
KOMEDİYA İLƏ “ZARAFAT” ETMƏYƏN AKTRİSA
Həyatını səhnəyə verən Nəsibə Zeynalova zamanın necə gəlib-keçdiyini bilmədi
Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Ömründən keçənlərin yaddaqalanlarını özü danışsaydı, söhbəti saatlara sığmazdı. Bir də ona aid olan, amma heç görmədiyi illərin xatirələri var idi yaddaşında. Anası Hüsniyyə xanımdan eşitmişdi. Hərdən onları xəyalında canlandırmaq istəyirdi.
...Budur, aktyorlar yeni tamaşanın məşqinə başlayıblar. Bir neçə gündən sonra premyera olacaq. Məşqlər teatr binasında yox, Kərbəlayi Cahangir Zeynalovun mülkündə gedir. Bakıda doğulub-böyüyən, bu şəhərdə ibtidai təhsil alan, rus və fars dillərini mükəmməl öyrənən Kərbəlayi Cahangir, atası Məşədi Rza kimi, bu şəhərin tanınmış tacirlərindən idi. Amma onun teatr sənətinə böyük sevgisini də bilməyən yox idi. Aktyorlara həmişə əl tutur, onlara maaş kəsərək, truppanı yaşatmağa çalışırdı. Mülkündə tamaşaların məşqi üçün ayırdığı böyük zalın yuxarı başında səhnə də düzəltdirmişdi. Bu zalda kimlər məşq etməmişdi, kimlər yeni tamaşalar hazırlamamışdı... Hacağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski, Soltanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli... Məşqdən sonra iştirakçıların heç biri səxavətli, qonaqpərvər Kərbəlayi Cahangirin evindən ac yola salınmazdı. Sənət barədə söhbətlər süfrə başında da davam edərdi.
Onun teatr sənətinə sevgisi bununla da bitmirdi. Cahangir Zeynalov özü də aktyorluq edirdi. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxdı. XIX əsrin sonlarında sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyurdu. 1900-cı illərdə Müsəlman Dram Artistləri Şirkətinin təşkilində onun böyük rolu oldu. Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" məktəbində həm də dərs deyirdi.
...Nəsibə Zeynalova belə bir ocaqda 1916-cı ilin 20 aprelində dünyaya göz açdı. Uzun illər övlad həsrət çəkmişdi Cahagir Zeynalov. Bir dəfə ondan "Var-dövlətinə sahib çıxacaq, adını yaşadacaq, nəslini davam etdirəcək bir övladın yoxdur, bəs varisin kim olacaq?" - deyə soruşmuşdular. Cavab vermişdi ki, hələlik varisim var; bizim səhnəmiz mənim varisim ola biləcək ən etibarlı övladdır.
Qızı dünyaya gələndə Kərbəlayı Cahangirin yaşı 60-ı ötmüşdü. Körpə Nəsibə özü ilə böyük sevinc, ümidlər gətirmişdi. Aktrisa azlığından problemlər yaşayan Azərbaycan səhnəsinə bəlkə gələcəkdə bu qızın da böyük köməyi olacaqdı...
1918-ci ilin martında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə, Kərbəlayi Cahangir ailəsi ilə İrana getdi. Sentyabrda Bakıya dönərkən gəmidə yatalaq xəstəliyinə tutuldu. Ağır günlərində həyat yoldaşına vəsiyyət etdi: "Mənim gözəgəlimli şəkillərimdən birini böyütdürüb, Nəsibənin otağından asarsınız. O, doyunca ata görmədi, qoy, böyüdükcə, heç olmasa, şəklimi görsün. Nəsibəni mütləq oxutdur, qoy savadlı olsun. İkinci xahişim budur ki, məktəbə əta elədiyimiz illik üç yüz qızılı kəsmə. O yetim tifillər bir gün camaatımızı ağ günlərə çıxaranlar olacaqlar. Bir də ki var-dövlətimdən hamınızın payını notariusda yazdırmışam. Qalanını da Azərbaycan teatrosuna bağışlayıram".
Sağalmaz xəstəlik Kərbəlayi Cahangiri tezliklə doğmalarından əbədi ayırdı. Ondan qalan var-dövləti, mülkü, dükanları, bağı əllərindən alıb körpə Nəsibə ilə anasını küçəyə atdılar. Qonum-qonşunun evində, kirayələrdə yoxsulluq içərisində yaşadılar.
Çarəsiz qalmışdı Hüsniyyə xanım. Yenidən ailə quranda ümid edirdi ki, bundan sonra qızı ilə sakit yaşayar. Amma ikinci ərinin içkidən ayıq günü olmurdu. O, Kərbəlayi Cahangirdən yadigar qalan qiymətli əşyaları da satıb içkiyə verirdi. Bir gün evdə gözə dəyən dəyərli nə vardısa yığışdırdı, iki uşağı Hüsniyyə xanımın üstünə atıb-getdi.
Ağır günlər Hüsniyyə xanımın sağlamlığını da əlindən almışdı. Tez-tez xəstələnirdi. Evin bütün yükü 14-15 yaşlı Nəs ibənin üzərinə düşdü. O, məktəbi yarımçıq qoyub işləmək məcburiyyətində qaldı. Evdə gecənin yarısınadək lampa işığına dəlik-deşik olmuş barmaqlarının göynərtisinə dözə-dözə barama qurdları üçün yüzlərlə qovluq tikirdi. Aparıb təhvil verir, əvəzində qəpik-quruş alırdı. Daha sonra "Azsənət" birliyində mühasib köməkçisi, tramvay parkında tabelçi, topdansatış anbarında fəhlə işlədi.
Həyatında dönüş o gün başladı. Küçədə Şəmsi Bədəlbəyli ilə qarşılaşdı. O zaman Nəsibə xanım "Bakısukanalizasiya" idarəsində ixtisara düşmüşdü. Şəmsi Bədəlbəyli isə filarmoniyada truppa müdiri işləyirdi. Şəmsi "Səhər filarmoniyaya gəl", - deyəndə Nəsibə xanım təəccüblə xəbər aldı: "Mən orada nə edəcə-yəm ki?".
...Yol gələndə də, evdə əynində güllü kofta, uzun tuman, başında çarqat, əllərində iki dənə nəlbəki şifonerin sınıq güzgüsü qarşısında "Nəlbəki" havasına rəqs edəndə də Şəmsi Bədəlbəylinin sözləri beynindən təkrarlanırdı: "Gəl, bir şey fikirləşərik. Mənə elə gəlir ki, səndə böyük qabiliyyət var. Bir də ola bilməz ki, Kəblə Cahangirin qızı oxuyub-oynamasın. Mütləq gəl!".
Birdən hiss etdi ki, kimsə ona baxır. Geri döndü. Anası idi. Qapıya söykənib kədərlə qızına tamaşa edirdi. "Məni filarmoniyaya işə çağırırlar". Elə bildi anasını bu xəbərlə sevindirəcək. Amma o, etiraz elədi: "Elə bircə bu qalmışdı". "Yaxşı maaş olacaq", - deyə anasını güclə yola gətirdi.
1936-cı ildə Şəmsi Bədəlbəylinin köməyi ilə filarmoniyada rəqs ansamblında işə başladı. Moskvada keçiriləcək incəsənət ongünlüyü ərəfəsində işdən azad olundu. Rəqs qrupunun rəhbəri Qəmər Almaszadə "səhnə cazibəsi" olmadığı üçün onu yararsız hesab etdi.
1937-ci ildə Bakıda mövsümi fəaliyyət göstərən səyyar kolxoz və sovxoz Teatrında aktrisa işləməyə başladı. Bu teatr Bakıda truppa toplayır, repertuar qurur, aprel ayından oktyabr ayınadək kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il orada aktrisalıq etdi.
Artıq həyatının ən böyük qərarını vermişdi: səhnə sənətindən ayrılmayacaqdı. Məktəb keçməli idi. Ancaq yeddiilik təhsili natamam olduğundan, onun sənədlərini Teatr Texnikumuna qəbul etmədilər.
Nəhayət, 1938-ci ildə Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsilinə başladı. Aleksandr Tuqanovdan dərs aldı. Tələbə ikən "Şıltaq qızın yumşalması"nda Katarina, "Don Juan"da Elvira, "Mariya Stüart"da Yelizaveta rollarını oynadı.
İsmət Rüstəmbəyovun təklifi ilə Dövlət Musiqili Komediya Teatrına kütləvi səhnələrdə iştirak etmək üçün köməkçi truppaya qəbul olundu. İstedadı ilə rejissorların diqqətini cəlb eləməsi üçün çox vaxt lazım gəlmədi. İlk əməkhaqqını - 400 manat maaşı alıb həyəcanla anasına apardı...
Tərəf-müqabilləri Lütfəli Abdullayev, Əhməd Anatolu, Münəvvər Kələntərli, İbrahim Şünasi, Dadaş Şaraplı və başqa səhnə dostları ilə birlikdə irili-xırdalı rollar oynaya-oynaya aktirisa kimi mükəmməlləşdi. 1949-cu ildə teatr dövlət tərəfindən bağlandı. Xeyli işsiz qaldı. "Nizami" adına kinoteatrın yay zalına kassir düzəldi. Yay mövsümü qurtaranda ixtisara düşdü. Yenə işsizlik... Həmin günlərdə sənət yoldaşları ilə bir-birlərinin evində çay süfrəsi arxasına yığışır, dərd-sərlərini bölüşürdülər. O zaman elə bir şərlə üzləşdi ki... Evində çoxdan gözü olan qonşusu milisə şikayət etmişdi. Qonşusu "kef məclisi"indən, zəhmətkeşlərin rahatlığını pozduğundan şikayətlənirdi. Cəzası ağır ola bilərdi. Şəmsi Bədəlbəylinin döymədiyi qapı qalmadı. Böyük müğənni Bülbül o vaxt Nəsibə xanımı xilas etdi...
İlk ailə həyatı uğursuz oldu. Ayrıldılar. İkinci dəfə ailə qurdu. Mütəllim musiqiçi idi. 40 il davam edən ailə həyatı Nəsibə Zeynalovaya kədərli günlərini unutdurdu. Mütəllim ona təkcə həyat yoldaşı yox, həm də dost, sirdaş idi. Atasının adını verdiyi yeganə oğlu Cahangir də Nəsibə xanımın ümid etdiyi, arzuladığı kimi, bu sənət ocağının layiqli davamçısı oldu...
Cahangir Zeynalov tələbələrinə "Komediya ilə zarafat etmək olmaz, o, ciddi janrdır", - deyirmiş. Onun qızı Nəsibə Zeynalova da heç zaman komediya ilə "zarafat" etmədi. O, tamaşaçılarını güldürməyə çalışmırdı, sadəcə, üzərinə düşən rolu səhnədə canlandırdı. Nəsibə Zeynalova öz sənəti ilə "Rolun böyüyü-kiçiyi olmur, aktyorun böyüyü-kiçiyi olur" deyimini təsdiq edirdi. Aktrisa "Ər və arvad"da Gülpəri, "Arşın mal alan"da Cahan xala, "Məşədi İbad"da Sənəm, "Qaynana"da Cənnət xala oldu... İstər teatrda oynadığı bu və digər rolları, istərsə də televiziyada yumoristik səhnəciklərdə, teletamaşalarda çıxışları onu şöhrətləndirdi. "Azərbaycanfilm"in çoxlu ekran əsərinə də çəkildi. "Ögey ana", "Böyük dayaq", "Bizim Cəbiş müəllim", "Qanun naminə", "Bəyin oğurlanması", "Danabaş kəndinin əhvalatları", "Ulduz", "Yuxu" filmlərində ifa etdiyi epizodik, ya da ikinci dərəcəli rolları Nəsibə Zeynalovanı tamaşaçılara baş rolları qədər sevdirdi..
Bir qədər gecikmiş də olsa, bütün fəxri adlara layiq görüldü. Amma o, bu adları rəsmi şəkildə almazdan öncə, artıq doğma xalqı tərəfindən ən böyük mükafatı - sevilmək və yaddaşlarda həmişəlik yaşamaq mükafatını almışdı.
Həyatı gərgin işdə keçdi. Zamanın necə gəlib-keçdiyini bilmədi. Səhnəni ondan yalnız qocalıq və xəstəlik ala bildı. Vəfalı ömür-gün yoldaşı Mütəllimin ölümündən sonra da teatrdan ayrılmalı oldu. Son illəri səhnə üçün darıxmaqla keçdi. Üstəlik, ayaqları da sərbəst gəzməyə imkan vermirdi. Ömrünün 65 ilini həsr etdiyi səhnəyə yenidən çıxmaq, komik rollarla yanaşı, rejissorların nədənsə ondan həmişə əsirgədikləri dramatik rolda oynamaq arzusunu həyata keçirmək istəyirdi... Nəsibə Zeynalova səhnədən getdikdən 7 il sonra - 2004-cü ilin 10 martında dünyadan köçəndə bu arzularını özü ilə apardı.
"Mənim gözəgəlimli şəkillərimdən birini böyütdürüb Nəsibənin otağından asarsınız. O, doyunca ata görmədi, qoy, böyüdükcə, heç olmasa, şəklimi görsün. Nəsibəni mütləq oxutdur, qoy, savadlı olsun. İkinci xahişim budur ki, məktəbə əta elədiyimiz illik üç yüz qızılı kəsmə. O yetim tifillər bir gün camaatımızı ağ günlərə çıxaranlar olacaqlar. Bir də ki var-dövlətimdən hamınızın payını notariusda yazdırmışam. Qalanını da Azərbaycan teatrosuna bağışlayıram".
Cahangir Zeynalovun həyat yoldaşına vəsiyyətindən
MƏSLƏHƏT GÖR: