15 Mart 2025

Şənbə, 02:57

PARİSDƏN "BAKIYA UÇUŞ"

Britaniyalıların zövqünü oxşamış sərgi, bu dəfə fransa paytaxtında açıldı

Müəllif:

15.04.2012

Parisdə Heydər Əliyev Fondunun və "Bakı" jurnalının ingilisdilli versiyasının təşkilati dəstəyi ilə "Bakıya uçuş: Azərbaycanın çağdaş incəsənəti" sərgisinin açılışı olub. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva  və  fondun vitse-prezidenti Leyla Əliyeva, həmçinin, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran iştirak ediblər.

Artıq Londonda olmuş ekspozisiya bu dəfə Parisdə açılıb. Fransa paytaxtının mərkəzi küçələrində quraşdırılmış reklam bannerləri sərgiyə böyük maraqdan xəbər verirdi. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın dünyada ən yaxşı şəkildə tanıdılması üçün keçirilən tədbirlər sırasında xüsusi önəmə məxsus olan sərgi Parisdəki məşhur Salomon de Rotşild malikanəsində açılıb. Onun keçirilməsi bir daha təsdiq etdi ki, Azərbaycan mədəniyyətinin təbliği Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətinin ən prioritetli istiqamətidir. 

Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu sərgini çağdaş Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinin qovuşmasından ilhamlanan incəsənətinin ən uğurlu təqdimatı kimi dəyərləndirmək olar. Mərasimdə çıxış edən Leyla Əliyeva bildirib ki, sərgidə nümayiş etdirilən dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verən müsbət prosesləri əks etdirir. "Mənim ölkəm indiyə kimi görünməmiş inkişaf dövrü yaşayır ki, bu da çağdaş incəsənətdə müfəssəl olaraq əks etdirilir", - deyə Leyla Əliyeva bildirib. O, Azərbaycanın qədim tarixindən, həmçinin, indi Parisdə də satışa çıxarılan "Bakı" jurnalından danışıb və qeyd edib ki, jurnalda gənc rəssamlara xüsusi diqqət və yer ayrılır. 

Sərgidə təqdim edilmiş əsərlər və rəssamlar barədə məlumat verən Leyla Əliyeva bildirib: "Burada Azərbaycandan 21 rəssam işləyir. Onların bəziləri gəncdir,  yaradıcılığa yenicə başlayıblar, amma bəziləri incəsənətlə çoxdan məşğuldurlar və tanınmış rəssamdırlar. Burada 100-dən artıq əsər nümayiş etdirilir - videolar, installyasiyalar, rəssamlıq əsərləri, performanslar və fotoşəkillər. Maraqlıdır ki, bu əsərlərin çoxu "Bakıya uçuş" sərgisi üçün yaradılıb və ilk dəfədir nümayiş etdirilir. Biz bu sərgini bütün Avropa üzrə göstərməyi planlaşdırırıq; ümid var ki, o, Nyu-Yorkda da təşkil ediləcək. Sərgiyə Bakıda yekun vurulacaq".

May ayında Bakıda "Avroviziya" müsabiqəsinin keçiriləcəyini qeyd edən  Leyla Əliyeva, mərasim iştirakçılarını Azərbaycan paytaxtına, onun gözəlliklərini görməyə dəvət edib. 

Sərginin kuratoru Erve Mikaeloff  bildirib ki, ekspozisiya öz zənginliyi ilə diqqəti cəlb edir və onda təqdim edilmiş əsərlər orijinallığı ilə seçilir. "Azərbaycan incəsənətinin dərin tarixi kökləri var", - deyə Erve Mikaeloff  bildirib və qeyd edib ki, bu cür tədbirlər bizim ölkənin dünyada yaxşı mənada populyarlaşmasına imkan yaradır. O, sərginin keçirilməsinə böyük əmək sərf etdiklərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. 

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran "Bakıya uçuş: Azərbaycanın çağdaş incəsənəti"  sərgisi ilə tanış olublar. 

Leyla Əliyeva həm də sərgi iştirakçısıdır. Onun müəllifi olduğu illüstrasiyalar gələcəkdə rus və in-gilis dillərində çıxarılması dü-şünülən "Biri vardı, biri yoxdu" kitabında işlədiləcək. Leyla Əliyevanın "Nar", "Nar ağacı", "Həyat davam edir" və başqa rəsm əsərləri öz orijinallıqları ilə sərgiyə gələnlərin ürəyinə yol tapıb. 

Gənc rəssam Aida Mahmudovanın sərgidə nümayiş etdirilən əsərləri mərasim iştirakçılarının diqqətini öz üslubu ilə cəlb edib. Əsərdə müəllif  keçmiş həyatda qarşılaşdığı hadisələri, yaşadığı hissləri indiki zamanda təqdim edir. 

Bundan başqa, sərgidə məşhur rəssamlar Altay Sadıqzadənin, Ənvər Əsgərovun, Mirnadir Zeynalovun və başqalarının əsərləri nüma-yiş etdirilir. Tətbiqi incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, videoart kimi üslublarda 21 müəllifin işləri təqdim edilib. 

Onların hər biri öz orijinallığı, bədii üslubu ilə maraq doğurur. Maraqlı avanqard ideyaların məhsulu olan bu işlər çağdaş Azərbaycan incəsənətinin xüsusiyyətləri barədə təsəvvür yaradır. Orijinal zövqün, maraqlı düşüncənin və zərif ruhun təcəssümü olan əsərlərin vahid məkanda təqdim edildiyi sərgi qeyri-ənənəvi ifadə texnologiyaları ilə diqqəti cəlb edir. 

Sərgidə müxtəlif  illərdə Azərbaycanı Venetsiya biennalında təqdim etmiş rəssamların, həmçinin, xaricdə yaşayan gənc fırça ustalarının, nüfuzlu beynəlxalq tədbirlərə qatılmış incəsənət adamlarının da əsərləri ilə tanış olmaq müm-kündür. Bütün bunlar göstərir ki, Heydər Əliyev Fondunun gənc istedadların aşkarlanması üçün gerçəkləşdirdiyi layihələr hesabına zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, bizim ölkənin istedadlı gəncləri də populyarlaşır. 

Bu orijinal sərgidə nümayiş etdirilən əsərlər bir daha təsdiq etdi ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Avanqard çalarlarla zəngin olan bu sərginin ruhu təsdiq edir ki, Azərbaycanda həmişə mədəniyyət və incəsənətə böyük diqqət yetirilib, ölkədə mədəniyyətin inkişafı, azad yaradıcılıq üçün imkanların təmin edilməsi üzrə daha əlverişli şəraitin yaradılması üçün daim səylər göstərilir. 

Beləliklə, Parisdə açılmış sərgi Azərbaycan mədəniyyətini və milli özünəməxsusluğu nümayiş etdirmək üçün daha bir imkan yaratdı. Yüzlərlə xarici vətəndaş çox maraqla Azərbaycan mədəniyyətinin zəngin və sehrli dünyası ilə tanış olur. Aprelin 21-nə kimi sürəcək bu genişmiqyaslı və çoxtərəfli sərgiyə göstərilən maraq onun Parisin mədəni həyatında böyük rezonans doğuran gerçək bir hadisə olduğunu söyləməyə imkan yaradır. Gələcəkdə belə sərgilərin Moskva, Berlin, Roma, Nyu-York və Bakıda da keçirilməsi planlaşdırılır.

Tədbirin rəsmi hissəsindən sonra, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından sərginin qonaqları üçün qəbul də təşkil edilib. Qəbulda birinci xanım Mehriban Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran çıxış ediblər.



MƏSLƏHƏT GÖR:

508