25 Noyabr 2024

Bazar ertəsi, 17:38

ÖYRƏNMƏK - İŞIQDIR…

"bakıelektrikşəbəkə"nin tədris mərkəzi yeni nəsil energetika mütəxəssislərinin hazırlığına başlayıb

Müəllif:

01.05.2012

Müasir  insanın həyatını elektriksiz təsəvvür etmək çətindir - elektrik enerjisi, demək olar ki, çağdaş sivilizasiyanın əsasıdır. O, həmişə bizimlədir, həyatımızı komfortlu və rahat, istehsalatı isə səmərəli edir. Buna görə də, hətta ən ucqar kənd üçün belə elektrik təchizatının keyfiyyəti və davamlılığı çox önəmlidir, Bakı kimi iri meqapolisdən isə danışmağa dəyməz. 

2006-cı ildə paytaxtın elektrik şəbəkəsi dövlətə məxsus "Bakıelektrikşəbəkə" ASC-yə verilib və həmin vaxtdan bu sahədə önəmli islahatlar mərhələsi başlayıb ki,  nəticədə bu, həm Bakının daxilində, həm də kənar qəsəbələrdə enerji təchizatının tam davamlılığı  yolunda qlobal müsbət dəyişikliklərə səbəb olub. 

 

Enerji halqası 

Keçən altı il ərzində Bakıda elektrik enerjisinin paylanması sahəsində əldə edilən önəmli uğurların sırasında yeni 110 və 35 kilovoltluq yarımstansiyaların tikintisini, hava xətlərinin kabelə keçirilməsini və s.-i göstərmək olra ki, bu da yalnız elektrik təchizatının keyfiyyətini yüksəltməklə kifayətlənməyib, həm də şəhərin estetik görkəmini yaxşılaşdırıb.  Aşağıvoltlu  şəbəkələrdə də önəmli inkişaf müşahidə olunur, bunun hesabına son illər Bakı ətrafında tikilmiş 100 minə yaxın fərdi ev elektrik təchizatı ilə təmin edilib. Yeri gəlmişkən, bununla bağlı bir faktı da qeyd etmək yerinə düşər: əgər paytaxt şəbəkəsini "Bakıelektrikşəbəkə"nin idarəsinə verənə qədər şəhər tikintisi elektrik şəbəkəsinin genişlənməsini geridə qoyurdusa, indi əks-proses müşahidə edilir və bu, beynəlxalq standartlara tam uyğundur. 

Elektrik energetikası sahəsində görülən işlər nəticəsində "Bakıelektrikşəbəkə"də artıq halqa təchizatı sxeminin tətbiqinə başlanılıb. Bu, paylayıcı və ötürücü şəbəkələrin etibarlı və dayanıqlı olması ilə yanaşı, həm də operativliyi təmin edir. Bu sistemin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, sistem istehlakçıları elektrik enerjisi ilə günün istənilən vaxtında təmin etmək imkanındadır. 

Bundan əlavə, "Bakıelektrikşəbəkə" istehlak edilən enerjinin hesablanması məsələsinə də xüsusi diqqət yetirir və ilk başdan qarşılıqlı hesablaşmalarda insan amilini minimuma endirməyə imkan verən elektron sayğaclar quraşdırmağa başlayıb. Bu gün ASC artıq elektron sağyaclar "dövr"ünün bitdiyini bəyan edir  və elektrik enerjisinin daha dəqiq, rahat istehlakı və haqqının ödənməsi üçün yeni smart-sayğacların quraşdırılmasına keçir. Bu aparatların bir sıra önəmli üstünlükləri var  ki, onların sırasında SMS vasitəsilə idarə edilməsinin mümkünlüyünü, öncədən ödəniş prinsipi (prepayment) ilə işləmək və mərkəzi sistemdən SMS vasitəsilə balansa pul yüklənmə imkanlarını göstərmək olar. Bundan başqa, bu sayğaclarda elektrik enerjisinin istehlakı üçün differensiallaşdırılmış tariflərin istifadəsini də göstərmək olar. Başqa sözlə, sutka ərzində müxtəlif (gecə və gündüz fərqli) tariflərin, ay ərzində müxtəlif (bayramlarda və adi günlərdə fərqli) tariflərin, həmçinin, abunəçi növlərinə görə müxtəlif (kommersiya, sənaye və əhali üzrə fərqli) tariflərin tətbiqinə imkan verir. Maraqlıdır ki, bu sayğaclarda, hətta təchizatın istehlakçı üçün vaxtdankənar zamanda dayandığı zaman balans barədə məlumat götürmək də mümkündür. 

Elektrik təchizatı üzrə xidmətlərin yaxşılaşdırılması ilə yanaşı, şəbəkənin inkişaf konsepsiyasına işçilər üçün əmək şəraitinin yaxşılaşdırılması da daxildir. Bu çərçivədə inzibati binaların siyahısı yetərincə genişlənib - hazırda Yasamal istisna olmaqla, demək olar ki, Bakının bütün rayonlarında belə ofislər var, daha 4 yeni ofisin tikintisi də gerçəkləşdirilir. Bundan başqa, ASC-nin avtonəqliyyat sistemi yetərincə yaxşılaşıb, yeni model avtomobillər, xüsusi avtonəqliyyat vasitələri, kranlar, qəza halının operativ ləğvi üçün tələb olunan qüllələr alınıb. 

"Bakıelektrikşəbəkə" öz inkişafının əsas atributlarından biri kimi, yeni çağdaş texnologiyaların tətbiqini görür, bununla bağlı olaraq fəal şəkildə qabaqcıl ölkələrin təcrübəsi öyrənilir, yeni avadanlıqlar alınır. Təsadüfi deyil ki, ASC-nin bu sahədə tərəfdaşları sırasında sektorun tanınmış liderləri - "Siemens", "ABB", "Bauer", "Schneider Electric" və başqaları yer alır. Çağdaş texnologiyalar hesabına Bakıda yeni qapalı tip yarımstansiyalar yaradılıb. Bu, təhlükəsizlik, istismar müddəti, ərazi əhatəsi, həmçinin, ümumi görkəminə estetik uyğunluq prinsiplərinə riayət  baxımından da xeyli effektlidir. 

Belə ki, məlumatsız adam çətin anlayar ki, Bayıl qəsəbəsinə gedən yolun kənarındakı gözəl binada gücü 110/35/10 kv olan və iri yaşayış massivini və bir sıra iri müəssisələri elektrik enerjisi ilə təmin edən "İçərişəhər" yarımstansiyası yerləşir.  "İçərişəhər" yarımstansiyası "Müşviq" və "Xırdalan" yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq ikişüalı "Bakı I" halqa elektrik sxeminin tərkib hissəsidir. "Siemens" şirkətinin əməkdaşları tərəfindən quraşdırılmış "İçərişəhər" yarımstansiyası təcrid edimiş sistemli, eleqaz, şinli altstansiyadır. 

Şəhərin mərkəz hissələrini, öz ətrafında yerləşən obyektləri və yaşayış sahələrini elektrik təchizatı ilə təmin edən bu güc yarımstansiyası həm də halqa sxemi yaratmaq üçün texniki önəmə malikdir. Yarımstansiyanın 35 və 6 kilovoltluq konturlarını qidalandıran şəbəkələr başqa qovşaq yarımstansiyalarının şəbəkələri ilə əlaqələndirilib ki, bu da etibarlı və ümidverən sistem yaradır. Yarımstansiyanın SCADA distansion idarəetmə sisteminə qoşulmuş bütün elektrik cihazları, rele müdafiəsi avadanlığı və avtomatik qurğuları sadə, yüngül və operativ idarə edilir. Elektrik avadanlığının yanmadan və partlayışlardan qorunması üçün yarımstansiyada yanğın əleyhinə siqnalizasiya sistemi də quraşdırılıb. 

Yeri gəlmişkən, bu, MDB məkanında ilk qapalıtipli yarımstansiyadır - o, eleqaz avadanlığı ilə təchiz edilib və açıqtipli yarımstansiyalara baxanda 10 dəfə az yer tutur.

"İçərişəhər" yarımstansiyası Azərbaycan Prezidenti İlham Əli-yevin iştirakı ilə açılıb. Prezident, həmçinin, ASC-nin başqa yarımstansiyasının  -  "Gənclik" yarımstansiyasının da açılışına qatılıb. Bu yarımstansiya yaxındakı bir sıra obyektləri elektrik enerjisi ilə təmin edəcək və  "Səngəçal" yarımstansiyası ilə "Xırdalan" yarımstansiyası arasında yaradılmış 110 kilovoltluq "Bakı II" ikiuclu halqa elektrik xəttinin əsas hissəsidir. Ərazidə yerləşən idarə və müəssisələrin elektrik təchizatının mənbəyi olan 35/10 kilovoltluq "Gənclik" yarımstansiyası 35 kilovoltluq elektrikötürücü xəttin vasitəsilə 215 və 96 saylı yarımstansiyalarla bağlantılıdır ki, bu da həmçinin qovşağın etibarlılığına və 35 kilovoltluq halqa sxeminin yaradılmasına xidmət edir. 

 

Nəzəriyyə haqqında təcrübə 

Göründüyü kimi, "Bakıelektrikşəbəkə" paytaxtın elektrik təchizatının yaxşılaşdırılması üçün ciddi işlər görür, yeni nəsildən olan avadanlıqlardan istifadə edir ki, bu da effektivliyi artırır və yaradılan obyektlərin istismar müddətini artırır. Ancaq şəbəkənin inkişaf templəri ildən-ilə daha çox işçi kadrların sayının artırılmasını tələb edir, özü də indi çağdaş texnologiyalardan başı çıxan, onlarla işləməyi bacaran yüksəkixtisaslı mütəxəssislər lazımdır. 

Təəssüf ki, Azərbaycanda yalnız iki ali məktəb peşəkar energetiklər hazırlayır. Həmçinin, etiraf etmək lazımdır ki, onlar üçün keçilən tədris kursu indiki praktiki tələbatlardan geri qalır, özü də bu ali məktəblərdə keçirilən materialın praktiki keyfiyyəti  üçün bircə laboratoriya da yoxdur. Bununla bağlı olaraq, "Bakıelektrikşəbəkə" daim kadr çatışmazlığı problemi ilə qarşılaşırdı və hər il onlarca işçisini təcrübə keçmək üçün xaricə yollamağa məcbur olurdu. Bu məcburi tədbirlər ASC-nin büdcəsindən xeyli vəsait  aparırdı. Buna görə də şirkətin rəhbərliyi ədalətli olaraq, çağdaş tələblərə cavab verən tədris mərkəzinin yaradılmasına qərar verdi. Bu, həm tədrisə yönələn maliyyə xərcləri baxımından, həm də ixtisaslı mütəxəssislərin sayının artırılması sarıdan  daha effektli idi.  Bu qərarın nə qədər vaxtında və vacib olduğunu belə bir fakt da təsdiqləyir ki, "Bakıelektrikşəbəkə" ASC-nin tədris mərkəzinin açılışında ölkə Prezidenti İlham Əliyev də iştirak edib. 

Tədris mərkəzinin fəaliyyətinin əsas istiqamətləri bəllidir: kadrların yetişdirilməsi, ixtisas artırılması, kadrların yenidən hazırlanması. Mərkəzin əsas fərqləndirici cəhəti odur ki, burada dinləyicilərə yalnız nəzəri material verilməklə kifayətlənilməyəcək, həm də əldə edilən biliklərin təcrübədə istifadəsi üçün şərait yaradılacaq. 

Burada hər şey xırdalığına qədər düşünülüb: mərkəzin ikinci mərtəbəsində iki  10/04 kilovoltluq yarımstansiya, rele müdafiəsi avadanlığı və avtomatik elektrik avadanlığı, kabel xətlərinin sınağı bölməsi, SCADA dispetçer idarəetmə sistemi, alternativ və bərpaolunan enerji mənbələri üzrə sinif otaqları və konfrans-zal yerləşir. Bundan başqa, tədris mərkəzində elektrik şəbəkəsinin idarə edilməsi avtomatlaşdırılmış sistem vasitəsilə gerçəkləşdiriləcək. 

Mərkəzin tədris otaqları çağdaş əyani vəsaitlərlə, avadanlıqlarla və kompüter texnikası ilə tam təchiz edilib. Burada siniflərin kreativ dizaynına qədər hər şey tədris prosesinin optimallaşdırılmasına yönəlib. Kursların aparılmasına dünyanın aparıcı şirkətlərindən ("Siemens", "ABB", "Bauer", "Schneider Electric" və s.) mütəxəssislər,  həmçinin, yerli kadrlar cəlb edilir. 

Kursların aparılması üzrə ilk təcrübələr artıq mövcuddur - "Bauer"dən olan mütəxəssislər "Bakıelektrikşəbəkə"nin kadrlarını Tədris Mərkəzinin həyətində yüksək-gərginlikli xətlərinin diaqnostikası və sınağı zamanı tətbiq edilən səyyar elektrotexnika laboratoriyasının praktiki işi ilə tanış ediblər. Maraqlıdır ki, kursun bitirilməsinə dair sertifikatı yalnız 4 əməkdaş ala bilib. Bu onu göstərir ki, tədris mərkəzinin məqsədi heç də mümkün kursların hər cür nominal təşkili və hər kəsə sertifikat paylamaq deyil. Burada başlıca niyyət  məhz lazımi nəzəri və təcrübi biliklərin verilməsi, dinləyicilər arasından "mütəxəssis" ranqına ən layiqlilərin seçilməsidir. 

Tədris Mərkəzinin fəaliyyət proqramı yetərincə gərgindir - artıq deyildiyi kimi, "Bakıelektrikşəbəkə"yə çox sayda müxtəlif istiqamətli yüksəkixtisaslı kadrlar tələb edilir. Ancaq zaman keçdikcə bu tələbat qismən ödənildikdən sonra, mərkəz ictimaiyyət üçün də açılacaq. Belə ki, şəbəkə işçiləri ilə yanaşı, Tədris Mərkəzində ali məktəblərin tələbələri də, ilkin ixtisas almaq istəyən orta məktəb şagirdləri də öz ixtisaslarını artırmaq imkanı əldə edəcəklər. 

Beləliklə, Tədris Mərkəzi ener-getika sahəsi üçün yüksəkixtisaslı və çağdaş kadrların hazırlanması kimi önəmli məsələnin həlli ilə yanaşı, müəyyən mənada məşğulluq probleminin həllinə də yardımçı olacaq. 



MƏSLƏHƏT GÖR:

370