12 Mart 2025

Çərşənbə, 23:07

HÜCUM BƏHRƏSİNİ VERİR

“Azərbaycan informasiya mübarizəsində balansı əldə edə bildi və Amerikaya özü haqqında məlumat çatdırdı”

Müəllif:

15.04.2012

ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovardın "R+"a  müsahibəsi

 

Müsahibələrimizin birində qeyd etmisiniz ki, "Azərbaycanın ən bö-yük strateji vəsaitlərindən biri də onun yerləşdiyi məkandır". İranın nüvə proqramı ətrafında vəziyyət gərginləşdyi bir vaxtda, Azərbaycan rəsmiləri konkret olaraq İrana qarşı ABŞ-ın onun ərazisindən istifadə edilməsinin mümkünsüzlüyünü bəyan edib. Bunun Azərbaycanla ABŞ-ın gələcək  münasibətlərinə hansısa bir  təsiri ola bilər? 

- Azərbaycanla ABŞ arasında münasibətlər 20 ildən çoxdur ki, inkişaf edir. Birləşmiş Ştatlar Qafqaza, xüsusilə də Azərbaycana böyük önəm verir. 

Doğrudan da İranın nüvə silahı ilə bağlı siyasəti  ABŞ-ı narahat edir və ona görə də  İranla danışıqlar aparmağa cəhd edir. İrana qarşı hücum əməliyyatlarında Azərbaycan ərazisindən istifadə etməklə bağlı deyilənlər isə şayiədən başqa bir şey deyil. Bu şayiələr ABŞ-Azərbaycan münasibətlərinə xeyir gətirməz. ABŞ Azərbaycanla İran arasındakı dostluq münasibətlərini də yaxşı bilir və bu əlaqələrə heç bir mənfilik gətirmək istəməz.     

- ABŞ-ın uzun müddətdir Azərbaycana səfir təyin etməməsi iki ölkə arasında münasibətlərin soyuqlaşması barədə fikirlərin yaranmasına səbəb olur. Əslində, nə baş verir?

- Mən belə düşünürəm ki, ABŞ-ın Azərbaycana səfir təyin etməməsi müvəqqəti bir məsələdir. Yəqin ki, yaxın aylarda bu proses öz müsbət həllini tapacaq. Azərbaycanda sonuncu keçmiş səfir Metyu Brayza kimi  populyar və regionu yaxşı bilən bir diplomat fəaliyyətə başlayacaq.  

- Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal edib və bu fakt beynəlxalq aləmdə təsdiqini tapıb. Lakin bu işğal hələ də davam edir, dünya birliyi isə konkret mövqe ortaya qoymur. Nədir səbəb, bəlkə ikili standartlar mane olur? 

- Bəli, Azərbaycan diplomatiyasının fəallığına baxmayaraq, Dağlıq Qarabağ problem olaraq qalmaqdadır.  ATƏT-in Mİnsk qrupunun vasitəçiliyi ilə hər iki tərəf arasında danışıqlar aparılır. ABŞ da bu qurum tərkibində danışıqlarda iştirak edir. Xatırlayırsınızsa, dövlət katibi Hillari Klinton bəyan edib ki, ABŞ strateji müttəfiqlərindən biri olan Azərbaycanla bağlı proseslərdə fəal iştirak edir və konkret olaraq, Dağlıq Qarabağ probleminin tezliklə həllində maralıdır. Düşünürəm ki, göstərilən bütün səylər öz nəticəsini verəcək. 

- Prezidenti olduğunuz Cems-taun Fondunun Azərbaycanla bağlı fəaliyyəti haqqında nə deyərdiniz? 

- Cemstaun Fondu siyasi araşdırmalar, təhlillər aparır, dünyanın bir sıra beyin mərkəzləri ilə əməkdaşlıq edir. Fəaliyyətimiz, əsasən, 3 istiqamətdədir: araşdırmalar aparmaq, konfranslar keçirmək və nəşrlər, dərgilər çap etmək. Sosial şəbəkələrə çox üstünlük veririk. Azərbaycanla sıx əlaqələri olan məşhur siyasətçi Zbiqnev Bzejinski fondun təşkilində çox işlər görüb. Avrasiyaya həsr olunan gündəlik nəşrlərimiz olur və hər gün, demək olar ki, 15 mindən çox insan bu yazıları oxuyur. 

Azərbaycan, Qafqaz, ABŞ üçün vacib məkandır. ABŞ bir çox regionlarda fəaldır. Biz Azərbaycanla əməkdaşlıqdan böyük məmnunluq duyuruq. 

Azərbaycan dünyada siyasi və iqtisadi baxımdan çox vacib rol oynayır, Qafqaz iqtisadiyyatının üçdəikisini əhatə edir və enerji təhlükəsizliyində mühüm funksiya daşıyır. 

- Fond daha hansı ölkələrlə əməkdaşlıq edir? Ermənistanla da əməkdaşlıq edirmi? Əgər belə bir əməkdaşlıq varsa, o zaman  Qarabağla bağlı layihələrdə Fondun mövqeyi necə olur? 

- Bizim əməkdaşlığımız hər bir ölkə ilə ola bilər. Biz, dediyim kimi, təhlillər aparırıq. Elə bu günlərdə  Azərbaycanla əməkdaşlığın nəticələrindən biri kimi, fond "Cənubi Qafqaz 2021: neft, demokratiya və geosiyasət" adlı kitab nəşr etdi. Dünyanın bir  sıra ölkələrindən olan 13 tanınmış müəllifin imzası var orda. Erməni müəllifi də var, azərbaycanlı da var. Biz balansı pozmamağa çalışırıq.

- Azərbaycanda da  beyin mərkəzləri yeni-yeni yaranır. Ümumiyyətlə, bu mərkəzlərin ölkə siyasətində rolunu necə izah edərdiniz? 

- Hazırda Vaşinqtonun özündə 20-dən çox beyin mərkəzi var. Biz Azərbaycanla da əməkdaşlıq edirik. Və Azərbaycanla bağlı məlumatları dünyaya çatdırırıq.   Bir fakt deyim. 1990-cı ildə  Dağlıq Qarabağ müharibəsi başlandı və Azərbaycan həmin vaxt real  olaraq, maarifləndirmə ilə məşğul olmalı idi. Lakin 20 ildən sonra, Azərbaycan balansı əldə edə bildi  və Amerikaya özü haqqında məlumat çatdıra bildi. Beyin mərkəzləri ölkə siyasətinin bir növ dayağıdır.


MƏSLƏHƏT GÖR:

446