə proqramının yaradılması ideyası ortaya çıxmasaydı, Azərbaycan indi "Avroviziya" kimi nəhəng musiqi bayramına ev sahibliyi etmirdi. Hər şeysə 1955-ci ildə başladı. Onda İsveçrə televiziyasının baş direktoru Marsel Beson təklif edib ki, Avropanın ən yaxşı mahnısının müəyyən edilməsi üçün beynəlxalq mahnı müsabiqəsi keçirilsin. Bu ideya 1955-ci il oktyabrın 19-da Romada EBU-nun Baş Assambleyası tərəfindən dəstəklənib və İtaliyanın San-Remo festivalının quruluşunun dəyişdirilməsi nəticəsində müsabiqə yaradılıb. Bu layihəni həddindən çox sevən Marsel Beson buna müharibədən sonrakı illərdə millətlərin birləşmə imkanı kimi baxıb.
San-Remo festivalı indiyə kimi də mövcuddur. "Avroviziya" isə bu gün Avropanın musiqi həyatında ən populyar və gözlənilən hadisələrdəndir. Hər il bu müsabiqəni bütün dünya üzrə 600 milyon tamaşaçı izləyir. "Avroviziya" Qırğızıstanda və Qazaxıstanda, Avstraliyada, Kanadada, Misirdə, Livanda, Cənubi Afrikada, Cənubi Koreyada, ABŞ-da və başqa ölkələrdə də göstərilir, halbuki, bu ölkələr müsabiqəyə qatılmır və Avropa sərhədlərindən kənarda yerləşir. 2000-ci ildən başlayaraq müsabiqəni İnternetlə də izləmək olur: 2006-cı ildə onlayn-yayımı yalnız 74 min adam izləsə də, "Eurovisiya-2008"ə artıq 400 milyondan artıq adam baxıb.
Müsabiqənin məqsədi barədə rəsmi bəyanat belə olub: "Mahnı müsabiqəsi "Avroviziya" hər il keçirilən festivaldır, Avropaya yayımlanır, müəlliflər və müğənnilər arasında yarışma, onların yaradıcılığının beynəlxalq səviyyədə tutuşdurulması yolu ilə pop musiqi janrında istedadlı və orijinal mahnıların ortaya çıxmasına imkan yaradır".
"Müxtəlif ölkələr tərəfindən hər il müsabiqənin təşkilinə xərclənən pullar bu məqsədə çatmaqda nə qədər özünü doğruldur?" sualı isə cavabı olmayan məsələdir, çünki "Avroviziya" pop-hitlərinin "keyfiyyəti" həmişə mübahisə predmeti olub. İlk başdan şou 1950-ci illərdə televiziyanın populyarlığının artmasına yardım göstərməli idi. Amma onda heç kim bilmirdi ki, gün gələcək və "Avroviziya", hətta beynəlxalq aləmdə siyasi qüvvələrin güc bölgüsünə təsir edəcək. Bu təsir, xüsusilə də, keçmiş Sovet İttifaqı ölkələrinin müsabiqəyə qoşulması ilə güclənəcək. Ona görə də bu hadisə keçirildiyi yerdən asılı olaraq, ildən-ilə daha kəskin və irimiqyaslı olur.
Proqramlar arasında ən maraqlısı
Beləliklə, ilk başdan "Avroviziya Qran-pri"si adlandırılan müsabiqə birinci dəfə 24 may 1956-cı ildə Luqano (İsveçrə) şəhərində keçirildi. Oraya yeddi ölkə qatılmışdı və hər biri 2 mahnı təqdim etdi. Bu, hər bir ölkənin bir mahnıdan artıq təqdim etdiyi ilk və son yarışma idi. Ev yiyəsi olan ölkə müsabiqəni uddu və qalib Liz Assiyanın oxuduğu "Refrain" mahnısı oldu. Həmin vaxtdan müsabiqədə iştirak etmək istəyən ölkələrin sayı o qədər artdı ki, onların eyni vaxtda çıxış etməsi mümkün olmadı. Ona görə də pis nəticə göstərən ölkəni növbəti ildə iştirakdan uzaqlaşdırdılar. 2004-cü ildə isə müsabiqəni finala və yarımfinala böldülər ki, istəyənlərin hər biri iştirak edə bilsin. 2008-ci ildən isə iki yarımfinal keçirilir.
Hazırda "Avroviziya" hər il EBU-ya üzv olan ölkələri təmsil edən ifaçılar arasında keçirilir. Azərbaycan EBU-ya 2007-ci ildə üzv olub və 2008-ci ildən müsabiqədə iştirak edir. Müsabiqə iştirakçıları arasında İsrail kimi Avropa sərhədlərindən kənarda yerləşən ölkələri də görmək olar. EBU-ya üzvlük hüququndan, məsələn, Mərakeş istifadə edib və 1980-ci ildə müsabiqəyə qatılıb. Asiyada yerləşən Ermənistan və Gürcüstan, Aralıq dənizində yerləşən Kipr adası da müsabiqəyə qatılır. Bununla yanaşı, yalnız qismən Avropada yerləşən Türkiyə və Rusiyanı da göstərmək olar.
Hər bir iştirakçı ölkə "Avroviziya"ya bir iştirakçı göndərir və o da yalnız bir mahnı oxuyur. Müsabiqənin qalibi teleizləyicilərin səsverməsi və müsabiqədə iştirak edən hər bir ölkənin münsiflər heyəti tərəfindən müəyyən edilir. Müsabiqəni yaymaq hüququ yalnız EBU-nun tamhüquqlu və ya assosiativ üzvü olan ölkələrə verilir. Amma müsabiqəni yayan ölkə ondan nəyi isə kəsmək və ya dəyişmək hüququna malik deyil.
"Avroviziya" onda iştirak edən artistlərin məşhurlaşmasına yetərincə təsir göstərib. Məsələn, əfsanəvi ABBA (İsveç, 1974) və Selin Dion (İsveçrə, 1988) bu mahnı festivalında trimfual çıxışdan sonra məşhurlaşıblar. Məhz müsabiqədə çıxış heç kimin tanımadığı ifaçını gerçək ulduza çevirib.
Hər il müsabiqədən qabaq ilkin seçim proseduru gerçəkləşdirilir ki, bu, iştirakçı ölkələrin siyahısını müəyyən etməyə yardım edir. EBU-nun böyük dördlüyünün - Almaniya, Böyük Britaniya, İspaniya və Fransanın ifaçıları isə həmişə finalda çıxış edirlər.
"Avroviziya" ifaçılarının vətəndaşlığı önəm daşımır. Bunun təsdiqi kimi, Katrina Leskanişin iştirakını göstərmək olar. O, Amerikada doğulub və "Kembric"dən olan "Waves" qrupu ilə birgə çıxış edib. Böyük Britaniyanı müsabiqədə təmsil edən başqa xarici isə Ozzi Cina C. olub. Yunan qızı Nana Muskuri və belçikalı xanım Lara Fabian uyğun olaraq, 1963 və 1988-ci illərdə Lüksemburqun adından çıxış ediblər.
1986-cı ildə müsabiqəni 13 yaşlı belçikalı Sandra Kim "J'aime la vie" mahnısı ilə udub. Hazırda "Avroviziya" qaydalarına görə, ifaçılar üçün yaş məhdudiyyəti qoyulub və onların yaşı 16-dan yüksək olmalıdır.
Müsabiqənin finalı üçün sərt qaydalar mövcuddur. Məsələn, səhnəyə gücləndirici çıxarıla bilməz, zərbçi ona təqdim edilən zərb alətində çıxış etməlidir. İfaçı instrumental minusovkadan yararlana bilər. 3 dəqiqədən uzun olan istənilən mahnı yarışdan çıxarıla bilər.
Boykotlar, geriqayıtmalar, iştirakdan vazkeçmələr
Müsabiqəyə hazırlıq ölkənin qələbə çalmasından bir neçə həftə sonra başlayır. Həmişə olmasa da, adətən, müsabiqə ölkənin paytaxtında keçirilir. Müsabiqənin keçirilməsi üçün ən böyük meydan kimi Kopenhagendəki (Danimarka 2001) futbol stadionu "Parken" tarixə düşüb. Onda stadionda 38 000 tamaşaçı olub. "Avroviziya"nın ən kiçik ev sahibi 1993-cü ildə İrlandiyanın cəmi 1500 sakini olan Milstrit şəhəri olub. Ancaq "Qrin Qlins Arenu"ya yetərincə çox tamaşaçı gəlib.
Bəzən ölkələr müsabiqəni keçirməkdən imtina edirlər; məsələn, 1972-ci ildə Monako ölkədə uyğun meydança olmadığına görə, müsabiqədən imtina edib, 1974-cü ildə isə xərclər yüksək olduğundan, Lüksemburq bu addımı atıb. İsrail də bu addım atıb, burada xərclər ölkə televiziyasının ağ-qaradan rəngliyə keçirilməsi ilə bağlı olub.
Ən çox Böyük Britaniya müsabiqə keçirib, səkkiz dəfə - 1960, 1963, 1968, 1972, 1974, 1977, 1982 və 1998-ci illərdə müsabiqəyə ev yiyəliyi edib; beş dəfə özü qələbə çalıb, üç dəfə başqa ölkələrin imtinasından yararlanıb. İrlandiya müsabiqəni yeddi dəfə - qələbəsinin sayı qədər qəbul edib. Bu ölkə həm də "Avroviziya"nı üç dəfə dalbadal udan yeganə ölkədir.
Daha əvvəllər müsabiqədə iştirak etmiş və indi ona qatılmayan ölkələr də var - bunlar Andorra, Lüksemburq, Mərakeş, Monako, Çexiyadır. İtaliya EBU-nun əsasını qoyan və əsas maliyyəçisi olan beş ölkədən biri kimi qırx il müsabiqədə fəal iştirak edib, amma 1998-ci ildən 2010-cu ilə kimi onu boykot edib, 2011-ci ildə İtaliya geri qayıtmağı qərara alıb. Şərqi Avropa iştirakçılarının "çoxluğu" üzündən, prinsipial olaraq, Monako da müsabiqədə iştirakdan imtina edir. Çexiyanın imtinası isə "düzgün qiymətləndirməmə" üzündəndir, Mərakeş isə İsrail iştirak etdiyinə görə yarışa qatılmır. 1998-ci ildə Rusiya, 2009-cu ildə isə Gürcüstan və s. ölkələr müsabiqəyə qatılmamışdı. Müxtəlif illərdə müxtəlif ölkələr müsabiqəyə qatılmamasına səbəb kimi, maliyyə problemlərini göstərmişdilər.
EBU-nun üzvü olan daha səkkiz ölkə də "Avroviziya"ya qatıla bilər, amma hələ bunu etməyib. Bunlar Əlcəzair, Vatikan, Misir, İordaniya, Livan, Liviya, Lixtenşteyn və Tunisdir. 2005-ci ildə Livan iştirak üçün ərizə verib, amma sonra İsrailə görə imtina edib. Fələstin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri də sonrakı hüquqlarla birgə EBU-ya üzv olmaq niyyətindədir. Onlar "bəyənilmiş iştirakçılar" statusundadırlar, Kosovo və Qətər isə "gözlənən iştirakçılardır". Ancaq siyasi səbəblər üzündən, Kosovo və Fələstinin arzusunun çin olması çətindir. 2008-ci ildən EBU-ya üzv olmaq istəyən və verdiyi ərizənin bəyənilməsini gözləyən Qazaxıstan da hələ iştirak edə bilmir.
Son illərdə Böyük Britaniya tərəfindən müsabiqədə futbol çempionatında olduğu kimi, üç ayrı komanda - İngiltərə, Şotlandiya, Uels iştirak etmək barədə fikir bildirmişdi. Ona bildirildi ki, bu, "böyük dördlük"ün avtomatik olaraq finalda iştirakı qaydasının ləğvinin əvəzində mümkündür.
Bir sıra ölkələr Avropada yerləşirlər, amma EBU-nun üzvü deyillər və müsabiqəyə qatılmayıblar, bunlar Gernsi, Cersi və Mendir. Onlar Britaniya taxt-tacına məxsusdurlar, amma Böyük Britaniyanın tərkibində deyillər və Avropa Birliyinə daxil olmayıblar. Qrenlandiya, coğrafi olaraq, Avropaya aid deyil, Farer adaları isə hüquqi cəhətdən Avropa Birliyinə daxil deyil.
Sovet İttifaqının gerçəkləşməmiş iştirak ideyası
EBU-ya daxil olmayan SSRİ, həmçinin, onun müttəfiqi olan Şərqi Avropa ölkələri "Avroviziya - 1965"in daxili yayımına başlayıblar. Maarif Nazirliyinin keçmiş əməkdaşı Eduard Fomin 2009-cu ildə sovet mədəniyyətinin daha öncə gizli qalmış səhifələrini açıb. 1987-ci ildə yenidənqurma və plüralizmin başlanğıcında SSRİ Maarif Nazirliyi prestijli "Avroviziya" musiqi müsabiqəsinə SSRİ-nin iştirakının mümkünlüyü məsələsinə baxıb. "Vesyolov Georgi Petroviç təklif etdi ki, gənc və istedadlı müğənni Valeri Leontyev müsabiqəyə göndərilsin", - deyə məmur danışıb. Amma onun ideyası Sov.İKP tərəfindən, ən qəribəsi isə yenidənqurmanın təşəbbüskarı olan Qorbaçov tərəfindən dəstəklənməyib. Hətta Maarif Nazirliyi bu fikirdə olub ki, SSRİ hələ bu cür radikal addımlara hazır deyil.
Səsvermə
Müsabiqədə istifadə edilən səsvermə öncədən elə düşünülüb ki, çox sayda namizəd arasından bir nəfər şübhəsiz qalibi seçmək mümkün olsun. Bir çox ölkələr, hətta namizədləri də müəyyən etmək üçün bu sistemdən istifadə edirlər. Bir çox ölkələrdə isə qalib elan edilməzdən öncə, bir neçə mərhələ səsvermədən keçir. Səsvermə sistemi bir neçə dəfə dəyişib. Çağdaş sistem ilk dəfə 1975-ci ildə tətbiq edilib. Hər bir iştirak edən ölkə 10 ən yaxşı saydığı ölkəyə xal verir. Ən çox səs alan ölkə 12 xal alır, ikinci ölkə 10, üçüncü 8 xal alır; qalan ölkələr arasında isə 1-dən 7-yə qədər xallar paylanır.
Tarixən səsvermə milli münsiflər heyətləri vasitəsilə aparılıb, amma 1997-ci ildən beş ölkə (Avstriya, Fransa, Almaniya, İsveç və Böyük Britaniya) telesəsvermə yolu ilə eksperiment aparmaq qərarına gəliblər və bununla da izləyiciyə müsabiqənin ən yaxşı mahnısını seçmək imkanı yaradılıb. Eksperiment uğur qazanıb və gələn il iştirakçı ölkələrin hamısı özlərində telesəsvermə tətbiq edib.
Ancaq ölkələrdə münsiflər heyəti hələ də qalmaqdadır - texniki problem zamanı münsiflər heyəti kimə neçə xal vermək barədə qərara gələcək. Səsvermə həm final, həm də yarımfinal zamanı bütün iştirakçı ölkələrdə mətn məlumatları və ya telefon zəngləri vasitəsilə aparılır. 2009-cu ildə tamaşaçılarla yanaşı, münsiflər heyəti - hər ölkədən 5 peşəkar musiqiçi də səs verir.
Çıxışlar arasında və səsyazma zamanı izləyicilərə, adətən, xüsusi müsabiqədən kənar nömrə təqdim edirlər. Telekanallar həmin vaxtdan reklam üçün istifadə edə bilərlər. Telesəsverməni ona görə tənqid edirlər ki, qonşu ölkələr çox vaxt bir-birlərinə səs verir və hansı mahnının doğrudan da yaxşı olduğunu nəzərə almırlar. Bu hadisəni tez-tez "teleizləyicilərin səsverməsinin qonşuluq prinsipi" adlandırırlar.
Səslərin elan edilməsi
Bütün səslər hesablanandan sonra, müsabiqə aparıcıları hər bir səsverən ölkəni növbə ilə milli seçimin nəticələrini elan etməyə çağırırlar. 1994-cü ilə kimi səslər telefonla elan edilirdi, amma daha əlverişli peyklərin ortaya çıxması ilə telefon şəbəkəsini videogörüntü əvəz edib. Səslər artan qaydada deyilir və ən sonda 12 xalın sahibi açıqlanır. Əgər əvvəl xallar ingilis dilində elan edilirsə, aparıcılar onu fransızca təkrar edirlər və ya əksinə. 1957-ci ildən 2003-cü ilə kimi səslərin elan edilməsi sırası ölkələrin çıxışına uyğun idi. Amma 2004-cü ildən səsvermədə həm də finala çıxa bilməyən ölkələr iştirak edir və ona görə də elan qaydası dəyişib. 2004-cü ildə elanlar əlifba qaydası (ISO koduna uyğun şəkildə aparılıb), 2005-ci ildə isə əvvəlcə finala çıxmamış ölkələr səslərini yarımfinaldakı qaydada təqdim edirdilər, sonra növbə finalçılara keçirdi və onlar da finaldakı iştirak qaydalarına uyğun səs verirdilər. 2006-cı ildən elan xüsusi püşklə müəyyən edilir.
1956-cı ildə heç bir kütləvi səsvermə yox idi, münsiflər heyəti, sadəcə, müsabiqə qalibinin adını açıqlamışdı. 1957- 1987-ci illərdə xallar lövhədə görünürdü, cədvəlləri əllə dəyişmək lazım gəlirdi. 1988-ci ildə xalların göstərilməsi elektron tabloda idi və onu televiziya da göstərirdi. 2006-cı ildən iştirakçı sayının artması üzündən, səslərin elan edilməsi vaxtı da uzandı və buna görə 1-7 xal almış ölkələr sadəcə ekranda göstərilir, yalnız 8, 10 və 12 xal almış ölkələrin adı çəkilir.
Bərabər xal sayı
Müsabiqədə bəzən elə olur ki, iki və daha çox kompozisiya eyni bal toplayır. 1969-cu ilə qədər eyni sayda xal toplamış ölkələrin yerinin müəyyən edilməsi qaydaları məlum deyildi. Elə oldu ki, dörd ölkə (Fransa, İspaniya, Niderland və Böyük Britaniya) müsabiqənin yekununa görə eyni sayda xal topladı. Bərabər xal toplamış ölkələrin hansının qalib olmasını müəyyən edən prosedur olmadığına görə, eyni vaxtda dörd ölkə qalib sayıldı. Avstriya, Finlandiya, İsveç, Norveç və Portuqaliya 1969-cu ilin nəticələrinə etiraz əlaməti kimi, növbəti ilin müsabiqəsində iştirak etmədi. Bu, EBU-nu lazımi qaydalar qəbul etməyə vadar etdi. Əgər səsvermənin nəticəsinə görə iki və daha artıq ölkə eyni səs toplayıbsa, onda qalib aşağıdakı əlamətlərə görə seçilir: xaldan asılı olmayaraq ölkəyə səs vermiş daha çox ölkə sayı; ən çox "12 xal" sayı; ən çox "10 xal" sayı nəzərə alınır və qiymətlər üzrə aşağı doğru yönəlir. Əgər bir xala qədər bütün göstəricilər eyni olarsa, onda müsabiqənin qalibləri eyni zamanda bir neçə iştirakçı sayıla bilər.
Bundan sonra, bu qayda bir dəfə yalnız 1991-ci ildə tətbiq edilib. Onda Fransa və İsveç eyni - 146 xal toplamışdılar. Onda birinci qayda hələ qüvvədə deyildi. Fransa və İsveç hərəsi dörd ədəd ən yüksək xal toplamışdı, amma İsveçin "10 xalı" daha çox idi və buna görə o, müsabiqənin qalibi olub.
Bir sıra başqa mübahisəli hal da var; məsələn, bütün göstəricilərin bərabərliyi yarımfinalda 10-cu yerə çıxan ölkəni müəyyən edə bilmirsə, finala püşklə çıxışa daha tez başlamış iştirakçı qədəm qoyur.
"Qonşu səsverməsi"
Bir sıra fikirlərə görə, ilk növbədə, o ölkələrə səs verilir ki, həmin ölkə ilə daha çox mədəni-tarixi əlaqələr var. Müşahidə edilib ki, müsabiqədə iştirakçılar tez-tez konkret ifaçılara deyil, onların təmsil etdiyi ölkələrə səs verirlər; məsələn, keçmiş Yuqoslaviya respublikaları, keçmiş SSRİ respublikaları, Skandinaviya ölkələri və strateji müttəfiqlər bir qayda olaraq, bir-birlərinə maksimum səs verirlər. Amma bəllidir ki, "Avroviziya" mahnı müsabiqəsinin əsas məqsədi populyar musiqi sahəsində orijinal kompozisiyaların yaradılmasının stimullaşdırılmasıdır. Tamaşaçıların səsvermə prinsipi onların məqsədinə çatmasına mane olduğundan, təşkilatçılar onların təsirinin minimallaşdırılmasına çalışırlar.
2008-ci ildən "Avroviziya" artıq yeni qaydalarla keçirilir və ilk dəfə olaraq, iki yarımfinaldan və bir finaldan ibarətdir. İki yarımfinal müsabiqənin yeniliyidir və bu, Avropada gərgin müzakirələrə səbəb olub. Bu sərt tədbir "Avroviziya"nın başçısı Svante Stokseliusun təkidli təklifi nəticəsində qəbul edilib, bununla o, "bir sıra ölkələrin həmrəy səsverməsi praktikasını" minimuma endirməyə çalışıb.
Rekordlar
İrlandiya müsabiqəni 7 dəfə udmasına görə qələbə rekorduna sahibdir, özü də onun 3 dəfəsi (1992-1994) dalbadal olub. Onun dalınca Fransa, Lüksemburq və Böyük Britaniya gəlir; onların hər birinin hesabında 5 qələbə var. Böyük Britaniya 54 müsabiqə ərzində (1957-2009) 22 dəfə ilk üçlüyə düşüb: 5 dəfə birinci yer, 15 dəfə ikinci yer və iki dəfə üçüncü yer tutub.
İlk illərdə müsabiqəni "ənənəvi" "Avroviziya" ölkələri - Fransa, Niderland və Lüksemburq udublar. Ancaq son bir neçə onillikdir ki, onların heç biri uğur qazana bilmir: Niderland axırıcı dəfə 1975-də, Fransa 1977-də, Lüksemburq isə 1983-cü ildə udub. Lüksemburqun son iştirakı 1993-cü ildə olub. Almaniya qələbəni yalnız 2010-cu ildə əldə edib.
XXI əsrin ilk illəri əvvəllər heç vaxt müsabiqəni udmamış ölkələr üçün uğurlu olub. Bu, həm "Avroviziya"ya on illərlə qatılan, həm də "yeni" "Avroviziya" ölkələrinə aiddir. 2001-ci ildən 2008-ci ilə kimi hər il qaliblərin siyahısına yeni ölkələr əlavə edilir.
2006-cı ildə 45 illik iştirakdan sonra Finlandiya, nəhayət ki, qələbəsini bayram edib. Ukraynaya birinci qələbə üçün daha az vaxt lazım gəldi, o elə iştirakının ikinci ilində, yəni 2004-cü ildə qələbə qazana bildi. Rusiya isə bu qələbə üçün 12 il gözləməli oldu, 1994-cü ildə başlayan ölkə qələbəyə yalnız 2008-ci ildə sahib oldu. 2010-cu ilə olan vəziyyətə görə, heç vaxt qələbə çalmamış ölkələr arasında ən çox gözləyəni Portuqaliya olub. O, müsabiqəyə 1964-cü ildə qatılıb və bu günə qədər onun ən yaxşı nəticəsi 1996-cı ildə qazandığı 6-cı yer olub. 2008-ci ildə yarımfinalda Vanya Fernandeş "Senhora Do Mar (Negras Aguas)" mahnısı ilə 2-ci yeri tutmuşdu, amma finalda yalnız 13-cü yerə nail ola bildi. Qaliblərin əldə etdiyi səslərin sayına görə mütləq rekord (78,82 %) Britaniyanın 1997-ci ildə qalib gəlmiş "Katrina and the Waves" qrupuna məxsusdur. Xallar üzrə mütləq rekord (387 xal) isə "Avroviziya - 2009"da Norveçi təmsil edən Aleksandr Rıbak tərəfindən müəyyən edilib.
"Avroviziya"nın ən gənc qalibi Belçika təmsilçisi Sandra Kim olub, qələbə çalanda onun cəmi 13 yaşı varmış. İndiki qaydalara görə isə, müsabiqəyə qatılanların yaşı 16-dan çox olmalıdır. XXI əsrin ən gənc qalibi isə bu günə qədər 19 yaşlı alman qızı Lena Mayer-Landrut sayılır; ən yaşlı qalib isə Estoniyanı təmsil edən 50 yaşlı müğənni Deyv Bentondur.
Musiqi üslubu
"Lordi" qrupunun "Avroviziya"da çıxışı müsabiqə tarixinin ən cazibədar çıxışı sayılır. Formal olaraq, musiqi üslubunun seçilməsi heç nə ilə məhdudlaşdırılmır, musiqi janrının seçimi ifaçıya və onun təmsil etdiyi quruma həvalə edilir. Yeganə məhdudiyyət mətnlərdə senzurasız ifadələrin, siyasi çağırışların və bunaoxşar sözlərin yer almamasıdır.
Amma illər ərzində müsabiqə üçün müəyyən "format" formalaşıb - mahnılar səs verən tamaşaçıların zövqü nəzərə alınmaqla yazılır. Müsabiqə iştirakçıları daha çox pop musiqi (avropop), caz və ya xalq musiqisinin estrada işlənməsi (folk) ifa edirlər. Amma son illərdə ifaçıların "formatdankənar" üslubda çıxışlarının sayı artır. Müsabiqədə rok, blüz, caz, rep ifaçıları da olur, amma onlar nadir hallarda qələbə çalırlar, çünki "Avroviziya" izləyiciləri heç də seçilmiş auditoriya deyil. Nadir istisna yalnız 2006-cı ildə hard-rok-qrupu "Lordi"nin niqablı çıxışı olub. 2010-cu ildə Türkiyədən gəlmiş alternativ rok-qrup "Manga", az qala, "Lordi"nin uğurunu təkrar edirdi və 2-ci yer tutdu. Amma başqa məşhur "janrlı" ifaçılar, məsələn, "Ter sbetoni", "The Ark", "Zdob ?i Zdub", Mumiy Troll, "Vanilla Ninja", "Wig Wam", "Mor ve Ötesi", Roje Siesro, Alenka Qotar və başqaları müsabiqədə uğur qazana bilməyiblər.
Tənqidlər və qalmaqallar
Müsabiqəni daha çox səsvermə sisteminə görə, xüsusilə də yuxarıda deyildiyi kimi, daha çox yayılmış qonşuluq prinsipinə görə tənqid edirlər. Həmçinin, iştirakdan imtinasını "düzgün qiymətləndirməmək", "çoxluğun təzyiqi" kimi səbəblər, həm də siyasi səbəblərlə izah edən ölkələrdən də tənqidlər gəlir. Siyasi səbəbdən iştirakdan imtina və qalmaqallar bir sıra qarşıdurma halında olan ölkələr arasında yaranıb və yaranır.
Müsabiqənin nüfuzu bir sıra ölkələrdə sual altındadır; məsələn, Böyük Britaniyada müsabiqəyə zarafatyana yanaşırlar, amma bununla belə, yaxşı münasibətlərini qoruyurlar. Burada tanınmış Britaniya radio və teleaparıcısı Terri Voqanın sarkastik şərhləri də xüsusi rol oynayır. İtaliyada müsabiqənin önəmi o qədər düşüb ki, o, 1997-ci ildən müsabiqəni boykot edir. Şərqi və Cənubi Avropa ölkələri isə əksinə, müsabiqəyə öz ölkələrinin mədəniyyətini göstərmək şansı kimi baxırlar.
Ancaq Almaniyanın "Avroviziya 2010"da qələbəsi ilə Qərbi Avropada müsabiqənin nüfuzu artıb, belə ki, böyük "dördlük" ölkələri (Fransa, Almaniya, Böyük Britaniya, İspaniya) bundan öncə son dəfə 1997-ci ildə qələbə çalmışdılar. Qərbi Avropa ölkəsinin qələbəsi göstərdi ki, qonşuluq prinsipi olmadan da qələbə çalmaq mümkündür.
Müxtəlif illərdə müsabiqələrdə qalmaqallar baş verib və iştirakçılar bir-birlərini plagiatda, satınalmalarda günahlandırıblar, həmçinin, başqa iddialar və qalmaqallar da olub. İki dəfə ifaçıların çıxışı "pozucu" hücumuna məruz qalıb - Danimarkada keçirilən "Avroviziya 1964"də naməlum şəxs səhnəyə çıxaraq, "Rədd olsun Franko və Salazar!" plakatı qaldırıb və həmin vaxt sözügedən liderlərin diktaturası altında olan İspaniya və Portuqaliyanın müsabiqəyə qatılmasının əleyhinə çıxıb. Norveçdə keçən "Avroviziya - 2010"un finalında İspaniyadan olan iştirakçının çıxışı xuliqan straykerin hücumuna məruz qalıb. Nömrənin ortasında məşhur strayker Cimmi Cap qara futbolka və qırmızı katalon papağı barretina geyinmiş halda səhnəyə qaçıb və çıxış edən komandanın düz ortasında - solistin qabağında duraraq gülə-gülə əllərini yelləyib. Bunu nəzərə alan təşkilatçılar ilk dəfə olaraq son nömrənin ifaçısının təkrar çıxışına icazə veriblər.
Oxşar layihələr
lUşaq "Avroviziya" mahnı müsabiqəsi 2003-cü ildən bu yana hər il yaşları 10-dan 15-ə qədər olan uşaqlar üçün keçirilir.
l"Bizim səs" mahnı müsabiqəsi (ingil. Our Sound, daha öncə isə "Asiyaviziya" - ingil. Asiavision) - "Avroviziya"ya bənzər bu müsabiqənin Asiya - Sakit okean regionu ölkələri arasında keçirilməsi planlaşdırılır.
lSopot beynəlxalq mahnı yarışması - Polşanın Sopot şəhərində 1961-ci ildən keçirilir.
l "İnterviziya" mahnı müsabiqəsi 1977- 1980-ci illər arasında sosialist ölkələri tərəfindən keçirilib və 2008-ci ildən müsabiqə bərpa edilib.
lDünya musiqi festivalı - ilk dəfə 2005-ci ildə Sarayevoda keçirilib; Avropa və Asiyadan olan iştirakçıları əhatə edir.
l"Bundesviziya" mahnı müsabiqəsi - 2005-ci ildən bu yana Almaniyanın regionları arasında keçirilir.
lWorld Vision: An American Anthem - "Avroviziya" formatında planlaşdırılan musiqi festivalı, orada ABŞ-ın ştatları iştirak edir.
lSan-Remo şəhərində 1951-ci ildən keçirilən italyan mahnısı festivalı. "Avroviziya" müsabiqəsinin yaradıcıları məhz bu festivaldan ilham alıblar.
2005-ci ilin payızında EBU "Avroviziya" mahnı müsabiqəsinin 50 illiyinə həsr edilmiş xüsusi teleşou təşkil edib. O, 22 oktyabrda Kopenhagendəki "Forum Arene"də keçirilib. Öz adını Kliff Riçardın "Congratulations" (1968-cı il) mahnısından götürən verilişdə "ABBA" qrupunun "Waterloo" mahnısı (1974-cü ilin qalibi) müsabiqə tarixi üzrə ən yaxşı mahnı sayılıb. Yubiley müsabiqəsinə təqdim edilmiş 14 mahnıdan 10-u internet səsverməsi yolu ilə seçilmişdi, 4-ü isə festivalın təşkilat komitəsi tərəfindən əlavə edilmişdi.
MƏSLƏHƏT GÖR: