
ATLARI YƏHƏRLƏYİN
London olimpiadasına yollanmaq üçün jokeyimiz Camal Rəhimova at seçmək qalır
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Beynəlxalq Atçılıq Federasiyasının son reytinq cədvəli London Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıları üzə çıxarıb. Həmyerlimiz Camal Rəhimov son yarışlardakı uğurlu çıxışına görə, Olimpiadada iştirak etmək imkanı qazanıb. Lisenziya problemini həll edən çapar indi Londonda nəticə barədə düşünməlidir.
Sirr deyil ki, karyerasında ikinci dəfə Olimpiadada iştirak edəcək 24 yaşlı idmançını Pekinlə müqayisədə Londonda daha çətin sınaq gözləyir. Digər idman növlərindən fərqli olaraq, atçılıqda Londona lisenziya qazanmaq daha çətindir. Camal Rəhimov 29 ölkədən olan 249 idmançıyla rəqabətdən qalib ayrılaraq, lisenziyaya layiq görüldü. İki il Londona vəsiqə uğrunda yarışan çapar bunun üçün çoxlu sayda turnirdə mükafatçılar sırasına düşməli oldu. Zarafat deyil, 30 müxtəlif yarışda 420 dəfə manejə çıxan idmançı bütün Avropa ərazisində "Aramis", "Platin", "Topik", "Vudi", "Hollivud" adlı atlarıyla 30 min km.-ə yaxın məsafəni qət etdi.
Federasiyadan verilən məlumata görə, Londona hazırlıq üçün xüsusi proqram hazırlanıb. İlk olaraq Camal Rəhimovun Olimpiadaya hansı atla yollanacağı dəqiqləşməlidir. Çapar "Platin", "Aramis", "Warrior", "Woody Topic" və "Excenel" ləqəbli atlar arasında seçim etməlidir.
Səbəbkar özü London Olimpiadasına hazırlıq prosesini belə şərh edib: "Çox şadam ki, ardıcıl ikinci Olimpiadada Azərbaycanı təmsil edəcəyəm. İndi bütün fikrimi Olimpiadaya yönəldəcəyəm. İlk olaraq at seçimi etməliyəm. Yarışda daha yaxşı tanıdığım və öyrəşdiyim atdan istifadə çox vacibdir. Minimum vəzifə Londonda finalçılar sırasına düşməkdir. İnanıram ki, xalqımız mənə dəstək olacaq. Atçılıqda tez bir zamanda uğur qazanmaq çətindir. Amma Azərbaycanı layiqincə təmsil etmək üçün gecə-gündüc çalışacağam".
Camal Rəhimovun atçılıqda əldə etdiyi uğurlar Azərbaycanda idmanın bu növünə olan marağı artırıb. Daha irəli getmək üçün bizə Londonda medal lazımdır. Pekindəki səhvləri təkrarlamamaq üçün idmançı indidən Londona hansı atla yollanacağını dəqiqləşdirməlidir. Yadınızdadırsa, Pekində son anda atla bağlı problem yarandı. Camal üçün 2 milyon avroya alınan at isə yarış zamanı büdrədi, hətta çapar atın üstündən yerə yıxıldı. Ona görə də Camal yarışdan kənarlaşdırıldı. Sonra da "İonesko de Brekka" adlı zədəli at 2 atla dəyişdirildi. Lakin həmin atlar Olimpiada səviyyəsində deyil, müxtəlif beynəlxalq yarışlarda iştirak etmək üçündür. Birinin 16, digərinin 14 yaşı var. Dünya Kuboku, 5 ulduzlu Qran-Pri yarışlarında layiqincə iştirak ediblər. London Olimpiadası üçün yeni atın alınmasıyla bütün problemləri həll etmək olmayacaq. Həmin atla idmançı, hec olmasa, bir neçə ay məşq etməli, ona uyğunlaşmalıdır.
Əsas amillərdən biri Londonda rəqabətin güclü olmasıdır. Camal Rəhimov təcrübəli idmançı olsa belə, Olimpiadada kifayət qədər titullu çaparlar yarışacaq. İdmançımızın belə səviyyəli yarışda özünü göstərməsi üçün yüksək səviyyədə hazırlıq keçməsi mütləqdir. Beynəlxalq yarışlarda iştirakla yanaşı, psixoloji tərəfdən Olimpiadaya hazır olmaq asan deyil. Pekindəki uğursuzluğu unutmaq vacib şərtdir. Unutmayaq ki, atçılıqda uğur qazanmaq çaparla atın birlikdə vahid komanda təşkil etməsi zamanı yaranır. Əgər atla çapar bir-birlərini yaxşı başa düşmürsə, onda həmin idmançıdan uğur gözləməyə dəyməz. Sözsüz ki, Camalın qeyd etdiyi final mərhələsinə adlamaq Azərbaycan idmanı üçün uğur sayılacaq. Bununla belə, həmin nəticə Olimpiada medalını əvəz edə bilməz.
Gələcəkdə idmançıyla yanaşı, Qarabağın məşhur atlarını da Olimpiadaya aparmaq olar. Məşhur cins atları xüsusi qayda ilə saxlamaqla və məşq etdirməklə mötəbər yarışlarda özümüzdən söz etdirə bilərik. Qarabağ atları bütün dünyada məşhurdur. Onda niyə idmançılarımızın istifadə etdikləri atlar Qarabağdan olmasın? Bu məqsədlə Ağdamda Atçılıq Turizm Mərkəzinin fəaliyyətinin bərpası və müasir standartlara uyğun inkişaf etdirilməsi üçün atçılıq təsərrüfatı yaradılır. Bunun üçün Qaradağlı kəndi ərazisində 14 hektar ərazi ayrılıb və tikinti işləri başlanılıb. Ərazidə 24 atlıq tövlənin, ilxıçı evinin, qarışıq yem və ot anbarlarının, peyinliklərin, içməli və yanğın əleyhinə su anbarlarının, elektrikqidalandırıcı mənbənin və örüş sahəsinin yaradılması nəzərdə tutulub.
Xatırladaq ki, 2008-ci il Pekin Yay Olimpiadasında ölkəmizi atçılığın konkur növündə yalnız Camal Rəhimov təmsil etmişdi. London Olimpiadasına komanda konkur növündə də lisenziya qazanmaq istəyən federasiya bu məqsədlə 2 legioner - Patrik MakEnti və Françesko Frankonu yığmamıza cəlb edib. Onlar lisenziya yarışlarında uğursuz çıxış etdiyindən, komanda konkur növündə təmsilçiliyimiz müm-kün olmayıb. 2016-cı ildəki Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına komanda növündə yollanmağı əsas məqsəd sayan federasiyamız bu məqsədlə Seyid Musayev, Hikmət Musayev, Kənan Novruzov kimi idmançıların legionerlərlə birlikdə hazırlıq keçməsinə şərait yaradır. Üstəlik, Braziliyada yerli cinsli atlardan da yararlanmaq vacibdir. Bunun üçün "Qarabağ" və "Dilboz" cins atlarının müayinədən keçdikdən sonar, idman yarışlarına xüsusi qayda ilə hazırlaşması lazımdır.
MƏSLƏHƏT GÖR: