14 Mart 2025

Cümə, 11:13

NEFTİN "SƏRBƏST ENİŞ"i

Azərbaycan qara qızılın dünya bazarlarında ucuzlaşmasından özünü sığortaladı

Müəllif:

21.10.2014

Dünyanın əsas yanacağı olan neftin qiyməti artıq çoxdan real iqtisadi səbəblərdən çox, fövqəldövlətlərin əhvali-ruhiyyəsindən asılı olur. Ona görə də dünyanın aparıcı dövlətləri arasındakı sərt qarşıdurmalar zamanı qiymət dəyişiklikləri təəccüblü görünmür. Odur ki, Ukraynadakı və Yaxın Şərqdəki  hadisələr fonunda "qara qızıl"ın qiymətində başlayan eniş iqtisadçı-analitikləri o qədər də təəccübləndirmədi. Amma hazırda optimizm üçün əsas yoxdur - ekspertlər qiymətlərin nə vaxt sabitləşəcəyinə dair təxmini vaxt belə söyləməkdə acizdir. Neft hasil edən ölkələr isə artıq gələn il büdcələrini bu bazarda ən kədərli ssenarilərə əsasən qururlar. 

Azərbaycan hökuməti də bu illə müqayisədə gələn ilin büdcəsində  neftin qiymətini 10 dollar endirərək 90 dollara çatdırıb.

 

Sözləşmə, yoxsa bolluq?

Beləliklə,  Brent və WTI markalı neft üçün noyabr ayına olan qiymət barel üçün 85 dollardan da aşağı düşüb. Analitiklər bildirirdilər ki, bu ilin əvvəlindən hər iki marka 20 faizdən çox ucuzlaşıblar. 

Ümumilikdə, Beynəlxalq Enerji Agentliyi (BEA) 2014-cü ildə dünyada neftə olan tələbata dair proqnozu gündə 0,2 milyon barel - 92,4 milyon barrelə qədər azaldıb. Agentliklər bu proqnozu dünya iqtisadiyyatındakı artımın gözlənildiyindən zəif olması ilə izah ediblər. "BEA-nın hesabatı Brenti sadəcə, öldürür. Agentlik artıq 4 aydır neftə olan tələbatı aşağı salır. Bu, bazar üşün böyük riskdir", - deyə "Mizuho Securities USA Inc."in Nyu-Yorkdakı fyuçers bölməsinin direktoru Bob Yager bildirib.

Neft birjalarındakı vəziyyətin rahat izah oluna biləcək fundamental iqtisadi səbəbləri var. Aparıcı beynəlxalq ekspertlərin fikrincə, əsas səbəb dünya bazarında neft bolluğunun yaranmasıdır. Neft təklifinin getdikcə artmasının obyektiv səbəbləri də göstərilir (ABŞ-da şist neftinin nəqlindəki artım və Kanada nefti), İŞİD-in ələ keçirdiyi ərazilərdən mümkün depinq haqda da fikirlər səslənir. Bundan başqa, son həftələr Avropa, Çin və Yaponiyadakı qeyri-məqbul iqtisadi statistika dünya iqtisadiyyatındakı böhranın daha da dərinləşəcəyindən xəbər verir və bu gözlənti, təbii ki, təkcə neftin deyil, bir çox digər xammal məhsullarının da ucuzlaşmasına yol açıb. 

Bununla yanaşı, ilk baxışdan neftin ucuzlaşması dünyadakı qeyri-sabitliklə çox asan əlaqələndirilə bilər və bu gün səslənən ən populyar versiyalardan biri ABŞ və Səudiyyə Ərəbistanının Rusiyaya qarşı sövdələşməsidir. Hətta belə bir fikir də səslənir ki, ABŞ 1980-ci illərin əvvəllərində reallaşdırdığı ssenarini təkrarlayır - o zaman dünya bazarlarında neftin qiyməti 22,85 dollara düşdükdən sonra SSRİ neftdən gələn gəlirinin 73%-ni itirdi və bu, ölkənin müflisləşməsinə və sonda dağılmasına səbəb oldu. Səudiyyə Ərəbistanına gəldikdə, son ay ərzində bu ölkə öz alıcıları üçün neftin qiymətini 2008-ci ildən bəri ən minimal qiymətə salıb və yayılan məlumatlara görə, daha 1-2 il bir qiyməti 80-90 dollar həddində saxlamağa qadirdir. Səudiyyə Ərəbistanının ardından Küveyt, İraq və İran da bəyan ediblər ki, nəqlin həcmini azaltmağa hazırlaşmırlar və bu qiymət siyasətini davam etdirməyə hazırdırlar. Amma bu versiyanın antiarqumenti də var - bəziləri hesab edirlər ki, neftin ucuzlaşması ilə ABŞ və Səudiyyə Ərəbistanı da zərər çəkəcək. Çünki qiymətin 85 dollardan aşağı düşəcəyi təqdirdə ABŞ-da şist neftinin nəqli rentabelliyini itirir, Səudiyyə Ərəbistanında isə qiymətin 90 dollar olması ilə artıq büdcə kəsiri yaranır. Maraqlıdır ki, Səudiyyə Ərəbistanının nazirlərinə açıq məktubunda şahzadə əl-Valid bin Talal əl-Saud yazır ki, ölkə büdcəsinin 90%-i neftdən asılıdır və buna görə də qiymətin enməsi "fəlakətə" yol açacaq və bu barədə "susmaq olmaz".

Bütün bu oyunun ona qarşı qurulduğu iddia edilən Rusiyaya gəlincə, Əmanət Bankının rəhbəri German Qrefin fikrincə, ölkə büdcəsi qiymətlərin 80%-ə qədər enməsinə dözəcək, hərçənd Rusiyanın 2015-ci il büdcəsində neft qiyməti 100 dollar həcmində nəzərdə tutulub. "Hər şey qiymətin hansı səviyyəyədək düşəcəyindən asılıdır. Əgər qiymət 80-90 dollar təşkil edərsə, çətin olacaq. Amma ölümcül deyil, dözmək olar", - deyə o vurğulayıb. 

Qeyd edək ki, neftin qiymətinin bir dollar enməsindən Rusiya büdcəsi 80 mlrd. rubl (2 mlrd. $) itirir.

Tanınmış rusiyalı iqtisadçı Mixail Xazinin sözlərinə görə, ABŞ-ın əsas məqsədi neftin qiymətini özü və müttəfiqləri üçün mümkün qədər ucuz, başqaları üçünsə imkan daxilində baha enməkdir.  Amma qiymət 70 dollardan aşağı düşməyəcək, çünki bu zaman ABŞ-da şist neftinin nəqli rentabelli olmayacaq. Odur ki, təxminən, bu qiymətə nail olduqdan sonra ABŞ onun daxili bazarında elə bu səviyyədə qalmasına çalışacaq, amma dünya bazarında neftin qiymətinin spekulyativ dollar hesabına qalxması Amerika iqtisadiyyatını çökdürə bilər.

 

Azərbaycan: az olsun, həmişə olsun

Neftin ucuzlaşmasının büdcələri neft gəlirindən asılı olan dövlətlərə itkilər yaşadacağı şübhəsizdir. Azərbaycanın 2015-ci il büdcəsi formalaşdırılarkən də məhz bu tendensiyalar nəzərə alınıb və prezident İlham Əliyev bu haqda əvvəlcədən müvafiq göstərişlər verib. "Bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşmüşdür və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir. Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin. Ancaq hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq. Çünki dünya iqtisadiyyatı, hələ ki, böhrandan çıxmayıb", deyə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev bildirib. 

2015-ci ilin dövlət büdcəsində bir il əvvəl 100 dollar həcmində göstərilən neftin qiyməti 90 dollar nəzərdə tutulub. 2015-ci ildə ÜDM-də neft sektorunun həcmi 34,9% göstərilib (2014-cü ildə bu göstərici 40,4% idi). 

Büdcə layihəsində göstərilir ki, dünya bazarında neftin qiymətinə təsir göstərən faktorlardan biri ABŞ-ın karbohidrogen istehsalını artırması (sutkada 11,5 mln.barel) və ilin əvvəlindən neft idxalını azaltmasıdır. Sənəddə qeyd olunur ki, "ötən ildən ABŞ təbii qazın idxalını dayandırıb, indi isə neft idxalını azaltmağa çalışır".

Bundan başqa vurğulanır ki, Avropada neftə tələbatın azalması həm də Aİ ölkələrinin iqtisadiyyatının zəif inkişafı ilə bağlıdır. Hazırda yalnız Şərqi Asiya ölkələrinə (Çin, Hindistan) karbohidrogen idxalı artıb. Amma keçən dövr ərzində bu ölkələrdə də iqtisadi inkişaf tempi aşağı düşüb. "Bununla yanaşı, Yaxın Şərqdə və neft nəqlilə məşğul olan bir sıra ölkələrdəki geosiyasi sabitsizlik, həmçinin İrana qarşı sanksiyaların ləğvi nefin qiymətinin yüksək olmasına şərait yaradır, amma bu proseslərin tədricən sabitləşməsi qiymətin aşağı düşməsinə təkan verəcək", - deyə büdcə layihəsində vurğulanır. 

Qeyd edək ki, 2014-cü ilin yanvar-sentyabr aylarında Azeri Light neftinin orta satış qiyməti dünya bazarında 108,2 dollar təşkil edib ki, bu da ötənilki göstəricidən 2,9 dollar aşağıdır. Bu il ən baha qiymət iyunda (113,2 dollar) qeydə alınıb, bundan sonra isə eniş başlayıb və sentyabrda 98,3 dollar təşkil edib. 

Bu arada SOCAR prezidenti Rövnəq Abdullayev dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə toxunaraq etiraf edib ki, bu ucuzlaşma həm Azərbaycan, həm də istənilən neft şirkəti kimi, SOCAR üçün də əlverişsizdir. Bununla belə, o vurğulayıb ki, vəziyyət o qədər də ciddi deyil: "Büdcəni proqnozlaşdıranda biz neftin qiymətində mümkün ucuzlaşmanı nəzərə alırıq. Biz müxtəlif ssenariləri nəzərdən keçiririk ki, qiymətdən asılı olaraq şirkətin xərclərinə, onun investisiya proqramına yenidən baxıla bilsin".

Qiymətlərin ümumilikdə iqtisadiyyata təsirinə gəlincə, müəyyən düzəlişlər ediləcək, amma istənilən halda, Prezident İ.Əliyevin dediyi kimi, "ilk növbədə, sosial məsələlər - sosial təminat, hərbi xərclər və infrastruktur layihələri tam şəkildə öz həllini tapacaq". 

Bundan başqa, yaranmış vəziyyət iqtisadiyyatın karbohidrogen xammalın satışından asılılığını azaltmaq üçün, ölkədə qeyri-neft sektorunun inkişafı tendensiyasını daha da aktivləşdirir. Qeyd edək ki, gələn il büdcənin formalaşmasında neft sektorunun payının 65,3%-ə enəcəyi gözlənilir. Xatırladaq ki, 2014-cü ildə bu rəqəm 66%, 2013-cü ildə isə 73,1% təşkil edirdi.

Hər halda, ekspertlərin əksəriyyəti bu fikirlədir ki, neft bazarındakı hazırkı vəziyyəti həddindən artıq dramatikləşdirmək lazım deyil və ola bilsin ki, OPEK-in noyabr ayında keçiriləcək toplantısından  sonra durum bir qədər dəyişəcək.  Amerikanın bank nəhənglərindən olan "Morgan Stanley"in ekspertləri isə hesab edirlər ki, bir müddətdən sonra neftin qiyməti 90 dollar həcmində (plyus/minus 10 dollar) qərar tutacaq. Amma "Morgan Stanley"in hesabatına görə, "İnvestbank" analitikləri OPEK-in ilin sonunadək tədbir görməyəcəyinə əmindirlər: "Ola bilsin ki, kvotalar 2015-2016-cı illərdə aşağı salınsın. Bizim hesablamalarımıza görə, OPEK bazarda tarazlıq yaratmaq üçün 2015 və 2016-cı illər üçün sutkalıq neft satışını, təxminən, 500 min barel azaltmalıdır.  OPEK-in daha çox motivasiyası üçün neftin qiyməti daha aşağı olmalıdır".

Belə çıxır ki, neftin qiyməti uzun müddət ucuz qalsa, bazarda neft defisiti bir o qədər güclü olacaq və sonda, qiymətlər bir o qədər sürətlə qalxacaq. Odur ki, bu "çətin dövrü" birtəhər dözmək lazım gələcək.


MƏSLƏHƏT GÖR:

608