
BELƏ DƏ GÖZLƏNİLİRDİ
Müxalifətin "avroviziya" ərəfəsindəki mitinqləri əks-effekt verir
Müəllif: Əli ƏLİYEV Bakı
Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin yaxınlaşmasından istifadə edən müxalifət ictimaiyyətin çoxdan itirdiyi marağını geri qaytarmağa çalışır. Bu məqsədlə onlar mitinq fəallıqlarını artırıblar. Hazırda Azərbaycana diqqətin məlum səbəblərdən artdığını yaxşı bilən müxalifət aksiyalarının da nəzərə çarpacağına ümid edir. Bəs ölkə əhalisinin bu aksiyalara münasibəti necədir? Elektorat onların şüarlarını dəstəkləyirmi, yoxsa mitinq təşkilatçıları hesablamalarında və gözləntilərində səhvə yol verib? Bunu müəyyənləşdirməyimizə "Rəy" Monitorinq Mərkəzinin (MM) aprelin 24-29-da ictimaiyyət arasında apardığı sorğu kömək edib.
Müxalifətə hələ qayıdacağıq. İlk olaraq əhalninin "Eurovision 2012"yə ictimaiyyətin nə dərəcədə maraq göstərdiyinə baxaq. "Rəy" MM-in sorğusu müsabiqəyə marağın durmadan artdığını göstərir. Məsələn, əgər ötən il Bakıda onu sakinlərin yalnız 60%-i izləyirdisə, hazırda bu rəqəm 80% təşkil edir. Digər regionlarda da bu sahədə yüksək fəallıq var - 73%. MM-də güman edirlər ki, bu, son hədd deyil: müsabiqə yaxınlaşdıqca, onun ətrafında, sözün yaxşı mənasında, ajiotaj da böyüyür. Amma bu göstəricinin 100%-ə yüksələcəyini gözləməyə dəyməz. Çünki bu müsabiqəyə etinasız olanlar, hətta ona mənfi yanaşanlar da var.
Ümumilikdə, əhalinin 85%-nin müsabiqəni izlədiyini söyləmək olar. Amma hər şey yaxşı gedərsə və Azərbaycan təmsilçisi Səbinə Babayeva mükafatçı beşliyə düşərsə, bu rəqəm daha da arta bilər. Yeri gəlmişkən, "Rəy" MM müsabiqədən dərhal sonra final sorğusunu da keçirməyi planlaşdırır.
Müxalifətin fəallaşmasına gəlincə, sorğu göstərir ki, əhalinin əksəriyyəti onun "Eurovision 2012" yarışından öz siyasi məqsədləri üçün istifadə etmək cəhdinə mənfi yanaşır. Sorğu göstərir ki, əhali müxalifətin mitinqləri haqda o qədər də məlumatlı deyil. Respondentlərin yalnız 15,5%-i onların şüarlarından və tələblərindən xəbərdardır. Daha 36,6% bu aksiyalar haqda eşitsə də, onların nəyə həsr olunduğunu bilmir. Respondentlərin 48%-i isə müxalifətin mitinqləri haqda xəbəri yalnız "Rəy" MM-in sorğusu zamanı eşidib.
Bununla yanaşı, müxalifətin aksiyaları haqda xəbərdar olanlar da ona mənfi yanaşır. Sorğu göstərir ki, mitinqlər yalnız mənfi emosiya yaratmır (təbliğat baxımından bu, heç də həmişə pis hal sayılmır - qəzəblənirlərsə, demək, ən azı, diqqət ayırıblar və yadda saxlayıblar). Müxalifət üçün ən çox xoşagəlməz olanı onların əhalidə ciddi qıcıq, məyusluq və ən azı, etinasızlıq yaratmasıdır. Başqa sözlə, "köhnə, ənənəvi" müxalifət sadəcə insanları bezdirib. "Rəy" MM-dən bildirirlər ki, sorğular müxalifətin reytinqinin çoxdan aşağı olduğunu göstərir.
Bu sorğu anketindəki "Müxalifətin bu cür aksiyalarına münasibətiniz necədir?" sualına verilən cavablardan da aydın olur. Məlum olub ki, əhalinin böyük əksəriyyəti (86,6%) onu mənfi qiymətləndirir, yaxud ən azı, aksiyalara etinasız yanaşır. Müxalifəti bu məsələdə bu və ya digər dərəcədə cəmi 7% respondent dəstəkləyir.
Qeyd edək ki, əhalinin neçə faizinin Azərbaycan iqtidarının opponentlərini dəstəkləməsi haqda suala cavab verəndə də respondentlər, faktik olaraq, eyni rəqəmi səsləndiriblər - 8,6%.
Nəzəri baxımdan, sorğu respondentlər arasında narazı bazanın, təxminən, 10% olduğunu göstərib. Amma bu, heç də o demək deyil ki, onların hamısı müxalifətin sosial bazasıdır. İstənilən cəmiyyətdə narazılar, tənqidçilər və tənqidbazlar həmişə olur. Amma heç də bütün narazılar hakimiyyətin opponentlərini dəstəkləməyə hazır deyil.
Gəlin, onun özünü gündəmə necə gətirməyə çalışdığına baxaq və yenidən mitinqlərdə səsləndirilən şüarlara qayıdaq. Bu zaman məlum olur ki, müxalifət təbliğat baxımından kobud xətaya yol verib. Məlum olduğu kimi, mitinqlərin birində "Bizə "Eurovision" yox, Qarabağ lazımdır!" şüarı səsləndirilib. Başqa sözlə, aksiya təşkilatçıları "bir güllə ilə iki dovşan vurmaq" istəyib: insanların vətənpərvərlik hissləri ilə oynamaq və eyni zamanda, hakimiyyəti pis vəziyyətdə təqdim etmək. İlk baxışdan bu, piar gedişi kimi görünür. Amma nə olsun? Detallara varanda, bu gedişin də uğursuzluğu aydın olur.
Maraqlı təfərrüat. "Rəy"dən bildirirlər ki, əksər respondentlər onlara ünvanlanmış bir sualı intervüyerlərdən təkrar soruşur və dəqiqləşdirirmiş. Sual isə belə idi: "Müxalifətin mitinqində "Bizə "Eurovision yox, Qarabağ lazımdır!" şüarı səsləndirilib. Bununla bağlı, aşağıdakı hansı fikirlə razısınız?".
Rəyi soruşulanlar bir qədər düşündükdən sonra, onlara təqdim olunan alternativlərdən birini seçiblər. Sonda rəyi soruşulanların, təxminən, yarısı (45,8%) bu şüarı təxribat adlandırıb, 37,3% isə bildirib ki, müxalifət hakimiyyətin bütün müsbət cəhətlərinə göz yummağa davam edir. Onların fikrincə, əslində, Azərbaycanın bütün uğurları, eyni zamanda, "Eurovision" Qarabağ probleminin həllinə kömək edir.
Başqa sözlə, sorğunun nəticələrinə görə qiymətləndirsək, şüarın müəllifləri səhv edib. Onlar nəinki planlaşdırdıqları məqsədə nail olmayıblar, həm də özlərini pis vəziyyətdə qoyublar. Ədalət naminə qeyd edək ki, məsələnin bu cür qoyuluşuna etiraz etməyən praqmatiklər də tapılıb: guya siyasətdə bütün vasitələr yaxşıdır. Şüarı bəyənənlər də olub (yeri gəlmişkən, onların əksəriyyəti ötənilki müsabiqəni izləməyib və "Eurovision 2012"yə də baxmayacaqlar). Amma ümumilikdə, belələri rəyi soruşulanların cəmi ondabirini təşkil edib.
Ümumilikdə, "Rəy" MM-in respondentləri müxalifətin bu şüarına son dərəcə mənfi yanaşıblar. Onların fikrincə, müxalifət hələ də hakimiyyətin uğurlarını görməzliyə vurur və özünü təxribatçı kimi aparır.
Piarçılar belə ciddi xətanı "siyasi xarakiri" adlandırır. Yəni, sorğu göstərir ki, əhalinin əksəriyyəti, əslində, "Eurovision 2012"nin Qarabağ probleminə mane olmadığını, əksinə, dolayısı ilə onun həllinə kömək etdiyini anlayır.
Beləliklə, Prezident İlham Əliyevin uğurlarımızın iki düşməninin olduğuna dair fikri bir daha təsdiqini tapır - Ermənistan və Azərbaycan müxalifəti.
İctimai rəyin öyrənilməsi məqsədilə aparılmış sorğunun nəticələrini təhlil edərkən belə qənaətə gəlmək olar ki, Azərbaycan hakimiyyətinin opponentlərinin fəaliyyəti ictimaiyyət arasında onların gözlədiyi rəğbəti qazanmır, hətta əksinə, müxalifətin ziyanına işləyir. Respondentlərdən birinin dediyi kimi, "bizim müxalifət dəstəyi olmayan köhnə çamadana bənzəyir - daşımaq çətindir, atmağa isə adamın heyfi gəlir".
Əlbəttə, respondentin fikri amansız hökm təsiri bağışlayır. Amma sorğunun nəticələrinə bir daha nəzər salmaq kifayətdir ki, Azərbaycan müxalifətinin, ən azı, ictimaiyyəti bezdirdiyini görəsən.
MƏSLƏHƏT GÖR: