15 Mart 2025

Şənbə, 03:02

TARİXİ ŞANS

Teymur Rəcəbov şahmat tacını Bakıya gətirə biləcəkmi?

Müəllif:

01.04.2012

Azərbaycan şahmatının lideri Teymur Rəcəbov ardıcıl ikinci dəfə dünya çempionluğuna iddiaçıların turnirində iştirak edəcək. Şəxsi yarışlarda adıçəkilən turnirə vəsiqə qazana bilməyən qros-smeysterin namizədliyi təşkilatçılar tərəfindən irəli sürülüb. Londonda keçiriləcək mübarizənin təşkilatçıları son aylar əla oyun nümayiş etdirən həmyerlimizi turnirdə iştirak etməyə dəvət edib. 

Son illər stabil oyunuyla FİDE reytinqində irəliləyən Rəcəbov hazırkı sıralamada 5-ci yerdədir. Yaxınlarda Veyk-An-Zeedə keçirilən superturnirdə gümüş medal qazanması onun uğurunun təsadüfi olmadığını göstərir. Bu və digər amillər isə təşkilatçıların diqqətindən yayına bilməzdi.

Xatirladaq ki, ötən il Kazanda keçirilən iddiaçıların turnirində şahmatçımız dramatik mübarizədə keçmiş dünya çempionu Vladimir Kramnikə uduzmuşdu. Yadınızdadırsa, həmin yarışa yüksək səviyyədə hazırlaşan Rəcəbovla Kramnik arasında 4 klassik şahmat partiyası heç-heçəylə başa çatdı. Sürətli şahmatda isə Teymur üstünlük qazandığı zaman oyun saatı sıradan çıxdı. 12 dəqiqəlik fasilədən sonra davam etdirilən görüşdə Kramnik qələbə qazandı. 

Cari mövsüm Teymurun dünya reytinqində irəliləməsi, üstəlik, inamlı çıxışı Azərbaycan Şahmat Federasiyasına əməli işə başlamağa imkan verdi. Bakı iddiaçılar turnirini keçirmək üçün namizədliyini irəli sürdü. Yarışı yüksək səviyyədə keçirəcəyimizi bilən FİDE buna razılıq vermədi. Çünki erməni şahmatçı Levon Aronyan növbəti dəfə Bakıya gəlməkdən imtina etdi. Aronyan, hətta turnir Bakıda keçiriləcəyi halda, yarışdan imtina edəcəyini açıqladı. Sözsüz ki, ali şahmat qurumu dünyanın ən güclü şahmatçılarından birinin belə bəyanatı qarşısında geri çəkilməliydi. Belədə iddiaçılar turnirinin təşkilatçılıq hüququ Londona verildi. Yarışın təşkili xərclərini Azərbaycan tərəfi üzərinə götürdü və nominant kimi Teymur Rəcəbovun yarışda iştirakı dəqiqləşdi. 

İddiaçılar turnirini amerikalı biznesmen Endryu Polsonun yaratdığı "AQON" şirkəti təşkil edəcək. Məhz bu təşkilat da Teymur Rəcəbovun dünya çempionluğu uğrunda mübarizəyə qatılmasına razılıq verib. İnsafən qeyd edək ki, şahmatçımızın turnirə dəvət alması layiqli qərardır.

Oktyabrda Londonda keçiriləcək iddiaçılar turniri son illərlə müqayisədə ən güclü heyətə malik olacaq. Mötəbər yarışda daha kimlər iştirak etməyəcək? Təsəvvür edin, dünya lideri Maqnus Karlson, sıralamada ikinci olan Levon Aronyan, keçmiş dünya çempionu Vladimir Kramnik, Dünya Kubokunun qalibi və mükafatçıları - Pyotr Svidler, Aleksandr Qrişuk, Vasili İvançik və bizim Teymur Rəcəbov. Sadalanan siyahıya Vişvanatan Anandla Boris Gelfand arasında keçiriləcək dünya çempionluğu görüşündə məğlub qrossmeyster də qoşulacaq. Yarışın mükafat fondu 510 min avro olacaq.

İddiaçılar turnirinin Azərbaycanın puluna, amma Londonda keçirilməsini Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov belə izah elədi: "Əsas məqsədimiz öz şahmatçımızın iddiaçılar turnirində iştirakını təmin etmək idi ki, buna da nail olduq. Londonda keçiriləcək turnirdə ölkəmizi son zamanlar göstərdiyi sabit oyun və FİDE reytinqindəki üstün mövqeyi ilə əlaqədar Teymur Rəcəbov təmsil edəcək. Londonda keçirilməsinə əsas səbəblərdən biri də Levon Aronyan və Maqnus Karlsenin ölkəmizdə oynamaq istəmədiklərini bildirməsidir. Aronyanla bağlı vəziyyət məlumdur. Karlsen isə tez-tez FİDE xəttinə zidd çıxır. Biz də ali şahmat qurumu ilə münaqişənin olmaması naminə Bakının namizədliyini geri götürdük. Digər məsələ, 2012-ci il Yay Olimpiya Oyunlarının Londonda təşkil olunmasıyla bağlıdır. Olimpiadadan cəmi 2 ay sonra iddiaçılar turniri baş tutacaq. Azərbaycan həm güc, həm də intellektual idman növlərində nəyə qadir olduğunu belə böyük şəhərlərdə nümayiş etdirməlidir. Nəhayət, 2012-ci il ölkəmizdə İdman İli elan olunub. Bununla əlaqədar təkcə daxildə deyil, xaricdə də reklam kampaniyası aparılacaq. Azərbaycan tərəfinin sponsorluğu ilə iddiaçılar turnirinin keçirilməsi gözəl təbliğat olacaq".

Mahir Məmmədovun sözlərinə görə, iddiaçılar turnirinin qalibi Azərbaycan şahmatçısı olarsa, dünya şahmat tacı uğrunda görüşün ölkəmizdə təşkili üçün namizədlik veriləcək. Əks halda, namizədlik məsələsinə AŞF-nin iclasında baxılacaq. 

Teymur Rəcəbovun mötəbər yarışda iştirakı dəqiqləşdi. İndi əsas müzakirə mövzusu onun bu turnirə hazırlıq proqramı olacaq. Mütəxəssislərin fikrincə, Teymur Rəcəbov üçün xüsusi komanda formalaşmalıdır. Turnir oktyabrın 23-də start götürəcək, ona görə də düşünməyə kifayət qədər vaxt var. 



MƏSLƏHƏT GÖR:

407