15 Mart 2025

Şənbə, 02:57

“AZƏRREYL” ULDUZ AXTARIŞINDA

Dəmiryolçulara məşhur Alessandro Çiappini rəhbərlik edəcək

Müəllif:

15.04.2012

"Azərreyl” voleybol klubunun baş məşqçisi postu dünyaşöhrətli Alessandro Çiappiniyə tapşırılır. O, bu vəzifədə Faiq Qarayevi əvəz edəcək. F. Qarayev səhhəti ilə əlaqədar vəzifəsini tərk etsə də, Çempionlar Liqasının 1/4 finalında Kazan "Dinamo"suna uduzan dəmiryolçuların heyətində də ciddi dəyişikliklərə start veriləcək.

Çiappini Çempionlar Liqasının 1/8 final mərhələsində "Rabitə"nin mübarizədən kənarlaşdırdığı Polşanın "Atom" klubunun keçmiş baş məşqçisidir. Karyerası ərzində Türkiyə, Peru yığmalarını, eləcə də "Medineks", "Foppapedretti" və digər tanınmış klublarda çalışan məşqçidən böyük uğurlar gözlənilir. 

Məşhur Alessandro Çiappini mətbuatdakı məlumatları belə şərh edib: "Azərbaycanla yanaşı, İtaliyadan da təklif almışam. Artıq 6 ildir ölkəmdən kənarda işləyirəm. Hərdən düşünürəm ki, qayıtmaq vaxtıdır. Ancaq mən daha yaxşı komanda axtarışındayam. Çünki peşəkaram. Voleybol mənim işim olmaqla yanaşı, həm də həyatımdır. Azərbaycandan olunan təklifə gəlincə, Bakıda olmuşam və vacib məsələləri müzakirə etmişəm. Orada idmana kifayət qədər ciddi maraq var. Voleybolun inkişafı üçün güclü sponsorların olması böyük transferləri reallaşdırmağa kömək edir. Azərbaycanda işləmək olduqca maraqlıdır. Hazırda bu ölkədə çoxlu sayda legioner məşqçi və voleybolçular işləyir. Fikrimcə, Azərbaycanda yaradılan şəraitlə böyük uğurlar əldə etmək olar".

Əlbəttə, Çiappininin "Azərreyl"ə təyinatı superliqada intriqanı daha da artıracaq. Faiq Qarayev onsuz da millidə baş məşqçi postunu icra edir, buna görə də həm klub, həm yığmada işləmək o qədər uğurlu alınmırdı. Digər amil Çempionlar Liqasıyla əlaqəlidir. Azərbaycan voleybol klubları indiyə qədər müxtəlif turnirlərin qalibi olub. "Çağırış" Kuboku, eləcə də Avropa Voleybol Konfederasiyasının Kubokunu qazanıb. Amma federasiyanın istəyi Çempionlar Liqasıdır. Avropanın ən nüfuzlu klub turnirində qalib gəlmək hər bir azarkeşin arzusudur. Hələlik yalnız "Rabitə” finala qədər irəliləyib və həlledici görüşdə "Vaqifbank"a uduzub. Külli miqdarda sərmayə yatırılan voleybol klublarımız hazırkı dönəmdə liqanı qazanmağa məcburdur. Çünki yaradılan şərait Çempionlar Liqasında sözümüzü deməyə imkan verir. 

"Azərreyl"i məşqçiylə yanaşı, məşhur voleybolçular da gücləndirəcək. Yeni mövsüm üçün möhtəşəm heyət formalaşdırmağı planlaşdıran dəmiryolçular Avropanın ən yaxşı voleybolçusu seçilən Yeon Kinq Kimə elçi düşüb. "Fənərbağça"nın heyətində Çempionlar Liqasının qalibi və Bakıda keçirilən "Dördlər finalı"nın ən yaxşısı seçilən 24 yaşlı koreyalı hücumçu karyerasını ölkəmizdə davam etdirməyə yaxındır. Belə ki, "Azərreyl" onun keçidi üçün çox yüksək transfer məbləğini ödəməyə hazırlaşır. Türk həmkarlarımız də kimin bu cəlbedici təklifin qarşılığında hansı addımı atacağını maraqla gözləyir. Koreyalı idmançı Azərbaycan azarkeşlərinə yaxşı tanışdır. O, bu mövsüm "Rabitə" ilə görüşlərdə 4 dəfə iştirak edib, habelə paytaxtımızda baş tutan "Dördlər finalı"nda komandasının çempionluğunda böyük rol oynayıb. 

Növbəti mövsüm Çempionlar Liqasının (ÇL) qalibi olmaq arzusunda olan dəmiryolçular Türkiyənin "Fənərbağça" komandasının daha bir oyunçusuna elçi düşüb. Bu, sarı-lacivərdlilərlə ÇL-in qalibi olmuş 27 yaşlı braziliyalı legioner Fabiano Klaudinodur. "Azərreyl" Pekin Yay Olimpiya Oyunlarının qalibi, Dünya Qran-prisinin 4 qat qalibi, Dünya Çempionatının və Dünya Kubokunun ikincisini heyətində görmək üçün istənilən məbləği ödəməyə hazırdır. Braziliya yığmasında 70 oyun keçirən 194 sm boya malik voleybolçu isə hələlik fikirləşir. Onunla digər iddialı klublar da maraqlandığından, ən yaxşısını seçmək istəyir. Dünya Qran-prisinin ən yaxşı blokçusunun "Fənərbağça"da qalması daha real görünür. Lakin Türkiyədə legioner limitinin olması və Klaudinonun daha çox ehtiyatda qalması voleybolçunun "Azərreyl"in xeyrinə seçim etməsiylə nəticələnə bilər. 

Dəmiryolçuların digər maraqlandığı voleybolçu rusiyalı Yekaterina Qamovadır. Kazan "Dinamo"sunun heyətində Bakıdakı "Dördlər finalı"nda bürünc medal qazanan 32 yaşlı Olimpiya və dünya çempionu müqavilə müddətinin sonuna qədər Tatarıstan təmsilçisinin şərəfini qoruyacaq.  

Ən maraqlı məqam Azərbaycan Voleybol Federasiyasının yeni çempionatla bağlı qaydalarıdır. Ölkə voleybolunda çoxlu sayda legionerləri görürük. Dünyanın istənilən ölkəsindən legioner dəvət etməklə yanaşı, yerli voleybolçuların hazırlanmasını unutmaq olmaz. Sirr deyil ki, "Bakı", "Lokomotiv", "Azərreyl", "Rabitə", digər klublarda yalnız əcnəbilər meydan sulayır. Yerli voleybolçular isə ən yaxşı halda ehtiyatda oturmaqla vaxt keçirirlər. Bunun ən böyük zərbəsi milli komandaya təsir edir. Çempionatımız güclü olsa da, yığmamız güclənmir. Burada Faiq Qarayevin günahı yoxdur. Yerli voleybolçular praktikadan məhrumdursa, milli necə güclənə bilər? Elə ona görə də federasiya yeni mövsümdən legioner limiti tətbiq etməyi planlaşdırır. Yeni qaydalara əsasən, hər komandadan meydanda, ən azı, iki və ya üç yerli voleybolçunun olması tələb olunacaq. Bu qərar alqışa layiqdir. Güclü legionerlərimizin olmasına baxmayaraq, yerlı voleybolçuları unutmaq olmaz. Azərbaycan millisi məhz onların sayəsində inkişaf edə bilər.



MƏSLƏHƏT GÖR:

503