Müəllif: Nurlanə QULİYEVA Bakı
Sirr deyil ki, son illərdə Azərbaycanda nağdsız hesablaşmaları populyarlaşdırmaq üçün göstərilən bütün cəhd-lər, belə deyək ki, elə də uğur gətirməyib. Bu gün kiçikdən-böyüyə kimi əhalinin əksər hissəsinin bank kartlarına sahib olmasına baxmayaraq, onların "dövriyyə" səviyyəsi çox aşağıdır. Bunun səbəbləri də bəllidir, bu barədə yetərincə yazılıb və deyilib. Əsas səbəb ticarət və başqa xidmət obyektlərinin özlərində POS-terminallar quraşdırmaması və ya alınmış malın, ya da göstərilən xidmətin pulunu ödəmək üçün kartları qəbul etmək istəməməsidir. Əhalinin nağdsız hesablaşmaların imkanları və rahatlığı barədə məlumatlılığı da aşağıdır. Halbuki çox hallarda sonuncu məsələ daha əvvəlkindən qaynaqlanır. Bir neçə dəfə plastik kartlarla hesablaşmaq istəyən zaman imtina ilə qarşılaşan insanların artıq ona etibarı azalıb. Buna görə də öz pullarını bəri başdan bankomatlar vasitəsilə nağdlaşdırmağa üstünlük verirlər.
Bu ildən sözügedən məsələ ilə ciddi məşğul olmağı qərara alıblar. Bu gün, demək olar ki, bütün ticarət və xidmət obyektlərinin girişində "Visa", "Master" kartları ilə ödənişin mümkünlüyü bildirilir.
Butikdən-taksiyə qədər
Beləliklə, Vergilər Nazirliyi bu il nağdsız hesablaşmalar bazarının genişlənməsi üzrə işləri yetərincə gücləndirib. Aprelin 23-də isə Vergilər Nazirliyində POS-terminalların və kassa aparatlarının quraşdırılması və işlədilməsi üzrə yaradılmış xüsusi qərargahın növbəti yığıncağı baş tutub. Ver-gilər nazirinin audit və sahələrin operativ nəzarəti üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədovun sözlərinə görə, Bakı şəhərinin proseslər xəritəsi hazırlanıb, paytaxtın 11 rayonu 60 sahəyə bölünüb, onların hər biri üçün iki işçi ayrılıb və onlar müvafiq treninqlər keçirlər.
O bildirib ki, bu gün bütün respublika ərazisində, o cümlədən, Bakıda və turizm mərkəzlərində fəaliyyət göstərən otellərdə, ictimai iaşə, ticarət və əyləncə obyektlərində, taksilərdə, avtomobil yanacaqdoldurma stansiyalarında, tibbi xidmət göstərən və əczaçılıq məhsullarının satışı ilə məşğul olan obyektlərdə, həmçinin, başqa sahələrdə POS-terminalların quraşdırılması təmin edilir.
Bu prosesdə xüsusi aktivlik ölkə banklarına məxsusudur, onların sırasında quraşdırılmış POS-terminalların sayına görə liderlik Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur, illik 27,6% artımla hazırda ABB-yə 4167 aparat məxsusdur. Aparıcı bankların əməkdaşlarının məlumatına görə, "POS-terminallaşdırma" templəri bu gün, demək olar ki, iki dəfə artıb.
Bu gün POS-terminallar artıq şəhər taksilərində də quraşdırılır. Belə ki, "Baku Taxi" MMC 500 taksi-kebdə "Bank of Azerbaijan" tərəfindən quraşdırılmış "Veri-Fone Vx 680" POS-terminallarının quraşdırılmasını başa çatdıracaq. Özü də gediş haqqının plastik kartlarla ödənişinin gerçəkləşdirilməsi üçün taksilərin POS-terminallarla təchiz edilməsi bank tərəfindən pulsuz əsasda gerçəkləşdirilir.
"Master Card" və "Visa"nın loqosu olan yapışdırma yarlıqlara bu gün şəhərin mərkəzində yerləşən, demək olar ki, bütün ob-yektlərdə də rast gəlmək müm-kündür. Həm avtomobil yanacaqdoldurma stansiyaları, həm Dövlət Yol Polisinin avtomobilləri POS-terminallarla təchiz edilib. Necə deyirlər, fəaliyyət nö-vündən asılı olmayaraq qaydalar bütün obyektlər üçün eynidir.
Yeri gəlmişkən, yapışdırma yarlıqlar barədə. Bakıda POS-terminalların artıq bir neçə ildir tətbiq edilməsinə baxmayaraq, indiyə kimi bu yapışdırma yarlıqlara nadir hallarda rast gəlinirdi. Halbuki "Master Card" və "Visa Elekrton"un qaydalarına görə, əgər obyekt bu kartları qəbul edirsə, onlar mütləq olmalıdır. Gö-ründüyü kimi, "POS-terminallaşdırma" bu problemi də həll edib: halbuki məsələ ilə bağlı rəsmi direktiv olmayıb. Belə çıxır ki, nəzarətçi qurumlar obyekt yiyələrini yapışdırma yarlıqların vacibliyinə inandıra biliblər.
Ekspertlər və sadə insanlar POS-terminalların tətbiqinin sürətli tempini Bakıya nağdsız hesablaşmalara üstünlük verən xarici qonaqların gözlənilən axını ilə izah edirlər. Məhz buna görə, ticarət nöqtələrinin və xidmət sahəsi obyektlərinin özləri bu gün onlarda POS-terminalların olmasında maraqlıdırlar, amma qeyri-rəsmi söhbətlər zamanı bu cür obyektlərin sahibləri etiraf edirlər ki, müsabiqədən sonra, çətin ki, onlardan istifadə edilsin.
Bu gün artıq sahibkarlar və əhali arasında hələ də nağdsız hesablaşmaların üstünlüyünü anlamayanlar, ondan istifadə etmək istəməyənlər çoxdur; deməli, problemlər hələ sona kimi həll edilməyib.
Əvvəl və sonra
Nağdsız hesablaşmalar üzrə problemləri iki kateqoriyaya ayırmaq olar. Obyektiv problemlər sırasına onun ticari baxımdan əlverişsizliyi aiddir və buraya banklar tərəfindən quraşdırılan POS-terminalların komisyon haqlarının yüksək olması da daxildir. Həm də əsassız subyektiv problemlər də var - sahibkarlar müəssisənin döriyyəsinin real məbləğini leqallaşdırmaq istəmirlər, yəni vergidən yayınmağa cəhd edirlər. Subyektiv səbəblərin qarşısı inzibati üsullarla alınmalıdır, amma obyektiv problemlərin həlli isə bir sıra stimullaşdırıcı üsullarla nizama salınmalıdır.
Ümumiyyətlə, artıq bəllidir ki, cari il üçün vergi qanunvericiliyinə dəyişikliklər və əlavələr üzrə təkliflər zərfinə ölkədə nağdsız hesablaşmaların stimullaşdırılması da daxildir. Belə ki, sahibkarlıq subyektlərinin nağdsız formada gerçəkləşdirilmiş dövriyyəsinin vergidən qismən azad edilməsi mümkündür. Həmçinin, müəyyən zaman dövründə bir alış-veriş çərçivəsində əməliyyatlara məhdudiyyət tətbiq edilməsi də təklif edilir. Belə ki, əgər bir ay ərzində və ya bir əqd çərçivəsində alış-verişin məbləği beş min manatı keçərsə, onda əqdin bu məbləği keçən hissəsi nağdsız formada gerçəkləşdirilməlidir.
Hazırda məhdudiyyət məbləği müzakirə mövzusu olaraq qalmaqdadır, çünki əhalinin böyük hissəsi POS-terminallarla işləməyə hazır deyil. Uyğun olaraq, bu cür məhdudiyyətlər əhaliyə təsir göstərə bilər. Məsələn, əgər mağazanın aylıq 5 min manatlıq limiti bitibsə, o, həmin 5 min manatlıq limiti keçməmək üçün çörək satışından imtina edə bilər. Buna görə də bu cür yanaşma bir qədər konservativ sayılır. Ən optimal isə ticarət obyektlərinə və xidmət sahəsinə qarşı məcburi-məhdudlayıcı tədbirlərin, əhali üçünsə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsidir ki, bu, nağdsız formada ödənişlərin aparılmasına marağı artıra bilər.
Yeri gəlmişkən, artıq banklar ödənişlərini plastik kartlarla həyata keçirən müştərilər üçün stimullaşdırıcı lotoreyalar barədə elanlar verib. Bundan başqa, insanlara plastik kartların "canlı pul"lardan üstünlüyünü izah edən sosial reklam çarxlarının, bukletlərin yayılması daha yaxşı olardı.
Bu gün Vergilər Nazirliyi və başqa müvafiq orqanlar Bakıdakı obyektlərdə POS-terminalların quraşdırılıması və istifadə edilməsi faktları üzrə monitorinqlər aparır, qanun pozanlara xəbərdarlıq edərək qaydaları izah edirlər. Amma bu sahədəki bütün problemlərin həlli zərfini bir kompleksdə birləşdirmək mümkün olarsa, prosesdə real önəmli irəliləmə mümkün olacaq.
Əslində, müsabiqə ərəfəsində POS-terminallar ətrafında yaranmış bütün bu ajiotaj ölkədə nağdsız hesablaşmanı populyarlaşdırmaq sahəsində hökumətin işinə yaraya bilər. Ən başlıcası, sükanı ondan sonra da möhkəm saxlamaqdadır.
MƏSLƏHƏT GÖR: