15 Mart 2025

Şənbə, 02:51

ÇEMPİONAT ÜMİDLƏRİ ARTIRDI

Azərbaycan ağırlıqqaldıranlarının olimpiya uğursuzluqları zolağını aşmaq imkanı yaranıb

Müəllif:

01.05.2012

Azərbaycan ağırlıqqaldıranlarından, hətta Antalya səfəri ərəfəsində iddialı açıqlamalar verən baş məşqçi Nizami Paşayevin özü də bu nəticəni gözləmirdi. Ağır atletika üzrə milli komandamız Avropa Çempionatında tarixi nəticəyə imza atdı. 3 qızıl, 2 bürünc medal əldə edən atletlərimiz, üstəlik, qadınların yarışında 1 lisenziya qazandılar. 

İndiyə qədər millinin Avropa çempionatlarındakı ən yaxşı nəticəsi 2001-ci ilə təsadüf edirdi. O vaxt Slovakiyada idmançılarmız 3 medala layiq görülməklə, azarkeşlərə böyük sevinc bəxş etmişdilər. 11 il sonra Türkiyədə Slovakiyadakı rekordumuz yeniləndi - həm keyfiyyət, həm də kəmiyyət baxımından. 

Yığmanın heyətində üç atlet fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 56 kq.-da Valentin Xristov, 69.-da Əfqan Bayramov, 58 kq.-da isə Boyanka Kostova Azərbaycana qızıl medal qazandırdılar. Üstəlik, Valentin Xristov 2 Avropa rekorduna da imza atdı. Təsadüfi deyil ki, dünya atletikasının canlı əfsanəsi Halil Mutlu idmançımz haqda xoş sözlər deyib: "London Olimpiadasında Xristov mütləq medal qazanacaq. Artıq indidən onu təbrik etmək olar. Sadəcə, medalın əyarını öyrənmək qalır. Doğrudan da çox güclü və perspektivli idmançıdır". 

Əfqan Bayramovun karyerasında ilk dəfə Avropa çempionu olması bizləri təəccübləndirməli deyil. Uzun müddət yığmada heç bir nəticə əldə etməyən Bayramovın qızıl medal qazanması böyük qələbədir. Amma idmançımızın zəif rəqiblərlə mübarizə aparması unudulmamalıdır. Əfqanın London Olimpiadasında uğur qazanacağı inandırıcı görünmür. Həmyerlimiz turnirdə 321 kq.-la qitə çempionu oldu. Halbuki o, Pekin Olimpiadasında 329 kq qaldırmaqla 7-ci yeri tutmuşdu. Üstəlik, birdənqaldırmada 158 kq ağırlıq qaldıran rəqib rus idmançı zədələndi. Yəni Bayramovun çempionluğunda rəqib atletlərin uğursuzluğu da rol oynadı. 

Digər idmançımız - İntiqam Zairov 94 kq.-da bürünc medal qazansa da, özünü yaxşı tərəfdən göstərmədi. Təkanla qaldırmada 213 kq.-ın öhdəsindən gələn İntiqam daha yüksək yerlər uğrunda mübarizə apara bilərdi. Amma zəif rəqiblərin əhatəsində kiçik bürünc medal qazanması onun ideal formadan uzaq olduğunu göstərir. 

Antalyadakı Avropa Çempionatı yüksək səviyyədə təşkil olunsa da, qitə birinciliyində digər ölkələr əsas heyətlə təmsil olunurdular. Bu da lisenziya qazanan güclü idmançıların əsas diqqəti London Olimpiadasına yönəltməsi ilə bağlı idi. Rusiya, Ukrayna və Belarus kimi ölkələr qitə birinciliyinə əvəzedici heyəti aparmaqla gənclərə təcrübə toplamağa imkan yaratmışdı. 

Qadın atletlərimizin uğurlu çıxışı daha bir ilkə səbəb oldu. Uzun müddət ağır atletikada qadın idmançılarımızın olmaması bizə Olimpiadada qadınların yarışında təmsil olunmağa imkan vermirdi. Zərif cinsin nümayəndələri Türkiyədə medal qazanmaqla yanaşı, Londona lisenziya da əldə etdi. Boyanka Kostova Avropa çempionu oldu. Silviya Angelova və Yuliya Dovqal bürünc medalla kifayətləndilər. Yeniyetmələrin Olimpiadasında çempion olan Kostova üçün böyüklər arasında Avropa Çempionatında qızıl medal qazanmaq ikiqat əlamətdar sayılmalıdır. Qitə birinciliyindəki uğur Boyankanın üzərində mütəmadi çalışması və daim yeni hədəflər uğrunda çalışdığını üzə çıxardı. Bu üç xanımın qazandığı medallar, ümumilikdə, ölkəmizə 1 lisenziya qazandırdı. 

Ümumilikdə, atletlərimizin 6 lisenziyası (5 kişi+1 qadın) var. Hələlik, Olimpiadaya kimin yollanacağı məlum deyil. Azərbaycan Ağır Atletika Federasiyası Londona gedəcək heyəti mayın sonlarında açıqlayacaq. Hərçənd, ciddi təxmini heyəti indidən söyləmək olar. Valentin Xristov, İntiqam Zairov, eləcə də Əfqan Bayramovun heyətdə olacağı dəqiqdir. 

Sözsüz ki, lisenziyalar rəsmiləşəndən sonra, artıq Olimpiada haqda düşünmək lazımdır. Veteran idmançı Nizami Paşayevin rəhbərlik etdiyi Azərbaycan millisi London Olimpiadasında medal ümidlərini doğrultmalıdır. Ardıcıl 4 olimpiadadan medalsız qayıdan ağırlıqqaldıranlarımız, nəhayət, tilsimi sındırmalıdırlar. Yığmaya cəlb olunan bolqar legionerlər də sözünü deməlidir. Son nəticələrə əsasən, ümumilikdə, ağır atletlərimizdən 2 Olimpiya medalı gözləmək olar. Olimpiada proqnozu sevməsə də, ümid edək ki, ekspertlərin bu gözləntiləri özünü doğruldacaq. 



MƏSLƏHƏT GÖR:

613