15 Mart 2025

Şənbə, 03:04

MİLLİ GEYİMİN DİLİ

Azərbaycan qadınları nə geyiniblər və milli libasların hansı elementləri indi də dəbdədir?

Müəllif:

01.04.2012

İnsanlar kimi geyimlərin də öz taleyi, tarixçəsi olur. İnsan öz bədənini  ətraf mühitin ziyanverici təsirindən paltar vasitəsilə qorumağı öyrənən gündən libaslar da sürətlə dəyişməyə başlayıb. Qədim köçərilərin, döyüşçülərin, aristokratların və sadə insanların geyimi onun praktiki təyinatı, coğrafi və regional xüsusiyyətləri nəzərə alınmaqla yaradılıb.  Azərbaycan ərazisində 9 iqlim zonası, elə o qədər də etnik zona olduğundan,  geyimlər də zaman-zaman bu təbii xüsuyyətlərə uyğun olaraq dəyişib. 

Geyimlərin üslubu və kompozisiyasında uyğun elementlər var, amma hər bir etnik zona özünəməxsus rəng qammasına malik olmur; məsələn, Lənkəranda yaşıl rəngə və onun bütün çalarlarına üstünlük verilir. Bu, otun və meşənin rəngidir. Naxçıvanda isə qəhvəyi rəngi və onun çalarlarını  sevirlər. Bu, torpağın, gilli süxurların rəngidir. Qarabağda qırmızı rəng və onun çalarları üstünlük təşkil edir. Borçalıda qara və tünd-qırmızı rəngləri sevirlər. Şəkidə parlaq-yaşıl, göy, bənövşəyi, Şamaxıda tünd-göy və qəhvəyi rənglərə üstünlük verirlər. 

İrəvanda gümüşü, qızılı rənglərlə birlikdə qaranı da sevirlər. Azərbaycan qadınlarının zövqünün sərhədi yoxdur! Onlar öz duyğuları və öz taleləri barədə, hətta naxışlarla ifadə edilmiş bədii dildə danışmağı bacarıblar. Buta xalqın atəşpərəstliklə bağlı inanclarını əks etdirən ən geniş yayılmış rəmzdir. "Buta" sözünün özü sanskritcə  alov mənasını verir (bute - puta - buta).  Səhradakı kol bitkisinin də adı butadır. Bu bitkinin çiçəkləri buta rəmzinin formasındadır və xüsusi sərxoşedici, narkotik xüsusiyyətlərə malikdir. Qədimlərdə onları atəşpərəstlər mərasimlərdə istifadə ediblər, məbədlərdə  yaşıl ilahə Veqinin, Anahitin, Mitranın şərəfinə, daha sonra isə Ahura Məzdanın şərəfinə yandırıblar. 

Ancaq çox az adam bilir ki,  naxışın bədii kompozisiyasında butanın 7 müxtəlif vəziyyəti var. Onlar da sevgidən, dostluqdan, qorxulu düşmənçilikdən, kədərdən və tənhalıqdan bəlağətlə danışmağı bacarırlar. Bütün bunlar rəsmin yuxarı hissəsinin vəziyyətindən  və əyriliyindən asılıdır, tikmə ustaları bunu baş adlandırırlar. 

 

Donlar 

Qadın geyimi xüsusi diqqət və araşdırma tələb edir. Çünki məhz qadınlar geyimi mümkün olan qədər cazibədar edə bilirlər; əlbəttə ki, nə zamansa dəb anlayışı yaranıb. Bakı zonasında  XIX və XX əsrlərin qovuşmasında qadın geyimi dəbinə gəldikdə isə bu, aşağıdakı kimi olub: varlı şəhərli qadınları özlərinə ipək parçalardan, məxmərdən, taftadan və ya xalq içində xara adlandırılan parçadan tikilmiş paltar ala bilirdilər. Xara yetərincə möhkəm parçadır və toxunan kimi, ipək saplarla qarışmış möhkəm pambıq parçanı xatırladır. Onun üzərindəki naxışlar basma və ya tikmə ola bilər. Bir qayda olaraq, tikmədə  şüşə  muncuqdan, mirvaridən və ya ipək saplardan istifadə edilirdi. Arxalığın döşünü bütünlükdə və ya yalnız düymə xəttini, həmçinin, dirsəyə qədər qısa qolları naxışlarla bəzəyirdilər. Arxalıq mütləq məxmərdən tikilməli idi və o, ipəkdən tikilmiş uzunqollu köynəyin üstündən geyilirdi.  O, boynun altından birbaşa qol dirsəyinin altına qədər genişlənən zanbaqvari qatlarla tikilirdi və bu, ilançı qol adlanırdı. 

Biləklərə çox sayda bilərziklər taxılırdı. Bir qayda olaraq, bunlar ya qızıl, ya da gümüşdən olurdu. Bu, bakılı qadının ərinin maddi durumundan asılı olurdu. Tumanı taftadan və ya xaradan, çox sadə hazırlayırdılar. Parçanı yandan tikirdilər. Yuxarını qatlayırdılar, tikirdilər, içinə də xüsusi ip salırdılar və ya dərin qatlar olurdu. Tumanın eni aşağıda 8-11 taxtaya çatırdı. Taxta uzunluq ölçüsüdür və indiki hesabla 80 sm.-dir. Belə çıxır ki, bir tumanın tikilməsinə 8 metrdən 10 metrə qədər parça işlənirmiş. Tuman iki ədəd olmalı idi və onu alt ətəkliyinin üstündən geyinirdilər. Ətəkliyin altından isə şalvar geyinilirdi. Əgər köynəyin ayağına dəmir sikkələr bərkidilmirdisə, onu tumanın içinə salırdılar. Üstdən isə arxalıq geyinilirdi, onun üzərindən bel hissədə gümüş və ya qızıl kəmər taxılırdı. Beləliklə, tuman geniş olduğundan, bel çox incə görünürdü! Tumanın altından manjetli şalvarlar (çaxçur) geyinilirdi və o, topuğa qədər ayağı örtürdü. Eyni cür parça ilə corab da geyilirdi. Qadının ayaqları çılpaq ola bilməzdi!  Ayaqlara isə çarıq geyinirdilər, bu, dəridən və ya parçadan tikilən yumşaq ayaqqabı idi. Qışda isə yun iplərdən hörülmüş isti corablar geyinirdilər. Evin içində onunla gəzirdilər. 

 

Bəzəklər 

Qadınların bəzəkləri həmişə onların evli qadın statusuna, həmçinin, ərinin sosial vəziyyətinə uyğun gəlirdi. Bəzəklər nə qədər çox olurdusa, qadının ərinin sosial statusu da o qədər yüksək olurdu. Bəzəklər qızıldan və gümüşdən düzəldilirdi. İri okean mirvarisi ilə də bəzənirdilər. Onları bahalı ipək və  zərxara parçalar kimi, ipək yolu ilə Hindistan və Çindən gətirirdilər. Sırğalar, üzüklər, qolbağlar və hətta kəmərlər bəzən yarımbahalı daşlarla və ya kiçikölçülü sikkələrlə bəzədilirdi. Yeri gəlmişkən, subay qızların görkəmi daha ciddi olurdu. Ona görə də tumanı saxlayan kəmər arxalığın üstündən deyil, altından çəkilirdi. Bəzəklərə gəldikdə isə onlara az şəkildə bəzək daşımağa icazə verilirdi.  Qızın özünü göstərməsi tərbiyəsizlik sayılırdı. 

O, diqqəti geyiminin bahalılığı ilə deyil, qız ciddiliyi lə cəlb eləməli idi. Rəng çalarlarına gəldikdə isə bakılı qadınlar mavi və göy rənglərə üstünlük veriblər. Dənizin və səmanın havadan asılı olaraq dəyişən rəngi kimi, bu da çalarların müxtəlifliyinə və hətta arxalıqda basqının formasına öz təsirini göstərib. Bu, Qarabağdakı kimi, arxalığın belində qat kimi kəsilmirdi və yüngül topalara yığılırdı, coşan Xəzər dalğasını xatırladırdı. Bakılı qadınların keyfiyyətdən, paltardan başı çıxırdı və buna görə də yalnız əllə tikilmiş paltarlara üstünlük verirdilər. Zaman göstərdi ki, onlar doğru edirmişlər. 

Belə paltarlar başqalarına baxanda uzun müddət qalır. Varlı təbəqənin qadınları çadra bağlamayıblar. Onlar başlarına araxçın  qoyurdular və üstündən kəlağayı çəkirdilər. 150X150 sm  ölçülü böyük şalın uclarını boyunlarının ətrafında bağlayırdılar  və ya sadəcə, çiyinlərinə atırdılar. 

Niyə Bakının çağdaş sakinləri ulularının çox yüzilliklərboyu geyindiyi paltarları indi geyinmirlər? "Bakı" milli geyim evinin art-direktoru Könül Vəlibəyli ilə müsahibə bu barədədir.

- İndi artıq bakılıların çoxu bayramlarda milli geyim geyinir, xüsusilə də Novruzda. Toyqabağı xınayaxdı adətləri də geri qayıdır. Geyimə və ənənələrə maraq artır. 

- Bəlkə də qadınlara bu cür tumanla şəhərdə gəzmək çətindir. Nəqliyyatla getmək mümkün deyil, mütləq kimsə arxadan ətəyini tapdalayacaq.  

- Razı deyiləm.  Geyimlər rahat və praktikdirlər. Sadəcə, populyar deyillər. İndi daha sadə və azifadəli geyimlər dəbdədir. Onlar qadına məxsus təbiətin fərdiliyini ifadə edə bilmir. 

- Milli geyim evində qadın, kişi və uşaq paltarları tikilir...

- Biz rəqs kollektivləri üçün tikirik, fərdi sifarişləri də yerinə yetiririk. Novruz Bayramı ərəfəsində hər il d?b nümayişi təşkil edirik. Bu il martın 15-də Mərkəzi sərgi zalında 50 modeldə milli geyim, kişi və qadın geyimləri göstərəcəyik. Bunu geyimlərimizə marağı bərpa etmək üçün edirik. Çünki o, insan fərdiliyini vurğulamağı bacarır və ümumi  pret-a-porte üslubunda gizlətmir. 

- Düşünürsünüz ki, bu yetərlidir?

- Gərək nədənsə başlayasan! Gələcəkdə, ola bilsin, biz rahatlıqla ümumi şəhər aksiyası təşkil edəcəyik və bu geyimlərlə Bakının küçələrinə çıxacağıq!  Bilmirəm... Bu ideya hələ ki havadadır. Amma bu barədə düşünmək mənim xoşuma gəlir. Bəlkə də bu alınacaq və milli geyim bayramı təşkil edəcəik, şəhər küçələrinə çıxacağıq. Kimlərinsə evindən nənələrdən və babalardan  müəyyən əşyalar qalıb və onlar da bizə dəstək verəcək, bizimlə birgə küçələrə çıxacaq. Hətta köhnə sandıqlarda kəlağayıdan, papaqdan və araxçından başqa heç nə qalmayıbsa belə, aksiya maraqlı görünə bilər. 

Yeri gəlmişkən, araxçına gəldikdə, bu baş geyimi daha müfəssəl öyrənilməyə layiqdir. Çünki o bu gün də öz mövqeyini itirmir,  çağdaş kişi və qadın geyimləri dəstinin bir hissəsinə çevrilir. 

 

Araxçın fəs deyil 

Bu baş geyimi XVI və XVII yüzilliklərdə həm kişilər, həm də qadınlar arasında çox populyar olub. Azərbaycan ərazisində çoxsaylı qazıntılar və etnoqraf alimlərin araşdırmaları da bunu sübut edir. Araxçın doğrudan da Orta Asiya sakinlərinin geydiyi fəsə bənzəyir. Yalnız araxçın həmişə yumru olur, fəslər isə hərdən kvadratşəkilli tikilir. Orta Asiyada bu, küçə geyimidir. Azərbaycanda isə araxçını yalnız bina daxilində geyiniblər. Küçəyə çıxanda isə onu əsas baş geyiminin (papağın, türbanın, kəlağayının, şalın, örtüyün) altında qoyublar. 

Rənginə və tikmələrinə görə kişi, qadın və qız araxçınları fərqlidir. Kişi araxçınları sərt həndəsi naxışlarla bəzədilir. Qadın və qız araxçınlarının isə bəzəyi çoxdur. Bir qayda olaraq, rəngli ipək və qızılı saplarla, muncuq və mirvari ilə bəzədilirmiş. Araxçının bəzədilməsi üçün qızıl əşyalardan da istifadə edilirmiş. Ənənəvi naxışı buta olub. Dekorasiyalar üçün burulmuş iplərdən və zərxara parça quramasından  istifadə edilib. Zərif cins təmsilçiləri üçün bu baş geyimini məxmər və velürdən tikiblər. Kişilər üçün isə parça daha sərt olub. Amma istənilən halda araxçında bir rəng parçadan istifadə edilir və həmişə onun tikilməsi zamanı üst parça altlığa sırınır. Qadın araxçınlarına arxa tərəfdən xüsusi hörmə kisə bərkidilirdi ki, saçları ora yığmaq mümkün olsun. Amma sonradan qadınlar ondan imtina etdilər. 

Ancaq Azərbaycanın heç də rayonlarının hamısında qadınlar araxçın geyinməyiblər. Naxçıvanda, məsələn, yalnız qızlar araxçın geyiniblər. Qadınlar isə kerkeyə üstünlük veriblər. Bu da araxçına oxşar baş geyimidir, amma onun qırağı palıd qabığından düzəldilirdi. Kerke qəliblənmiş metal vərəqlərlə və şəridlərlə bəzədilirdi. Onun üzərindən isə müxtəlif yaylıqlar bağlanırmış. 

Çağdaş azərbaycanlıların geyimində, istər qadın olsun, istərsə də kişi, araxçına nadir hallarda rast gəlmək olar. Bəlkə də buna görə onu hazırlamağın sirləri qismən unudulub. Şəkidə  araxçın hazırlanması üzrə ustalar işlərini davam etdirsələr də, Bakıda bu sənət növü ilə çoxdandır ki, məşğul olmurlar. İndi bu baş geyimi, əsasən, rəssamların  maraq dairəsindədir.


MƏSLƏHƏT GÖR:

521